Slimfit
  1. MARAQLI

Koronavirus Allahın bəlasıdırsa, bəs müsəlmanların başına yağan bombalar nədir? – İlahiyyatçıdan fərqli açıqlama

Koronavirus Allahın bəlasıdırsa, bəs müsəlmanların başına yağan bombalar nədir? – İlahiyyatçıdan fərqli açıqlama
Sakura

Hər bəla ümmətin günahıdır demək, Qurana və sünnəyə ziddir!

Bəlaya qucaq açıb, bədbəxtliyə təslim olmaq Quranın prinsiplərinə ziddir. 

Əziz dostlar, neçə gündür müşahidə edirəm ki, bu koronavirusu hər cəhdlə “dini”ləşdirmək, dini bir rəng vermək istəyində olanlar var. Axı nəyə lazım? Nə ehtiyac var? Son günlərdəki xütbə və moizələrə baxın. Əksəriyyətində adıçəkilən virusun insanların günahına görə olması dolayı yolla iddia olunur. Axı niyə? Kim, hansı üsulla ayırd etdi ki, bu virus yalnız günaha görədir? Hansı meyarla təyin olunur? Quran ayəsinin (“Bəqərə” surəsi, 155, “Ənkəbut” surəsi, 2-3, “Şura” surəsi, 30) zahiri tərcüməsi ilə yola çıxaraq “filan bəla buna görə idi, filan bəla ona görə idi” demək icazəsi heç kimə verilməyib. İlahi övliyalar istisna.

Məsələyə yalnız bu prizmadan yanaşmağı doğru hesab etmirəm. “Bu bəlanın səbəbi yalnız və yalnız günahdır” demək və buna 100% əminliklə rəy vermək və insanları buna inandırmağa çalışmaq doğru deyil. Bəli, heç kimə sirr deyil ki bəlaların göndərilməsində BİR MƏQSƏD də günahdır. Diqqət edin, bir məqsəd də günahdır. Amma bunu ayırd etmək, bəlanın sırf hansı səbəbdən gəldiyini əminliklə söyləmək Allah əvliyalarına düşər. Bu yöndə deyilən sözlərin hamısı ümumi məzmun daşıyır, xüsusi yox. Yəni heç kim əminliklə, arxayın şəkildə deyə bilməz ki, bu virus ümmətin etdiyi günaha görə gəlib. Bu haqq ilahi peyğəmbər və məsumlara verilib. Səbəbi də təfsir və hədislərdə, həmçinin əxlaq alimlərinin mühazirələrində təfərrüatı ilə gəlmişdir. Məsələn ən sadə səbəblərdən biri kimi yazırlar: “Bəlaların səbəblərinin gizli olmasının bir səbəbi də bu ola bilər ki, insanlar özlərinə arxayın və məğrur olub desinlər: “Biz yaxşılardınıq, Allah istəyir ki, bu bəla ilə məqamımızı artıra. Əgər insan bəlanın nə üçün gəldiyini ayırd edə bilməsə gərək qorxu və ümid arasında ola...”

Həzrət Əli (ə) buyurur: “ Bəlalalar zalımı tərbiyələndirmək, mömini sınamaq, peyğəmbərləri dərəcəyə və övliyaları kəramətə çatdırmaq üçündür. (Biharul-ənvar, c. 81, səh. 198)

Bəziləri Quranda olan bu qəbil ayələrdən sui-istifadə edib, başlarına gələn hər bir bəlanı açıq qucaqla qarşılayıb hər növ bədbəxtliyə təslim olur və uca Yaradanın ibrət üçün göndərdiyi öyrədici, hərəkətverici prinsipindən əks nəticə alırlar. 

İslamda heç vaxt deyilmir ki, bəlalara təslim ol, çətinliklərin həllinə səy göstərmə, zülmlərə və xəstəliklərə boyun əy. Əksinə Quranda deyilir ki, əgər var gücünlə səy göstərdikdən sonra yenə də çətinliklər və bəlalar sənə qələbə çalsa, deməli, kəffarəsi və nəticəsi yaxanı tutduğu və başına bəla gətirdiyi bir günah etmisən. Keçmiş əməllərin barədə düşün, günahlarından əfv dilə, özünü islah et və zəif cəhətlərini düzəl. Budur İslamın və Quranın məntiqi. Çox təəssüf ki, dünyada gedən siyasi oyunları anlamayıb, gücü müsəlmanları günahlandırmaqda görənlər insanlığa daha bir xəyanət edirlər. Onları aktiv haldan, passiv hala dəvət edirlər. Bu Quranın göstərişlərinin əksinədir. Daim özünü günahkar hesab edən, başına enən hər çomağı öz günahı bilən bir toplum yaradılır. Bu qərbin istədiyi cəmiyyətdir. Bu qərbin istədiyi modernist İslamdır!!!

Unutmayaq! İlahi sınaqlar yalnız və yalnız fərdləri sınamaq üçün deyil, həm də onların istedadlarının çiçəklənməsi üçündür.  Allahın sınağı istedadların formalaşdırılması və potensial qüvvənin gerçəkləşdirilməsi üçündür.

Bu təfəkkürdə olanlara sadə bir sual verək: Fələstində, Suriyada və ümumən müsəlman torpaqlarında yağan bombalar, yıxılan evlər, olunan zülmlər siyasi oyundur ya Allahın bəlası? Bu sualı verməkdə məqsəd, qeyd etdiyimiz məsələnin yalnız siyasi olması deyil, məsələyə bir prizmadan yanaşmanın tərəfdarı olmamağımızı bir daha xatırlatmaqdır.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR