Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Allahverdi Bağırov Teymur oğlu

Allahverdi Bağırov Teymur oğlu
Sakura

DOĞUM TARİXİ: 22/04/1946 VƏFAT TARİXİ: 12/06/1992

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həmdə onun babasının (anası tərəfdən) adıdır.

O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi.Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi.Məmmədova hər yerdə fəxrlə deyirdi ki, "mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm". Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.

Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qizil sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda kapitan olmuşdur.

1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:

"İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi."
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun Allahverdi Bağırov imza atıb.

Bağırov Mahir Cavadov və döyüş dostları ilə birgə (solda) və Bağırovun əllə çəkilmiş xəritəsi.
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.

1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir.

1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik.

1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.

Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur.Aranzəmin kəndi üzrə döyüşlərdə o 100 erməni məhv olunmuş və 10 düşmən əsir götürülmüşdür.

O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi.[2] Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.[14][15][16] Bağırov erməni əsirləri avtobusla getirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev:
" Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar. "
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı.Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi.Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.

2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
" Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna - döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi..

Allahverdi Bağırovun məzarı.
1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü.Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu "ancaq sənədlərindən tanıya bildik."

Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.

2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən:
" Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi..

 

Mənbə: Veten-ugrunda.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR