Dərc edildi: Baxış sayı: 2803
Adı özündən çox yaşayacaq...
Davranışında nəzakətlidir. Ünsiyyətdən, insanlar arasında olmaqdan çəkinmir. Tənqidə açıqdır, dinləməyi bacarır və bundan zərrəcə əndişələnmir. Düz sözdən incimir, küsməkdən çox uzaqdır. Əliaçıq olduğundan dost məclislərində səxavət göstərməkdən zövq alır, qətiyən təlaş hissi keçirmir. Sabit xarakterə malikdir, üzləşdiyi çətinliklər iradəsini sındıra bilmir. Hadisələrə qarşı soyuqqanlı və səbrlidir, ani reaksiya verməyə tələsmir. Riskdən uzaq adamdır, problemləri öz axarında həll etməyi xoşlayır. Vətənpərvərlik ən başlıca meyarıdır...
Dəniz səviyyəsindən 1800 metr yüksəklidə, ucqar bir dağ kəndində, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Orta məktəbi əlaçı kimi başa vurub. Həmyaşıdlarından istedad və bacarığı ilə fərqləndiyindən, bu keyfiyyətləri həyatında böyük rol oynayıb. Onu adi kənd uşağından mükəmməl siyasətçi səviyyəsinədək yüksəldə bilib. Partiya sədri, deputat, xalq şairidir...
...Ömür-gün yoldaşı Tənzilə xanım ölkəmizin tanınan fəal ictimai simalarından biridir. Dörd övladın atası, bir neçə nəvənin babasıdır...
Çox məsuldar çalışır. Ölkə əhəmiyyətli səmərəli işlərlə məşğuldur. Yaradıcılığında olduğu kimi, siyasi aləmdə də xeyli uğurlara imza atıb. Sanki anadan siyasət üçün doğulub. Artıq altıncı dəfədir ki, ölkənin qanunverici orqanında təmsil olunur...
Dadlı yeməkləri xoşlayır. Şiriniyyata meyillidir. Öz həyətində bağbanlıq etməkdən yorulmur. Dünyanı gəzib dolaşsa da özünü ata-baba yurdu Yardımlıda olduğu qədər rahat hiss etmir. Musiqi dinləməkdən zövq alır. Ruhu ağ rəngdədir, səsi göyə çalır...
Gəncliyində fırtınalı bir həyat yaşasa da, yaşlandıqca rahatlığa, əmin-amanlığa can atır. Parlaq zəkalı, iti zehinli, müdrik, təbiətcə zəngin insandır. Məntiqli danışmağı xoşlayır, mükəmməl natiqdir. Siyasi gedişlərdə səriştəlidir. Deformasiyalardan uğurla çıxa bilir...
Gözəl olan nə varsa əhvalına müsbət təsir bağışlayır, gözəllikdən zövq alır. Çoxlarından fərqli olaraq həyatı olduğu rəngdə görə bilir, realistdir. Realistliyi həmişə dadına çatır. Bütün ömrü boyu haqq-ədalətin, tapdanmış hüquqların bərpası uğrunda çalışır, kəskin qarşıdurmalara son qoymağa səy göstərir. Təsadüfü deyil ki, rəhbərlik etdiyi partiyanın adı da bu amalı özündə ehtiva edir- “Vətəndaş Həmrəyliyi Partiyası”...
Haqqında söhbət açdığım Sabir Rüstəmxanlı hələ gənclik yaşlarından yüksək istedadı və əməksevərliyi ilə insanların diqqətini cəlb edib. Mübarizliyi, yaradıcılığı, güclü yaddaşı, özünəinamı, dəqiqliyi, təmkinli olması ona xalqın məhəbbətini, inamını qazandırıb...
Harada olursa olsun, çıxış edərkən və ya dinləyərkən siz onun mükəmməl savada, zəngin təcrübəyə malik olduğunun şahidi olacaqsınız. Bu insan bütün hallarada özündə siyasətçilərə məxsus olan soyuqqanlılığı qoruyub yaşada bilir. Dürüstlüyə söykənən hər nə varsa onun gözlərində parlaq görünür...
Mayın 20-sində, təbiətin ən gözəl çağında dünyaya gəlib. Bu gözəllik onun taleyinə, ömür yoluna, varlığına hoparaq təbii, orjinal bir rəngə çevrilib- nəticədə Sabir Rüstəmxanlı adlı bir rəng yaranıb. Bu rəngi yalnız ruhunuzun gözləri ilə görə bilərsiniz...
Bəli, illər ötəcək, nəsillər dəyişəcək, əlahəzrət zaman çox insanları keçmişdə saxlayıb, unutduracaq. Amma Sabir Rüstəmxanlı imzası özündən çox yaşayacaq...
75 yaşın mübarək, Azərbaycanın xalq şairi, yardımlıların böyük qardaşı!
Elman Eldaroğlu
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət