Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Bəlkə dağa çıxaq?

Bəlkə dağa çıxaq?
Sakura

Elman Əsgərov dağçı dostları ilə birgə yerli və tarixi zirvə yürüyüşlərində iştirak edir

Səyahət deyəndə içi mən qarışıq hamımız təyyarə bileti, otel sifariş etmək, viza sənədləri toplamaq və daha nələr-nələr haqqında düşünürük.

Ancaq Elman Əsgərovun səyahət anlayışı tamamilə fərqlidir. O, otel sifarişinə baş qoşmur, bilet də almır. Səyahətə piyada çıxıb, kənd evlərində qalmağa üstünlük verir.

Əvvəllər Elmanın da ağlına, səyahət deyəndə, ilk gələn təkərli çanta, sonra da avtobus, təyyarə idi... indi isə o, səyahətə daha geniş anlam verir.

"Səyahət - Avropa, Amerika, Gürcüstan, Türkiyədən ibarət deyil. Maraqlı səyahəti uzağa getmədən, çox pul xərcləmədən də etmək olar. Mühüm olan əylənmək, dincəlmək və zövq almaqdır”, gənc dağçı deyir.

Elman deyir ki, ağlı kəsəndən səyahət etməyə və velosiped sürməyə marağı olub. Arzularını reallaşdırmağa gələndə, aldığı tərbiyə, ətrafı buna əngəl olub:

“Velosipedin uşaq oyuncağı, səyahətinsə avara adamların işi olduğunu düşünürdülər. Universiteti bitirib, işləməyə başlayandan sonra sevdiyim işlərin arxasınca getdim. Əvvəlcə velosiped aldım, sonra isə səyahətə çıxdım. İlk səyahətim zirvə yürüyüşü oldu.”

Əlçatmaz arzudan peşəkar fəaliyyətə

Bəlkə də ona görədir ki, Elman Əsgərov dağlara səyahəti, çadırda gecələməyi, qarı, şaxtanı, soyuğu sevir.

“Sonra başladım velosipedimlə və avto-stopla səyahətlər etməyə. Təhsilim də bu istiqamətdə idi. İdman Turizmi. Azərbaycan, Gürcüstan, Rusiya və İran dağlarına o qədər səyahətlər etdim ki, bir də ayıldım Dağçılıq Federasiyasının təlimlərindəyəm. Artıq 6 ilə yaxındır ki, dağçılıqla məşğulam.”

Elman, həm dağ bələdçisi, həm də hakimdir. Hazırda dağçı dostları ilə birgə yerli və tarixi zirvə yürüyüşlərində iştirak edir.

“Bu ildən başladım turizm sahəsində çalışmağa. Bacarığımı dağ turizmi istiqamətində istifadə edərək, həm sevdiyim işdən pul qazanır, həm də təbiətə, dağçılığa marağı olan insanlara xidmət edirəm. Üstəlik, turizmin bu növü yerli insanların gəlirlərinin artmasına xidmət edir. Bir sözlə, işin sonunda hamı xoşbəxt olur.”

Elman deyir ki, əslində çoxlarında təbiət gəzintilərinə, dağ turlarına, dağçılığa maraq var. Ancaq əksəriyyətində hündürlük qorxusu, soyuq, şaxta xofu olduğundan yanaşmırlar.

Halbuki bircə dəfə "şeytanın qıçını qırsalar", əl çəkməzlər.

"Günəşin batışını, doğuşunu dağın başından seyr etmisənmi? Nələr itirdiyini bilirsən?”- Elman sual verir?

 

“İnsan ancaq təbiətdə özü, ruhu ilə təkbaşına qala, onu duya bilir", Elman deyərək sual edir ki:

"Günəşin batışını, doğuşunu dağın başından seyr etmisənmi? Nələr itirdiyini bilirsən?”

Elman düşünür ki, zirvə yürüşlərində iştirak edən iradəsini və səbrini ortaya qoyaraq hədəfə (zirvəyə) çatır. Bu zaman insan hansı bacarığa nail olduğunu görür.

“Özgüvən fışqırır. Bu, real həyatda da özünü göstərir. Adam daha uğurlu olur. Biz tez-tez turlar təşkil edirik. Əsas auditoriyamız gənclər olur. Ancaq son dövrlər yüksək dağ kəndlərinə təşkil etdiyimiz turlara daha çox orta nəslin nümayəndələri maraq göstərir.”

Heç kənddə yaşamısan?

Elmana görə xüsusən də kənddə yaşamayanlar bu turlara çıxmalıdır. Yüksək dağ kəndlərində insanlar necə yaşayır bilirsənmi? O qədər maraqlı mədəniyyətləri, adətləri var ki…

“Biz, lüks otellərdə qalmır, restoranlarda nahar etmirik. Məqsədimiz kənd evlərində qalıb, xeyiri yerli camaata verməkdir."

Elman həmçinin bir neçə günlüyünə də olsa kənd insanının həyatını yaşamaq, duymağı xoşlayır.

"Çoxu bunlardan çəkinir. Ancaq bu səyahət səmimi, İnternetsiz ortamda zaman keçirmək, təbii kənd məhsulları ilə qidalanmaq, təbiətdə gəzib kəşf etmək və ucuz istirahət etməyi qazandıracaq."

Dağ turizmi deyəndə, ağlımıza gələn ilk dağa qalxmaq məsləhətli deyil

 

Elman qeyd edir ki, bunlar çox vaxt "unutduğumuz hisslərdir.”

Azərbaycanda dağ turizmi üçün seçilən yerlər haralardır?

Dağ turizmi deyəndə, ağlımıza gələn ilk dağa qalxmaq məsləhətli deyil. Bu sahəyə maraq göstərənlərin hamısı professional dağçı olmadığından, qismən şəraitli, əlverişli bölgələri seçməlidirlər.

Elman da bu dediklərimi təsdiqləyir. Deyir, təbiət yürüşlərinə başlayan insanlarda böyük həvəs və istək olur. Çətin şərait bu istəyi öldürə bilər. Bunun olmaması üçün daha çox Zaqatala – Balakən, Quba-Qusar bölgələrindəki dağları seçməlidirlər. Məsələn, Şahdağ, Bazardüzü, Tufandağ, Zaqatala Milli Parkındakı Qutan dağı, Qaxın Sarıbaş kəndi yaxınlığındakı Axvay dağı.

2 günlük dağ səyahəti neçəyədir?

Booking.com otel axtarış saytında ən ucuz Şahdağ otelinin gecəsi 85 dollardır. Qiymətlər 110 dollara qədər yüksəlir. Gündə 3 dəfə yeməyi və yol xərcini də üstünə gəlsək, bu istirahət bizə 200 manata başa gəlir.

Və yaxud, Tufandağda ən ucuz otelin bir gecəsi 48-79 dollar arası dəyişir. Oteldə qalmaq, yol xərci və yemək bizə təxminən 170-180 manata gəlib çıxır. Elmansa deyir ki, kənd evlərində qalmaqla ikiqat qənaət etmək olar. Məsələn, Şahdağ-Ləzə turu (1 gecə, 2 gün) 49 manata başa gəlir:

“Qoşqar zirvəsinə təşkil etdiyimiz 2 günlük tur təxminən 115 manatdır. Bura bir gecə qalmaq, 2 dəfə axşam yeməyi və bir səhər, bir nahar, bələdçi haqqı, nəqliyyat daxildir. Xınalıq- Qriz turu yayda 65, qışda 80 manat olur. Yayda avtobusla getdiyimizdən ucuz başa gəlir. Qışda avtobuslar zirvəyə qalxa bilmir. Odur ki, taksi ilə gedirik. Nəticədə, bir balaca baha çıxır.”

Nə geyinək, çantamızda nələr olsun?

Elman Əsgərov deyir ki, təbiət, dağ yürüşləri təyyarə, avtobus, qatarla səyahətə bənzəmir, "gərək tədbirli olasan".

Elman Əsgərov deyir ki, təbiət, dağ yürüşlərində "gərək tədbirli olasan"

 

Ümumiyyətlə, dağ yürüşləri üçün xüsusi geyimlər, çantalar, ləvazimatlar var ki, səyahət edənlər öncədən bələdçi ilə əlaqə saxlamalı, marşurtu öyrənməli, nə götürəcəyini bilməlidir.

“Məsələn, bütün mövsüm yürüşlərində papaq, əlcək, günəş kremi, günəş eynəyi bel çantasından əksik olmamalıdır. Xüsusi geyimlər də var təbii. Onları Bakıdakı bəzi mağazalardan ucuz qiymətə tapmaq olar. Bunlar hamısı asandı, əsas məsələ bu səfərə ürəkdən hazır olmaqdır.”

Zirvə yürüşlərinə gedərkən necə geyinmək lazımdır?

Təxminən 2 il əvvəl İstanbulda bu cür geyimlər satılan mağazaya girmişdim. Üst geyimləri, ayaqqabıların qiyməti ilə maraqlanmışdım. Təxminən 300-400 dollara başa gəlirdi. Ancaq Elman deyir ki, Bakıda belə geyimlərin (ikinci əl) satıldığı mağazalar var.

O ki qaldı nə geyinəcəyimizə, bu geyimlər alt, orta və üst təbəqələrdən ibarət olur. Alt təbəqə tez quruyan sintetik parçalar, orta təbəqə rahat geyinilib-çıxarıla

bilən geyimlər olmalıdır. Sonuncu üst təbəqə isə külək, yağış və lazımı müddətlərdə bədənin soyumasının qarşısını almaq üçün gödəkçə (CorTex) geyimlərdir.

Şalvarlar da səfərin növündən asılı olaraq dəyişir. Qış mövsümlərində adətən külək keçirməz polar və Cor-Texlərdən, digər mövsümlərdə isə tez quruyan yürüş şalvarlarından istifadə olunur.

Təbiət yürüşlərində - dağlarda, meşələrdə, ucqar kəndlərdə bizi nə gözlədiyini bilə bilmərik. Hər ehtimala yanımızda ilk yardım çantası da olmalıdır.

Elman deyir ki, özünü kəşv etmək istəyən, düşünməyə ehtiyacı olan və ən əsası bol-bol enerji alıb, yenilənmək arzusunda olanlar təbiətə səfərə çıxsın:

“Buna risk edib zövq almağa dəyər!”

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR