Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: valideynlərim

Nikola Teslanın gündəliyi: valideynlərim
Sakura

Nikola Teslanın valideynləri barədə fikirləri

Atam Milutin Tesla cavanlıqda öz atasına nümunə olaraq hərbçi olub. Bütün oğlanlar kimi o hərbi geyimi və digər hərbi atributları xoşlayırdı. Lakin zabitlər məktəbində o hərbi xidmətin məğzi ilə tanış oldu və seçiminin düzgün olub-olmadığı barədə düşünməyə başladı. Məktəbdən getməyə qərar vermək onun üçün çətin idi, o çəx sərt və qəzəbli olan babam Nikolun yanında məyus olmaq istəmirdi. Babam heç təsəvvürünə belə gətirməzdi ki, onun oğulları – atam və onun qardaşı İosip onun yolunu davam etdirməyəcək. Eynilə bir neçə il sonra atam qətiyyətlə keşiş olmaq istəyirdi. Atama bir hadisə kömək etdi. Onun dostlarından biri haqsız olaraq oğurluqda günahlandırıldı. Atam ədalət naminə dostunun tərəfini saxladı və rəhbərliyə elə kobudluq etdi ki, onu qovmaq istədilər. Lakin buna yetişmədilər – atam özü məktəbi tərk etdi və seminariyaya daxil oldu.

Atam çoxlu kitab oxuyurdu. Biliyi həqiqətən ensiklopedik idi. Onun məlumatı olmadığı sahə yox idi. Yaxşı yaddaş oxuduğunu ömürlük yadda saxlamağa imkan verirdi. Atasından o yaddaş və biliyə olan həvəsi, anasından isə ağlının çevikliyini miras qalmışdı. Anam Cuka ərindən bilik cəhətdən çox geridə qalırdı, lakin zehnin canlılığına görə onu dəfələrlə üstələyirdi. O daim nəsə barədə düşünürdü, ya soba üçün növbəti mexanizm, ya cəhrə, ya da toxucu dəzgahı. Ondan necə etdiyini soruşanda anam belə cavab verirdi: “Bilmirəm, öz-özünə ağlıma gəldi”. Baxmayaraq ki, o rahib qızı idi, oxumağı və yazmağı öyrənə bilməmişdi. Babam (anamın atası) Nikola Mandiç (hər iki babamın adı bu idi və mənim adımı da onların şərəfinə qoyublar) qəribə insan və əsl evin zalımı idi. Mandiçlər serb pravoslav kilsəsi yerləşən Qratsda yaşayırdılar, lakin orada serb məktəbi yox idi. Onun günahkarı da elə babam idi, çünki ilk növbədə o məktəbin açılmasına cəhd etməli idi. Lakin o bunu nə etmirdi, nə də istəmirdi ki, onun uşaqları alman məktəbinə getsin. Digər savadlı insanlara nümunə olaraq uşaqları sərbəst öyrətməyi də istəmirdi. Nəticədə onun oğulları alman məktəbində oxudular, çünki kişi savadsız ola bilməzdi, qızları isə heç bir yerdə oxumurdu. Anam öz atası haqqında az danışardı. Mən anamın kiçik qardaşı Nikolayın danışdıqlarından onun haqqında daha çox bilirəm. Babamın evində ondan başqa hamı çox çətin yaşayırdı, buna görə də anam düşünmədən atama ərə getməyə razılıq vermişdi, baxmayaraq ki atamı qətiyyən tanımırdı. Xorvatlardan fərqli olaraq serblərdə hər zaman evlənmək üçün qızın fikri öyrənilirdi və nikahların əksəriyyəti sevgi əsasında deyil, qarşılıqlı mehribançılığa görə bağlanırdı.

Təhsilin olmamasına baxmayaraq anam ailəmdə mənim ixtiralarımla maraqlanan yeganə insan idi. O nəinki ananın oğulla maraqlanması kimi maraqlanırdı, həmçinin onun məğzini anlamağa çalışırdı. Evə yazdığım hər məktubda mən nə ilə məşğul olduğumu qeyd edirdim, bunu da mümkün qədər sadə izah etməyə çalışırdım. Ünsiyyətdə olduğum Mariçanın bacısı mənə gülürdü, çünki mən işlərim barədə bir neçə sətir, üzərində işlədiyim problemlər barədə isə bir neçə səhifə yazırdım. Anam üçün hesabatlar yazarkən dəfələrdə dəyərli fikirlər ağlıma gəlirdi. Mənə elə gəlirdi ki, anam mənə uzaqdan xeyir-dua verir.

Anam heyrətamiz, xeyirxah insan idi. Anaları hamı ideallaşdırır, lakin mən tamamilə həqiqəti yazıram. Onun xeyirxahlığı barədə ixtiraçılığı qədər əfsanələr yayılmışdı. O mənə özüm üçün deyil, başqaları üçün yaşamağı öyrədirdi və mən də buna görə ona sonsuz minnətdaram. Əgər mən ancaq özüm üçün yaşasaydım, onda indi tənha, 80 yaşlı birisi olardım, vətəndən kənarda özümü bədbəxt hiss edərdim. Məndə elə bir hiss var idi ki, həyatım uğursuz olmuşdu və boşuna keçmişdi. Lakin mən tənha, qoca olmağıma və evimin olmamasına baxmayaraq xoşbəxt idim. Ümid edirəm ki, yazdıqlarımı təkcə həmyaşıqlarım oxumayacaq, buna görə sebr üçün öz evinin olmasını izah edim. Amerikada çoxlarının evi yoxdur və mənim kimi kirayədə yaşayır, bundan da utanmırdılar. Serb üçün öz evinin olmaması heç nəyin olmaması kimidir. Serbin mütləq öz evi, öz ocağı və böyük ailəsi olmalı idi. Əks halda ətrafdakılar sənə hörmət etməz, özün belə özünə hörmət etməzsən (Belə baxışlar XIX əsrin ikinci yarısına qədər yayılmışdı, sonra vəziyyət dəyişməyə başlamışdı).  Lakin məni evin olmaması kədərləndirmir. Mən insanlar üçün etdiklərimlə fəxr edirəm və buna görə də ruhən sakitəm. Mən bilirəm ki, boşuna yaşamıram və ancaq bir şey istəyirəm – bütün reallaşdırılmamış planlarımı reallaşdırmağa yetişməkdir. Başladığımı sona çatdırmadan ölmək ağır olardı.

Atam rahib olmağım üçün təkid edəndə anam ona deyərdi: “Niki (Nikolanın qısa ləqəbi) sərbəst burax, qoy fikirləşsin və öz yolunu özü seçsin”. Anam məni sevirdi, o bütün uşaqlarını sevirdi, atam isə ancaq böyük qardaşım Daneni, böyük ümid bəslədiyi ilk oğlunu sevirdi. Dane sağ olarkən atam mənə diqqət yetirmirdi, onun ölümündən (1861-ci ildə Dane Tesla atdan uğursuz düşərək boynunu sındırmışdı) sonra isə məni onunla müqayisə etməyə başlamışdı və bu müqayisələr mənim xeyrimə deyildi. Mənim 6 yaşım olanda mənim üçün nümunə olan və həqiqətən sevdiyim qardaşımı itirdim. Mənim təsəlliyə ehtiyacım var idi, lakin bunun qarşılığında hər gün bu sözləri eşidirdim: “Ey, sənin qardaşın belə etməzdi!” və ya “Ey, sənin qardaşın sənin yaşda olanda daha yaxşı edirdi!”. Hər məzəmmət mənim əzablarımı gücləndirirdi, lakin atam bunu hiss etmirdi və ya hiss etmək istəmirdi. Mən bütün gücümlə atama Danedən pis olmadığımı sübut etməyə çalışırdım, lakin mən buna nail ola bilmirdim. Bu həyatda olmayan insanlar rəqabət aparmaq mümkün deyil. Mən Danedən kiçik olarkən atam deyirdi ki, mən hər şeyi qardaşımdan pis edirəm, böyük olanda isə bu sözləri eşidirdim: “Dane sağ olsaydı, bunu daha yaxşı edərdi”. Mən qardaşımın əvəzinə rahib olmalı idim. Əvvəlcə atam istəyirdi ki, seminariyada mən deyil, Dane oxusun. Ata olsa da başqasının sənin həyat yolunu müəyyən etməsi dəhşətlidir. Hər insan öz həyatını yaşamaq üçün dünyaya gəlib. Əgər atamın iradəsinə tabe olsaydım, yəqin ən pis rahib olardım. Mən indiki yaşıma qədər belə yaşaya bilməzdim, çünki həyat enerjisini sevimli işimdən alıram. Mən cavan olanda sutkalarla fasiləsiz işləyirdim, yatmaya bilirdim, istirahət etməyə bilirdim və üç sutka yeməsəm belə özümü yorğun hiss etmirdim. İstədiyini edəndə iş sevinc gətirir. Güc azalmır, əksinə artır. Yaşlaşdıqca təbii ki, hər şey pis tərəfə dəyişir, lakin mənim indi də gücümü bərpa etmək üçün iki saatlıq yuxu kifayətdir.

Mənim atamla olan münasibətim onun ölümünə qədər hər kəsdə olduğu kimi idi. Atam hiss edirdi ki, tezliklə öləcək və bu onu çox dəyişdirmişdi. Əbədilik qarşısında fanilik itir və hər şeyin önünə sevgi keçir. Bizim aramızda uzun açıq söhbət oldu. Elə təsəvvür yarandı ki, onu başqa insanlar başladı, fərqli insanlar isə bitirdi, çünki o hər ikimizi dəyişdirdi və hər ikimizə təsir göstərdi.

Atam nikahsız yaşaması barədə çox fikirləşirdi. Bir oğlu ölüb, o biri qadınlardan qaçır və evlənmək fikri yoxdur. Varis edəcək heç kimi yoxdur. Məni atamdan fərqli olaraq nəslin davamı maraqlandırmır. Həyatın bu sahəsi məni qətiyyən maraqlandırmır. Bunun niyə belə olması barədə danışmaq lazımdır. Sirli hər şey mülahizələr və müxtəlif formalı şayələr yaradır. Qadınlardan kənar gəzməyim barədə dəhşətli şayələr yaranmışdı. Əslində isə 18 yaşım olarkən 9 aylıq ağır xəstəlikdən sonra qadınlarla maraqlanmamağa başladım. Mən bütün ömür boyu bakir qaldım və hesab edirəm ki, bu mənim üçün yaxşı oldu. Mən çoxlu vaxta və elmi araşdırmalar üçün çoxlu enerjiyə qənaət etdim. Elm mənim əsas və yeganə sevgimdir. Mənə başqa heç nə lazım deyil.

 

Müəllif: Famil Ələkbərov

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: mənim xarakterim

Növbəti hissə: 

[haber=1560]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR