Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: 10 iyul 1936-cı il

Nikola Teslanın gündəliyi: 10 iyul 1936-cı il
Sakura

Nikola Teslanın gündəliyi: 10 iyul 1936-cı il

Mənim 80 yaşım var. Mən anamdan 10 il, atamdan 20 il çox yaşamışam. Bizim nəslimiz uzunömürlü deyil. Mənə məlum olduğu kimi mənim əcdadlarımın heç biri 90 yaşından çox yaşamayıb.

Yuvarlaq tarixləri sevmirəm, çünki atam 60 yaşında, anam isə 70 yaşında dünyasını dəyişib. Yuvarlaq tarixlər ailəmiz üçün düşərli deyil. Nə vaxtsa mən də mövhümata gülürdüm, lakin indi mən mövhümata olan münasibətimi dəyişmişəm.

Başa düşmürəm ki, yuvarlaq tarixlər adilərdən nə ilə fərqlənir. Yubiley? Səni çoxdan unudanların qəfildən səni xatırladığı adi bir gün? Jurnalistlər səhər tezdən koridorda o qədər səs-küy saldılar ki, artıq başım ağrıdı. Mən tapşırmışdım ki, teleqramları nömrəmə gətirməzdən əvvəl yoxlanılsın. Burada mənim daimi müxbirlərimi tanıyırlar. Bunu xatırlamaq çox asandır, çünki bu siyahıda cəmi səkkiz familiya var. Digər şəxslərdən gələn məktublar dərhal atılmalıdır. Mənim dəbdəbəli həyatım imkan verir ki, “etika qaydaları” şərtlərinə fikir vermədən istədiyim şəxslərlə ünsiyyətdə olum. Bizdə Smilyanda (hazırki Xorvatiyada yerləşən Nikola Teslanın doğulduğu serb kəndi) iki qayda var idi – dürüstlük və mehribanlıq. Öz yaxınını aldatmayan və ona hər zaman kömək etməyə hazır olan adam ləyaqətli hesab olunurdu. Smilyan öz patriarxal qaydaları ilə yaşayan balaca dünyadır. Böyük dünyada hər şey əksinədir. Digər alçağın düşündüyü qaydalara əməl edən alçaq cəmiyyətin layiqli üzvü hesab olunur. Mən onların qaydalarına fikir vermirəm. Mən həmişə valideynlərimin evində öyrəndiyim qaydalarla yaşamışam. Mənim həmişə hörmət etmədiklərimin haqqımda dediklərinə laqeyd olmuşam. Ancaq mənim hörmətimdən istifadə edən insanların haqqımda düşündükləri və mənim özümün düşündüklərim məna kəsb edirdi. Heç kim mənim əməllərimi özümdən çox qiymətləndirməyib. Yuxudan əvvəl mən həmin günü  layiqli yaşadığımı söyləyə biləndə rahat yatırdım.

Mən həmişə pulla idarə olunan alçaq dünyadan yüksəkdə olmuşam. Pul Allahın insana bəxş etdiyini əvəz edə bilməz, lakin öz iradəsinə tabe edə bilər, ovsunlaya bilər, kor edə bilər. Mən həmişə cəmiyyətdə haqqımda danışılanlar və qəzetlərdə haqqımda yazılanlara etinasız yanaşmışam. Lakin bu gün ağlıma elmə aidiyyatı olmayan bir fikir gəlib. Jurnalistlərin səs-küyünə qulaq asarkən mən düşündüm ki, mənim çoxlu pulum olaydı mən bütün mərtəbələri icarəyə götürərdim və məni heç kim narahat etməzdi. Daha əvvəl pula olan nifrəti haqqında yazan birisi üçün bir az qəribə fikirdir və məntiq cəhətdən də tamamilə axmaq bir fikirdir. Jurnalistləri nəsə dayandıra bilər? Onları koridora buraxmasalar onlar ağaca dırmaşaraq pəncərələrə və ya yanğın pilləkənlərinə çıxıb səs-küy salacaqlar. Mənim heç bir tülkünün daxil ola bilməyəcəyi yaşayış yeri almağa imkanım var. Mənim həmkarım Ven çoxdan məni öz evlərinə çağırıb, orada yaşamaq üçün bir sent belə ödəməli olmasam da mən razılaşmıram. Ven zarafat edir ki, kuryerlər (Tesla ilə Buş arasında olan yazışma gizli və şəxsi olduğu üçün məktublar poçtla deyil, ABŞ Hərbi nazirliyinin kuryer xidməti ilə çatdırılırdı) gizli və ona təklif etdiyi kottecin saxlanmasından baha başa gəlir.  Guya mən bilmirəm ki, kuryerlər ona pulsuz başa gəlir, bütün ödənişləri Sem əmi (Sem əmi – ABŞ-ın simvolik obrazıdır) edir. Köçmə həyatımı asanlaşdıra bilərdi, ancaq mən ikinci evimə çevrilən Nyu-Yorkdan ayrıla bilmirəm. Burada mənim qohumlarım – göyərçinlərim (Tesla hər gün Nyu-York ictimai kitabxanasının qarşısında göyərçinləri yemləyirdi)  yaşayır. Mən yaşadığım oteli deyil, şəhəri evim adlandırıram. Oteli ev adlandırmaq olmaz və əslində məni otellə bağlayan heç nə yoxdur. İstənilən anda mən digər otelə gedə bilərəm, ancaq Nyu-Yorkdan köçmək istəmirəm. Mən yeni evə alışmaq üçün çox yaşlıyam.

Ven – Veniver Buş (1890-1974) adlı amerikan alimi, Ruzveltin yanında elmi məsləhətçi, 1940-cı ildən 1947-ci ilə qədər ABŞ müdafiə məsələləri üzrə Milli Araşdırma Komitəsinin sədri olub. 1932-1938-cil illərdə Buş Massaçusets texnologiya institutunun vitse prezidenti olub. Tesla və Buş sıx əməkdaşlıq edirdilər. Tesla Buşun nəzarət etdiyi bir neçə layihədə məsləhətçi idi. Buş Teslaya dəfələrlə Kembricə köçməyi təklif etmişdi, lakin Tesla imtina etmişdi. 

Mən bir az mövzudan yayındım. Dirilik – mənim ağlımın əsas xüsusiyyətidir və hətta yaş belə onunla heç nə edə bilməz. Mən qocalmışam. Bədənimdə əvvəlki gücüm qalmayıb, görmə və eşitmə əvvəlki kimi iti deyil, amma ağlım cavanlıqdakı kimidir. Fikirlər beynimdə burulğan kimi dolaşır. Mən onlara mane olmura – qoy gəzsinlər. Onlar ideya halında formalaşandan sonra dayanacaqlar. Lakin elmə yarayan xatirələrə yaramır, əks halda heç kim yazdığımı anlamaz. Mənə isə lazımdır ki, məni başa düşsünlər. Buna görə də mən boş vaxtlarımda həyatım haqqında qeydləri yazmaq qərarına gəldim.

Beləliklə, bu gün səhər ağlıma gələn fikir haqqında. Mən məndən sonra qalacaq barədə qəflətən düşündüm. Mənim ixtiralarım, elmi işlərim və böyük sayda uydurmalarım hamını düşündürür. Mən qocalmışam. Bu gün mənim 80 yaşım tamam olur.  Həyat sona yaxınlaşdır. Nəslimiz mənə qarşı olacaq. Mənim bacımın uşaqları var, biri ilə (söhbət Sava Kosanoviçdən gedir) yazışıram. Lakin onlar demək olar ki, məni tanımır. Yazışmalar insanı lazımi qaydada tanımaq üçün bəs deyil.

Mən şayə yayanlara və yalançılara yuxarıdan baxmağa vərdiş etmişəm. Mən bunu öz boyuma görə deyil, həm də ruhi cəhətdən onlardan yuxarıda olduğum üçün edirəm. Lakin bəzən yalançılar sərhədi keçir və mən onlara diqqət etməli və onları susdurmalı oluram. Nə qədər ki sağam, mən bunu edə bilirəm. Lakin mən olmayanda iftiralar atmağa başlayacaqlar və məni müdafiə edəcək heç kim olmayacaq. Bacımın oğlu cəhd etsə, yalançılar bunu deyəcək: “sən onu bizim qədər yaxşı tanımırdın”. Çıxış isə yeganədir: gücüm var ikən mən özüm özüm haqqında danışmalıyam, sapı samandan ayırmaq olsun ki, gələcək nəsillər həqiqi Nikola Teslanı tanısınlar.

Mən jurnallar üçün özüm haqqımda yazmalı olurdum. Lakin öz ixtiralarımı “Electrical Experimenter”-də maneəsiz yaza bilirdimsə, “Scientific American”-da mənim hekayəm güclü redaktə olunurdu. Düzəldərək və qeyd edərək mənə “bu bizim oxucularımıza maraqlı deyil” və ya “bu bizə və sizə zərər verə bilər” kimi sözlər deyilirdi. Nəticədə həyatımın ətraflı hekayəsindən çox az hissə qalırdı. Əlavə olaraq redaktor qeyd etməklə kifayətlənmirdi. O jurnala tərif yazdığım başlanğıcı yendən yazdı. Məni yaxşı tanıyan insan təsdiqləyər ki, tərif demək mənə yaddır. “Səmimiyyət lakonikdir”, - atam deyərdi. Dərc olunmuş məqalə mənim o qədər xoşuma gəlmədi ki, qonorardan imtina etdim və redaktora onun haqqında və onun iş prinsipi haqqında fikirlərimi istisnasız çatdırdım.

Cavanlıqda Allaha inanmırdım. Dindar ailədə ateist qoyun sürüsündə qaz kimidir – çox nadir haldır. Atama Allaha inanmadığım üçün onun davamçısı olmaq istəmədiyimi deyəndə o  hirslənmədi. O mənə həkimlərin ağır xəstələrə baxdığı kimi baxaraq dedi ki, əsl imana şübhələrlə gəlirlər. Şübhə - möhkəm imana sahib olmaq üçün dəf etməli olduğum sınaqdır. Mənim üçün buna 40 il lazım oldu. Mənim Allahın olduğunu anladım gün (atam artıq sağ deyildi) gəlib çatdı. Dünya quruluşu haqqında hər sirrin açılışı, hər edilən ixtira məni dərkedilməz Ali Niyyətin, bütün qanunlar üzərində Qanunun mövcud olması haqqındakı fikirlərə yaxınlaşdırırdı. Məni hərəkətsizliyimə görə ağıllanmayacaq materialist hesab edirdilər, lakin əslində mən çoxdan elə deyiləm. Mən imana uzun müddət inkardan sonra gəlmişəm və atamın proqnozlaşdırdığı kimi imanım güclüdür.

Mən Allah qarşısında and içirəm ki, heç nəyi gizlətmədən və bəzəmədən öz haqqımda həqiqəti yazacağam. Buna sübut üçün özümün hələ də utandığım çirkin əməllərimdən başlayacağam. Bədxah əməllərin dəhşəti nədir? Ondadır ki, hər şey keçir, utanclıq isə ruhun dərinliklərində kök salır.

Mən özümün haqqımda necə olsa da ancaq həqiqəti yazacağam.

Mən istəmirəm ki, məni gələcəkdə qəzetlərdə yazılan Nikola Tesla kimi tanısınlar. Lakin ideal obraz çəkmək fikrim də yoxdur. Mənim bir məqsədim var – özümü olduğum kimi göstərmək. Öz xatirələrimi yazmağa bu gündən başlayacam. Hazırda nə ilə məşğul olduğum barədə danışacam ki, xatirələrim haqqında oxuyanlar düşünməsinlər ki, mənim ağlım qaçıb və hekayələr yazıram. Həmçinin  özümün elmi metodumdan danışacam ki, eyni suallar haqqında nə üçün illərlə düşündüyüm və digərlərini dərhal tapdığım anlaşılsın.

 

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Mənim metodum və cari işim

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR