Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Avropaya ilk səyahət

Nikola Teslanın gündəliyi: Avropaya ilk səyahət
Sakura

Nikola Teslanın gündəliyi: Avropaya ilk səyahət

1889-cu ildə Parisdə mütləq iştirak etməli olduğum beynəlxalq sərgi keçirilirdi (1889-cu ildə təşkil edilən Beynəlxalq Sərgi Parisdə may ayının 6-dan oktyabr ayının 31-ə kimi davam etmişdi. Sərgi Bastilya qalasının alınmasının yüzilliyinə həsr olunmuşdu. Sərgi keçirilən ərazinin giriş tağı kimi nəzərdə tutularaq, tikilmiş məhşur Eyfel qülləsinin sərginin sonunda söküləcəyi gözlənilirdi). Elektrotexnika  sahəsinin daha böyük maraq doğuracağıyla bağlı ümidlər özünü tamamilə doğrultdu.

İndi mənim pulum vardı, birinci dərəcəli tək adamlıq kayuta bilet əldə edə və yolçuluqdan zövq alaraq səyahət edə bilərdim. Yol boyu işləməyi düşünürdüm, buna görə də özümlə nəinki böyük, çox böyük yük götürmüşdüm. İlk gündən kayutumu kapitanın və zabitlərin gəlib maraqla baxdıqları üzən laboratoriyaya çevirmişdim. Onları hər şeydən çox istifadə ediləcək avadanlıqların yırğalanmalar zamanı yerindən tərpənməməsi üçün quraşdırdığım dayaqlar maraqlandırırdı.

Ağıla gələ biləcək ən yaxşı şəraitdə üzürdüm, lakin elə ilk dəqiqələrdən keçmiş xatirələrin başımın üstünü aldırması bu rahatlığın zövq almağıma imkan vermədən bulanıq sulara qərq olmasıyla nəticələndi. Sular səyahətin sonuna kimi durulmadı. Yeməyə yollanarkən ilk dəfə kayutda aclıq içində oturub zorla nəfəs aldığımı xatırlayırdım. Dəbdəbəli kayutumda dincələrkən həmin o miskin dar kayut gözümün qabağından çəkilmirdi. Gecələr cücülərin məni dişlədiyini təsəvvür edirdim. Sonralar da professor Holl, ilk səyahətimdəki sarsıntının zehnimdə çox dərində yerləşdiyini, buna görə də xatirələrin məni ikinci səyahətdə bu qədər əzab verdiyini izah etdi. Məhz buna görə də rahatlıqla keçən səyahət mənə keçmiş yoxsulluğumu xatırlatmaqdan başqa heş nəyə yaramamışdı. Hollun dediyi kimi izah edə bilməsəm də, onun dedikləri mənim yaşadıqlarımı tammailə izah edirdi.  

İlk məşəqqətli yolçuluğum zamanı kapitanın mənə etdiyi kimi, kasıb sərnişinlərdən kiməsə kömək etmək fikrinə düşdüm. Lakin üçüncü dərəcəli kayitlardakı adamlara baş çəkməyim nəticəsiz qaldı. Onların arasında nə xəstə vardı, nə də kasıb. Aclar və kasıblar Amerikadan Avropaya deyil, Avropadan Amerikaya axışırdılar.

Parisdəykən xatirələr tamamilə başqa təsir bağışlayırdı. Keçmişdəki və indiki halımı düşünərkən çətinliklərə baxmayaraq ixtiralara imza atmış və pullu bir adamla üzləşmək  məni sevindirirdi. Artıq öz ayaqları üstündə möhkəm dayanan adama çevrilmişdim, əsasən yaxın iki il əvvəl qazmaçı işlədiyim vaxtları xatırlayarkən, bu məni xoşbəxt etməyə bilməzdi. Ovuclarımdakı döyənəklər hələ də tamam itib getməmişdi. Maraqla və təbəssümlə onların günü-gündən necə yoxa çıxdıqlarını izlədiyimi xatırlayıram. Gəmidə olan pis əhval-ruhiyyəm Parisdə xoşbəxtlik və fərəhlə əvəz olunmuşdu. Edisonun Beynəlxalq Şirkəti istisna olmaqla, bütün tanış yerlərə baş çəkdim. Sərgidə rastlaşdığım keçmiş həmkarlarımdan birindən cənab Reverdinin 1887-cil ildə gözlənilmədən direktor vəzifəsini tərk edərək, qızıl axtarmaq üçün Cənubi Afrikaya getdiyini öyrəndim.

Sərgi haqqında artıq yazıb söhbət açdığımdan, bu mövzuya bir daha qayıtmayacağam. Sadəcə, sərginin bütün ümidlərimi doğrultduğunu söyləməyim kifayətdir. Təəssüf etdiyim yeganə məsələ kimi, hələ Qratsedə keçən illərdən tanıdığım rus alimi Pavel Yabloçkovla (Pavel Nikolayeviç Yabloçkov ( 18470-1894) tanınmış rus mühəndis- elektrotexniki, “Yabloçkov lampası” adlanan közərmə lamplarının ixtiraçısıdır) görüşüb söhbət edə bilməməyimi qeyd edə bilərəm. Vaxtımı çox səmərəli keçirə- eçirə okeanı nahaq yerə üzüb keçmədiyimə sevinirdim. Yüksək tezlikli alternativ enerji mühərriklərinin quruluş sxemiylə bağlı fikirlərim beynimdə məhz bu sərgi zamanı formalaşmışdı.

Parisdə böyük əmim Vladka Nikolasla görüşüb başqa qohumlarımla hal-əhval tutmaq üçün onun evinə getdim. Anamla görüşərkən həm sevinir (gör nə qədər vaxt keçmişdi!), həm də kədərlənirdim. Onun qırışmış üzünə baxaraq bir daha görüşə bilib–bilməyəcəyimizi düşünürdüm. Deyəsən, anam da eyni şeyi fikirləşirdi. Çünki dayanmadan ağlayırdı. Anamla bağlı izaholunmaz bir hadisə baş verdi, onu burda qeyd etmək istəyirəm. “Qəfildən məni, başına bədbəxtlik gəlməsiylə bağlı fikir bürüdü,- anam deyirdi, - guya, işini, evini itirmisən, harda gəldi qalır, nə gəldi yeyirsən, yük  daşıyır, bellə yer qazırsan. Qarabasmalar məni bir neçə ay tərk etmədi.  Hər səhər göz yaşları içində oyanırdım. Sonra bu hiss gəldiyi kimi də çıxıb getdi”. Mən bunun nə zaman baş verdiyini öyrənəndə çox təəccübləndim. Hər şey həqiqətən çətinlik çəkdiyim zamanlarla üst-üstə düşürdü. Bu narahatlığın anamı, Obadiya Braunun məni qardaşı Alfredlə tanış etdikdən sonra tərk etdiyi aydın oldu. Başıma gələnlər bu qədər detallarına kimi doğru olmasaydı, heç zaman inana bilməzdim. Antal Siqettidən, Braun qardaşlarından və Çarlz Pekadan başqa heç kim  mənim nə zamansa qazmaçı işlədiyimi bilmirdi. Onlardan heç biri anamla tanış deyildi, təkcə Antal söhbət zamanı anam haqqında nələrsə eşitmiş ola bilərdi. Mən hər şeyi açıb anama danışdım, ümumiyyətlə özümlə, çəkdiyim əziyyətlərlə bağlı hər şeyi açıb söylədim. İndi bunu edə bilərdim, artıq hər şey keçmişdə qalmışdı.

Nikolayın dəvətiylə iki həftə onun Oqulindəki (Oqulin – indiki Xorvatiyanın mərkəzi ərazisində serblərlə xorvatların birgə yaşadığı şəhər) evində qonaq qaldım. Bu mənim həyatımda nadir hadisəydi. İşləmir, çoxlu gəzir, tanışlarla görüşürdüm. Amerikaya qayıtmamışdan əvvəl xeyli şeyin şahidi oldum. Bunların bir çoxundan faydlanmaq olardı. Oqulin gəzintilərim zamanı dəmiryolunun çəkilməsinin bu şəhərədə necə inkişafa səbəb olduğunu görür və sevinirdim (1873- ci ildə Oqulindən Zaqreb- Rıjeka dəmir yolu xətti çəkilmişdi. Bu hadisə iqtisadi yüksəlişə, şəhərin  sürətlə böyüməsinə və inkişaf etməsinə səbəb olmuşdu). Bu dəyişiklikliklər irəliləyişin nədən ibarət olduğunun bariz nümunəsiydi. Mən, bir ixtiraçı və tərəqqipərvər şəxs olaraq, Oqulinin necə dəyişdiyini görməkdən dərin məmnunluq hiss edirdim. İxtiraçılar öz laboratoriyalarına sıxışıb qalır, ətrafda baş verən dəyişikliklərdən xəbərsiz olurlar. Lakin vaxtaşırı həyata nəzər salmaq, yeni ixtiralar yeni ideyalar üçün güc toplamaq məqsədiylə qapandığımız yerdən çıxmağımız  lazımdır.

Doğma yerlərə qayıtdıqdan sonra buradakı həyatın Amerikadakından necə kəskin fərqləndiyi xüsusilə hiss olunurdu. Amerkanlar: «İnan, amma sübut tələb et»  – deyirlər, serblər isə: ”İnsanlardan heç nə gizlədə bilməzsən”. Amerikada aldanmamaq üçün daima ayıq-sayıq olmalısan. Hətta cəmiyyət içində yaxşı nüfuz qazanmış tanınmış adamlar belə öz yaxınlarına qarşı asanlıqla hiylə işlədə bilirlər (Məsələn, Edoson buna ən yaxşı nümunədir). Əgər bir serb barədə: “ Dürüst adamdır” deyilirsə, deməli ona milyon dollarınızı etibar edə bilərsiniz, pulunuzu son sentinə kimi özünüzə qaytaracaq. Amerikalıları hər şeydən çox var-dövlət, serbləri isə ləyaqət maraqlandırır. Əgər sizin Amerikada pulunuz yoxdursa, heç nə, sıfırsınız, boşuna yer tutursunuz. Öz başıma gəldiyindən, nə dediyimi yaxşı bilirəm.  Amerikada istənilən varlı adama hörmət edilir, çünki onun etibarlı bank hesabı, pulu var, deməli başqalarından yaxşıdır. Amma mənim vətənimdə hər şey başqa cürdür. Burada kaslb yaşaya-yaşaya hörmət qazanmaq olar, lakin pulu olan pis adamsınızsa, heç kim əl uzadıb sizinlə görüşmək istəməyəcək. Ləyaqətin itirilməsinin yükü övladların və nəvələrin boynuna düşür. İnsanlar uzun illər: “Eh, onun atası ( və ya babası) nə vaxtda nəsə etmişdi”- deyəcəklər. Buna görə də serblər bir qərara gəlməzdən əvvəl tələsmədən on dəfə düşünüb-daşınmalı  olurlar. Həmvətənlərimdən heç biri mənim Reverdiyə və ya Edisona inanıb aldanmağıma təəccüblənməmişdi, onları başqa şey, bu adamların öz sözlərinin üstündə durmaması heyrətləndirirdi. Şübhəsiz, serblərin arasında da pislərə və yalançılara, amerikalıların arasında isə Obadi Braun kimi yaxşı insanlara rast gəlmək mümkündür. Heç bir serb başqasına kələk gəlməklə lovğala bilməz. Hələ qala bununla qürur duya. Edison isə Morqana məni necə barmağına doladığını xüsusi qəhrəmanlıq kimi danışmışdı.

Avropanı anlaşılmaz kədər və qürur hissiylə tərk etdim. Öz doğmalarımdan ayrılmaq çox çətindi, lakin eyni zamanda da işlərim üçün çox darıxmışdım. Nyu- Yorka qayıdan kimi yüksəktezlikli alternativ cərəyan mühərrikləriylə işə başladım. Generator dövriyyəsinin sxemləri səyahət zamanı düşünülüb tapıldığından buna çox vaxt sərf etmək lazım gəlmədi. 10 000 dövrəli (. Söhbət titrəmə stimulunun tezliyinin köhnə ölçüsündən - “saniyədə dövrdən” gedir. Hal-hazırda bu köhnə termin daha yeni "Herz" terminiylə əvəz edilib) generatorların sınağından dərhal sonra 20 000 dövrə üzərində işləməyə başladım. Rezonansdan  istifadə etmək fikri özünü uğurlu nəticəylə təsdiqlətdi (Nikola Tesla yüksəktezlikli cərəyan əldə etmək üçün rezonansdan istifadə edirdi – eyni tezlikli  xarici cərəyanların titrəməsi  zamanı sistemin təbii tirəyişinin həcmində kəskin artım yaranırdı. Tesla hər iki sxeminin rezonansında tənzimlənməyə əsaslanan iki dövrəli rezonans transformatoru yaradıb).

Sərgidə iştirak və digər ixtiraçılarla ünsiyyət məni daha da həvəsləndirmişdi. Sadə ixtiralarla kifayətlənməyib bəşəriyyət üçün böyük tövhələr verəcək daha böyük şeylər ixtira etmək istəyirdim. Uzun müddət idi ki, elektrik enerjisini kabel xətləri olmadan, dünyanın hər hansı bir yerinə ötürməyin nə qədər faydalı olacağı barədə düşünürdüm, bu hələ də bahalı iş olaraq qalırdı. Eyni prinsiplə, simsiz rabitə vasitələri yaratmaq barədə də fikirlərim vardı. Bu cür planlar beynimi dolaşdırırdı. Amma əvvəlcə radio dalğaları üçün ötürücü və qəbuledici qurmaq lazım gəlirdi. Hər dəfə uğursuzluğa düçar olmuş “Dünyəvi Sistem” barədə düşünəndə, özümü pis hiss edirdim. Ən yaxşı ixtiramın işlərin son mərhələdə maliyyə çatışmazlığından dayandırılmasına görə həyata keçmədiyini düşündükcə ürəyim ağrıyırdı (Xatırlatma: Layihə milyonçu John Pierpont Morgan tərəfindən maliyyələşdirilirdi. Teslayla fikir ayrılığı səbəbindən vəsaitin ayrılması dayandırılmışdı). Neçə illik o qədər zəhmət boşa getmişdi! Qülləmin söküldüyünü eşidəndə ağlamışdım. Qüllə  yerində olduğu müddətcə bu işin nə zamansa, nə yollasa davam etdiriləcəyinə ümidim qalırdı. Qüllənin sökülməsiylə bütün ümidlərim yerlə-yeksan olmuşdu. Sanki onunla birlikdə mənim həyatımı da dağıdıb-tökmüşdülər. Özümü gərəksiz, aciz hiss edirdim. Artıq belə bir ideyanın həyata keçəcəyindən əlimi üzmüşdüm, çünki qüllənin sökülməsiylə mənim nüfuzum da ciddi şəkildə zəifləmiş oldu. Maraqlıdır, kimsə sözündən geri çəkilir, maliyyə təminatını kəsir, amma zədələnən sənin nüfuzun olur! Dünyəvi Sistem barədə daha sonralar da, zamanı gəlincə  ətraflı şəkildə yazmağı düşünürəm. İndi isə, ardıcıllığı onsuz da pozduğumu düşünüb, başqa bir işimlə bağlı bir neçə cümlə yazmaq istəyirəm.

Dediyim kimi, fövqaladə dərəcədə böyük bir iş üzərində çalışacağıma ümid etmirdim, lakin bu baş verdi. Hazırda beş ildir üzərində işlədiyim layihə miqyasına görə Dünyəvi Sistem layihəsini dəfələrlə üstələyir. Qüllənin köməyiylə mən radiodalğaların və elektrik enerjisinin daha uzaq məsafələrə ötürülməsini həyata keçirmək istəyirdim. Hazırda obyektlərin anında uzaq məsafələrə çatdırılması üzərində apardığım iş isə, obyektlərin, həmçinin inanmaq istədiyim kimi, insanların uzaq məsafələri daha tez qət etməsinə səbəb olacaq. Düzdür, bunun insanlar üzərində həyata keçirilməsinə hələ çox qalır, çünki siçanlar və dovşanlar  üzərində aparılan sınaqlar uğursuzluqla nəticələnib. Lakin artıq nəsnələr kainatda bir nöqtədən digərinə daşına bilər. Bu işdə çox kiçik, nəzərə alınmayacaq dərəcədə xətalara rast gəlinir. Müharibə işlərimizin ləngiməsinə dərindən təsir edib, lakin bunun elə bir əhəmiyyəti yoxdur. Ola bilsin, başqa kimlərsə də (bizimlə müttəfiq və neytral ölkələri nəzərdə tuturam) bu iş üzərində işləri davam etdirə bilərlər. Axı eyni fikrin, məsələn radionun kəşfi məsələsində olduğu kimi, eyni zamanda bir neçə adamın ağlına gəlməsi tamamilə təbiidir. Bir mövzu üzərində tədqiqat  aparan insanlar arasında məlumat mübadiləsi əslində işin sürətləndirilməsinə səbəb ola bilərdi. Mən Venin hər şeyin tam şəkildə ictimaiyyətə açıqlanmamalı olduğuyla bağlı fikriylə razılaşıram, lakin Amerikanın elektromaqnit dalğalarının kosmosa təsirinin öyrənilməsiylə məşğul olunduğunu və artıq bəzi nəticələrə nail olunduğunu söyləmək olar. Bir saf mis külçəsinin qırxayaq kimi hərəkətə gəldiyini göstərmək Amerika Hərbi Qüvvələrinin qüdrətini zədələyə bilmədiyi kimi, elə bizim kimi kölgədə gizlədilən eyni fikirli insanların nəzər-diqqətini çəkə də bilərdi. Sınaqların üzə çıxarılmasının almanlara heç bir faydası dəyə bilməz, cihazların ciddi şəkildə gizlədilməsi heç bir məlumat sızıntısına imkan vermir. Məndən əlavə neçə adamın iştirakına baxmayaraq bu iş çox ləng davam edir. Əlavə zəkanın bizə qoşulması ancaq işin sürətlənməsinə səbəb ola bilərdi. Obyektlərin yaxın məsafələrdə daşınmasına nail ola bilsək də onların kosmosda müəyyən bir nöqtəyə çatdırılması illərimizi aldı. Yenə də, hər hansı məsafənin qət olunmasıyla bağlı heç nə deyə bilmərik. Canlı orqanizmlərin hərəkətində hələ də bəzi çətinliklər var. Bircə siçan təyin olunmuş yerə sağ-salamat gedib çata bilmir. Dovşanlarla bir az uğura nail olunub, lakin onlar təyin olunmuş nöqtəyə sağ- salamat gedib çıxa bilsələr də, orada beş dəqiqədən artıq yaşaya bilmirlər. Ola bilsin canlıların ölçüləri onların elektromaqnit gücünə müqavimətiylə bir bağlılıq təşkil edir. Bu iki nümunəylə bir nəticə əldə etmək mümkün deyil. Görüləcək çox iş var. Ven məni insanlar üzərində sınaq aparmaq üçün tələsdirir, bunu özünün də tələsdirildiyiylə əsaslandırır, lakin təslim olmaq fikrim yoxdur. Əvvəlcə sistem üzərində tam təhlükəsizliyi təmin etməliyik, sonra bunu insanlar üzərində sınamaq olar. Mən Sovet İttifaqında və Böyük Britanıyada da elektromaqnit gücünün canlılar üzərində təsiriylə bağlı tədqiqatlar aparıldığına əminəm. Ola bilsin, elektromaqnit dalğalarından dinc məqsədlərlə deyil, silah kimi istifadə ediləcək. Bu cür silah hazırda sərf olunan vəsait baxımından əlverişli sayıla bilməz, lakin bu, işin aparılmasına mane olmayacaq. Hər şey dəyişir, inkişaf öz yoluyla irəliləyir. Mən ilk lampamı ( ilk sınaq nəticələrini nəzərdə tuturam) kəşf edəndə sərf olunan pul, ortaqlarımın bunu bayram etmək üçün bir qoyunu candan etməyə dəyib- dəymədiyini düşünməsinə səbəb olmuşdu (Ruslar arasında işlənən “Qoyun soymağa dəymir” zərb- məsəlinə işarə edir).

Həqiqətən belə böyük məsələlərə daha çox böyük zəka sahiblərinin cəlb olunmasını istərdim. Mən artıq qocalmışam, 85 yaşım var. Hər an ölümlə üz-üzə gələ bilərəm, lakin işimi başa çatdırmaq istəyirəm. Bundan əlavə, indi böyük bir müharibənin içindəyik, o nə qədər tez başa çatarsa, o qədər yaxşı olardı. Məsafə məhdudiyyətini bacardıqca tez aradan qaldırmalıyıq. Əgər elə bu gün dəli füreri və onun silahdaşlarını yerindəcə yox etmək mümkün olsaydı, müharibə elə sabahı gün başa çatmış olardı. Əgər biz təhlükəsizlik tədbirlərini tezliklə həll edib başa çatdıra bilsək, okeanın o biri tayına nəinki texnika, əsgər də çatdıra bilərdik. Təsəvvür edin, qəfildən qərbi Fransa sahillərində peyda olan amerika tankları və təyyarələri Berlinə yol alsaydı, fürerin və onun komandasının axırı çatardı. Mən nə zamansa kiməsə insanların inamını məhv etdiyi üçün Edisondan çox nifrət edə bilməyəcəyimi düşünürdüm, lakin o zamanlar hələ Hitler barədə heç nə bilmirdim. Bizim layihəmizin uğurlu nəticəsi müharibəni sona çatdıra bilər. Bunları düşünəndə daha çox səy göstərirəm, hərçənd mən onsuz da ehtirasla işləməyi sevirəm. Tanrıya, mənə işimi başa çatdırmağıma imkan versin deyə dua edirəm!

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Pitsburq

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Mərkəzi Parkda açılan atəş

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR