Slimfit
  1. TEXNOLOGİYA

Dünyanın ən səssiz otağı

Dünyanın ən səssiz otağı
Sakura

Microsoft elə bir səssiz otaq tikdirib ki, insan sümüklərinin səsini eşidə bilir. Bu isə gələcək nəsil…

Microsoft elə bir səssiz otaq tikdirib ki, insan öz sümüklərinin səsini eşidə bilir. Bu isə gələcək nəsil elektron məmulatların hazırlanması üçün böyük rol oynayır.

Əgər LeSalle Munroe "iş otağında" bir neçə dəqiqə sakit dayanarsa, cansıxıcı bir şey hiss edər - o, damarlarında axan qanı və beynində hərəkət edən gözlərinin səsini eşidər.

Bir çox insanlar klaviatura, danışıq və kompüterlərdən gələn vıyıltı səsi ilə dolu otaqlarda işlədiyi halda Munroe-nun ofisi tamamilə sükut içindədir. Onun iş otağı dünyanın ən səssiz otağıdır.

Bu xüsusi hazırlanmış otaq, Washington Redmond-da yerləşən Microsoft-n Bina 87 baş ofisinin dərinliklərində gizlənib. Şirkətin hardware laboratoriyaları da burada yerləşir. Surface kompüterləri, Xbox və Hololens kimi məhsulların hamısı məhz burada inkişaf etdirilir.

Otağı, üzərində işlədikləri yeni məhsulu sınamaq məqsədilə - adı anekoik kamera kimi bilinən - Microsoft-n mühəndisləri inşa ediblər. 2015-ci ildə otaq, bir dünya rekorduna imza atıb. Belə ki, arxa fondakı səs -20.6 desibel kimi ölçülmüşdü.

Yəni, insan pıçıltısı təxminən 30 desibeldir və insanın nəfəsi 10 desibel kimi hesablanır. Nəticə, vakuum əmələ gətirmədən əldə oluna biləcək mümkün limitə yaxındır - hava molekullarının otaq temperaturunda toqquşaraq yaratdığı səs təqribən -24 desibel hesab olunur. İnsan eşitməsinin həddi 0 desibel kimi qəbul edilir. Qulağımız nəyisə eşitmirsə, bu səssizlik mənasına gəlməməlidir.

"Qapı bağlı şəkildə içəridə olmaq, unikal bir hissidir," Munroe deyir.

"Nəfəs almağı dayandırsanız, döyünən ürəyinizin və damarlarınızda axan qanın səsini eşidə bilərsiniz. Mən içəridə qapı bağlı olanda bir o qədər də tez-tez qalmıram."

Anekonik kamera istənilən potensial səs mənbəyindən təcrid olunub

 

Munroe və komandasının Microsoft-un texnologiyasını sınadığı bu otaq, iki ilə tikilib. Hətta, otağı inşa etmək üçün uyğun bina axtarışı səkkiz ay çəkib.

Kamera kənar səsi kəsmək üçün altı beton qatlı divarlarla əhatələnib. Bu otaq, otaqlar içində yerləşir - hər birinin divarının qalınlığı 30 santimetrdir. Əgər binanın kənarında təyyarə havaya qalxarsa, kameranın yerləşdiyi ən son bunkerdə bunu yalnız pıçıltı kimi hiss etmək olar.

"Bu izolyasiya böyük fərq yaradır," anekonik kameranın inşasına rəhbərlik edən Microsoft-un insan faktorları üzrə baş mühəndisi Hundraj Qopal deyir.

Kamera, öz ayrıca özül plitəsi üstündə yerləşən 68 vibrasiya söndürmə yayı üzərindədir.

"Bu o deməkdir ki, kamera yerləşdiyi bina ilə birbaşa əlaqədə deyil," Qopal izah edir.

"Məhz bu səbəbdən otağın inşasına bir il yarımdan çox vaxt gedib. Tez-tez zarafatla bu vaxt ərzində altı il qocaldığımı deyirəm."

Anekonik kamera hər tərəfi 6.36 metr olan kub şəklindədir. Onun hər altı üzü 1.2 metr uzunluqlu səs keçirməyən penoplastla örtülüb. Bu isə içəridə yaranan səsin divara dəyib əks-səda yaratmasının qarşısını alır.

Döşəmə döyüş təyyarələrini nəqliyyat daşıyan gəmilərə enərkən dayandırmağa kömək edən polad plitələrdən hazırlanıb. Bu plitələr bir-birlərinə trambolin tor kimi birləşdirilib və otağın yerindəki penoplast çivlərin üzərindən sərilib.

Otağın və onu əhatə edən otaqların qapıların kənarlarındakı surğuclar da səsin qarşısını alır. Qopal və komandası hətta, kamera və onun yerləşdiyi otağın beton divarı arasındakı 1.2 metrlik boşluqda xüsusi kondisioner və sulama sistemi yerləşdirə bilib.

Microsoft-n anekonik kamerası o qədər səssizdir ki, hərəkət etdikcə öz sümüklərinin sürtünməsini eşidə bilərsən

 

"Kameralardan satışda da var, yəni istənilən kəs onu ala bilər," Qopal deyir.

Amma onlar, otağa səs gətirə bilən istənilən kiçik detala xüsusi diqqət yetiriblər.

"Sirrimiz isə sulama sisteminin izolyasiyası, qapı surğuclarının qoyulması, xüsusi yolla havanın içəri dolması və məftillərin içəri girməsi üçün sərf etdiyimiz əlavə vaxt və enerjidədir. Bu kameranı unikal etmək üçün çox şey edilib."

Nəticə isə məəttəl edici dərəcədə sakit otaqdır.

Guinness-in Rekordlar Kitabından rəsmilər Qopal-n anekonik kamerasını ölçməyə gəlməmişdən öncə, dünyanın ən səssiz yeri Minneapolis-də yerləşən Orfield Laboratoriyaları olub. Onların anekonik kamerasında səs səviyyəsi -9.4 desibel idi.

Microsoft-un laboratoriyası nəticəni yerlə yeksan etməyi bacarıb.

"Bizim məqsədimiz dünyanın ən səssiz otağını yaratmaq deyildi," Qopal deyir.

"Məqsədim insan qulağının eşidə biləcəyi ən az onluq sıfır desibel səviyyəsində otaq inşa etmək idi."

Adama elə gəlir ki, bu qədər səssiz otaq, həm də ən rahat otaq olmalıdır. Lakin, burada vaxt keçirən heç kəs bunu təsdiq etməz.

Qopal Microsoft-u ziyarətə gələnlər üçün audio laboratoriyalar turu təşkil edir və buraya anekonik kamera da daxildir. Əksəriyyət üçün bu təcrübə narahatedici olur.

"Bəzi insanlar bir neçə saniyə ərzində çölə çıxmaq istəyirlər," o təsdiq edir.

"Onlar içəridə qala bilmədiklərini deyirlər. Bu demək olar ki, hər kəsi narahat edir. Onlar otağın digər tərəfindəki insanların nəfəsini və mədələrinin səsini eşidirlər. Çox az belə olsa, bəziləri başgicəllənməsi də hiss edir.

Əksəriyyətimizin gündəlik səs-küydən qaçıb səssizlik axtarmaq istəyini nəzərə alsaq, bu, qəribə səslənir.

British Columbia Universitetində duyğu məhrumiyyətini tədqiq edən psixoloq Peter Suedfeld-ə görə, bu kameralara daxil olmaq qaranlıq otağa daxil olmaq kimi bir şeydir.

"Biz səslərin ətrafımızda kiçik belə olsa, əks-səda yaratmasına alışmışıq," o nəzərə çatdırır.

"Belə kameralarda isə yalnız ölü səs mövcuddur. Eynən qaranlıq otağa girməyə bənzəyir: əvvəl heç nə görmürsən, amma, bir müddət sonra gözlərin öyrəşir."

Gündəlik səslərdən uzaq oynaqlarımız hərəkət etdikcə sümüklərin çıxardığı səs qulaqbatırıcı ola bilər.

Lakin, Qopal deyir ki, bu kameranın içində olmaqdan həzz alan insanlar da var.

"Bəzi insanlar bunu çox bəyənirlər və təcrübəni meditasiya kimi qiymətləndirirlər," o izah edir.

"Onlara bu, rahatlıq bəxş edir. Amma, otaqdan bir saatdan artıq qala bilən adama rast gəlməmişəm və bu da xeyriyyə təşkilatı üçün ianə toplanışı məqsədilə olmuşdu. Düşünürəm ki, otaqda çox vaxt keçirmək insanı dəli edə bilər. Udqunmaq belə çox bərk eşidilir."

Microsoft-n anekonik kamerasından elektronikanın testi üçün istifadə olunur

 

Munroe isə səssizlikdən konstruktiv istifadə üçün yararlanır.

Onlar işləyən elektronika məhsullarına qulaq asırlar. Onlar cərəyanın keçdiyi elektron lövhələrdə kondensatorların yaratdığı titrəyişləri izləyirlər. Bu, bəzi istifadəçiləri narahat edən vızıltılar yarada bilər.

"Biz lövhədə səsin haradan gəldiyini tapmağa çalışır və onun qarşısını necə ala bilmək üzərində işləyirik," Munroe izah edir.

"Məsələn, kondensatorları müxtəlif konfiqurasiyalarda yerləşdiririk ki, titrəyişlər bir-birini ləğv etsin."

Onlar həmçinin, enerjidən tutmuş soyuducu ventilyatora və ekranın işığını artırdıqca yaranan səsə qədər kompüterlərdə səs yarada bilən digər komponentləri axtarırlar. Beləcə eyni zamanda, müxtəlif komponentlərin yaratdığı səsi kökləməyə də yardımçı olurlar.

"Biz klaviaturanın səsinə diqqət edirik," Munroe deyir.

"Klaviaturanın müəyyən tərzdə səs yaratmasını tənzimləyə bilmək çox vacibdir. Biz, klaviaturada doğru hiss və səsi yaratmaq məqsədilə dillər üçün müxtəlif materiallar və elastiklik mexanizmi sınaqdan keçiririk."

Səs gücləndiricilər də laboratoriyada yoxlanılır. Bu yolla mühəndislər müxtəlif tezliklərdə yaranan təhrifedici səs və kəsintilərin qarşısını ala bilirlər.

Məhsullarda mikrofonun işləkliyi də eyni yolla sınana bilir.

Eyni zamanda komanda biotibbi tədqiqatlar məqsədilə kameradan istifadə üçün müraciətlər də alır. Məsələn, şizofreniyanın həllində kömək ola biləcək, qısa müddətli duyğu məhrumiyyətinin müvəqqəti psixotik epizodlar və qarabasmalar yaratması kimi tədqiqatlar.

Qopal tibbi və davranış tədqiqatlarına könülsüz münasibət bəsləyir. Xəstələri bu cür qeyri-adi mühitə salmaq xüsusi qanuni səs səviyyəsi tələb edir.

Bundan başqa, laboratoriyanın gərgin test qrafiki araşdırmalar üçün vaxt ayırmağa yetmir.

Munroe və Qopal üçün kameranın əsl gücü içəridəki sehrdən ayrıldıqdan sonra yaşanan hissdə yatır.

"Qapını açdıqda qulağına sanki şəlalə suyu çırpılır," Munroe deyir.

"Elə bil ki, başqa bir dünyaya düşürsən. Adətən eşitmədiyin şeyləri eşidirsən. Bu sənə yeni perspektiv bəxş edir."

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR