Slimfit
  1. MARAQLI

Tələbələr üçün pula qənaət etməyin 10 qaydası

Tələbələr üçün pula qənaət etməyin 10 qaydası
Sakura

Tələbələr üçün pula qənaət etməyin 10 qaydası

Tələbələri maddiyyatla bağlı fikirlər hər zaman narahat edir. Görəsən aylıq xərcim nə qədər tutacaq?  Ərzağa nə qədər pul xərclənəcək? Bakı və Sumqayıtda və oxuduğu təhsil müəssisəsi yaxınlığında yaşayacaq olan tələbələr bu sıxıntıları tapmayacaq. Amma rayonlardan gələn tələbələrin əksəriyyətinin bu problem həyatının bir hissəsinə çevriləcək. Əgər yemək və digər xidmətlərlə təmin edən yataqxanada qalmağa qərar vermisinizsə, işiniz daha asan olacaq. Kirayədə qalacaq olan tələbələr isə bu xəbəri diqqətlə oxusunlar. Ens.az dərs ilində pula qənaət etməyin 10 qaydasını sizə təqdim edir:

 

  1. Əgər nizam-intizam qoruyan birisinizsə, birgə qalmağa düzgün yoldaşlar seçin.

Ən birinci və önəmli məsləhət. Çox kirayədə qalan tələbələr var, nizam-intizam 1 ay, 2 ay, maximum 3 ay davam edir. Daha sonra isə kimisi bir qohum tapıb, günlərinin çoxunu orada keçirir, kimisi yeməyini kafelərdə yeyir, kimisə işləyir. Yerdə qalan  bir tələbə də təkbaşına özünə bir çarə qıla bilmədiyinə görə, məcbur qalıb nizamını pozur. Ona görə də, əgər fikrinizdə uzun müddət və ya bir il boyunca əsl tələbəlik yaşamaq varsa, o zaman yoldaşlar seçərkən diqqəli olun. Əgər ilk addımda bəxtiniz gətirdisə, o zaman aşağıdakı qaydaları oxumağa davam edin.

 

  1. Ərzaqları bacardığınız qədər kiçik dükan, köşk və marketlərdən almayın.

 

Alış-verişinizi yaşayacağınız əraziyə ən yaxın olan Bolmart, Bazarstore və s. tipli böyük supermarketlərdən edin. Bu iki məşhurdan ən məsləhət görüləni elə Bolmartdır. Köşklərdən ümumiyyətlə uzaq durun.  Evinizə nə qədər uzaq olsa belə tənbəllik etməyin, 50-60 qəpik artıq verib yaxından rahat alış-veriş edərəm deyib keçməyin. Hər bazarlıqda 50-60 qəpik bir aya kifayət qədər pul edir. Həm 50-60 qəpik azdır ki? Metro qalxmasa, gediş-gəliş haqqınızı ödəyir. “Qalxmasa”…

 

  1. 1-3-5 qəpiklikləri atmayın.

 

Yuxarıda saydığımız marketlərin ucuz olmaqlarından dolayı daha bir üstünlüyü isə qiymətlərdə dəqiqliyidir. 3-5 qəpikləri istifadəsizdir deyə atmayın. Ən azından elə onları növbəti bazarlıqda aldığınız həmin marketlərdə istifadə edə bilərsiniz. 3 qəpiklə varlı olmayacam deyə inadkarlıq da etməyin. Unutmayın ki, varlılar elə qəpiklərin qədrini bilməklə bu səviyyəyə gəlib çatmışdılar. Bonus kartı təklif edilən marketlərdə isə bu təklifi qəbul etməkdən çəkinməyin. Gec də olsa, az da olsa, onun sizə xeyri dəyəcək.

 

  1. Bir marketdə ərzaqların ucuz olması, oradakı bütün malların ucuz olması deyil.

 

Bu məsələdə diqqətli olun. Qiymətlərin ucuzluğuna aldanıb ətir, geyimlər və s. ləvazimatları da ordan ikiqat qiymətə almayın. Hər məmulatın özünün satış yeri var. Ümumiyyətlə nəyi hardan alacağınıza dair qərarı verməzdən öncə, yaxınlıqdakı bütün ticarət mağazalarına bir-bir girib maraqlanın, tədqiq edin.

 

  1. Artıq xərclərdən yayınmağa çalışın.

 

Söhbət gündəlik asılılığına çevrildiyimiz qazlı və enerji içkiləri, çipsi, şokoladlar və s.- dan gedir. İndiki dövrdə gənclərin əksəriyyətində günə 1, 2 və hətta 3 bakal enerji içkisi içmədən qala bilməyəcək səviyyədə asılılıq yaranmışdır. Maddi zərərdən əlavə sağlamlığımıza da ciddi zərbə vurur.  Gündə bir bakal enerji içkisi 1 manatdan ayda 30 manat pul edir. Kiçik rəqəm deyil. Ən azı 3 kq ətin puludur, yanında da 1-2 kq kartof və yağ. Amma bu asılılığı tərgitmək heç də asan iş deyil. Bunu hissə-hissə tərgidə bilərsiniz. Məsələn, normalda hər gün bir paçka çipsi və yarım litrlik cola içdiyiniz halda, bu intervalı 2 günə endirin. Bu rejimə öyrəşdikdən sonra 3,4, … , 1 həftə və s. bacaracağınız yerə qədər tərgitməyə çalışın. Ən yaxşısı həftədə bir dəfə və ya 10 gündən bir otaq yoldaşlarınızla birgə pul qoyub  2 litrlik qazlı içki və böyük bir paçka çipsi ilə bu “səbrinizi” qeyd edin. Bu sizi 10larla manat irəli salacaq. Əgər qazsız adi su gündəlik vərdişinizə çevrilibsə, sizə kiçik bir məsləhətim: balaca bir çanta alın və evdən çıxarkən yarım litrlik butulkanı sərin su ilə doldurub oraya qoyun.

 

  1. Siqaret və spirtli içkidən bacardıqca uzaq durun.

 

Bu günki gündə gənclərin ən yaralı yeri… Kimisə günə 2, kimisi 3, kimisi daha çox paçka siqaret istehlak edir. Ay ərzində 10larla manat pul və ağciyərləriniz… Bunun da miqdarını hissə-hissə azaltmağa çalışın, ilk öncə 2 günə bir paçka, sonra 3 günə 1 paçka çəkməyə çalışın. Spirtli içkiyə gəlincə isə, 10 gündən bir normadır. Asılılığına çevrilsəniz sizin fəaliyyət qabiliyyətiniz də aşağı düşəcək.

 

  1. Kserks və printer

 

Aha. Gəldik çatdıq əsas məsələyə. Təbii ki, yuxarı kurslar bundan xəbərdardır. Amma rayondan gələn və gəldiyi rayonda səhifəsi 5-10 və hətta bəzi yerlərdə qəddarcasına 20 qəpiyə olan printer dükanlarını görən tələbələr burada 4-5 qəpiklik yaxın bir yer görən kimi aldanırlar. Kserksin 1, printerin isə 2-3 qəpik olduğu yerlər var. Məsələn bu yerlərdən birini sizə önərim, Elmlər m/s yaxınlığında Başkent var, onunla üzbəüz 100 m getdikdən sonra yolun sol tərəfində eynilə yuxarıda qeyd olunan qiymətlər yazılan plakat görəcəksiniz. 28 mayda da bir neçə belə yerlər var. Ilk baxışdan 1-2 qəpik fərq sizə mənasız kimi görünə bilər. Amma ilboyu qalaq-qalaq çıxartdıqlarınız fərdi işlər, kurs işi, elektron mühazirələr və s. gördükcə özünüz də məsələnin nə yerdə olduğunu anlayacaqsınız.

 

  1. Kontur və internet

 

Yaman yerdə axşamladıq. Gəlin sizə belə bir məsləhət verim: Azercell nömrəsi alın, Azercelldə tələbə tarifi var, 1 manat ödəməklə ona qoşulun və evdə də bir sim nömrə almaqlarını təkid edin və həmin nömrəni gencsim tarifinə qoşun. Beləliklə evdən sizə zəng etdikdə 40 dəqiqəsi 15 qəpiyə, siz isə tarifdaxili dəqiqəsi 1 qəpiyə, qalan bütün nömrələrə isə 5 qəpiyə danışacaqsınız. İnternetə gəlincə isə, evdə wifi  varsa, siz yaşadınız, yoxdursa, 1 saatlıq, gecəlik, həftəsonu paketlərinə və eləcə də tələbə tarifində 20 %-lik endiriminə görə yenə də elə sim nömrə ən sərfəlisidir. Özümü lap azercell əməkdaşı kimi hiss elədim.

 

  1. Pulun xırdası – baş bəlası

 

5-lik əsginazı xırdalamaq üçün bir paçka saqqız + yarım litrlik cola almaq. Axı bu nəyə lazımdır? Çalışın günorta vaxtı hələ iş saatı bitməmişkən pullarınızı sizə ən yaxın olan və ya yolunuz düşən bir bankda xırdalayasınız. Axşamlar və həftəsonları isə budka dönərxanalar və ya yol getdiyinizdə avtobus sürücüləri, onlara böyük pul mütləq lazım olacaq.

 

  1. Dar gün üçün pul ayırın.

 

Sizə evdən pul gəldikdə, gələn pulun miqdarından asılı olaraq, bacardığınız qədər 5,10,15 manat bir qırağa ayırın və o pulun sizdə olduğunu unutmaya çalışın. Pulunuz bitənə yaxın sizə təcili pul lazım olduqda, və ya növbəti dəfə pul gələnə qədər bir neçə günlük o pul sizin köməyinizə çata bilər.

 

Verə biləcəyim məsləhət bu qədər, ümid edirəm az da olsa yararlı olar və hər birinizə yeni dərs ilində uğurlar arzulayıram!

 

Müəllif: Məhəmməd Mustafayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR