Slimfit
  1. MƏDƏNİYYƏT

Erməni mühasirəsində olan general mülkündən çıxarılmış sərvət

Erməni mühasirəsində olan general mülkündən çıxarılmış sərvət
Sakura

“Gecə ilə daşıdıq...” – ŞUŞADAN XİLAS OLAN NAĞIL

Lap keçmişdə, nənələrin bir əlləri evdə-eşikdə, biş-düşdə, bir əlləri isə hanada olduğu vaxtlarda elin adəti vardı – ailəyə məxsus bütün gözəgəlimli əşyalar qonaq otağında toplanardı. Otaq xalça ilə döşənər, divarlara xalçalar asılardı. Ailənin sərvəti sayılan digər xalçaları isə büküb, divarın bir küncünə söykəyərdilər... Evin uşaqları bir kənarda əyləşib, fantaziyalarını işə salar, onun səliqə ilə burulan qatlarının arasındakı nağılların xəyalını qurardılar... Bir xalçanın arasında yüzlərlə nağıl yatardı...

 

Avstriyalı memar Frans Yants Azərbaycan Xalça Muzeyinin layihəsi üzərində işləyərkən ənənələrimizi yaxşı araşdırıb. Şəhərin qonaq otağı – Dənizkənarı Milli Parkda, eyni ilə o vaxt olduğu kimi, xalqın sərvəti sayılan bir xalçanı – Xalça Muzeyini “büküb”, bulvarın bir tərəfinə söykəyib. Bu “xalça”nın da içi nağıllarla doludur...

 

Bu gün sizə Bakının “qonaq otağında” bükülən xalçanın arasındakı bir nağılı danışacağam... Cəmi bir nağılı...

 

Azərbaycan Xalça Muzeyinin Şuşa filialı...

 

Filial 30 il əvvəl yaradılıb. General Səməd bəy Mehmandarova aid XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan mülkdə 246 eksponatla 5 il fəaliyyət göstərib. 1992-ci ildə, Şuşa işğal təhlükəsi yaşayanda filialın o vaxtkı direktoru Hicran Əliyeva eksponatların təxliyə edilməsi üçün Bakıya rəsmi məktub göndərib. O vaxtkı hökumət Şuşanın, şuşalıların taleyinə biganə yanaşdığı kimi, nazirlik də eyni addımı atıb. Məktuba heç bir reaksiya verilməyib...

 

O vaxtlar Şuşa Mədəniyyət Şöbəsinin müdiri işləmiş Zahid Abbasov xatırlayır:

 

- Şəhərdə komendant saatı idi, icazəsiz quş da uça bilməzdi. Yaxşı yadımdadır, Şuşa bankını şəhərdən çıxartmaq istəyəndə camaat maşının qabağını kəsib, üsyan etmişdi ki, pul insandan dəyərlidir? Niyə çıxardırsınız? Bu hadisədən bir həftə keçmişdi ki, muzeyin sürücüsü Allahverdi kişi ilə danışdım. Gecə saat ikidə gücümüz çatan eksponatları gizlicə maşına yüklədik. Maşının işığını yandırmadan, səhər 04:30 radələrində Allahverdi kişinin idarə etdiyi maşın Şuşanı tərk edərək, Bərdəyə getdi...

 

- Axı komendant saatı idi. Maşının şəhərdən çıxması çətin olmadı?

 

- O vaxt döyüşürdüm, hamı məni tanıyır, hörmət edirdi. Komendantla əvvəlcədən danışıb razılaşmışdım...

 

- Eksponatları aparan maşında Allahverdi kişidən başqa kimsə var idi?

 

- Hicran xanımın həyat yoldaşı Barat... Muzeyin açarı Hicran xanımda idi. Ona görə də o vaxt Baratı Bərdədən çağırıb gətirtmişdim...

 

Allahverdi kişinin idarə etdiyi maşında 246 eksponatdan 183-ü olub – 80 xovlu, 35 xovsuz xalça və xalça məmulatı, 39 zərgərlik nümunəsi, 29 parça və tikmə. Daşınması mümkün olmayan 63 eksponat, əsasən ağır mis əşyalar muzeydə qalıb... Və 1 tikmə, 4 xalça məmulatı – 1 mərfəş, 1 xurcun, 2 cüt corab... Manekenlərin üstündə olduğundan gecə qaranlığında tələsən fədakarlar onları götürə bilməyiblər...

 

İllər sonra Allahverdi kişi Xalça Muzeyində Şuşa filialının eksponatlarını ziyarət edəndə kövrəlib ağladığını dedilər. Bu əşyalar Allahverdi kişinin Şuşadan çıxartdığı yeganə əşyalar idi, o ailəsinə məxsus şəxsi əşyalarını xilas edə bilməmişdi... Yaşı səksəni keçən qoca ilə görüşməyə çalışsam da, səhhəti əl vermədiyindən görüşümüz baş tutmadı... Onu yaddaşlarıma haqqında sevgi və ehtiramla danışan muzey əməkdaşlarının sözləri ilə həkk edib, əşyaların yanına qayıdıram.

 

Nağıl dili yüyürək olar, bu gün o əşyalar Xalça Muzeyində sərgilənib. Əşyaların yaddaşını dindirmək imkanımız olmasa da, bu eksponatların arasında dolaşarkən Şuşanın ruhunu duya bilirsən. Bəlkə elə buna görədir ki, mən reportajda olduğum müddətcə turistlərin daha çox Şuşa guşəsində gəzişdiyini, bu eksponatların qarşısında daha çox vaxt keçirdiyini müşahidə etdim. Bir də onda fərqinə vardım ki, mən də onlar kimi daha çox Şuşa guşəsində gəzişirəm...

 

Şuşanı işğal edəndən sonra ermənilər Mehmandarovların mülkünü Diyarşünaslıq Muzeyi kimi istifadə edirlər. Muzeydə qalan 63 eksponatın da orada sərgiləndiyi güman edilir. Filialın müdiri Səbinə Əzizova bildirir ki, əldə etdiyi fotoşəkilləri böyüdüb dəqiqləşdirməyə çalışsa da, eksponatların altında qeyd edilən inventar nömrəsini görmədən, heç nə deyə bilməz:

 

- Bu yaxınlarda Ermənistan prezidentinin müşaviri Şuşada şəxsi kolleksiyasından ibarət Xalça Muzeyi yaradıb. Müsahibəsində etiraf etdi ki, Şuşa hər zaman xalçaçılıqla məşğul olub. Buranın iqlimi və şəraiti xalçaları qorumağa daha çox imkan verir. Bu arada, onun kolleksiyasına nəzər yetirəndə kifayət qədər Qarabağ xalçası müşahidə edirik. Bizim qədim “Namazlı xalçası”nı “Adsız xalça” adı ilə nümayiş etdirirlər. Digər xalçalarımıza isə erməni dilində müxtəlif adlar veriblər... Məsələn, bizim məşhur Malıbəyli xalçası... Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları adını Şuşanın Malıbəyli kəndinin adından götürüb. Bu kəndin kişiləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olublar. Onların əl işləri bütün Qarabağda məşhur idi. Hətta Malıbəyli xalçası Qarabağın digər xalçaçılıq məntəqələrində də toxunurdu. Bu gün ermənilər Malıbəyli xalçasının orta hissəsindəki kompozisiyanı öz xalça birliklərinin loqosu təqdim edirlər...

 

Xalça onu toxuyan qadının zövqündən və əhvalından xəbər verir. Bir xalçanı diqqətlə tədqiq etdikdə onu toxuyan zaman qadının hansı hissləri keçirdiyini də müəyyən etmək mümkündür. Ekspertlər hər ilməyə görə qadının sevgi həyatında baş verən məqamları da aşkara çıxarda bilir. Qısası, bu gün qadının Facebook statusu onun ruh halını bəlli edirsə, əsrlər öncə bu funksiyanı onun vurduğu ilmələr tamamlayırmış. Salonda dolaşdıqca ətrafında müxtəlif xarakterli qadınların ruhunu hiss edirsən. Kimsə sənə nakam taleyindən söz açır, kimsə ana olacağını pıçıldayır, kimsə itkisindən bəhs edir... Onların fərəhi də, kədəri də fərqlidir, amma hamısının bir ortaq nöqtəsi var – zövqləri!

 

Səbinə xanım da bu fikrimlə razılaşır:

 

- Bəli, şuşalı xanımlar öz zövqləri ilə daim fərqləniblər. Gəlin onların geyimlərinə də nəzər salaq. Xalçalar məktəblərə bölündüyü kimi, geyimlər də bölgələrə görə fərqlənirdi. Şuşa xanımları öz geyim üslubları ilə tamamilə seçiliblər. Hətta Avropadan gələn xanımlar Şuşa xanımlarının geyiminə həsəd aparıb. Siz rənglərin seçiminə, tikişin incəliyinə baxın. Onların geyimlərinin sinəsində, ətəyində qızıl-gümüşdən piləklər də düzülürdü. Bu ondan ötrü idi ki, xanım məclisə gələndə piləklər cınqıldayıb, məclisə xanım gəldiyini bəlli etsin. XIX əsrin əvvəllərinə qədər Azərbaycan xanımları çarşabda gəzib, amma o vaxtlar Şuşada xanımlar çarşabsız, sadəcə örpəklə evdən çıxa bilirdilər. Qısası, Şuşa Azərbaycanın Avropası olub... Digər bölgələrə nisbətən, Şuşa qadınların daha azad yaşadığı yer idi. Baxın, qadınların ətəyi də kifayət qədər qısa olub...

 

Bu gün Şuşanın bir parçasını yaşadan filial bu sehrli şəhər haqqında o qədər söz deyir ki... Səbinə xanım mayın 6-da Şuşanın işğalı münasibəti ilə “Əsirlikdəki incilərin hekayəti” adlı tədbirlərində daha çox məlumat əldə edə biləcəyimi deyib, məni də tədbirə dəvət etdi. Amma tale elə gətirdi ki, muzeyə daha tez getməli oldum. Mayın 5-də, Azərbaycanda ilk dəfə “Xalça Günü” qeyd edilərkən ABŞ-da yaşayan azərbaycanlı Elşad Tahirov Los-Ancelesdə bir hərracda ermənidən aldığı Qarabağ xalçasını Bakıya göndərdi. Lent.az-ın redaksiyası yubatmadan, əsirlikdən qaytarılan xalçanı muzeyə təhvil vermək qərarına gəldi. Ətraflı buradan oxuya bilərsiniz.

 

Muzey rəhbərliyi xalçanı eksponatların sırasına öz qaydalarına uyğun olaraq, xüsusi təntənə ilə apardılar. “Bu xalçanın hekayəsi digər xalçalara bənzəməz – o Qarabağdan, əsirlikdən gəlib”, dedilər. Xalça podiuma salınar-salınmaz ziyarətçilər başına toplaşdı. Əksəriyyəti “biz bu xalçanı tanıyırıq, Lent.az-dan oxumuşduq” deyib, nisgilli xalçaya tamaşa edir, onunla şəkil çəkdirirdilər. Hələ xalçanın hekayəsini dinləyən turistlərin marağı... Əmin oldum ki, xalça ən doğru yerdədir – hamının ziyarət edə biləcəyi, hamının görə biləcəyi yerdə!

 

Muzey rəhbərliyi xalçanın gəlişinə o qədər şad idi ki, hətta xalça üzərində elmi tədqiqat işi başlamazdan öncə, mayın 6-dakı tədbirdə onu qonaqlara nümayiş etdirdilər.

 

Tədbir bitəndən sonra da iştirakçılar xalçanın başına yığılıb, sanki onu danışdırmağa çalışırdılar. Mülahizələr fərqli idi:

 

- Xalçanın başında ilgək yeri yoxdur, deməli heç vaxt divardan asılmayıb, bu o deməkdir ki, sahibi o vaxt subay olub... Xalçanı toydan sonra oğlanın evindən asardılar...

 

- İlmələr əzilməyib, üzərində gəzən olmayıb... Zatən yazılı xalçanı ayaqaltına salmazdılar...

 

- Əsir düşəndə lap təzə olub... Heç işlənməyibmiş...

 

Lent.az saytının baş direktoru Qabil Abbasoğlu ilə qonaqların suallarına cavab verməyə çalışırıq. Vaxt tapan kimi Qabil müəllim bir kənara çəkilib pıçıldayır:

 

- Gözümüzün önündə yeni əfsanə yaranır, Vüsalə... Əsirlikdən qayıdan xalçanın əfsanəsi. Sənin nə yazmandan asılı olmayaraq, xalça haqqında hərə öz nağılını uyduracaq... Kimin ürəyini hansı hekayət arxayın salırsa, ona inanacaq... Amma bütün nağıllarda xalçanın bir dəyişməz qəhrəmanı olacaq – onu əsirlikdən xilas edib Azərbaycana göndərən Elşad Tahirov...

 Mənbə: Lent.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR