Slimfit
  1. AZƏRBAYCAN

Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim

Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim
Sakura

Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim

Mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş, mənim isə əlli üç yaşım vardır. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər. Bilirəm, şəhərlər üçün yetmiş yaş heç də çox deyil...

Adına müxtəlif əfsanələr qoşulsa da heç birinə inanmıram. Mən səni gördüyüm, tanıdığım kimi vəsf etmək istəyirəm. Kimin dediyini unutmuşam- “Sumqayıt keçmişi olmayan gələcəyin şəhəridir”. Qoy olsun, fəqət yüz minlərlə insanın keçmişi səninlə bağlıdır. Elə mənim də...

Özümü tanıyanda “İnşaatçılar” qəsəbəndə zəhmətkeşlər üçün inşaa olunan birmərtəbəli “barak”lardan birində yaşayırdıq. Yaşıdlarımla həftənin istirahət günləri yaxınlıqdakı hərbi hissədən cərgələrlə kluba aparılan əsgərlərə qoşulub, müxtəlif filmlərə tamaşa edərdik. Hərəmizin bir əsgər dostu var idi. Dostluq etdiyimiz əsgərlər bizi şinellərinin altında klubun daxilinə keçirərdilər. İllər ötdü. Dördüncü sinifə keçəndə səkkizinci mikrorayona köçdük. Və indiyədək həmin ərazidə yaşayıram. Novruz bayramlarında necə tonqal qalamağımız, həyətdə aşıq, bişdi, çilədi, çijik, qurzinka, xokkey, futbol oynamağımız yaxşı yadımdadır. Xüsusi zövqlə taxtadan düzəltdiyimiz “samokat”larla ötüşmə yarışları keçirməyimizi hələ də unutmamışam. Elə ki, tədris ili başlandı evdən çölə çıxmağımıza məhdudiyyət qoyulurdu. Hamımızın başı dərs oxumağa qarışırdı. Həddibuluğa çatandan sonra isə hərəmiz bir dərnəyə yazılıb ya aktyorluq, ya rəssamlıq edər, ya da ki, hansısa idman zalında məşqlərə qatılardıq. İstirahət günləri isə yenə də bir yerə toplaşıb, necə deyərlər, məhəllə uşaqları ilə deyib-gülüb bildiklərimizdən danışardıq...

O vaxt şəhərin on yeddinci mikrorayonunu uzaq olduğuna görə öz aramızda “Kamçatka” adlandırırdıq. Beş-on binası olan altıncı mikrorayon isə bizim üçün dənizə çıxış rolunu oynayırdı. Yayda çimərliyə gedər, birlikdə istirahət edərdik...

Evlərdə işıqlar tez-tez sönərdi. Məişət qazının verilməsində fasilələr yaranardı. Birimizə qonaq gələndə, bir evdə məclis olanda qonşudan stol-stul, qab-qaşıq alınardı. Amma bu çətinliklərə qatlaşıb mehriban yaşayardıq...

Novruz bayramlarında hər ailə yeddi qonşuya pay verərdi. Şəkərburaların bəzəyindən, qoğalların dadından bilərdik ki, hansı evdə hazırlanıb. Bəli, təxminən otuz yaşa qədər hamımızın bir-birimizdən xəbəri var idi. Böyüdük, bizimlə bərabər doğma şəhərimiz də böyüdü. Və biz bu böyük şəhərin içində bir-birimizə həsrət qaldıq. Bu gün nə işıqlar sönür, nə də məişət qazı fasilələrlə verilir. Şərait o qədər yaxşıdır ki, daha qonşu qonşudan nə stol-stul, nə də qab-qaşıq alır. Binanın bu başında yaşayan, o biri başında olan qonşusundan xəbərsizdir. Daha heç kim ayaq saxlayıb saatlarla bir-biri ilə dərd-sərini, bildiklərini bölüşmür. Demirəm ki, bu pisdir, əsla yox. Amma ürəkaçan mənzərə də deyil...

İndi uzaq Amerikadayam. Vaşinqton, Nyu York, Çikaqo, Hyuston, San Fransisko və s. möhtəşəm şəhərləri gəzib dolaşmaq qismətim olub. Fəqət heç biri mənə Sumqayıt qədər doğma, əziz olmayıb. Çox bulvarlarda ayaq saxlayıb istirahət etmişəm, Sumqayıt bulvarı qədər gözəlini görməmişəm. Çox adamlarla ünsiyyətdə olmuşam, heç biri sumqayıtlıların yerini verməyib...

Mənim atam gənc yaşlarında Sumqayıta gəlmişdi. Bu şəhərdə yaşa dolsa da, haradan olduğu soruşulanda əksər böyüklərimiz kimi, son nəfəsədək özünü gəldiyi bölgənin adıyla təqdim edirdi. Mən isə sumqayıtlı olduğumdan qürur duyuram. Fəxr edirəm ki, haqqında əfsanələr dolaşan bu şəhərdə doğulub böyümüşəm. Necə deyərlər, bu şəhərin övladıyam, məni bu şəhər yetişdirib. Və dünyanın harasında rast gəlsəm də hər bir sumqayıtlı mənim doğmam, əzizimdir...

Bəli, mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş, mənim isə əlli üç yaşım vardır. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR