Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Öz taleyini yıxanlar - Narkoloji Mərkəzdə keçən bir gün

Öz taleyini yıxanlar - Narkoloji Mərkəzdə keçən bir gün
Sakura

"Xəstəmiz olub ki, ayaqyoluda olan krantın ağzını çıxararaq özünə xəsarət yetirəcəyini deməklə bizi…

Elə xəstəliklər var ki, onlara "sağalmaz" deyirik. Amma insan iradəli olanda, əslində bir çox xəstəliklərdən, pis vərdişlərdən xilas olmaq mümkündür. XXI əsrin ən böyük bəlalarından biri də narkomaniyadır. Bu bəlaya mübtəla olan insanlar üçün narkotik maddələr ilk dövrlərdə həzz mənbəyi olsa da, sonradan həyatlarının kabusuna çevrilir. Əksər hallarda belə insanların son sığınacağı narkoloji mərkəzlər olur. Bəzənsə bura mərkəzlərə bağlanan ümidlər də puça çevrilir, narkotik aludəçisi, əsla bu bəladan qurtula bilmir.

Ötən il martın 2-də Bakıda yerləşən Narkoloji Mərkəzdə yanğın baş verdi. 26 nəfərin ölümünə səbəb olan bu hadisə narkomanlar üçün nəzərdə tutulan yeni binanın istismara verilməsi məsələsini gündəmə gətirdi. 2012-ci ildən Bakının Maştağa qəsəbəsində tikintisinə başlanılan yeni Narkoloji Mərkəz, nəhayət, ötən ilin iyununda istifadəyə verilib.

Sputnik Azərbaycan-ın əməkdaşı yeni binadakı vəziyyəti, buradakı xəstələrin sayını, onların saxlanma şəraitini öyrənməyə çalışıb. Narkoloji Dispanserin rəhbəri Araz Manuçərov suallarımızı cavablandırıb.

- Mümkündürsə, rəhbərlik etdiyiniz qurumdakı xəstələr haqda oxucularımıza ümumi məlumat verərdiniz...

- Hazırda dispanserdə 300 xəstə müalicə alır ki, onlardan da 10-u qadındır. Müalicədə olan xəstələrin əksəriyyəti cavanlardır. Bu şəxslər daha çox opiat qrupuna daxil olan narkotiklərdən – heroin, tiryək, kokosdan istifadə ediblər. Son zamanlar isə metamfetamindən (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə-red.) də çox istifadə hallarına rast gəlinir. Bu narkotik vasitə digərləri ilə müqayisədə çox təhlükəlidir. Çünki qısa müddətdə asılılıq formalaşdırmaqla müəyyən psixotip hallar yaradır. Belə xəstələrdə qısa müddətdə qavrama və yaddaş zəifliyi problemi müşahidə edilir.

- Olur ki, xəstə burada müalicə aldığı bir vaxtda hansısa yaxını vasitəsi ilə içəriyə narkotik vasitə keçirtmək istəsin?

- Belə hallar az da olsa, baş verir. Elə xəstələr olur ki, burada müalicə aldıqları müddətdə yaxınlarından narkotik vasitə gətirmələrini tələb edir. Bir çox hallarda belə şəxslərin yaxınları, ailə üzvləri hədələrdən qorxduqları üçün onların dediyini edirlər. Çünki burada müalicə alan ər deyir ki, istədiyimi gətirməsən, çıxıb sənin başına oyun açacağam. Bilirsiniz, məsələnin ən acınacaqlı tərəfi nədir? Ən acınacaqlısı odur ki, əksər hallarda hətta məhkəmə yolu ilə həmin xəstəni bura yatıran, onun müalicəsini istəyən şəxs onun üçün içəriyə narkotik vasitə keçirmək istəyir. Bilirəm ki, yaxınlarının içində qorxu ilə yanaşı, həm də onlara qarşı bir yazıqlıq hissi var. Deyirlər ki, o xəstədir. O, xəstədirsə, onlar elə düşünür ki, narkotik vasitə də dərmandır. O zaman sual veririk ki, bəs, bunu dərman bilirsənsə, yaxınını müalicə almaq üçün məhkəmə yolu ilə niyə bura saldırmısan?

- Bəs bu maddələri dərman adı ilə yaxınlarına aldıranlar olur?

- Belə hallar da baş verir. Olur ki, xəstələr yaxınları ilə görüşərkən onları aldadırlar ki, guya həkim bir dərman yazıb və onun alınması müalicə üçün çox önəmlidir. Bu zaman xəstə həmin dərmanın narkotik tərkibli olduğunu gizlədir. Sadəcə olaraq deyir ki, get filan aptekə, mənim adımı ver, dərmanı al. Tamamilə avam bir insan isə bu təlimatlara olduğu kimi riayət edir.

- Qeyd etdiz ki, məhkəmə yolu ilə də bura yerləşdirilən xəstələr var. Maraqlıdır, xəstələrin böyük əksəriyyəti bura məhkəmə yolu ilə yerləşdirilir, yoxsa könüllü olaraq gələnlər də çoxdur?

- Xəstələrin böyük əksəriyyəti bura könüllü olaraq üz tutanlardır. Onlar istədikləri zaman buradan çıxa bilərlər. Sadəcə olaraq, buradan çıxmazdan əvvəl biz onlarla söhbətlər aparırıq. Şəxs burada qalmaq istəmədikdə, onu qanuni yolla evə buraxırıq. Lakin biz xəstəni evə buraxdıqda belə onun yaxınları ilə aramızda konflikt yaranır. Xəstənin yaxınları deyir ki, "sizin nə ixtiyarınız var, onu buraxırsınız?!" Fikirlərini isə belə əsaslandırırlar ki, "o buradan çıxıb bizi öldürsə, nə edəcəksiniz?!" Biz bu şəxsləri başa sala bilmirik ki, bu məsələlər bizim problemimiz deyil. Bu cür işlərlə polis məşğul olur. Bütün bu fikirlərin qarşılığında həmin şəxslərə başa salırıq ki, qanun bizə könüllü olmadan, məcburi qaydada xəstə saxlamağa icazə vermir. O səbəbdən də işimizin bir hissəsi məhz bu valideynlərlə söhbətə həsr olunur. Bəzən valideyn deyir ki, "övladımı məcburi olaraq müalicəyə götürməlisiniz", lakin xəstə müalicə olunmaq istəmir. Belə olan halda da valideynlər bizi qınayır. Vəziyyətdən çıxış yolu kimi isə onlara başa salırıq ki, bunun üçün məhkəməyə müraciət etməlidirlər. Yalnız məhkəmədən göndəriş gəldikdən sonra həmin xəstələr burada məcburi müalicə olunurlar.

- Buradan çıxmaq üçün necə, güc tətbiq edirlərmi?

- Olur ki, xəstə şüşəni sındırır, özünə xəsarət yetirir, hücum çəkir, təcavüz edir. O zaman bir sual ortaya çıxır: Bəs, belə olan halda biz nə edək? Ona görə biz işimizi könüllülük əsasında qururuq. Çünki belə olmadıqda xəstə bizim üçün problem yaradır. Müalicə olunmaq istəməyən şəxsin məcburi müalicəsinin nə mənası var?!

- Hansı hallarda xəstələr məhkəmə yolu ilə bura yerləşdirilir?

- Belə xəstələr ictimai asayişi pozduqları, ailədə övladlarının, həyat yoldaşlarının, qohum və qonşunun narazılığına səbəb olduqları üçün məhkəmə tərəfindən məcburi müalicə üçün mərkəzimizə göndərilirlər. Olur ki, belə şəxslər övladlarını məktəbə getməyə qoymur, evdə nə varsa, satıb əldə etdikləri pulu narkotikə xərcləyirlər.

- Bəs, burada olduqları müddətdə xəstələr arasında özünə xəsarət yetirmə halları necə, baş verib?

- Belə hallar olub. Xəstə gecə vaxtı deyəndə ki, məni evə burax, biz buna etiraz edirik. Axı gecə 12-də xəstəni evə buraxmaq olmaz. Həm də evə buraxılmanın da öz proseduru var. Gecə vaxtı həkimin qərarı olmadan xəstəni necə evə buraxmaq olar? Xəstəni evə yazmaq üçün həkim baş tibb bacısına sərəncam verir. Baş tibb bacısı isə sənədləri hazırlayır. Belə hallarda onlar istəklərinə nail olmaq üçün tibb bacısının, xadimənin üzərinə hücum edə, nəyisə sındıra bilərlər. Əksər hallarda onlar bizi özlərini doğramaqla, bədənlərinə xəsarət yetirməklə hədələyirlər. Xəstəmiz olub ki, ayaqyoluda olan krantın ağzını çıxararaq özünə xəsarət yetirəcəyini deməklə bizi hədələyib. Düzdür, krantın başı ilə dərin kəsiklər olmasa da, onlar özlərinə gözə görünəcək xəsarətlər yetirirlər. 

- Maraqlıdır, buradakı xəstələrin əksəriyyəti öncədən müalicədə olanlardır, yoxsa yeni gələnlər?

- Ümumilikdə qeyd edim ki, ötən illə müqayisədə xəstələrin sayında artım olub. Təkrar müalicə olunan xəstələrlə bağlı əlimizdə dəqiq statistika olmasa da, onu deyə bilərəm ki, belə xəstələrin əksəri sonradan müalicə olunmaq üçün bura geri qayıdanlardır. Xəstə bura gəldikdən 3 gün sonra zəng edir ki, "ay mama, burda qalmaq istəmirəm, gəl məni evə apar". Əsas problem odur ki, bu xəstələrin müalicə anlayışı düzgün deyil. Şəkər kimi elə xəstəliklərdən əziyyət çəkənlər var ki, onlar daim həkim nəzarətində olduqları halda tam sağalmasalar da, normal həyat tərzi yaşayır, nə özlərinə, nə də cəmiyyətə əziyyət verirlər. Xəstəyə deyirik ki, 10 günə narkomaniyadan sağalmaq mümkün deyil. Heç qrip 10 günə sağalmır.

 

- Bəs, bura gələrkən xəstələrin əsas istəyi nə olur?

- Xəstə gəlib deyir ki, məni ağrıdan qurtar, qalanını özüm həll edəcəyəm. Axı xəstənin bu bəladan xilas olması üçün psixoloji durumu, olacağı mühit və digər komponentlər də önəmlidir. Ailədən məhrum olan, işsiz qalan, evdə olan hər şeyi satan, yaxınları arasında bütün hörmətini itirən şəxs necə bu problemləri həll edə bilər? Bu günədək elə adam görməmişəm ki, alkoqol və narkotik asılılığı ilə nəyəsə nail olsun. Əksinə, görmüşəm ki, adamlar narkotik asılılığından sonra nail olduqları hər şeyi itiriblər. Biz isə onları yenidən cəmiyyətə qazandırmağa çalışırıq. Biz belə şəxsləri reabilitasiyaya dəvət edirik. Çünki mərkəzimizdə az da olsa, sosial işçilər fəaliyyət göstərir.

- Yeni qeydiyyata düşən xəstələrin sayı nə qədər olub?

- Yanvardan mayın 13-dək ilk dəfə qeydiyyata düşən xəstələrin sayı 772 olub.

- Metadonla müalicə barədə nə deyə bilərsiz?  

- Bu cür xəstələrin metadonla müalicəsi də mövcuddur. Opiat narkotiklər qrupuna daxil olan metadon əvəzedici olmaqla zərəri azaldan müalicə vasitəsidir. Hökumət tərəfindən pulsuz verilən bu vasitələrlə bir narkotik digəri ilə əvəz edilir. Bu proqrama qoşulmaq üçün əsas şərt isə ondan ibarətdir ki, xəstə başqa narkotik vasitə qəbul etməsin, satmasın. Onların başqa narkotik vasitədən istifadə edib-etməməsini öyrənmək üçün xüsusi vaxtlarda biz onlardan test nümunələri götürürük. Şəxsin digər narkotik vasitə qəbul etdiyini aşkarladıqda isə biz onu metadonla bağlı proqramdan xaric edirik.

- Bəs, metadonun üstünlükləri nədir?

- Metadon sintetik heroindir. Bu vasitədən yararlanmaq üçün xəstə pul axtarmır, bunun üçün əyri yollara əl atmır, oğurluq etmir, cinayət törətmir, gedib normal tərzdə işləyə bilir, infeksion xəstəliklərə yoluxmur, başqasını da bu cür infeksion xəstəliklərə yoluxdurmur. Həmçinin, metadon qəbul edən xəstənin narkobiznesin, yəni qara bazarın biznesinin artmasında da payı olmur. Elə xəstələr var ki, onlara bu proqrama keçməyi məsləhət görürük. Çünki onlar bu proqrama keçməsələr, narkotik vasitə əldə etmək üçün hamıya əziyyət verəcəklər. Elə xəstə var ki, onun sağalma ehtimalı yüksək olduğundan, onu bu proqrama qoşulmağı tövsiyə edirik.

- Bəs onun hansı zərərləri var?

- Metadon istifadəçilərinin həyat keyfiyyəti digərləri ilə müqayisədə daha yüksəkdir. Onlar cinayət törətmir, işləyib ailələrini saxlayır, pullarını qazanırlar. Metadonun zərərləri olsa da, digər vasitələrlə müqayisədə daha zərərsizdir. Çünki bu vasitə ilə bağlı vəziyyət hökumət tərəfindən nəzarətə alınıb, tarazlaşdırılıb, bütün normotivlər güdülüb ki, xəstəyə təmiz dərman verilsin. Bir də var ki, xəstə özü də aldığının tərkibindən xəbərsiz olur. Həm də bu vasitəni qəbul edən xəstələrdə dozanı azaldaraq asılılığa son qoymaq mümkündür. 

- Bir xəstə burada nə qədər qala bilər?

- Xəstə nə qədər istəsə, burada qala, müalicə ala bilər. Lakin əksər xəstələr 1 aydan sonra buradan çıxmaq istəyirlər.

- Onları burdan çıxmağa vadar edən nədir?

- Düşünmürəm ki, onları burdan çıxmağa vadar edən ailə üçün darıxmaq hissidir. Əsasən öz “kruq”larına geri dönmək üçün darıxırlar. Belə şəxslər üçün ailə ikinci plandadır.   

- Cavanların bu bəlaya düçar olmasında ailələrin məsuliyyətsizliyinin payı olduğunu deyə bilərik?

- Deməzdim ki, cavanların bu bəlaya düçar olmasında ailələrin məsuliyyətsizliyi rol oynayır. Heç bir valideyn istəməz ki, övladı narkoman olsun. Sadəcə, ailədə nələrinsə, məsələn, elə davranışın düzgün qurulmaması mənfi fəsadlara yol açır. Ailə var ki, övladını yedirdir, içirdir və deyir ki, "daha sənin üçün bundan başqa nə etməliydim ki?!" Elə ailə də var ki, uşağı çox sıxır, o olmaz, bu olmaz deyir. O biri ailə isə əksinə, uşağı tamamilə sərbəst buraxır. Əksər hallarda ilk dəfə narkotik qəbul etdikdə cavanlar elə düşünür ki, rahatlıqla bu asılılığa son qoya biləcəklər. Onlar düşünür ki, bəzi narkotik vasitələr yüngül təsirə malikdir. Xeyr, yüngül, ağır narkotik yoxdur, bu səhv ifadədir. Birmənalı olaraq narkotik anlayışı var. Belə xəstələrin çoxu iddia edir ki, onlarda sadəcə psixoloji asılılıq yaranıb. Bu şəxslər reallığı qəbul edə bilmirlər. Haşiyə çıxaraq onu da vurğulayım ki, bu gün narkotiklə yanaşı cəmiyyətdə başqa asılılıqlar da formalaşıb. Gündə 3-4 dəfə enerji içkisi içənlər gec-tez narkoman olacaqlar.

- Ümumiyyətlə, narkomaniyadan xilas yolu var?

- Xilas yolu var. Sadəcə olaraq xəstə özü bunu istəməli və mübarizə aparmağı bacarmalı, iradəli olmalıdır. Xəstələr var ki, bir günə bu bəladan xilas olurlar.

- Bilirik ki, narkotik aludəçiliyi əsasən cavan yaşlarda yaranır. Bəs, sonradan, yaşlı ikən bu bəlaya düçar olanlar olur?

- Nadir hallarda yaşlı ikən də bu bəlaya düçar olan, ondan asılı olanlar olur. Bir xəstəmiz vardı, o, 80 yaşında bu bəlaya düçar olmuşdu. Özü deyirdi ki, belində ağrılar yaranmışdı, qonşuluqdakı cavan oğlan isə ona narkotik tərkibli preparat vermişdi. Lakin yaşlı kişi həmin dərmanın narkotik olduğunu bilmirdi. Hər dəfə beli ağrayanda onu içərək artıq narkotik asılılığına düçar olmuşdu.

- Xəstəxanada yer məhdudiyyəti varmı? 

- Düzdür, Lənkəran, Quba, Sumqayıtda da belə mərkəzlər fəaliyyət göstərsə də, camaatın əksəriyyəti müalicə üçün Bakıya tökülüşür. Düşünürəm ki, bu, düzgün tendensiya deyil. Belə olan halda bizdə yer problemi yaranır.

- Yeni xəstəxana yanğından necə mühafizə olunur?

- Mərkəzin yanğından mühafizə üçün hər bir imkanı var.

Qeyd edək ki, artıq Narkoloji Mərkəzdə müalicə alan xəstələr üçün kitabxana yaradılıb. Asudə vaxtlarını daha səmərəli keçirmələri üçün burada xəstələrə yoqa saatları təşkil olunur. Bundan başqa, xətələrin sərbəst olaraq incəsənət vasitəsilə özlərini, fikirlərini, təəssüratlarını ifadə etmək üçün incəsənət divarları yaradılıb.

Xatırladaq ki, 4 korpuslu mərkəzdə 300 çarpayı var. Burada 4 kişi və 1 qadın şöbəsi fəaliyyət göstərir. Reabilitasiya şöbəsi ilə yanaşı narkotiklər, psixotrop dərmanların qeyri-qanuni mübadiləsinə nəzarət edən şöbə fəaliyyət göstərir. Burada tibbi, eyni zamanda da məhkəmə və sərxoşluğa görə ekspertizalar aparılır. Mərkəzdə hətta alkoqol aludəçisi olan xəstələr də müalicə alır.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR