Nikol Paşinyan Düşənbədə İlham Əliyevlə nədən danışıb?
Ermənistan baş naziri Nikol Paşinyan cümə günü Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə "qeyri-rəsmi söhbət"in Dağlıq Qarabağ təmas xətti və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması məsələləri ilə bağlı olduğunu bildirib.
Bu barədə Ermənistan baş naziri Düşənbədən qayıdandan sonra Fasebook vasitəsilə video müraciətində söyləyib.
İlham Əliyev və Nikol Paşinyan sentyabrın 28-də Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iclasında iştirak ediblər.
Nikol Paşinyanın sözlərinə görə, bu, onun baş nazir vəzifəsində Azərbaycan prezidenti İlham Əliyevlə "ikinci qeyri-formal təmasdır".
"Daha əvvəl, iyunun 14-də Moskvada futbol üzrə dünya çempionatının açılışı günü Rusiya prezidenti bizi bir-birimizə təqdim edib. Tanış olduq, lakin təmasımız olmayıb. Bu dəfə isə çox önəmli məsələlər ətrafında konkret söhbətimiz oldu", - Paşinyan deyib.
Azərbaycan prezidentinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Paşinyanın sözlərinə görə, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq vermək razılığına gəliblər.
"Bu razılaşma haqqında mən dərhal Dağlıq Qarabağ prezidenti Bako Sahakyana xəbər vermişəm... Dünən axşamdan bu məlumatla bağlı mən bizim [Ermənistan] silahlı qüvvələrə də müvafiq sərəncamlar vermişəm", - Paşinyan deyib.
O, təmas xəttində dünənki (28 sentyabrı) gecənin baş nazir vəzifəsində olduğu son 4 ay ərzində "ən sakit və ən dinc" keçdiyini qeyd edib.
"Ümid edirəm ki, indiyə kimi rəhbər tutulan və təəssüflər olsun ki, nəticədə həm erməni, həm Azərbaycan tərəfindən itkilərə gətirən məntiqə, bu insan ovuna son qoyular".
Ermənistan baş naziri Azərbaycan prezidenti ilə qeyri-formal təması nəticəsində "Qarabağ üzrə danışıqlar prosesi və danışıqlar metoduna dair sadiq"liklərini qeyd etdiklərini bildirib.
"Yəni, əslində, qeyd olunub ki, Qarabağ məsələsi danışıqlar yolu ilə nizmlanmalıdır", - Paşinyan deyib.
Azərbaycan prezidenti ilə "razılıq əldə edilən" daha bir məsələ də "hər hansı bir operativ rabitə kommunikasiyasını yaratmaq" olub, baş nazir Paşinyan deyib.
"Hələlik sözügedən rabitə kommunikasiyasının sırf texniki baxımdan nə cür olacağı haqqında razılıq əldə etməmişik. Sadəcə, razılaşmışıq ki, müvafiq idarələrə tərəflər arasında operativ rabitə xəttini yaratmaq tapşırılsın.
Çünki tez-tez atəşkəs rejiminin kimin tərəfindən pozulduğuna dair mübahisələr olur. Kim birinci atəş açdı, kim ikinci... Atəşkəs rejiminə bütövlüklə əməl olunmasını istəyiriksə, belə bir operativ rabitə vasitəmiz olmalıdır", - Paşinyan deyib.
Paşinyan prezident İlham Əliyevlə "təmasların" sentyabrın 27-si axşamı və sentyabrın 28-də baş verdiyini bildirib.
"Biz dəqiqləşdirməli idik ki, bir-birimizi düzgünmü başa düşürük... Müzakirə məqsədi bir əsas məsələ ilə bağlı olub: təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması, atəşkəs rejiminin pozulması hallarının qarşısını almaq üçün nə etməliyik.
Aydındır ki, problemin tənzimlənməsi üçün müvafiq uyğun ab-hava olmalıdır", - baş nazir Paşinyan deyib.
O, İlham Əliyevlə təmasından razı qaldığını bildirib.
"Ümid edirəm ki, əldə etdiyimiz razılaşmalara əməl olunar. Bu razılaşmaların vacibliyini hamı anlayır və biz öz tərəfimizdən bu razılaşmanın səmərəliliyi üçün əlimizdən gələni edərik", - Paşinyan bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət