Slimfit
  1. CƏMİYYƏT

Müəllimlərin sosial təcrid yolundakı zəhməti

Müəllimlərin sosial təcrid yolundakı zəhməti
Sakura

Müəllimlərin sosial təcrid yolundakı zəhməti

COVİD-19 pandemiyası üzündən sosial təcrid zərurətilə üzləşdiyimiz bir vaxtda ən həssas təbəqələrdən biri, bəlkə də birincisi uşaqlardır. Övladlarımızın hərtərəfli inkişafında vacib şərtlərdən olan təlim-təhsil sahəsində valideynlərdən çox müəllimlərin rolu ön plana çıxır. Belə ki, ən mürəkkəb şəraitdə belə gənc nəslin istər mənəvi, istərsə də zehni və cismani inkişafı kimi həyati məsələlər məhz müəllimlik kimi şərəfli peşə sahiblərinin öhdəsinə düşür.

Bu gün də koronavirusun yayılması nəticəsində məktəblərin müvəqqəti olaraq fəaliyyətini dayandırdması ilə bağlı təhsil zəhmətkeşləri qarşısında şagirdlərin təlim-tədrisdən qalmamasını təmin etmək vəzifəsi durur. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən martın 11-dən etibarən ümumtəhsil məktəblərin şagirdləri üçün televiziya dərslərinə başlamaq qərarı verilmişdi. “Mədəniyyət” və ARB “Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində dərslər cədvələ uyğun olaraq gündəlik olaraq Azərbaycan və rus bölmələri üzrə yayımlanır. İndiyədək 277 teledərs çəkilib.

Nazirlikdən “Report”a bildiriblər ki, həmin televiziya dərslərinə ixtisasartırma kurslarında iştirak etmiş, aralarında fəxri ad sahibləri, televiziyada dərs demək sahəsində təcrübəyə malik olanlar, bir çoxları öz təşəbbüsü ilə bu məsuliyyətli vəzifəni üzərinə götürən 60-dək müəllim cəlb edilib.

23 nömrəli orta məktəbinin ibtidai sinif müəlliməsi Bella Nuriyeva

Televiziyada dərs deyənlərdən 23 nömrəli orta məktəbinin ibtidai sinif müəlliməsi Bella Nuriyeva mövcud şəraitdə bu addımın əhəmiyyətini vurğuladı: “Ev şəraitində, müəllimsiz dərs kitablarını oxumaqda ən çox ibtidai sinif şagirdləri çətinlik çəkir. Ona görə də bu videodərslər çox düzgün addımdır”.

Müəllimin dediyinə görə, şagirdlərin müəllimlə ünsiyyəti itirməməsi çox mühüm məsələdir: “İndiki şəraitdə uşaqlar ünsiyyət qıtlığı ilə üzləşir. Ona görə də biz müəllimlər üzərinə daha çox məsuliyyət düşür. Mən də televiziya dərsləri ilə yanaşı, sinfimlə on-line dərslər keçirirəm. Bız on-line rejimdə heç dərs oxumur, sadəcə birgə vaxt keçiririk, nəsə əl işləri hazırlayır, deyib gülürük. Həmin əl işlərinin şəklini çəkib video kolajlar hazırlayıram, uşaqlar da ona maraqla tamaşa edir. Çünki uşaq bilməlidir ki, müəllimi onu unutmur, əvvəlki kimi onu sevir, qayğısını çəkir”.

Avropa Liseyinin riyaziyyat müəlliməsi Gülarə Quliyeva da televiziya dərslərinin təkcə təlim-tədris yox, intizam baxımdan da əhəmiyyətini qeyd etdi: “Təcrid olunmağı böyüklər belə ağır keçirirsə, uşaqlar üçün daha çətin olur. Uşaqların əli dərsdən soyuyur ki, bunun da sonradan məktəblər açılanda fəsadları ortaya çıxa bilər. Adətən yay tətilindən sonra da uşaqların yenidən dərslərə köklənməsi müəyyən vaxt aparır. Odur ki, bu televiziya dərsləri uşaqları səfərbər edir, onlarda məsuliyyətin, intizamın itməsinə yol vermir”.

Müəllimin sözlərinə görə, məsələn, tarix, ədəbiyyat kimi şagirdlərin müstəqil oxuya bildiyi fənnlərlə yanaşı, riyaziyyat, fizika kimi dəqiq elmləri müəllimin izahatını dinləmədən uşaqların qavraması müşküldür. Televiziya dərsləri bu çətinliyi də aradan qaldırmaqda xeyli iş görür: “Həmçinin bu video dərslərinin müxtəlif saytlara yüklənməsi də müsbət addımdır, çünki belədə uşaqlar onlara dəfələrlə baxa və dinləyə bilir. Mənim də şagirdlərim televiziya dərslərinə həmişə baxır, nəyisə başa düşməsələr mən onlara kömək olmağa hazıram”.

Humanitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Elməddin Quliyevin fikrincə televiziya dərslərini aparmaq son dərəcə mühüm və şərəfli işdir: “Bu gün sosial təcridin yaratdığı çətinlikləri nəzərə alsaq bunun əhəmiyyəti bir daha aydınlaşır. Sinifdə dərs deyərkən səni 30-40 uşaq dinləyirsə, bu layihədə bütün ölkənin uşaqlarına dərs deyirsən ki, bu da böyük məsuliyyət deməkdir. Odur ki, layihədə iştirak edən müəllimlərin hər biri dərs deyərkən səhvlərə yol verməməyə, mümkün qədər anlaşıqlı dillə başa salmağa çalışır. Bunun üçün də özündən arxayın və rahat olmaq vacibdir. Ümidvaram bu şərəfli işin öhdəsindən layiqincə gələrik”.

Müəllim qeyd etdi ki, şagirdlərin də televiziya dərslərinə ciddi yanaşmaları, fənlərini səylə oxumaları çox sevindirici haldır: “Hər müəllim üçün zəhmətinin boşa getmədiyini görmək ən böyük təskinlikdir”.

Emiliya Abbasova

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR