Mənzillərin güzəştli satışına başlanılır
Sabah saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışına başlanacaq.
Oxu.Az xəbər verir ki, satışa 324 tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş mənzillər təklif olunacaq.
Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.
Belə ki, bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır. Qeyd edək ki, mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru aşağıdakı kimi olacaq:
10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.
Öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək mənzilə sahib olmaq istəyən vətəndaş üçün isə ödənişlər bir otaqlı mənzillər üçün 26 min 932 manatdan, iki otaqlı mənzillər üçün 42 min 554 manatdan, üç otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.
Xatırladaq ki, cari ilin may ayının 7-də Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına başlanılsa da, bəzi vətəndaşların elektron imzadan istifadəsində texniki çətinliklər yaranıb.
MİDA aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq, sistemin fəaliyyətinin təkmilləşdirildiyini və sentyabrın 5-də yenidən satışa başlanacağını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət