Slimfit
  1. TEXNOLOGİYA

Məlumat itkisinin əsas 10 səbəbi

Məlumat itkisinin əsas 10 səbəbi
Sakura

Məlumat itkisinin əsas 10 səbəbi

Təəssüf ki, hazırki dövrdə məlumat itkisi çox ciddi məsələdir. Demək olar ki, hər bir kompüter istifadəçisi hər hansı səbəbdən məlumatların silinməsi, sistem və ya şəxsi faylların korlanması ilə rastlaşıb. Şəxsi məlumat itkisinin qarşısını almaq üçün onun səbəblərini və yaranma hallarını bilmək lazımdır.

Hər hansı hadisə baş versə belə, itmiş və ya silinmiş məlumatları bərpa etmək mümkündür və bunun üçün də müxtəlif üsullar var. Bəzi fayllar üçün Windows ƏS-nin daxili alətləri bəs edə bilər, bəzən isə kənar proqramlar olmadan belə məlumatları bərpa etmək mümkündür.

Əlavə etmək lazımdır ki, məlumatların bərpasının mövcud imkanlarına baxmayaraq bərpa prosesi çox çətindir və hər zaman 100 faiz nəticə göstərmir. Bəzi hallarda isə məlumatların bir hissəsini bərpa etmək mümkün olur. Məlumatlarının itməsinin qarşısını almaq üçün onların təhlükəsizliyi barədə ciddi düşünün, onun bərpa olunacağına ümid etməyin.

Məlumat itkisinə səbəb olan əsas səbəblər:

Faylın və ya qovluğun təsadüfən silinməsi. Məlumat itkisinin ən çox yayılmış səbəbi insan faktorudur. Çoxları sərt diskdən və ya hətta zənbildən belə faylları təsadüfən silir. Bu həm şüurlu, həm də bilməyərəkdən ola bilər. Nəticə isə eynidir – vacib fayl və ya qovluq silinib.

Kompüter virusları və ya zərərli proqram təminatı. Sizin kompüterinizə zərər vura biləcək çox sayda virus var. Onların kompüterinizdə və ya xarici informasiya daşıyıcısında olması məlumatların zədələnməsi və ya itkisinə səbəb ola bilər. Buna görə də siz kompüterinizə güclü antivirus proqramı yazıb onun virus bazasını aktual vəziyyətdə saxlamalısınız.

Format. Sərt disk, yaddaş kartı və ya USB fleş diskin format olunması onların içərisində olan bütün məlumatların itirilməsinə səbəb olur. Çünki format edərkən həmin informasiya daşıyıcısında olan bütün fayllar silinir.

Sərt disk başlığının sıradan çıxması. Əgər hər hansı səbəbdən sərt diskin başlığı zədələnərsə onda diskdə olan informasiya istifadəçiyə əlçatan olmayacaq, diski və ya içərisindəki informasiyanı ancaq bərpa işləri üzrə ixtisaslaşmış şirkətə müraciət edərək bərpa etmək olar.

Proqram təminatında olan xətalar. Əgər vacib faylla iş görülərkən proqram hər hansı xəta ilə yekunlaşsa onda belə faylın saxlanılmamış məlumatları itə bilər.

Məntiqi xətalar. Məntiqi xətalar adətən proqram təminatının işində olan qəzalar, faylların zədələnməsi, informasiya daşıyıcısı olan qurğunun fayl cədvəlinin zədələnməsi nəticəsində yaranır. Məntiqi xətalar faylların zədələnməsinə, həmçinin böyük həcmdə məlumatların itməsinə səbəb ola bilər.

Qurğunun mikro proqramında olan xətalar. Qurğunun mikro proqram təminatında olan ciddi xətalar əməliyyat sistemi tərəfindən içərisindəki məlumatların oxunmamasına və istifadəçi üçün əlçatmaz olmasına gətirib çıxara bilər.

Enerji kəsintisi. Məlumat itkisinə təsir edəcək digər səbəb enerji kəsintisidir. Enerji kəsintisi olarsa bütün saxlanılmamış məlumatlar itə bilər və ya fayllar zədələnə bilər.

Xətalar barədə bildirişlərə əhəmiyyət verməmək. Çoxları əməliyyat sistemlərinin xətalar barədə bildirişlərinə fikir vermir və kompüterdən istifadə etməyə davam edirlər. Bununla xarici yaddaş qurğuları ilə iş zamanı daha çox rastlaşmaq olar. Xarici yaddaş qurğusunun işlək vəziyyətdə olarkən birbaşa çıxarılması onun zədələnməsinə gətirib çıxarır, yenidən qoşduqda isə bu xətanın düzəlməsi lazım olduğu bildirişinə isə çoxları əhəmiyyət vermir. Bu sistem fayllarının zədələnməsinə, həmçinin istifadəçinin şəxsi fayllarının itməsinə səbəb ola bilər.

Kompüterin və ya informasiya daşıyıcısının fiziki zədələnməsi. Kompüterin ən həssas hissələrindən biri sərt disk hesab olunur. Əgər noutbukda yaddaş qurğusu sərt diskdirsə yerə düşərkən zədələnmə ehtimalı ən böyük olan hissələrdən biri də məhz odur. Onunla rəftarın düz olmaması onun fiziki olaraq zədələnməsinə bu da faylların zədələnməsi və ya itməsinə gətirib çıxara bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR