Slimfit
  1. TARİX

8 min il yaşı olan yaşayış məskəni - GÖYTƏPƏ

8 min il yaşı olan yaşayış məskəni - GÖYTƏPƏ
Sakura

Abidə dünya arxeologiyasının diqqət mərkəzindədir

Azərbaycan ərazisindəki qədim abidələr xalqımızın tarixinin ən tutarlı maddi dəlillərdir. Azərbaycan xalqının etnogenezi ilə bağlı bir sıra yanlış nəzəriyyələr uydurulsa da, məhz bu abidələr xalqımızın keçdiyi yolu ardıcıllıqla izləməyə və bu yanlış nəzəriyyələrə cavab verməyə imkan yaradır.

Abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə ölkə ərazisində arxeoloji tədqiqatların aparılması üçün Azərbaycan Prezidentinin sərəncamı ilə müvafiq vəsait ayrılır.
Azərbaycanda aşkar olunmuş minlərlə arxeoloji abidənin hamısı haqqında qəzet səhifələrində söz açmaq mümkün deyil. Amma biz bir neçə qədim yaşayış məskəninə səfər edib, oradan ekspert, tarixçi və ekspedisiya rəhbərlərinin də fikirləri daxil olmaqla, yazılar hazırlamaq qərarına gəldik.

Göytəpə VI minilliyin bütün əlamətlərini özündə cəmləşdirir

Beləliklə, ilk səfər ünvanımız Gəncə-Qazax bölgəsinin ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeridir. Bu arxeoloji abidə Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərqdə yerləşir.
Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin, o cümlədən Hacıəlləhmanlı, Hüseynqulu, Qarğalartəpə, Töyrətəpə əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Bura Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Göytəpə qədim yaşayış yeri Cənubi Qafqazda oturaq həyat tərzini əks etdirən qədim erkən əkinçilik mədəniyyətinə aid abidədir. Ərazi magistral yoldan 340 metr aralıdadır, 2 hektara yaxın sahəni əhatə edir. Təpənin diametri 145 metr, hündürlüyü isə 8 metrdir. Araşdırmalara əsasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin Azərbaycanda və ümumən Cənubi Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiqləyir.
2008-ci ildə tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlayıb. 2009-cu ildən isə Yaponiyanın Tokio Universitetinin professoru, Orta Şərqin neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyaki ilə birlikdə bu qədim yaşayış yerində və onun ətrafında olan digər arxeoloji abidələrdə müştərək araşdırmalar aparır.
Ekspedisiyaya rəhbərlik edən arxeoloq deyir ki, bəşər tarixində neolit dövrü sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi olub. Qədim istehsal sahələrinin yaranması, qida ehtiyatlarının çoxalması, əhali artımı, tikinti mədəniyyətinin formalaşması, biliklərin yaranması özəyi, dini inancların təbiət fəlsəfəsinə söykənməsi və yeni simvolik sistemlərin formalaşması bu dövrün mühüm xüsusiyyətlərindən olub: "Bir sıra vacib amillər, əlverişli ekoloji durum, Orta Şərqin qədim mədəniyyətləri ilə əlaqələr və sair Azərbaycanda, ümumən Cənubi Qafqazda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaradıb. Nəticədə bölgədə Orta Şərqin neolit dövrü abidələri ilə sinxron olan oturaq həyat tərzli yerli erkən əkinçi-maldar tayfalara məxsus yaşayış məskənləri - neolit kəndləri meydana gəlib. İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən 70-ci illərdə elmi ictimaiyyətə təqdim olunan bu arxeoloji abidələr kompleksi dünya arxeologiyasında hazırda Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Kür çayının orta axarı boyunca yayılmış son neolit dövrünün erkən əkinçi-maldar tayfalarına aid olan Şomutəpə mədəniyyəti Azərbaycanda bizim eradan əvvəl VI minilliyə aid olan erkən əkinçilik və maldarlıq təsərrüfatı, ilkin keramikanın istifadəsi kimi bu dövrün bütün əsas atributlarını özündə cəmləşdirir".

Qazıntılar nəyi sübut edir?

Aparılan arxeoloji qazıntılar bir sıra elmi əhəmiyyətli məsələlərin yenidən baxılmasına şərait yaradıb. Müəyyən edilib ki, indiyədək eneolit dövrü abidələri kimi tanınan Göytəpə tipli abidələr daha erkən neolitin son mərhələsinə aiddir. Fərhad Quliyevin dediyinə görə, Göytəpədə aparılan qazıntılar zamanı burada sıx olan qalın tikilmiş komplekslər, bir-birinə bağlı olan yaşayış evləri, təsərrüfat tikililəri və çoxlu sayda neolit dövrünə aid olan maddi mədəniyyət nümunələri aşkar edilib. Arxeoloji materialların təhlili göstərir ki, Azərbaycanın neolit tayfaları çox yüksək inkişaf dövrünü yaşayıblar. Göytəpədə aparılan tədqiqatlar sübut edir ki, neolit dövründə Azərbaycanda tikinti və memarlıq ənənəsi olub.
Həmsöhbətim bir sıra maraqlı faktları da diqqətə çatdırdı. Onun sözlərinə görə, abidənin xüsusi elmi əhəmiyyətini nəzərə alaraq burada uzun illər əsaslı qazıntıların aparılmasına böyük ehtiyac var. 2008-ci ildən etibarən Göytəpədə aparılan arxeoloji qazıntılar zamanı abidənin tarixinin dəqiq öyrənilməsi məqsədilə qazıntı sahəsinin müxtəlif kvadratlarından götürülən kömür qalıqlarının 8 radiokarbon analizi (Fransa və Yaponiya laboratoriyalarında) aparılıb: "Bu analizlərin dördü abidənin üst qatına aid olub. Digər dörd analizin cavabı isə əsasən abidənin mədəni qatının 150-175 sm dərinliklərini əhatə edir. Nəticədə ilkin olaraq abidənin yaş həddi iki qrupa ayrılır. Birincisi üst qat e.ə. 5450-5350, ikincisi isə 5600-5500-ci illərə aiddir. Bu onu göstərir ki, abidənin əsasən üst qatı e.ə. VI minilliyin ortalarından əvvəllərinə qədər dövrləşir. Lakin Göytəpənin aşağı qatları qazıntıya hələlik məruz qalmadığı üçün (təxminən 6 metr) qədim yaşayış yerinin erkən mərhələsi haqqında danışmaq tezdir. Göytəpə qədim yaşayış yerinin əsaslı arxeoloji tədqiqatları Azərbaycanda ilkin sivilizasiyaların təməlini qoymuş oturaq həyat tərzinin - erkən əkinçilik mədəniyyətinin meydana çıxması haqqında mükəmməl məlumat verəcək”.

Elmi tədqiqatlar davam edəcək

Biz Göytəpədə olanda ekspedisiya qrupu qazıntını davam etdirirdi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarixçi-arxeoloq Valeh Ələkbərov bildirdi ki, hazırda 200 kvadratmetr ərazi qazılaraq aşkar edilib. Tədqiqatlar əvvəlki illərdə aşkar edilmiş ərazilərdə daha dərinə qazılaraq davam etdiriləcək: "Göytəpədə aşkar olunan tikililər çiy kərpicdən, dairəvi formadadır. Bu tikililərin diametri təxminən 1,5 metrdən başlayıb 4 metrə qədər davam edir. Diametri 3 metrdən yuxarı olan tikililər əsasən yaşayış məqsədilə istifadə olunub. 3 metrdən 2 metrə qədər olanlar təsərrüfat anbarı, ondan kiçiklər isə qida anbarı kimi istifadə olunub. Göytəpə yaşayış məskəninin 8 min il yaşı var. Bu da onu göstərir ki, Göytəpə kənd yaşayış məskəni olub. Çünki həmin dövrdə şəhər yaşayışından söhbət belə gedə bilməzdi. Bu dövr sivilizasiyanın başlanğıcı, insanların daimi yaşayış məskəninə keçdiyi dövr idi. Bundan əvvəl insanlar pərakəndə şəkildə mağaralarda və digər yerlərdə yaşayırdılar. Daimi yaşayış eramızdan əvvəl 6-cı minilliyin əvvəllərində başlayıb. Göytəpə də həmin mədəniyyəti təcəssüm edir".
Qazıntı sahəsinin bir hissəsi çadırla örtülmüşdü. Valeh Ələkbərov bunun abidəni yağışdan, gündən qorumaq məqsədilə edildiyini söylədi. Onun sözlərinə görə, arxeoloqları maraqlandıran elmi suallara cavab tapana qədər Göytəpədə elmi tədqiqatlar davam edəcək.

Göytəpə Tovuzdakı turizm marşrutlarına daxil edilib

Yerli əhalinin və xaricdən gələn qonaqların abidəyə marağı böyükdür. Tarixçi-arxeoloqun sözlərinə görə, bu səbəbdən də gələcəkdə burada arxeoparkın yaradılması nəzərdə tutulur. Arxeoparkın ətrafında isə neolit dövrünü təcəssüm etdirən kənd həyatını göstərən açıq səma altında muzey kompleksi yaradılacaq. Burada sırf o dövrün tikililəri və insanların həyat fəaliyyəti, hətta onların maketi qurulacaq, eyni zamanda qazıntı prosesini əks etdirən süni təpə də yaradılacaq. Onu da deyim ki, bu abidə və aparılan elmi tədqiqatlar haqda bütün dünyaya məlumatlar yayılıb. Göytəpə ilə maraqlanan insanlar bu abidəyə baş çəkməlidir. Avropa Oyunları zamanı ölkəmizə səfər edən və bu abidə ilə maraqlanan turistlər buraya səfər etmişdilər. Onları maraqlandıran bütün istiqamətlər üzrə məlumatlar təqdim edildi: “Hesab edirəm ki, neolit dövrü insanlarının həyat tərzi, həmin dövrə aid sənət və memarlıq abidələrinin öyrənilməsi baxımından bu qədim yaşayış məskəni uzun müddət dünya arxeologiyasının diqqət mərkəzində olacaq".
Abidə Tovuz rayonunun turizm marşrutuna da daxil edilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın Qasımovun sözlərinə görə, Göytəpə neolit qədim yaşayış məskəni yerinin konservasiya olunması və abidənin ətrafında tapılmış arxeoloji materialları təbliğ etmək üçün Mədəniyyət və Turizm Nazirliyi ərazidə muzeyin təşkil olunması üçün tədbirlər planı hazırlayıb: "Göytəpə tarixi İpək Yolunun yaxınlığında yerləşdiyindən bu marşrutla səfərə çıxan insanlar əksər hallarda buraya baş çəkirlər. Bu səbəbdən də burada muzeyin yaradılması gələn qonaqlarda abidə haqda daha dolğun təsəvvür formalaşdırmış olar".
Qeyd edək ki, 2012-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi səfəri zamanı Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olub. Ölkə başçısı abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işlərin yeni dövrün reallıqları prizmasından təşkil olunması məqsədilə həmin il aprelin 18-də AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən tədqiqat obyektinin müəllifləri tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulub. Birinci olaraq abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə neolit dövrünün kəndinin rekonstruksiyası, qazıntı sahələrində qoruyucu örtüyün qurulması və abidədən aşkar olunmuş maddi mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması nəzərdə tutulub.

Fəxriyyə Abdullayeva
Yazının hazırlanmasında göstərdiyi dəstəyə görə "Bakcell" şirkətinə təşəkkür edirik

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR