Slimfit
  1. AZƏRBAYCAN

Xalçalarımızdakı naxışlar - əsrlərin yaddaşı

Xalçalarımızdakı naxışlar - əsrlərin yaddaşı
Sakura

Xalçalarımızdakı naxışlar - əsrlərin yaddaşı

Azərbaycan xalçaları yüksək bədii tərtibatı və toxunma texnikası baxımından özünəməxsus keyfiyyətlərə malikdir. Xalçalarımızdakı naxışların, müxtəlif fiqurların hər biri kompozisiyanın bütövlüyünə, konkret ideyanın ifadəsinə xidmət edir. Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova ilə söhbətimiz də bu barədədir.

Tədqiqatçı əvvəlcə xalçalarımızdakı naxışların ilkin formaları haqqında məlumat verdi:
- Ötən yüzilliyin ikinci yarısında respublikamızın Gədəbəy bölgəsində, Qazax rayonunun Baba Dərviş yaşayış məskənində, Xramçayda, Naxçıvan MR ərazisindəki Kültəpədə aparılan arxeoloji qazıntılar zamanı neolit-eneolit, erkən tunc, tunc, dəmir dövrlərinə aid əldə edilmiş saxsı məmulatlar üzərindəki təsvirlərdə həndəsi naxışların ilkin formaları müşahidə olunub. Saxsı qablar, metal əşyalar üzərində həkk edilən və daha sonra toxunma məmulatlarında nəzərə çarpan həndəsi naxışlardan xalçanın əsas və ya haşiyə zolağında köməkçi, bəzən də doldurucu element kimi istifadə edilib. Əsasən Qazax, Bakı, Şirvan, Quba xalçaçılıq məktəblərində toxunan xovsuz, bəzən xovlu xalçalar üzərində rast gəldiyimiz həndəsi naxışlar forma etibarilə bitkin kompozisiya təşkil edir. Çox zaman xırda detallar şəklində də təzahür edərək çöpəbənzər arxaik təsvir üslublarına malik olurlar.
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan XVII-XX əsrlərə aid tikmə nümunələri, xovlu, xovsuz xalçalar və xalça məmulatlarını araşdırarkən onların arasında qədim türk dövrünün III inkişaf mərhələsinə aid Orxon-Yenisey yazılarına xas Göytürk hərflərinin təsvirinə rast gəlirik. Xızıda XIX əsrdə toxunmuş məişətdə yer süfrəsi kimi istifadə olunan zili toxunuşlu xovsuz xalça məmulatı da çox maraqlı məlumatların daşıyıcısıdır. Süfrənin ara sahəsi ağ saya rəngli, yan tərəfindən iki kənarı isə bir ədəd iri yelən zolağı ilə əhatələnib. Süfrə sadə keçirmə və paralel dolama üsulu ilə toxunmuşdur. Naxçıvanda əldə olunan qədim xovlu, xovsuz xalça məmulatları var ki, onların yan haşiyəsinin naxışları yazılardan ibarətdir. Bu hərflər əsasən ox şəklindədir.
Qədim türk əlifbasında ox şəklində yazı işarəsi bugünkü latın qrafikasındakı “k” hərfini ifadə edir. Xalqımızın qan yaddaşından süzülüb gələn bu naxışlar daha çox elat camaatının məişətində geniş istifadə edilib. Xalq yaradıcılığında ənənəyə çevrilmiş bu naxışlar əsrlər boyu nəsildən-nəslə ötürülərək mücərrəd bəzək elementinə çevrilmişdir. Hərflərin pərakəndə halında xalçalar üzərində paylanması onların ilkin məzmununda daşıdıqları informasiyanın itirilməsi və əsrlər boyu dekorativ mahiyyət kəsb etmələri ilə bağlı olub.
- Qeyd etdiyiniz işarə-yazılar hansı mətləbləri ifadə edir?
- Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə edilən bir qisim xalça, xalça məmulatları, bədii metal nümunələri, tikmələr və s. üzərində əşyanın hazırlandığı tarix əsasən hicri təqvimi ilə həkk edilib. “Balıq” kompozisiyasında toxunan, dəst-xəttin mərkəzi hissəsi olan bu xalı dörd tərəfdən fars dilində və fars əlifbasında xalı ilə bağlı nəsihətamiz fikirlərin toxunduğu sərbəst vəzndə misralarla əhatə olunub.
Təbriz xalçası da öz kompozisiya əlvanlığı, kamil bədii quruluşu ilə fərqlənir. Xalının ara sahəsi dördbucaq formalı damalardan ibarətdir. Ara sahə boyu damalar arası şaquli və üfüqi istiqamətli zolaqlar üzərində yerləşdirilmiş şəkəri yerlikli kətəbələrdə əski əlifba ilə “talik” hüsnxət üslubundadır və “Ey badi-səba, zülf-i pərişanıma dəymə” misrası toxunmuşdur. Bu misralar xalça boyu dəfələrlə təkrarlanır.
Daha bir süjetli xalça Cənubi Azərbaycan milli azadlıq hərəkatının başçısı Səttarxana həsr olunub. Xalçanın baş tərəfində medalyonun içərisində “Səttarxan sərdare-milli” sözləri toxunub. Mövzunun aktuallığından irəli gələrək bu kompozisiya bir növ ənənəvi şəkil alıb. Xalçanın digər bir surəti Azərbaycan Xalça Muzeyində mühafizə olunur. Bu xalça hicri təqvimi ilə 1326-cı ildə (1908) toxunub. Üzərində Səttarxanın silahdaşlarının da obrazları yaradılıb.
1916-cı ildə Qarabağda toxunan orijinal üsluba malik xalça da maraq doğurur. Onun ərişi və xovu yundan, arğacı isə pambıqdandır. İstifadə edilmiş boyalardan qırmızı və yaşıl rənglər süni tərkibli, qəhvəyi rəng isə qoyun yununun təbii rəngindəndir. Ehtimal ki, bu süjeti toxucular xalı üzərinə 1916-cı ilə aid olan bir rəsmdən və ya fotodan köçürmüşlər. Ona peşəkarlıqla yanaşaraq Qarabağ bədii xalq ənənəsindən irəli gələn toxuculuq üslubunu da əlavə ediblər. Yəni kolorit, ana haşiyəni bəzəyən qızılgüllərin ardıcıl düzülüşü, çiçəklərin təsvir üslubu yerli ənənələrə olan bağlılıqdan xəbər verir. Xalça üç haşiyə zolağından ibarətdir. İlk üç bala haşiyədə kənar tərəflərdə “ay-ulduz” nişanı, buta elementləri, baş və ətəkdə əlifba ilə yazılar toxunub. O dövrün türk tarixinin sayılan şəxsiyyətlərinə həsr edilən xalçada “Ənvər paşa, Şövkət paşa həzrətləri, cənab Yusif İzzətdin, Sultan Məhəmməd Rəşidxan Xamiz həzrətləri” qeydi var.
Sonda onu deyim ki, bütün sənət növlərində üslub, dəst-xət deyilən anlam var. Xalça sənəti də istisna deyil. Xalçalar, onlardakı naxışlar da uzaq-yaxın keçmişimizdən süzülüb gələn nişan, damğa olmaqla yanaşı, tariximizin yaddaşıdır.

Savalan Fərəcov

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR