Slimfit
  1. AZƏRBAYCAN

Gədəbəydə avtomobil yolları yenidən qurulur

Gədəbəydə avtomobil yolları yenidən qurulur
Sakura

Gədəbəydə avtomobil yolları yenidən qurulur

Gədəbəy rayonunda 22,2 kilometrlik avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu, 16 kilometrlik Arıqdam-Soyuqbulaq və 6,2 kilometrlik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Sözügedən yollar 4-cü texniki dərəcəyə uyğun inşa edilir.

Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib, yolun 2840 metr hissəsi ortalama 1,5 metr dərinlikdə yararsız vəziyyətə düşüb. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolboyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə başlayıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun 14 kilometrlik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda genişləndirmə işləri aparılıb, bəzi hisslərdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa olunub.

Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılır. Belə ki, yolboyu müxtəlif diametrlərə malik 242 poqonmetr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılıb izolyasiya olunur, yolun qazma hissəsində mövcud küvetlər tam dolduğu üçün 14 min 590 poqonmetr uzunluğunda küvetlər təmizlənir. Sonra torpaq yatağı profilə salınaraq yol əsasının inşası işləri aparılıb. Karxana çınqılı ilə əsasın alt, optimal qum-qırmadaş qarışığı ilə isə əsasın üst layı inşa edilib. Hazırda yolun 130 min kvadratmetrdən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol kənarında 1090 poqonmetr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR