Slimfit
  1. İQTİSADİYYAT

Ekspertlər: Mərkəzi Asiya ölkələri və Azərbaycan yeni nəqliyyat dəhlizləri vasitəsilə logistikanı dəyişirlər

Ekspertlər: Mərkəzi Asiya ölkələri və Azərbaycan yeni nəqliyyat dəhlizləri vasitəsilə logistikanı dəyişirlər
Sakura

Ekspertlər: Mərkəzi Asiya ölkələri və Azərbaycan yeni nəqliyyat dəhlizləri vasitəsilə logistikanı dəyişirlər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən sonra Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın yeni nəqliyyat dəhlizləri ilə bağlı əməkdaşlığı ekspertlərin diqqət mərkəzindədir.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, yükdaşımaların həcminin artması üçün müsbət amillər Mərkəzi Asiya ölkələri ilə onların qonşuları, xüsusən Azərbaycan və Çin, eləcə də digər qlobal aktorlar arasında iqtisadi əlaqələrin inkişafıdır. Avtomobil və dəmir yollarının, limanların və yük terminallarının tikintisi və ya modernləşdirilməsi kimi infrastruktur investisiyaları, habelə region ölkələri və ya digər dövlətlərlə ticarət sazişlərinin imzalanması bu mühüm sahəni stimullaşdıra bilər. Bölgədəki siyasi sabitlik həm də yükdaşımalarında təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır.

MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin müdiri, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Andrey Qrozin qeyd edir ki, yeni nəqliyyat dəhlizlərinin, o cümlədən multimodal Şimal-Cənub Nəqliyyat Dəhlizinin perspektivləri daha genişdir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya və Çin yaxın vaxtlarda bu istiqamətdə əməkdaşlığı daha da gücləndirə bilərlər.

“Mano” Tədqiqat Təşəbbüsləri Mərkəzinin (Özbəkistan) direktoru Bəxtiyor Erqaşev Transxəzər beynəlxalq nəqliyyat dəhlizini yüklərin Türkiyə dəniz limanlarına və Aralıq dənizinə daşınmazı üzrə çıxış qapısı kimi qiymətləndirib. O əlavə edib ki, Xəzər dənizi vasitəsilə mühüm tranzit ölkə olan Azərbaycana, oradan da Aralıq dənizi ilə Avropaya yük daşımaları yeni qlobal geosiyasi şəraitin tələbidir. Artıq Qərb şirkətlərinin də Mərkəzi Asiyada geniş istehsal sahələri açdığını nəzərə alsaq, yeni dəhlizlər vasitəsilə böyük həcmdə yük axını gözlənilir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan, Türkmənistanın geniş logistika potensialı mövcuddur.

Ekspertlər bildiriblər ki, Qazaxıstan liderinin Azərbaycana dövlət səfəri çərçivəsində Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə Çindən gələn konteyner qatarının qəbul edilməsi mərasimi əlamətdar hadisə olub. Səfər zamanı vurğulanıb ki, dünyada baş verən dəyişikliklər fonunda Avrasiya üçün yeni nəqliyyat-logistika çərçivəsi qurulur.

Nəqliyyat-logistika ekspertləri Kazinform agentliyinə bildiriblər ki, Mərkəzi Asiya ölkələrinin prezidentləri arasında aparılan danışıqlar Avropada diqqətlə izlənilir. Yüklərin başqa marşrutlarla daşınması yolların, limanların və digər infrastrukturların tikintisinə böyük kapital qoyuluşlarını nəzərdə tutur. Avropa İttifaqı başa düşür ki, qarşıdakı illərdə Şərqdən Qərbə yük daşımalarının böyük hissəsi Rusiyadan keçən Şimal marşrutu ilə həyata keçiriləcək. Buna görə də Avropanın diqqəti Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) kimi tanınan marşrutun genişləndirilməsinə yönəlib. Bu, Çini Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən multimodal dəmir yolu, yük və bərə tranzit sistemidir. Hesablamalara görə, TITR vasitəsilə ildə 120 min konteyner daşına biləcəkdir.

Hadisələr iqtisadi şəraitə görə sürətlə cərəyan edir. “ATI.SU” Avtomobil Yük Birjasının analitiklərinin hesablamalarına görə, Mərkəzi Asiyada yükdaşıma bazarı son bir ildə 2-3 dəfə artıb. Ekspertlər bu dinamikanı Qazaxıstan, Özbəkistan və Qırğızıstanın qlobal təchizat zəncirlərində tranzit əhəmiyyətinin artması ilə əlaqələndirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR