Ekspert: Azərbaycanın yeni peyki digər sahələrin də inkişafına ciddi təsir göstərir
Azərbaycanın “Azerspace-2” yeni telekommunikasiya peykinin orbitə buraxılmasının ölkənin imici, kosmik klubda öz mövqeyini möhkəmləndirməsi baxımından böyük əhəmiyyəti var.
Bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz qeyd edib ki, milli kosmik infrastrukturun inkişafı bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, elmin və innovasiyaların inkişafına, bu istiqamətdə beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir.
Ekspert bildirib ki, Azərbaycanın indiyə qədər orbitə çıxardığı peyklər həmçinin qeyri-neft sektorunun inkişafını stimullaşdırır:
“Azərbaycan indiyə qədər orbitə çıxardığı 3 peyk vasitəsilə böyük şirkətlərə, müxtəlif qurumlara, o cümlədən beynəlxalq təşkilatlara yerin səthi, araşdırmalar, geodeziya ilə bağlı müxtəlif əhəmiyyətli informasiyaları sata bilir, bu istiqamətdə əməkdaşlıq qura bilir”.
O.Gündüz vurğulayıb ki, Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var.
Qeyd edək ki, Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət