Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
Yeddi dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
Ens.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 22-si B növü vəzifələrə (inzibati-icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri və Diasporla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru, şöbə müdirinin müavini-sektor müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Turizm Agentliyi, Ümumi şöbə, İnformasiya texnologiyaları və texniki dəstək sektorunun müdiri, Dövlət Statistika Komitəsinin Saatlı rayon Statistika İdarəsinin rəisi və Maliyyə Nazirliyi, Zəngilan Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi vəzifələridir. Ümumilikdə isə, Ali Attestasiya Komissiyasında 1, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Dövlət Statistika Komitəsində 7, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 4, Şirvan Kommersiya Məhkəməsində 1, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə bu gündən başlayaraq iyulun 2-si saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət