Slimfit
  1. HƏRB

Cənubi Qafqazda yeni situasiya: Prezident kənar hərbi müdaxilənin qorxunc nəticələri haqda mesaj verdi

Cənubi Qafqazda yeni situasiya: Prezident kənar hərbi müdaxilənin qorxunc nəticələri haqda mesaj verdi
Sakura

Cənubi Qafqazda yeni situasiya: Prezident kənar hərbi müdaxilənin qorxunc nəticələri haqda mesaj verdi

Pəsmi Bakı Minsk Qrupu həmsədrlərinə artıq güvənmir və onları problemin həll qarşısında əsas əngəl hesab edir... Eyni zamanda, sülh danışıqları prosesində neytral vasitəçilərin olmasına üstünlük verir və ümumiyyətlə, indiki formatın kökündən dəyişdirilməsini istəyir... Dağlıq Qarabağ probleminin həlli prosesində növbəti, həm də daha qəliz geopolitik kombinasiyalı yeni mərhələyə start verildi...

Cənubi Qafqaz regionunda artıq yeni situasiya yaranıb. Bu regionda cərəyan edən geopolitik proseslərə beynəlxalq siyasi iradə mərkəzlərinin təsiri imkanları ciddi şəkildə məhdudlaşıb. Və Cənubi Qafqazın daxili dinamikləri işə düşüb, regionun ən ağır problemi fəqrli mexanizmlərlə həll edilməyə başlayıb.

Təbii ki, bu, ümumiyyətlə, Cənubi Qafqazın tarixinin kökündən dəyişdirilmək üzrə olduğunun olduqca açıq əlamətidir. Azərbaycan dövləti və ordusu bu regionun tarixini yenidən yazır. Bu baxımdan, məhz Azərbaycanı yenidən dizayn edilməkdə olan Cənubi Qafqazın superdövləti hesab etmək olar.  

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa son müraciətində olduqca ciddi mesajlar və xəbərdarlıqlar yer alırdı. Həmin mesaj və xəbərdarlıqlara diqqət etdikdə, dediklərimiz böyük ölçüdə təsdiqlənmiş olur.

Məsələ ondadır ki, “Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir”deyən Prezident İlham Əliyev Azərbaycan ordusunun ümumiyyətlə, regionda geopolitik situasiyanı da dəyişdiyini vurğulayıb. O, bu reallığın Ermənistan da daxil olmaqla, hər kəs tərəfindən qəbul edilməsinin vacibliyinə diqqəti çəkib.

Eyni zamanda, dövlət başçısı ATƏT-in Minsk Qrupu həmsədrlərinə də sərt mesaj göndərib: "Əgər atəşkəs istəyirlərsə, işğalçı dövləti torpaqlarımızdan rədd etsinlər. Əks halda, axıra qədər davam edəcəyik. Düşməni axıra qədər qovacağıq".

Bu, önəmli mesajdır və Minsk Qrupu həmsədrlərinə açıq xəbərdarlıq xarakteri daşıyır. Prezident İlham Əliyev bu mesajla hər kəsə anlatmağa çaılışır ki, bundan sonra sülh danışıqları əvvəlki tempdə və məzmunda, eləcə də şərtlərdə davam edə bilməz.

Bu baxımdan, Azərbaycan Prezidentinin Minsk Qrupu həmsədrlərinə yönəlik, daha yumşaq desək, iradları sülh danışıqlarının artıq fərqli məzmun daşıya biləcəyindən xəbər verir: “Yığılmışıq boğaza... Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, o vasitəçi ola bilməz”.

Buradan belə nəticə çıxartmaq olar ki, Azərbaycan Prezidenti Minsk Qrupu həmsədrlərini açıq-aşkar tərəf tutmaqda suçlayır. Və sülh danışıqlarının ənənəvi formatının artıq fayda vermədyini, əksinə münaqişənin həllinə əngəl törətdiyini qabardır.

Eyni zamanda, dövlət başçısı Azərbaycanın kənardan hər hansı yardıma ehtiyacının olmadığını da açıq şəkildə vurğulayaraq, problemin savaş meydanında həll edilməsinə əngəl törədilməməsini tələb edib: “Beş rayonun qaytarılması məsələsini müzakirə edirdilər. Həmin 5 rayondan artıq 4 rayon bizdədir. İndi vasitəçilər gedib, başqa bir şey fikirləşsinlər. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlının çox hissəsi, Hadrut bizdədir. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz təkbaşına icra edirik”.

Minsk Qrupu həmsədrlərinin son günlərdə ardıcıl gündəmə gələn “humanitar atəşkəs” çağırışlarına Azərbaycan Prezidentinin reaksiyası isə birmənalıdır. Prezident vurğulayıb ki, Ermənistan Azərbaycanın qarşısında artıq diz çöküb, amma “humanitar atəşkəs”dən yararlanaraq, yenə də hərbi qüvvələrini səfərbər edib, işğalçılıq siyasətini davam etdirmək istəyir: “Son bir ayda Ermənistana göndərilən silah-sursatın siyahısı bizdədir. Nə vaxt, haradan, nə qədər, hansı təyyarə ilə silah gətirildiyi məlumdur. Atəşkəs istəyən silah verər? Münaqişənin dayanmasını istəyirsizsə, silah verməyin. Ermənistanı xilas etmək istəyirsizsə, deyin ki, bizim torpağımızdan rədd olsun, çıxsın. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən o təlxəyə deyin, ərazilərimizdən çıxsın və qurtaraq…”

Göründüyü kimi, Azərbaycan Prezidenti Dağlıq Qarabağ probleminin həlli yollarını da, buna əngəl törədən səbəbləri də tam dəqiqliyi ilə bilir. Və uzun müddət səbrli, təmkinli davranan Azərbaycan lideri artıq əngəl törədən səbəbləri açıq mətnlə, hətta dəqiq ünvanlı dilə gətirməyə başlayıb.

Maraqlıdır ki, Minsk Qrupu həmsədrlərindən fərqli olaraq, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün gündəmə gətirdiyi model çox sadə və konkretdir. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həlli üçün Ermənistanın Azərbaycan tərəfinə işğal altındakı ərazilərdən öz qoşunlarının çıxarılması cədvəlinin verilməsini tələb edir. Və Prezident İlham Əliyev “Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünü təmin etməlidir” deməklə, bu məsələ ilə bağlı qərarını artıq çoxdan qətiləşdirib.

Maraqlıdır ki, Prezident İlham Əliyev Türkiyənin Azərbaycana Ermənistanın himayədarları tərəfindən qıcıqla qarşılanan dəstəyinə diqqət ayırıb: “Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm. Hər dəfə soruşurlar ki, Türkiyə “F-16”ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın... “F-16”lar təlimə gəlib və yerdədir. Əgər, bizə qarşı kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz”.

Təbii ki, bu, Ermənistanın himayədarlarına ən sərt xəbərdarlıq mesajıdır. Çünki Ermənistana dəstək verən dövlətlərin ünvanı bəllidir. Eyni zamanda, Paşinyan hakimiyyətinin birbaşa hərbi dəstək gözlədiyi ölkələr də hər kəsə məlumdur.

Rəsmi Bakı hər kəsi xəbərdar edir ki, Ermənistana hərbi dəstək verməyi heç ağıllarının ucundan da belə, keçirməsindlər. Çünki bu halda, savaşa Türkiyə də qatıla bilər. Bu haldasa, Dağlıq Qarabağdakı hərbi əməliyyatların əhatə dairəsinin Cənubi Qafqaz regionunun coğrafiyasından çox-çox kənara biləcəyi qətiyyən şübhə doğurmur.

Heç şübhəsiz ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində növbəti, həm də daha qəliz kombinasiyaların mövcud olacağı yeni mərhələyə start verildiyinin birbaşa əlaməti də sayıla bilər. Belə ki, Azərbaycan ordusunun anti-terror əməliyyatlarına başlaması problemin ilk mərhələsiydi.

Ancaq Azərbaycan Prezidentinin “F-16”larla bağlı dedikləri artıq ikinci mərhələnin başlanmasından xəbər verir. Çünki rəsmi Bakı bununla Ermənistanın hərbi dəstəyə ümid bəslədiyi havadarlarına “yerinizdən tərpənsəniz, bu, olduqca təhlükəli nəticələr verə bilər” xəbərdarlığını edir.

Yəni, həmin dövlətlərə xatırladılır ki, Ermənistan tərəfdən savaşa bulaşsalar, NATO ölkəsi olan Türkiyə ilə qarşılaşmaq təhlükəsini də gözə almalıdırlar. Və bu, Paşinyan hakimiyyətinin gecə-gündüz can atdığı KTMT öhdəlikləri ilə bağlı dəstək ümidlərinin birdəfəlik dəfn olunması anlamına gəlir.

Bütün bunlardan belə nəticə çıxır ki, rəsmi Bakı Minsk Qrupu həmsədrlərinə artıq güvənmir və onları problemin həll qarşısında əsas əngəl hesab edir. Eyni zamanda, sülh danışıqları prosesində neytral vasitəçilərin olmasına üstünlük verir. Ümumiyyətlə, sülh danışıqlarının indiki formatının kökündən dəyişdirilməsini vacib hesab edir.

Nəhayət, Azərbaycan Prezidentinin açıqlamasından belə anlaşılır ki, rəsmi Bakı hadisələrin istənilən inkişaf istiqamətlərinə artıq indidən tam şəkildə hazırdır. Və öz hədəflərinə çatana qədər bu mövqeyindən geri çəkilmək barədə ümumiyyətlə, düşünmür.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

Mənbə: musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR