Bu il BMT Baş Assambleyasında Azərbaycanı kim təmsil edəcək?
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etməyəcək.
Bu barədə Modern.az-a millət vəkili Asim Mollazadə bildirib. Deputat qeyd edib ki, bu sessiyada Azərbaycan təmsilçisi kimi xarici işlər naziri Elman Məmmədyarov çıxış edəcək:
“Azərbaycan fürsətdən istifadə edərək BMT tribunasında təşkilata Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ haqqında qətnamələrini xatırladacaq. Uzun müddətdir, kağız üzərində qalan qətnamələrə əməl edilməməsi səbəbindən işğalçı dövlətə sanksiyaların tətbiq edilməsi müraciəti ilə çıxış etməliyik. Bu, mühüm məsələdir. Ermənistana sanksiyaların müəyyənləşməsi məqsədilə Azərbaycan öz mövqeyini bildirməlidir. Çünki Ermənistan beynəlxalq hüquq normalarını kobud sürətdə pozur, mühüm sənədlərə məhəl qoymur”.
Ermənistanın da sessiyada iştirak edəcəyini xatırladan A. Mollazadə 73-cü sessiyanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm rol oynayacağın vurğulayıb:
“Hər zaman olduğu kimi, BMT Baş Assambleyasının sessiyası mühüm əhəmiyyət kəsb edir. Sessiyada iştirak edəcək erməni baş nazir Nikol Paşinyan əvvəlki Ermənistan rəhbərləri kimi beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edəcək. Rəsmi İrəvan tətəfindən səsləndirilən qeyri-düzgün bəyanatlar bu sessiyada da təkrarlanacaq”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Xatirladaq ki, prezident İlham Əliyev 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmişdi. O, BMT tribunasından çıxış edərək Azərbaycanın nailiyyətləri və Ermənistanın işğalçılıq siyasəti barədə danışmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət