Bitləri dərmansız necə təmizləməli? - Təbii üsullar
Bakıda bitlərin yayılması ilə bağlı xəbərlər yayılıb. Deputat Araz Əlizadə də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bu problemi qabardıb.
Xüsusilə də azyaşlı və ibtidai siniflərdə oxuyan uşaqların bitlənməsi valideynlərin böyük narahatlıqlarına səbəb olur. Bəs bitlənmə nədən yaranır? Onun fəsadları nələrdir? Bit yayılan zaman nə etmək lazımdır? Day.Az ailem.az-a istinadən türkiyəli dermatoloq Funda Atamanın bu haqda məsləhətlərini diqqətinizə çatdırır.
Dermatoloqun sözlərinə görə, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Qasıq biti isə cinsi yolla bulaşan bir xəstəlikdir. Qasıq tüklərindən başlayıb saqqaladək bütün tüklü bölgələrə yayılır. Hətta uşaqların kirpiklərinə də keçə bilir.
Bitlərin təmizlənmə üsulundan danışan F. Ataman deyir ki, müvəffəqiyyətli bir müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır: "Saç bantlarının, daraqların, fırça, papaq, yastıq, ev və maşında olan oturacaqların baş qoyulan hissələrinin silinməsi və yuyulması vacibdir. Dərmanlar quru saça sürtülməlidir. Bit su ilə qarşılaşınca nəfəs yollarını bağlayır və yarım saat nəfəs almadan qala bilir. Nəfəs yollarını bağladığı üçün dərman bitə təsir etmir və öldürmür. Dərmanlar nəfəs yolunu iflic edərək təsirli olur. Yumurtalarda ilk 4 gün sinir sistemi inkişaf etmədiyi üçün bu iflic edici dərmanların təsiri olmaz. Buna görə qalıcı təsirli dərmanlar istifadə edilməli və ya 1 həftə sonra müalicə təkrarlanmalıdır. Saçların kəsilməsi bitin çox olduğu durumlarda düşünülə bilər. Mexaniki təmizləmə, yəni bit və sirkələrin əllə artlanması, sıx dişli bit daraq ilə darama dərman istifadə etmədən faydalı ola bilər. Bit darağı ilə darayarkən saçı su, sirkə, zeytun yağı, ya da saç kremi ilə nəmləndirmək işinizi asanlaşdıracaq. Bu darama işi 3-4 gündə bir 15-30 dəqiqə arayla təkrarlanmalıdır. Saç təmizləndikdən sonra 2 həftə daha davam edilməlidir. Vazelin və ya mayonez ilə həftədə bir dəfə, ən az 10 dəqiqə saçların sürtülməsi də dərmana ehtiyac görülməyən alternativ üsullardandır. Bu vasitələr saça bol sürtülməlidir, beləcə, bit nəfəs ala bilməz və ölər. Həmçinin 30 dəqiqə ərzində saç qurutma aləti ilə isti hava tətbiq edərək, bitlərdən azad olmaq olar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət