Bakı metrosundakı yeni qatarlar köhnələrdən nə ilə fərqlənir?
Xəbər verdiyimiz kimi, Rusiyanın “Metrovaqonmaş” ASC-nin Bakı Metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar tərkibi bu gün xəttə buraxılıb.
Oxu.Az xəbər verir ki, yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlükləri sırasında qapıların daha enli olması, açılıb-bağlanması işıqlı xəbərdarlıq indikatorları ilə təchiz edilməsini göstərmək olar. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə daxil olub-çıxması imkanlarını genişləndirir. İşıqlı xəbərdarlıq qapının açılması və bağlanması ilə bağlı sərnişinin daha diqqətli olmasına kömək edir.
Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun konstruksiya tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir.
Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrılıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Ümumən, qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət