"Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində…
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Metbuat.az-a verilən məlumata görə, stansiyanın açıq hava şəraitində yerləşən, atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalan platformanın üzərində çətir quraşdırılır:
"Bu isə sərnişinləri, eləcə də stansiyanın açıq hava şəraitində yerləşən avadanlıq və qurğularını yağmurun təsirlərindən qoruyacaq. Ümumiyyətlə, metropolitenin 1979-cu ildə istismara verilmiş yeganə yerüstü stansiyasında ötən 40 ilə yaxın müddətdə əsaslı təmir və yenidənqurma işləri ilk dəfə aparılır. Açıq hava şəraitinin kəskin təsirləri nəzərə alınmaqla, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğular, həmçinin digər infrastruktur təmir edilir, bərpa olunur və müasir tələblər səviyyəsində yenidən qurulur. Stansiyada tətbiq olunacaq daha bir əhəmiyyətli yenilik sərnişinlərin birbaşa ikinci mərtəbədən qəbul edilərək, yola salınması olacaq. Belə ki, stansiyaya daxil olan sərnişinlər pilləkənlərlə birbaşa ikinci mərtəbəyə qalxaraq, avtomat nəzarət-buraxılış məntəqəsindən keçəcəklər".
Məlumata görə, burada inşaat işləri tamamlanmaq üzrədir: "Bu səviyyədə söküntü işləri başa çatdırılıb. Platforma, gözləmə zalı və keçidlərdə döşəmə və divarların üzləmə işləri da yekunlaşmaqdadır. Ən əhəmiyyətli tədbirlər platformaaltı sahədə edilib. Kabel kollektoru tamamilə yeni standartlar və səliqə-sahmanla yenidən inşa edilib. Həmçinin sahədə rahat və təhlükəsiz iş görmək üçün bütün müvafiq tədbirlər görülüb və işçilər bundan sonra burada rahatlıqla kommunikasiya xətlərinə xidmət göstərə biləcəklər. Bununla yanaşı, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb. Yenidənqurma çərçivəsində bütün kommunikasiya xətləri dəyişdirilib, yeni kanalizasiya xətti qurulub və su xətti çəkilib, ərazi abadlaşdırılıb. Bu xüsusda onu da əlavə edək ki, əvvəllər yağışlı havada stansiya qarşısında yaranmış gölməçələr də bundan sonra olmayacaq. Burada müvafiq maillik verilməklə bütün zəruri tədbirlər görülüb və drenaj sistemi yenilənib. Əvvəllər də qeyd etdiyimiz kimi, sərnişinlərin stansiyadan istifadəsinə şərait yaratmaqla, plaftormanın yenilənməsi də iki mərhələdə aparılıb. Əvvəlcə platformanın bir, daha sonra digər hissəsi tamamilə yenidən qurulub. Plaftormanın daha etibarlı, davamlı və uzunömürlü etmək üçün döşəmə örtüyü tamamilə sökülüb, hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulub, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulub. Bu xüsusda onu da əlavə edək ki, platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı ləğv edilib. Park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulub. Yeri gəlmişkən, ikinci mərtəbədə yerləşən stansiya rəisinin, eləcə də növbətçinin otağı tamamilə yenidən qurulmaqla, müasir texnologiyalara uyğun avadanlıqlarla təchiz edilib. Burada digər yardımçı sahələrin də inşası tamamlanmaq üzrədir. Stansiyanın yenidən qurulması zamanı onun memarlıq üslübü tamamilə qorunmaq şərtilə yeni asma tavan və müasir işıqlanma sistemi qurulur. Elektrik xətlərinin çəkilməsi başa çatdırılıb. Hazırda çilçıraqların qurulması üzərində iş aparılır. Bu sırada qapı və pənəcərələr də tamamilə yenilənib. Dam örtüyü uzunömürlü müasir materiallarla yenilənməklə, ən mühüm işlərdən biri kimi, stansiyanın fasadı da rigellərlə gücləndirilib. Stansiyanın birinci mərtəbəsi bundan sonra yalnız xidməti məqsədlər üçün istifadə olunacaq. Burada söküntü işləri başa çatmaq üzrədir. Üzləmə işlərinin isə yarıdan çoxu yerinə yetirilib. Görülən işlər çərçivəsində stansiya yolu da tamamilə yenidən qurulub. Burada yol yatağı yeni qurulan platorfmanın tələblərinə uyğunlaşdırılıb, müvafiq hazırlıq tədbirlərindən sonra dəmir-beton şpallar düzülüb. Bir sözlə, tamamilə yeniləşmiş "Bakmil" stansiyası memarlıq üslubunu saxlamaqla, sərnişinlərini müasir görkəmdə qarşılamağa hazırlaşır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət