“Azərsu”da ciddi dəyişiklik – Baş nazirdən qərar
Nazirlər Kabineti Azərsu Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” qərar verib.
Axar.az xəbər verir ki, baş nazirin imzaladığı qərara əsasən, Azərsu ASC-nin tabeliyində, Azərsu ASC-nin Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılıb.
Azərsu ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək Anbar Təsərrüfatı İdarəsi adlandırılıb.
Eyni zamanda Azərsu ASC-nin Birləşmiş Sukanal MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən Göyçay Sukanal TSC və Ağdaş Sukanal TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək.
Azərsu ASC-nin Birləşmiş Sukanal MMC hüquq varisliyi qaydasında ona qoşulan Göyçay Sukanal TSC-nin və Ağdaş Sukanal TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. Göyçay Sukanal TSC-nin və Ağdaş Sukanal TSC-nin Birləşmiş Sukanal MMCyə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti Azərsu ASC-nin sədrinə verilib.
Birləşmiş Sukanal MMC-nin nizamnamə kapitalı Göyçay Sukanal TSCnin və Ağdaş Sukanal TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət