Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda "Sarı gəlin" Abidə Kompleksinin layihəsi hazırlanıb

Azərbaycanda "Sarı gəlin" Abidə Kompleksinin layihəsi hazırlanıb
Sakura

Azərbaycanda "Sarı gəlin" Abidə Kompleksinin layihəsi hazırlanıb

Azərbaycanda "Sarı gəlin" Abidə Kompleksinin layihəsi hazırlanıb. 

Bu barədə "Report"a Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr, yeni formatlı heykəl layihələrinin müəllifi, memar Cahid Həsənov müsahibəsində bildirib. 

"Report" həmin müsahibəni təqdim edir.

- Cahid müəllim memarlıq və şəhərsalma müstəvisində heykəllərin rolu nədən ibarətdir?

- Bilirsiniz, dünya yaranandan indiyədək şəhər memarlığı inkişaf etdikcə bununla paralel olaraq heykəltəraşlıq da daim özünün inkişaf mərhələsinə qalxıb. Heykəltəraşlıq memarlığın ayrılmaz hissəsi kimi həm açıq səmada, həm də interyerlərdə geniş vüsət tapmaqdadır. Bilirik ki, heykəllər adətən mərmərdən, tuncdan, yonma daşdan, son illərdə dəbdə olan metallardan hazırlanır. Burada maraqlı, yazılmamış qanunlar və bir incəlik var. Hər hansı bir dövlətin, millətin keçdiyi tarixi yolu yaddaşlarda həkk olunması və bu sahədəki uğurları dünya ictimaiyyətinə çatdırmaq üçün yeganə və intensiv yol məhz cansız, susmuş vəziyyətdə olan heykəllərdir. Çox maraqlı bir incəlikdir. Bu heykəllər dinindən, millətindən, irqindən asılı olmayaraq hamı ilə eyni dildə “danışır”, sanki canlı varlıq kimi hər hansı bir dildə insanlarla tərcüməçisiz dialoqa girir, ona tarixi hadisələri zövqlə nəql edir. Heykəllər vasitəsilə beyinlərə həkk olunan istənilən bir hadisəni heç nə əvəz edə bilməz.

 

- Azərbaycanda heykəltaraşlığın inkişafı və bugünkü durumu hansı vəziyyətdədir?

- Azərbaycanın heykəltəraşlıq məktəbi çox şərəfli yol keçib. Hələ keçmiş Sovetlər Birliyi dövründə yaranmış Azərbaycan heykəltəraşlıq məktəbi bir çox ustad heykəltəraşlar yetişdirib. Fuad Əbdülrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, İbrahim Zeynalov, Mirəli Mirqasımov, Zivər Məmmədova, Natiq Əliyev və s. kimi heykəltəraşlarımız çox əzəmətli formatda, hətta irihəcmli heykəlləri memarlığımıza bəxş ediblər və ən əsası bu heykəllər hələ sovet dövründə deyil, bu gün də öz aktuallığını qoruyub saxlayıb. Bu məktəbin bu gün də davamçıları layiqincə bu peşəni inkişaf etdirirlər.

 

-Siz heykəltaraşlıq sənayesində istifadə olunan materiallarda yeniliklərə imza atmısınız. Bu barədə hansı yeniliklər etmisiniz?

- Bəli. Bu yəqindir ki, siz Gəncə şəhərində inşa etdiyim, Əli və Nino Abidə Kompleksini nəzərdə tutursunuz. Bilirsiniz, bu günümüzdə tamaşaçı modern üslubda heykəllər, kompazisiyalar çox istəyir. Mən Əli və Nino abidəsininin layihəsini işləyəndə yenilik etdim. Mənim həmkarım, gürcü memar Tamara Kvesitadzenin layihələndirdiyi, Batumi şəhərində inşa edilmiş mükəmməl formatda Əli və Nino abidəsi (metaldan) ucaldılıb. Onu da qeyd edim ki, bu heykəl Batumiyə turist axınını bir neçə dəfə çoxaltdı. Bax, heykəlin gücü budur. Mənim o məşhur layihənin müəllifi gürcü həmkarım Tamara xanımla danışıqlarımız da oldu. Mən ona dedim ki, bu abidəni mən də layihələndirirəm. O da öz növbəsində mənə lazım olarsa bu işdə böyük həvəslə iştirak edəcəyini bildirdi. Mən nerjeveyka materialından iki gəncin modelini hazırladım. Sizi inandırıram ki, əgər bu heykəllər modern materialdan hazırlanmasaydı belə effekt verməzdi. Bu kompleksdə ən maraqlı cəhət, yenilik burasındadır ki, bu heykəllər bir saatdan bir hərəkət edərək (bir ox ətrafında), aşağı hissədən “ağır tüstü” buraxılır ki, bu da ilk anlamda vizual olaraq insanlara bu iki gəncin eşqinin səmalarda uçduğu anlamını verir. Onu da qeyd edim ki, bu “ağır tüstü” texnologiyası yarandığı gündən interyerdə, ən əsası isə konsertlərdə istifadə olunan bir yenilik idi. Amma mən memarlıqda ilk dəfə olaraq bunu şəhərsalmada tətbiq etdim. Bu əsər ictimaiyyət tərəfindən çox bəyənildi. Bilirsiniz, bu iki gəncin heykəlini ağır materialdan vermək, yəni qranitdən və ya tuncdan bir qədər yorucu olardı. Abidəyə ağırlıq gətirmiş olardı. Ona görə mən bu qərara gəldim və çox uğurlu alındı.

 

 

- Siz "Sarı gəlin" Abidə Kompleksinin layihəsini hazırlamısınız. Bu kompleksin Azərbaycan mədəniyyətində rolu nədən ibarətdir?

- Hazırda uzun illərdən bəri işlədim, bütün Türkdilli ölkələrin artıq simvoluna çevrilmiş, düşmənlərimiz tərəfindən oğurlanmış məhşur Sarı gəlin xalq mahnımızın şərəfinə “Sarı gəlin” Abidə Kompleksini işləyib hazırlamışam. Bildiyimiz kimi, uzun illərdir torpaqlarımızı işğal etmiş düşmənlərimiz tərəfindən bu məhşur mahnımız da oğurlanaraq dünya ictimaiyyətinə öz adları ilə çatdırılır. Mən belə bir abidənin yaranmasının vaxtının gəlib çatmasına görə uzun illərdir ki, bütün gücümdən istifadə edərək yekunlaşdırmışam. Bu abidə kompleksinin formatı, zənginliyi, effektliyinin olmasının məsuliyyətini dərindən dərk etdiyimdən hər bir kiçik detalı üzərində belə aylarla işləmişəm. Sarı gəlin musiqisi sədaları altında hərəkət edəcək dinamikli su effektləri, mahnının sözlərində deyildiyi kimi: saçın ucun hörməzlər sözünü abidə kompleksinin dizaynında işlənməsi dünya memarlğında bir ilkdir və mahnının sözü ilə abidə dizaynı bir-biri ilə vəhdət təşkil edir. Dünya memarlığında ilk olaraq mahnının mətni kompleksdə davam etdirilir. Saçın ucun hörməzləri fəvvarələr qoynunda uzanan hörükləri mərmərlə davam etdirmişəm. Bu abidə kompleksində kluminasiya nöqtəsi, ən çətin olan "Sarı gəlin" heykəlinin özünün formatı oldu və mən bunu protatip kimi tapdım. Bu heykəlin yer səthindən hündürlüyü 7.5 metrdir (4 metr kürsü, 3.5m heykəl). Heykəl ətrafında olan fəvvarənin diametri isə 30 metr, layihənin tam diametri isə 60 metrdir. Deyərdim ki, ümumiyyətlə, bu abidə kompleksi qoyulacaq əraziyə Sarı gəlin Parkı adı verilsin və ildə bir dəfə bu abidə məkanında Sarı gəlin Beynəlxalq Musiqi festivalı keçirilsin. Dünyadan Sarı gəlin mahnımızı ifa edən bütün musiqiçilər, müğənnilər, rəqqasələr, ifaçılar həmin festivala gəlib öz ifalarını təqdim etsinlər, mükafatlar ayrılsın. Bütövlükdə, bu,  bayram əhval-ruhiyyəli silsilə bir aksiya olar.

- "Sarı gəlin" Abidə Kompleksinin qoyulacağı yer müəyyənləşdirilibmi, siz hansı yeri məsləhət görürsünüz?

- Mən "Sarı gəlin" Abidə Kompleksinin yerini keçmiş Sovetski ərazisində, yeni salınacaq yaşıllıq parkında görürəm. Bura Bakının amfiteatrı kimi bir relyefli ərazidir. Burada bu kompleks sanki tamaşa məkanı kimi effekt verər. Digər yerlər, Ağ şəhər, ümumiyyətlə, Xəzər dənizi sahili ərazi də ola bilər. Heykəlin ilk növbədə yerinin, məkanının həlli vacib məsələdir. Memar kimi, bu abidənin yerinin məhz Bakı şəhərində olmasını məsləhət bilərək, sənədləri Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişəm. Lakin bunun reallaşmasının yubanmasından, bu məsələyə cavabın verilməməsindən çox narahatam. Qorxuram ki, ermənilər Sarı gəlin mahnısı kimi, "Sarı gəlin" Abidə Kompleksini də oğurlayarlar.

Onu da qeyd edim ki, görkəmli ziyalılarımıza ucaldılacaq heykəllərlə bağlı mədəniyyət naziri hörmətli Əbülfəs müəllimin müsahibəsindən oxudum ki, yaxın vaxtlarda heykəllərin ucaldılması üçün yerlər təyin olunacaq və müsabiqə elan ediləcək. Deyərdim ki, müsabiqə təkcə təyin olunmuş yerə və heykələ görə olmamalıdır. Müsabiqə yerin hansı ərazidə olması üçün də olmalıdır. Yəni memarlarımız, heykəltəraşlarımız hansı yeri görürlər. Bilirsinizmi niyə?!  Ola bilər ki, onların seçdiyi yerlər uğurlu alınmasın. Sizə deyim ki, heykəl nə qədər əzəmətli olsa belə, əgər yerləşdiyi ərazi ilə uyğunlaşmırsa,, deməli, o heykəl bəsidləşir. Heykəl ilk növbədə ətraf lantşaf ilə vəhdət təşkil etməlidir. Ümumiyyətlə, sistemli şəkildə Mədəniyyət Nazirliyi şəhərsalma memarları ilə sıx əlaqədə olmalıdır ki, biz memarlar böyük ruh yüksəkliyi ilə sənətimiz vasitəsilə fayda verək.

 

- Martın 1-də ölkə Prezidentinin mədəniyyət və incəsənət xadimləri ilə görüşü oldu. Bu tədbirdə heykəl məsələsi ən əsas amil kimi dəyərləndirildi, hətta bəzi təkliflər də qəbul olundu. 

- Mən bu tədbirin çox gözəl, maraqlı keçdiyinə çox sevindim. Təbii ki, mədəniyyət xadimlərimizin, xüsusilə bir neçə görkəmli ziyalımızın heykəllərin ucaldılması ilə bağlı təklifləri, ən əsası isə möhtərəm Prezidentimiz tərəfindən bu təkliflərin dərhal həyata keçirilməsinə tapşırıq verməsi memar kimi məni də çox sevindirir. Lakin burada bir nüans var, gərək Memarlar İttifaqının rəhbərliyi tərəfindən bir neçə memarın, xüsusilə landşaft üzrə memarların o tədbirdə iştirakı üçün siyahıya salınaydı. İndi çox memar o tədbirdə iştirak etmək istədiyini bildirir. Təbii ki, bu qədər ziyalılarımızın da say baxımından iştirakı mümkün olmaz. Amma gərək memarların təklifləri Memarlar İttifaqı tərəfindən təqdim olunaydı. Tam əminliklə deyirəm ki, əgər təqdim olunsaydı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təkliflər qəbul edilib, həllini tapardı.

- Siz orada olsaydınız hansı təklifi verərdiniz və Memarlar İttifaqına təqdim üçün hansı layihə təqdim edərdiniz?

- İlk növbədə, Bakının görməli yerlərindən birində "Sarı gəlin" Abidə Kompleksi layihəsini, həmçinin Şamaxı və Şəki rayonlarında dünya şöhrətli Aleksandr Dümanın heykəl kompazisiyasının ucaldılmasını təklif və təqdim edərdim. Bilirsiniz, Aleksandr Düma vaxtilə Şamaxıda yerli şairlərlə görüşmüş, Şəkidə pitisi yemiş və bütün olmuş hadisələri dəqiqliyi ilə əsərində yazmışdır. Hazırladığım layihədə onun əlyazmalarının böyüdülmüş formasını bir neçə dildə yazmaqla heykəlin ətrafında yerləşdirilməsi nəzərdə tutulur. Bu, Avropadan gələn bütün türistlərin cəlb olunmasına gətirib çıxarar. Təbii ki, regionlarımıza turist axını çox olar və məhşur "Brilyant əl" filminin iki dünya şöhrətli aktyoru - Mironov və Nikulin bu filmin çəkilişləri zamanı İçəri şəhərdə olub. Məhz həmin kadrlarda olduğu kimi, bu iki böyük sənətkarın da heykəlini elə Mironovun yıxıldığı məhşur yerdə qoymaq olar. Beləliklə, bura Rusiyadan, MDB ölkələrindən marşurutla turistlərin çox gəlməsinə nail olmaq mümkündür.

 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR