Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ilk dəfə tullantı suları ultrabənövşəyi şüa texnologiyası ilə zərərsizləşdiriləcək

Azərbaycanda ilk dəfə tullantı suları ultrabənövşəyi şüa texnologiyası ilə zərərsizləşdiriləcək
Sakura

Azərbaycanda ilk dəfə tullantı suları ultrabənövşəyi şüa texnologiyası ilə zərərsizləşdiriləcək

“Bakı şəhəri və Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunmasını nəzərdə tutan Master Plana uyğun olaraq 60-dan çox kənd və qəsəbədə işlərə başlanılıb”.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, ötən il Azərbaycan Prezidenti İlham Əliyev 18 qəsəbədə və “Ağ şəhər”də su və kanalizasiya şəbəkələrinin tikintisi ilə bağlı sərəncamlar imzalayıb və müvafiq işlər görülüb.

“Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. 2017-ci ildə Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən digər layihə çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. Hazırda Xırdalan şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına  icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Eyni zamanda, Təmiz Şəhər layihəsi çərçivəsində Balaxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılaraq əhalinin istifadəsinə verilib”, - deyə Q.Hüseynov vurğulayıb.

O əlavə edib ki, çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemləri  “Azərsu” ASC-nin balansına verildikdən sonra bu sahədə də yeni layihələrin icrasına başlanılıb. Q.Hüseynov qeyd edib ki, ötən müddətdə 2000-dən artıq binanın paylayıcı su şəbəkəsi yenidən qurulub, 1700-dək binanın zirzəmisində kanalizasiya xətləri əsaslı şəkildə yenidən qurulub.

“Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Eyni zamanda anbarların yenidən qurulması, yeni magistral və paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin dayanıqlı və keyfiyyətli su təminatına imkan yaradıb.Bakı şəhəri və Abşeron yarımadasında yol infrastrukturlarının yenidən qurulması işləri çərçivəsində bir sıra küçə və prospektlərdə uzun müddət istismar edilib və qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri də yenilənib. Ötən dövrlərin əsas layihələrindən danışarkən Mərkəzi Laboratoriyanı xüsusi qeyd etmək istəyirəm. 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçib. Bu da laboratoriyada aparılan analizlərin nəticələrinin beynəlxalq qurumlar tərəfindən tanınmasına imkan verir. Yeni laboratoriyanın yaradılması layihəsinə uyğun olaraq alınmış səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir”, - deyə Q.Hüseynov əlavə edib.

“Azərsu” rəsmisi bildirib ki, Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir: “Ötən müddətdə yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi  istiqamətində əhəmiyyətli addımlar atılıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və bununla da Bayraq meydanından başlayaraq Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb. Yarımadanın digər istiqamətində Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizə axıdılan tullantı sularının qarşısını almaq məqsədilə 15,2 km uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, Xəzər dənizinə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib”.

Q.Hüseynov deyib ki, paytaxtın Həsən Əliyev küçəsində  6,5 km uzunluğunda yeni kanalizasiya kollektorunun tikintisi isə böyük bir ərazidə formalaşan tullantı sularının ötürülməsinə imkan yaradıb: “Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli layihələrdən biri Hövsan Aerasiya Stansiyasının yenidən qurulmasıdır. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikilib, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz olunub. Nəticədə stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılıb. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən qurulub və yeni təzyiqli kanalizasiya xətləri inşa olunub. Abşeron yarımadasını əhatə edən Master Plana uyğun olaraq Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsində yeni tullantı sutəmizləyici qurğusunun tikintisinə start verilib. Məlumat üçün bildirmək istərdim ki, bu qurğuda Azərbaycanda ilk dəfə olaraq tullantı sularının zərərsizləşdirilməsi ultrabənövşəyi şüa texnologiyası ilə aparılacaq. Qurğuda təmizlənən suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır”.

Q.Hüseynov Bakı şəhərində icra olunan əhəmiyyətli layihələr sırasında yeni yağış-kanalizasiya kollektorlarının tikintisinə xüsusi toxunub. “Ötən il yağış sularının yığılma təhlükəsi olan avtomobil  yolları və ərazilərdə səth sularının kənarlaşdırılması məqsədilə 13 layihə icra edilib. Bu layihələr çərçivəsində 20 kilometrdən çox kollektorlar tikilib, yeni nasos stansiyaları quraşdırılıb. Yeni infrastruktur istismara verildikdən sonra baş vermiş intensiv yağıntılar zamanı layihələrin əhatə etdiyi ərazilərdə subasma halları qeydə alınmayıb. Böyükşor, Məhəmmədi və Taşağıl göllərinin suyunun tənzimlənməsi nəticəsində göllərdə suyun səviyyəsi enib, yaşayış evləri, obyektlər və avtomobil yolları üçün yarana biləcək subasma təhlükəsi tamamilə aradan qalxıb”, - deyə o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR