Azərbaycan məşhurlarının məktəb xatirələri
Aktrisa Həmidə Ömərova həmin günü belə xatırlayır: “Mənim məktəb çantam dayımoğlunun çantası ilə eyni rəngdə idi. Babam hər ikimizə qırmızı rəngdə çanta almışdı. Sonra dayım onun çantasını dəyişdi. Mən çox kök uşaq idim. Anam mənə dərsdə yeməyə bulka qoyurdu. Müəlliməm heç vaxt yadımdan çıxmaz, kök və buruqsaç qadın idi. Yanağında iri xalı var idi. İlk dərs günündə o, danışır,bizi təbrik edirdi. Söhbətin şirin yerində çantamdan bulkanı çıxarıb yeməyə başladım. Müəllimə məni ayağa qaldırdı, adımı soruşdu. Dedim, Həmidə. Soruşdu ki, qızım sən acmısan? Dedim ki, yox, acmamışam. Sadəcə olaraq anamın sözünə qulaq asıram. Anam dedi ki, ac qalma.
Dedi, bura məktəbdr. Sən uşaq deyilsən. Tənəffüsdə yeyərsən. Mən də tənəffüsə kimi gözlədim. İkinci dərs müəllim bizə yazı yazdırmağa başladı. Gördüm ki, hamı mürəkkəb qabını çıxarıb yazı yazır. Baxdım ki, mənim mürəkkəb qabım yoxdur. Hönkür-hönkür ağlamağa başladım. Müəllimə dedi ki, eybi yoxdur, götür yoldaşının mürəkkəb qabından istifadə et, gələn dərs gətirərsən.
Dərsdən çıxanda anam və nənəm məni görəndə gözləri kəllələrinə çıxdı. Ağ önlüyümdə salamat yer yox idi, dərsdən qapqapara çıxmışdım. Üzüm-gözüm bulanıq idi. Birinci sinifdə çox pinti uşaq idim. Çünki solaxay idim. Müəllimə məcbur edirdi ki, sağ əllə yazım, nəticədə əlim dəyirdi, bütün üst başım mürəkkəb olurdu”.
36 il keçməsinə baxmayaraq aparıcı İlqar Mikayıloğlu ilk dərs günündə məktəbdə fit çalmağını hələ də unutmayıb: “Yadıma gəlir ki, çox dəcəl uşaq idim. Birinci günü məni dərsə anam aparmışdı. Rəhimə müəllimənin dərsinə girdim, oturdum, elə birinci dərsdə də fit çalmağa başladım”.
Yazıçı, jurnalist Orxan Fikrətoğlunun ilk dərs günü macərası: “Mən məktəbdə elə də yaxşı oxuyan şagird deyildim. Maraqlıdır, mənim sonrakı taleyim bir sentyabrda həll olundu. Rəhmətlik qardaşım savadlı idi. Məktəbə getməzdən öncə bütün hərfləri əzbərdən bilirdim. İlk dərs günündə məni bir qızın yanında oturtdular. Qəribə qız idi, ağzından su axırdı. Rübabə müəllimə lövhəyə “B” hərfini yazdı. Mən bilirdim ki, bu “B” hərfidir. Yanımda oturan qız dedi ki, yox bu “U” hərfidir. Dedim yəqin qız məndən çox bilir, mən də ona aldanıb müəlliməyə dedim ki, “U” hərfidir. Müəllimə əsəbləşdi, dedi, dur keç arxaya, sən heç nə bilmirsən. Məktəbə gedən ilk gündən allandım. Sonra nəticə çıxardım ki, bildiyini heç kimə vermə, heç kimə də qulaq asma.
Arxada uzunsaç bir qızın yanında oturdum. Müəllimə ikinci dərsdə dedi ki, dəftrlərinizi çıxardın. Baxdım ki, evdən mənə dəftər qoymayıblar. Yanımdakı qız dedi ki, istəyirsən sənə dəftər satım. Deməli, bu qız 2 qəpiklik dəftəri mənə 15 qəpiyə satdı. Bu, ikinci aldanışım oldu.
Axrıncı dərs yazı taxtasında yazı yazırdım. Sən demə, lövhədə mıx var imiş. Əlim yazı yazanda mıxa dəydi, məni qan götürdü. Nənəm xan nəslindən olan ötkəm bir qadın idi. O, da məni gözləyir ki, indi uşaq dərsdən çıxacaq. Nənəm əlimi qanlı görüb bir hay- küy qopardı ki, mən sizə uşağı öyrətməyə vermişdim, yoxsa onu yaralamağa?!
İndi də yazı yazanda həmişə əlimə mıx batır. 50 yaşa çatmışam, hələ də alveri bilmirəm. Həyatı yaşaya bilmirəm. Həmişə də allanıram”.
Xalq artisti Firəngiz Mütəllimova: “Anam və atam o vaxt Ağcabədinin Avşar kəndində məktəbdə işləyirdi. Qardaşımla ikimiz bir sinifə gedirdi. Onun 5, mənim isə 7 yaşım vardı. İlk dərs günü sinfə girəndə baxdılar ki, ayağım yalındı. Ayaqqabılarımı məktəbin həyətində çıxardıb qoymuşdum. Gətirib geyindirdilər. Bizə qəşəng çantalar, paltarlar almışdılar. Ağlayıb özümü yerə vurdum ki, başqa çanta istəyirəm. Anam gecə ilə mənə əl işi olan parça çanta tikdi. Çox utancaq idim, qardaşım məndən yaxşı oxuyurdu”.
Keçmiş futbolçu, Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov üçün də məktəb illəri çox dəyərlidi. Apasport.az saytına müsahibəsində “professor” 35 il əvvələ qayıdaraq, ilk dəfə məktəbə getdiyi, parta arxasında əyləşdiyi vaxtları yada saldı...
- Yaxşı yadımdadı. Hamı kimi, mənim də anam əlimdən tutaraq, ilk dəfə məktəbə aparıb. Gəncə şəhərində 18 nömrəli orta məktəbdə oxumuşam. Məktəbdə ilk addımlarımı 1980-ci ildə atmışam. İlk dəfə gedəndə məktəbin nə olduğunu adam bilmir (gülür). Bütün uşaqlar belədi. Pis oxumamışam. Amma əlaçı da olmamışam. Belə deyək də, normal oxuyan, “4”, “5” alan olmuşam. Müəllimlərin hamısı yadımdadı. İlk müəlliməm Elmira müəllimə olub. İbtidai sinifdə, 1-ci sinifdən 3-cü sinifə kimi mənə dərs deyib. Xətrini çox istəyirdik. Sonrakı müəllimlərimi də xatırlayıram.
Futbol mənə problem yaratmırdı. Məktəbə gedəndə dərslərimlə məşğul olurdum, ordan çıxanda isə futbola gedirdim. Bundan əlavə, boş vaxt olanda uşaqlarla küçədə də futbol oynayırdıq.
Gülyanaq Məmmədova: "Üzüm həmişə danlanırdı, çünki dərsdə oğlanları döyürdüm. Oğlan kimi xasiyyətim var idi".
Vasif Məhərrəmli: ""Son zəng"də məktəbin direktoru məni çiyninə aldı və zəngi mən çaldım. Gözəl oxumuşam, amma dəcəl olmuşam. O illər başqadır, bu illər başqa".
Könül Kərimova: "İki-üç dəfə yuxumda məktəbi görmüşəm. 5-6 il əvvəl məzun gününə getdim. Hönkür-hönkür ağladım".
İlhamə Bədəlova: “O illər mənə çox doğma illərdir. Çünki 11 ilimizi verdik. Orada saf hisslər yaşayırıq. Bu dəqiqə zəng vursam, sinif yoldaşlarımın hamısı gələcək”.
6 yaşında məktəbə gedən xalq artisti Faiq Ağayev ibtidai sinif müəllimi Liya Yelizarovnanı çox yaxşı xatırlayır. Sinif uşaqlarından bir yaş balaca olan Ağayev gözəl yaddaşı, səliqəli xətti və nümunəvi davranışı ilə hamıdan fərqlənirmiş. Dərs əlaçısı olub. Amma tez-tez arxa cərgəyə boylandığından Liya Yelizarovna ona ancaq eyni sözləri deyirmiş: "Ağayev, mənə bax. Bəsdir başını o yan-bu yana çevirdin".
Bəstəkar Gövhər Həsənzadə ilk müəllimini indi də yaxşı xatırlayır: 7 saylı orta məktəbin ən yaxşı pedaqoqlarından biri olan Efirə müəllim... Dediyinə görə, həmişə birinci partada oturan kiçik Gövhər Efirə müəllimin sevimlisi olub. Bəstəkarın dediyinə görə, onların ailəsində "5"dən başqa qiymət qadağan olunmuşdu. Buna görə də Efirə müəllim hər gün Gövhərdən dərs soruşar, onu evə "5"siz yola salmazmış...
Müğənni Elnur Məmmədov Binəqədi rayon 297 saylı məktəbi bitirib. İbtidai sinif müəllimi Ziba xanımı həmişə hörmətlə xatırladığını deyir. Sinif yoldaşları arasında ən şirindilli oğlan olduğunu deyən Elnuru az qala bütün sinif qızları sevirmişlər. 34 şagirdi "A" sinfində cəm edən Ziba müəllim Elnura həmişə deyərmiş: "Hiss edirəm ki, sən gələcəkdə çox tanınan insan olacaqsan".
Aparıcı Günel Bəhramqızı birinci sinifə Xudat şəhərində gedib. Boyu çox balaca olduğundan onu məktəbə qəbul etmək istəməyiblər. "Bu uşaq ayaq altında qalar, əzilər" desələr də nənənin təkidindən və Günelin direktorun verdiyi bütün suallara etraflı cavabından sonra 6 yaşlı qızcığaz şagird adını qazanır. 2 il Nailə müəllimin sevimli şagirdi olan Günel Xudatdan köçəcəkləri xəbərini sinifdə deyəndə Nailə xanım ağlayıb. Bu səhnəni heç vaxt unutmayan Günel indi də Xudat şəhərinə gedəndə sevimli müəlliminə baş çəkir.
Səhnəmizin divası Aygün Kazımova da sevilən şagirdlərdən olub. Bakıdakı 12 saylı orta məktəbi bitirən xalq artistinin müəlliminin də adı fərqli olub: Qızıl müəllim... Müğənninin sözlərinə görə, müəlliminin adı birincilərin yadında elə həmin dəqiqə qaldı: çünki onun bütün dişləri qızıldan idi. Evdə anasının, məktəbdə isə Qızıl müəllimin qayğısını hiss edən Aygün Kazımova nəinki ibtidai sinif müəllimini, həyatında rolu olan bütün pedaqoqları sevərək xatırlayır.
Müğənni Əlikram Bayramov ilk dərs gününü xatırlayıb ötən illərə səyahət etdi: “Mənim oxuduğum illərdə məktəb 1 sentyabrda açılırdı. Həmin gün məktəbimizin həyətində böyük həyəcanla dərsimizin başlamasını gözləyirdim. O, günü heç zaman unutmaram. Yuxarı siniflər gəldi və biz onlara gül dəstəsi verdik. İlk dərs günü sinif yoldaşlarımdan fərqli olaraq mən heç ağlamadım. Sinfimizdə qızların hamısı ağlayırdı. Sentyabrın 20-dən sonra biz pambıq yığmağa gedirdik. İlk parta yoldaşım Qəndilə adlı qız oldu. Hər il 8 Mart qadınlar günündə mən ona corab alırdım, o isə mənə ətir hədiyyə edirdi. 11 il 8 Martda o qızı təbrik etmişəm. Məktəb illərində çox maraqlı günlərimiz olub. Artıq müəllimlərimin bir çoxu dünyasını dəyişib. İlk sinif müəllimim Saday adlı müəllim olub. İndi o təqaüdçüdür. Dünən efir vasitəsi ilə ilk dəfə məktəbə gedən uşaqları izlədim. İndiki uşaqlar heç bizim kimi həyəcanlı deyillər. Biz məktəbə getməyi çox arzulayırdıq. Dərsin açılmasını səbirsizliklə gözləyirdik. Əvvəllər elə bilirdim ki, dərsə gedən şagird bir də geri qayıtmır. Ona görə də çantamın yarısını yeməklə doldururdum. Sinif yoldaşlarım buna görə mənə güldürdü. 10 dəqiqə fasilə edirdik, gətirdiyim yeməkləri uşaqlarla yeyirdik. Daha sonra düşündüm ki, nə üçün uşaqlar mənim yeməyimmi yeməlidir?”
Məktəb illərindən danışan Əlikram Bayramov çox yaxşı şagird olduğunu, hərdən də müəllimlərini incitdiyini deyir: “Çox nadinc şagird idim. Dərsə gedəndə də partanın üstünü yazırdım. Bu hərəkətimə görə, sonradan peşman olurdum. Uşaqlıqdan saf olmuşam. Sinif yoldaşlarım məni aldadırdılar, hər işi mənə gördürürdülər. İşin üstü açılanda da günahkar mən olurdum. Məktəb illərində çalışqan olmuşuq. Bizim dövrünüzdə pambıq sahələri var idi. Gedib sahələrdə pambıq yığırdıq. Birinci siniflə bağlı xatirələrim demək olar ki, beynimdən silinib. Sinifdə 32 uşaq idik. Mən bu günkü uşaqlarımıza bilikli olmalarını arzulayıram. Azərbaycana istedadlı gənclər lazımdır. Biz sovet dönəmində oxumuşuq. İndiki gənclərin imkanı bizdən daha genişdir. Qoy onlar var gücləri ilə oxusunlar. Dünənki “Bilik günü” münasibəti ilə də birinciləri səmimi qəlbdən təbrik edirəm”.
Əməkdar artist Baloğlan Əşrəfov ilk dərs gününü yaxşı xatırlamadığını bildirdi. İlk dərs günündən 60 il keçdiyini söyləyən ifaçı məktəb illərindən danışdı: “Təqribən 60 il bundan qabaq Masallının bir kəndində oxumuşam. O illəri güclə xatırlayıram. Yəqin ki, atam məni evimizin yaxınlığındakı bir məktəbə aparıb. İlk dərs günüm mənim yaddaşımda xəyal kimi qalıb. Ancaq o yadımdadır ki, dərsi yaxşı mənimsəyən şagirdlərdən idim. Sinif yoldaşlarıma nisbətən çox yaxşı oxuyurdum. Musiqi duyumum vardı deyə, hər şeyə daha tez nail olurdum. Dərs vaxtı tədbirlərdə iştirak edirdim, musiqi ilə məşğul olurdum. Orta məktəbdə oxuya-oxuya radio qovşağında veriliş aparırdım. Orta məktəbdə yuxarı siniflərdə keçirilən konsert proqramlarında çıxış edirdim. Çox istəyərdim ki, yenidən məktəb illərinə qayıdım. Kaş, ilk dərs günümə qayıdaydım. Məktəb illərində etdiyim səhvləri indi etməzdim. Çox təəssüf edirəm ki, bu, mümkün deyil. Ona görə də öz övladıma, nəvələrimə edə bilmədiyim şeyləri etməyə çalışıram. Onlara hər zaman doğru yol göstərirəm”.
Xalq artisti Məleykə Əsədova “Kaspi”yə açıqlamasında ilk dərs gününün onun üçün unudulmaz olduğunu dilə gətirdi. O, qeyd etdi ki, məktəbə getdiyi ilk gün ömrünün ən gözəl günü kimi yaddaşına yazılıb: “İlk dərs günümdə anamla atam əlimdən tutub məni dərsə aparmışdı. Əlimdə bir dəstə gül, başımda isə ağ bant var idi. Məktəbin qarşısında xeyli uşaq toplaşmışdı. Çox sevincli gün idi. Sizə bunları danışdıqca, o günlər gözümün qarşısında canlanır. Uşaqlıq illəri insan ömrünün ən vacib illəridir. Həmin dövrdə biz uşaqlar dərdsiz, problemsiz, valideynlərimiz yanımızda xoş günlər keçirirdik. Deyərdim ki, uşaqlıq illəri ömrümün ən gözəl illəri idi. Xəyallarımda o günlərə yenidən qayıda bilərəm. Ancaq bilirəm ki, bu, real deyil. Dünən qızım dördüncü sinfə keçdi. Onu özüm məktəbə apardım. O yaşadıqca, mən də məktəb illərimi, o günləri yaşayıram. Məktəb vaxtı çox çalışqan şagird olmuşam, dərslərimi çox yaxşı oxuyurdum”.
Xalq artisti Mənsum İbrahimov orta məktəbi Ağdamın İmamqulu məktəbində oxuduğunu, ilk dərs günü çox həyəcanlı olduğunu dedi: “Dərsə gedəcəyim günün axşamı həyəcandan gözümə yuxu getməmişdi. Mənim üçün ilk dərs günü möhtəşəm idi. İlk dərs günümü təntənəli surətdə xatırlayıram. Bir müddət keçəndən sonra məktəbdəki tədbirlərdə çıxış etməyə başladım. İlk dərs günü həm çox həyəcanlı, həm də çox sevincli idim. Ancaq buna baxmayaraq, sinif yoldaşlarımdan fərqli olaraq mən ağlamadım. Dərsə sevinə-sevinə gedirdim. Oxumağa çox həvəsim var idi. Məktəb illərində əlaçı olmuşam, olimpiadalarda çıxış etmişəm. Ən çox humanitar fənləri sevirdim. Azərbaycan dili, ədəbiyyat və tarixi daha yaxşı oxumuşam. Ona görə də bu gün mənim qəzəl seçimimdə orta məktəbdə oxuduğum təhsil köməyimə çox yaxşı çatır. Fürsətdən istifadə edib bütün şagirdləri təbrik edirəm. Biz yeni tədris ilini Konservatoriyanın yeni binasında qarşıladıq və bu mənim üçün ikiqat bayramdır. Oğlum məktəbə gedir, qızım isə tələbədir. Yoldaşımla mən müəlliməliyik. Yəni dünənki “Bilik günü”nü ailəvi qeyd etdik”.
Əməkdar artist Gülyaz Məmmədova bizimlə söhbətində ilk dərs günü çox həyəcanlı olduğunu, həmin günləri heç vaxt unutmayacağını dedi: “İlk dərs günündə saçımda ağ bantikim və ağ köynəyim var idi. Çox istərdim ki, yenidən o günlərə geri dönüm. Məktəb illəri ömrümün ən qayğısız gözəl günləri idi. İndi hər dəfə azyaşlı şagird görəndə öz ilk dərs günümü xatırlayıram. Mən dünənki “Bilik günü” münasibəti ilə bütün şagirdləri, xüsusən də birinci sinfə gedən şagirdləri təbrik edirəm, onlara dərslərində müvəffəqiyyətlər arzulayıram”.
Caz ifaçısı Şölə Səfərəliyeva Bakıda yerləşən 200 nömrəli məktəbdə təhsil aldığını, ilk dərs gününün onun yaddaşında böyük xatirələrlə qaldığını qeyd etdi: “İlk dərs gününə mən bir neçə həftə öncədən hazırlaşmışdım. Ailəmizlə birlikdə məktəbdə lazım olan ləvazimatları alıb, hazır qoymuşduq”.
İlk dərs günü əlinə çanta alan Şölə ağ bant, məktəbli forması ilə həyəcanla dərsinin başlamasını gözləyib: “Həmin gün məktəbin qarşısında qarşılama mərasimi keçirilirdi. Nadir adamlardanam ki, birinci sinifdəki yazı dəftərimi və gündəliyi, qələm qabımı 20 ildən çox vaxt keçməsinə baxmayaraq, saxlayıram. İlk dərs günümü gözəl xatirələrlə xatırlayıram. İlk dəfə məni rus bölməsinə qəbul etmişdilər. Daha sonra Azərbaycan bölməsinə keçdim. 2 həftə valideynlərim məni dərsə özləri apardılar. Onlar işləməyə məcbur olduqları üçün birinci sinifdən maşın yolunu keçərək Gənclikdəki 200 nömrəli məktəbə tək gedib-gəlməyə başladım. Mən də bütün şagirdləri, tələbələri “Bilik günü” münasibəti ilə təbrik edirəm. Onlara dərslərində müvəffəqiyyətlər arzulayıram”.
İstinadlar: Azvision.az, Apasport.az, Milli.az, Axsam.az, Show.az, Kaspi.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət