AMEA Gəncə Bölməsində “Elm günü” qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı Sərəncamla martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, bu gün AMEA-nın Gəncə Bölməsində də geniş şəkildə qeyd edilib. “Elm günü” münasibətilə keçirilən elmi-praktik konfransda son illərdə Qərb bölgəsində əldə edilmiş elmi nəticələrin hesabatı dinlənilib və əldə edilmiş elmi nailiyyətlərin sərgisi açılıb.
Elmi-praktik konfransda şəhərin elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə Gəncə Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq ölkə başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bugünkü elmi potensialı və ölkə başçısının diqqət və qayğısına cavab olaraq qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə regionda aqrar elm sahəsində aparılan tədqiqatlar və perspektivlər, bioresurslar sahəsində aparılan elmi-tədqiqat işləri və onların tətbiqi, Qərb bölgəsinin mütəfəkkirləri və klassikləri, Gəncədə tarixi araşdırmalar, regionun ekoloji tarazlı və digər aktual elmi mövzularda məruzələr dinlənilib.
Uzun illər ərzində əldə olunan elmi nailiyyətlərə həsr olunan elmi nailiyyətlər sərgisi də konfrans iştirakçılarına təqdim olunub.
Sərgi ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə “Gəncə Elm Mərkəzi” kimi fəaliyyətə başlayan elm ocağının – AMEA-nın Gəncə Bölməsinin 40 ilə yaxın bir müddətdəki fəaliyyəti dövründə həyata keçirilən elmi və elmi-təşkilati işlərə bir tanışlıq, alimlərin elmi axtarışlarının nəticələri haqqında kiçik bir hesabat xarakteri daşıyıb.
Stendlərdə Heydər Əliyevin Gəncəyə səfərləri, əsgər və zəhmətkeşlərlə görüşlərinə aid şəkillər nümayiş etdirilib. Burada ulu öndərin son 40 ıldə partiya və hökumət fəalları ilə görüşlərinə aid şəkillər, Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı dövlətlərinin rəhbəri ilə görüşlərinə aid tarixi şəkillər də yer alır.
Stendlərdə AMEA-nın Gəncə Bölməsi əməkdaşlarının dünyanın aparıcı elmi jurnallarında, müxtəlif Avropa ölkələrində nəşr olunan kitab və elmi məqalələr nümayiş etdirilib. AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun nəşr etdiyi “Ulu öndər” kitabı, habelə Prezident İlham Əliyevin Gəncəyə səfərlərinə aid kitab da sərginin ekspozisiyasına daxil edilib. “Azərbaycan Respublikası hökumətinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında qərarları (1991-2018)” , “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və xronologiyası”, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı-Gəncə” və ”Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasından olan siyasi liderləri” kitabları nümayiş etdirilən nümunələr sırasında olub.
Humanitar Tədqiqatlar İnstitutunun stendində “Azərbaycan folkloru antologiyası - IX cild”, “Gəncə folkloru antologiyasının I.II,III cildləri”, “Gəncə adət-ənənələri” kitabları nümayiş etdirilib. “Azərbaycan məhəbbət dastanlarının poetikası” və “Azərbaycan folklorunda Xıdır Nəbi obrazı” kitabları da eksponatlar sırasında yer alıb.
Nizami Gəncəvi Mərkəzi sərgisində “Xəmsə” toplusu, habelə Nizaminin aforizmlərinin toplanaraq ingilis dilində nəşr edilən kitabları ilə təmsil olunub. N. Gəncəvinin yaradıcılığının tədqiqi ilə bağlı monoqrafiyalar da nümayiş etdirilən eksponatlar sırasındadır. Bölmənin nəşr etdiyi “Nizamişünaslıq” jurnalının nömrələri də iştirakçılara təqdim edilib.
Bölmənin Ekologiya və təbii ehtiyatlar, həmçinin Bioresurslar institutlarının əməkdaşlarının son illər apardığı elmi tədqiqatların nəticələri də sərgidə təqdim olunub.
Naftalan neftindən səhiyyədə müalicə məqsədilə istifadəsi və Qərb bölgəsində geniş yayılmış bitki ehtiyatları və aqrosənaye tullantılarından alınan bitki mənşəli yağlar maraq doğurub. Alınmış yağlar tibdə müalicə, kosmetikada məlhəm, lasyon və kremlərin hazırlanması üçün nəzərdə tutulur və elmi nailiyyətlər sərgisində nümayiş etdirilir.
Qeyd edək ki, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Bölməsi, üç universitet, dörd elmi-tədqiqat İnstitutu fəaliyyət göstərir. Burada 1 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 50-dən artıq elmlər doktoru, 560-dan çox fəlsəfə doktorları çalışır.
Azərbaycan elminin böyük təəssübkeşi və təşkilatçısı olan ümummilli lider Heydər Əliyev keçən əsrin 80-ci illərində ölkəmizin digər regionlarında olduğu kimi, Gəncədə də Elmlər Akademiyasının elmi mərkəzinin, Texnologiya Universitetinin yaradılmasına nail olmuşdur.
Ulu öndərimizin layiqli davamçısı, Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 19-da imzaladığı Sərəncamla Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 İnstitutun təmsil olunduğu bölmə yaradılıb. Bölmənin yaradılmasında əsas məqsəd Qərb regionunda elmin koordinasiyasının təşkili, elmi kadrların hazırlanması, bölgənin iqtisadi inkişafına cavab verən texnologiyaların istehsalata tətbiq edilməsi və regionun zəngin milli-mənəvi dəyərlərinin, tarixi irsinin və görkəmli mütəfəkkirlərinin, klassiklərinin həyat və yaradıcılığının öyrənilməsidir.
Ölkə rəhbərliyinin elmə və təhsilə qayğısının nəticəsidir ki, respublikamızda ilk dəfə Azərbaycan alimlərinin birinci qurultayı keçirilmiş, digər bölgələrdə olduğu kimi, Gəncə şəhərində də elm festivalı təşkil edilib.
Tədbirdə son illər elmi fəaliyyəti ilə fərqlənən alimlər, “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qalibləri Fəxri fərman, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Konfrans iştirakçıları adından AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət qəbul olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət