Slimfit
  1. AZƏRBAYCAN

83 yaşlı bayraq sevdalısı: “Arzum torpaqlarımızın müharibə yolu ilə azad edilməsidir”

83 yaşlı bayraq sevdalısı: “Arzum torpaqlarımızın müharibə yolu ilə azad edilməsidir”
Sakura

1991-ci ildə Ağdamda dalğlalanan bayraq hələ də düşmənə göz dağı verir…

1991-ci ilin əvvəlində cəbhədə qızğın döyüşlər gedən vaxt könüllülər düşmən qarşısında milli bayrağımızı dalğalandıraraq düşmənə psixoloji zərbə də vurmaq istəyirdilər. Könüllülərdən ibarət dəstənin komandiri Məmmədalı bəy döyüşçülərə əmr verir ki, tezliklə üç rəngli dövlət bayrağı əldə etmək lazımdır. Həmin vaxt da bayraq tapmaq çox çətin olub. 

Günlərin birində dəstənin tərkibində döyüşən Qasım Bağırov bu işi anasının bacaracağını bildirir. Bazardan qalın göy, qırmızı, yaşıl parça alıb yollanırlar Laçın Bağırovanın evinə… Cərəyan edən sonrakı hadisələri Tovuz rayonunun Ağdam kənd sakini 83 yaşlı Laçın Bağırova özü danışacaq…

- Salam, Laçın nənə. Xoş gördük... Necəsiniz?


- Salam ay bala xoş vaxtınız olsun. Xoş gəldiniz. Necə olacam? Qocalıqdır da.. Daha gözüm də görmür. Bir təhər yaşayıram da… Allah siznən belə övladlarıma dəyməsin. Əvvəlki çətin illərə baxıram və bu gün doğulduğum bu kənddəyəmsə, deməli özümü qismən xoşbəxt hesab edə bilərəm. Qarabağsız əsla bu hisslər ürəyimdə tam olmaz. Desən ki, yaş qocaldır insanı, nə əlaqəsi var. Yox deyərəm. Fikir kimi insanı məhv edən ikinci bir xəstəlik yoxdur. 

- Laçın nənə ilk dəfə qərb bölgəsində bayrağı məhz siz tikmisiniz. Bu necə baş verdi? Bunu kim sizdən xahiş etdi?

- Oğul bu ana kimi yadımdadır. Oğlum Qasımla onun komandiri Məmmədalı gəldilər ki, ay Laçın ana bizə təcili bayraq lazımdır tikə bilərsənmi? Dedim oğul, sevə-sevə tikərəm. Getdilər bazardan bayraq üçün qalın üç rəngdə parça aldılar. Gəldim maşının dalına keçdim. Biri böyük, dörd dənə də bir az balaca bayraq tikdim. Oğlum da o bayraqların üzərinə ağ parçadan ay-ulduz kəsdi. Onu da tikib əsgərlərimizə verdim. Sevinə-sevinə, oynaya-oynaya apardılar. Balaca bayraqları da nəvələrimə verdim. Birini də o vaxtki kənd Sovetinə verdim, o da aparıb binanın üzərindən asdı. Ay bala indi sənə danışdıqca gözlərim yaşarır, kino lenti kimi gözümün önündən gəllib keçir. Qürur hissi keçirməklə yanaşı, həm də üzülürəm. Mən o əsgərlərə mənəvi ana olmuşam. Yaralıların dadına qaçanlardan biri də mən olmuşam. Oğlum Qasım kimi onlar da mənim balam idi. Allah şəhidlərimizə rəhmət eləsin. Qalanlara da can sağlığı arzu edirəm.

- Laçın nənə bəs bayrağın ölçüsünü rənglərini necə uyğun bilib tikdiniz?


- Mənə gətirib bir şəkil verdilər. Rənglərə baxdım. Şəkildə də rənglər solmuşdu. Yaxşıca tikdim. Qalın etdim ki, külək cırmasın. Ölçüsünü də elə Allah ümidinə elədim. Dedim nə qədər böyük olsa, bir o qədər çox göz çıxardar. Elə də oldu. Gerisini Qasım bilir. Bayrağı onlar apardı.

- Qasım bəy, sizin də hər vaxtınız xeyir. Siz də bu əlamətdar hadisə barədə danışın… Bayrağı harada dalğalandırdınız ?

- Əvvəla xoş gəlmisiniz. Çox sağ olun ki, bu tarixi hadisəni işıqlandırırsınız. O gün çox möhtəşəm gün idi. Sanki, əlimizdə düşmənə qarşı çox güclü silahımız var idi. Bayraq bizdə o qədər ruh yüksəkliyi yaratdı ki, az qalırdıq silahsız gedib bayrağı düşmənin qarşısında dalğalandıraq. 


Deməli 1991-ci ilin 31 dekabrı idi. Komandir dedi ki, bu gün ermənilərin yeyib-içdiyini burunlarından tökməliyik. Axşam üstü düşmənə tərəf hücuma keçdik. Onların bizdən işğal etdiyi postu geri aldıq. Oradan da onların bayrağını endirdik. İlk dəfə qərb bölgəsində düşmən qarşısında bayrağımızı biz dalğalandırdıq. Bayrağın asılma şərəfinə parad keçidi edib, havaya yaylım atəşi də açdıq. 

O gündən müstəqillik qazanan bu günədək o bayraq o dirəkdən enmədi. Buna imkan da vermədik. O bayraq ən müqəddəs and yerimiz olmuşdu. Hamımız o başımızın üstündəki müqəddəs bayrağa and olsun deyib bir-birimizə sözümüzü deyirdik. O bayraq uğrunda çox qardaşlarım şəhid oldu, yaralalanlar oldu. Yenə də biz onu qoruduq. Sonra milli ordumuza təhvil verdik. Bütün bunların da baş tutmasının əsas səbəbkarı anamdır. Mən onun və onun simasında bütün anaların əllərindən öpürəm. Allah analarımızı var eləsin.


- Laçın nənə, deyirlər o vaxt bu bayrağı tikəndə demisiniz ki, daha bir övladım oldu… Doğrudurmu?

- Əlbəttə demişəm, bayrağa balam demişəm. Onu bu kəndə elə, obaya mən bəxş eləmişəm. Mənim 4 balam var. O bayraq da beşinci balam oldu. İndi də o bayrağa balam deyirəm. Onun yüksəklərdə olması üçün canımı da verərəm. İndi hər gün eviminin içində də bayrağım var. Onu da öpürəm. Bu həyətə çıxıram. Bax o bayrağa baxıram hər gün. Ürəyim açılır.

- Laçın nənə, bəs əlinizdəki Türk bayrağına sevginiz necə yarandı?


- Ay bala, bu bayraq da bizimkidir. Buna da al bayraq deyirəm. Biz də türk kökənliyik. Türklər tarixən bizə qardaş, arxa-dayaq olublar. Ona görə, onların da bayrağı mənə əzizdir. Bu bayrağı da Türkiyədən nəvələrimə gətirtmişəm. Türkiyəli qardaşlarımıza, bayraqlarına sevgim sonsuzdur… 

- Nənə, bu yaşda həyatdan son istəyiniz nədir?

- Yenidən cavanlaşmağı istəməyəcəm ki… Əlbəttə işğalda olan torpaqları yenidən azadlıqda görmək istəyirəm. Bu dediklərimi də yaz. Yaz ki, Laçın nənəm dedi ki, mən torpaqlarımızın müharibə yolu ilə azad olunmasını istəyirəm. İndi ölkəmiz də, ordumuz da güclüdür. O tufanı, o divanı ermənilərə tutmaq lazımdır. 

Bəlkə də məni qınayacaqlar ki, gör qoca yaşında nə istəyir. Amma mənim yaşadıqlarımı gərək bilən, görən ola.. Sonra mənə haqq qazandırarlar. Bax bu ahıl yaşımda yenə bu zəif gözlərimlə yenidən bir bayraq tikərəm ki, o da elə adını daşıdığım Laçına, Laçın dəhlizinə sancılsın. Allahdan bu günü görmək üçün möhlət istəyirəm.

 

Mənbə: Femida.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR