Slimfit
  1. AZƏRBAYCAN

20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Sakura

20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və  azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi bir il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.

1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

         Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.

 

“Şit” təşkilatı ekspertlərinin hesabatından:

  • adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
  • xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
  • adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
  • “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannəməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avorpada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqalədə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-cı ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi ( 1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa muqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

 

 

Hadisəyə dünyanın reaksiyası

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır.

Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları  pislənmişdir. Eyni zamanda Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər.

İranın milli təhlükəsizlik şurası yığıncaq keçirmiş və bu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir. İran prezidenti Rəfsəncani və İranın dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.

Bununla yanaşı, Türkiyə və İranın  kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın adlandırmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət  olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqınin rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğu bildirmişdir.

Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-york Tayms”, “Baltimor San” mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında  Bakıda baş verən hadisələrə,  xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi.

Sovet rəhbərləri ordunun Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər. O vaxtki SSRİ-nin xarici işlər naziri Şevarnadze ordunun müdaxiləsini yalnız qan tökülməsinin qarşısını almaq üçün göndərildiyini bildirmişdir. Sovet xarici işlər nazirinin bu bəyanatı müdafiə naziri Yazovun bəyanatı ilə ziddiyyət təşkil edirdi. Müdafiə naziri öz bəyanatında Bakıda hakimiyyətin ələ keçirilməsinin qarşısını almaq üçün hərbi hissələrin göndərildiyini bildirmişdir.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ili yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”.

Daxili işlər naziri Bakatin isə, yanvarın 21-də Azərbaycan daxili işlər nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, “əgər siz (Azərbaycan xalqı nəzərdə tutulur– E.Ə.) sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci ilin aprelin 27-də  Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov  İstambulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Sovet İttifaqının 1990-cı ilin yanvarındakı cinayətkar hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin qarşısını almağa yönəlmişdi. Bu barədə Amerikalı konqresmen Din Heller bu qanlı hadisədən 20 il sonra  Azərbaycan diasporuna göndərdiyi məktubda bildirmişdir:

"20 il əvvəl Azərbaycanda Sovet imperiyasının son amansızlıqlarından biri baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqı arasında yayılmış SSRİ-dən azad olmaq istəklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan paytaxtına daxil oldu. "Qanlı Yanvar" adını almış hadisələr zamanı 100-dən çox Azərbaycan vətəndaşı öldürüldü və yaralandı".

Onun sözlərinə görə, "Qanlı Yanvar" Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Dünyada hər kəsin "Qanlı Yanvar" faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir".

 

20 yanvar hadisələrinə siyasi qiymət verilməsi

O zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcəvüzkar olan faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

 

 

Elçin ƏHMƏDOV

                    AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

Mənbə: Karabakh.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR