Slimfit
  1. MEDİA

2 aprel - Beynəlxalq uşaq kitabı günüdür

2 aprel - Beynəlxalq uşaq kitabı günüdür
Sakura

2 aprel - Beynəlxalq uşaq kitabı günüdür

 “Uşaq kitabları tərbiyə üçün yazılır, tərbiyə isə böyük işdir:

o, insanın taleyini həll edir.”

V.Belinski

 

1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən aprelin 2-si Beynəlxalq uşaq kitabı günü kimi təsis edilib. Bu tarix məhz 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya  göz açdığı günün şərəfinə təsis edilib. Beynəlxalq uşaq kitabı gününün bu tarixdə keçirilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub. Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltmək bu əlamətdar günün keçirilməsində əsas məqsəddir.

Təcrübə göstərir ki, bir ata və ananın uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Hər bir uşaq erkən yaşlarından etibarən kitabla tanış olmalıdır.

Uşağınızın vücudunu bəsləyəcək qidalar seçdiyiniz kimi, ağlını, ruhunu, qəlbini, qabiliyyətlərini bəsləyəcək, qidalandıracaq kitablarda da seçici olmalısınız. Məsələn, ancaq “oxumaqla” bitməyən, insani, duyğuları bəsləyən, özünə və insanlığa faydalı, təfəkkür və düşüncəni zənginləşdirən, estetik zövqünü, hisslərini formalaşdıran, səviyyə qazandıran mütaliə hər yaşda mütləqdir. Əslən Kanadalı olan yazıçı Alberto Manguel jele deyilən şirniyyat növünü ilk dəfə oxuduğu bir kitabda daddığını deyir. Manguel, jeleni oxuduqlarından sonra qurduğu aləmdə deyil, gerçəkdən ilk dəfə daddığında xəyal qırıqlığına uğramışdır. “Jele heç görmədiyim; amma Enid Blitonun (İngiltərə uşaq roman yazıçısı) kitablarından tanıdığım, sehir dolu bir şirniyyatdı və sonunda dadına baxdığımda ləzzəti, oxuyarkən mənə verdiyi doyumsuz dadın yanından belə keçə bilmədi”. Bax budur oxumağın gücü!

Uşaqlar üçün kitab seçərkən yaş dövründən irəli gələn daxili ehtiyacları da nəzərə alınmalıdır. Uşaqların təməl ehtiyacı sevgi ehtiyacıdır ki, bu hiss onlarda güvən hissini formalaşdırır. Sevgi hissini onlar ailədə və ailə münasibətlərində tanıyır və öyrənir. Buna görə xoşbəxt ailə hekayələrini anladan maraqlı hekayələri uşaqlar sevə-sevə oxuyurlar. Uğur qazanmaq ehtiyacını uşaqlara erkən yaşlarından oxunan qəhrəmanlıq dastanları, nağıllar və buna bənzər hekayələr ödəyir. Uşaq böyüdükcə özünü ruhən bu qəhrəmanlara oxşadır, daim birincilik və uğur qazanmağa can atır. Digər bir ehtiyac isə uşaqların sosial çevrə qazanmaq ehtiyacıdır. Bu mövzuda yazılmış əsərlər, tənha insanların yaşadıqları hisslər, keçirdikləri iztirablar, problemlərini necə həll etdikləri uşaqların düşünərək nəticə çıxarmasına kömək edir. İlon Maskdan soruşanda ki, hansı kitabları öz müəllimi hesab edir, o heç düşünmədən bir neçə bioqrafik kitab adı çəkir. Doğurdan da avtobioqrafik əsərlər bizə başqalarının səhvlərindən və uğurlarından öyrənməyə imkan verir. Hər bir insan özünün qeyri-adi həyatını yaşayır və qeyri-adi hadisələrlə qarşılaşır. Və bu ilk növbədə haqqında kitab yazılan insanlara aiddir.

Bizim uşaqlar ən əvvəl milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış olmalıdırlar. İstər məktəbdə, istərsə də ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək: “Kitablar sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcək, sevəcək, nifrət edəcəksiniz. Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Ən mühümü yaşamağı öyrənəcəksiniz. Çox vaxt bizə heç kimdən öyrənə bilməyəcəklərimizi kitablar öyrədir”. 

Uşaqkən oxunan kitabların təsiri çox güclü olur. Ona görə də şüurda və ya şüuraltı təsiri ömür boyu silinmir. Uşaqlarımızın oxuduqları kitabların pislik yox yaxşılıq, qorxu və gərginlik yox, sevgi və hörmət, xeyrixahlıq bəsləyən, kin və nifrətin yox, doğruluq və ədalətin qalib gəldiyini təbliğ etməsinə diqqət edilməlidir. Pis əməlləri çox təsvir edən kitabları oxumaq uşaq ruhunu hüzursuz və narahat edər. Hələ bir də bu beyin yaxşılıq və gözəlliklərdən xəbərsiz bir təmiz uşaq beyindirsə əgər... Unutmayın “oğruya yol göstərən” filmlər olduğu kimi, kitablar da çoxdur. Dünyəvi və milli dəyərlərə sığmayan eybəcərliklər reklam oluna-oluna dəyərsizlər, dəyər sayılmağa başlamışdır. Həm də bu yalnız bizim ölkəmizdə deyil bütün dünyada getdikcə özünü daha qabarıq şəkildə göstərməkdədir.

Sevindirici haldır ki, bu gün heç kimin kitab tapmaq kimi bir çətinliyi yoxdur. Ancaq əksinə başqa bir problem yaranmışdır – kitab çoxdur. Yalnız onlardan çox az hissəsi onlara vaxt sərf ediləcək dəyərə sahibdir. Sizin asanlıqla verə bilməyəcəyiniz çox şeyi uşağınıza kitablar qazandırır. Fəqət onlar da verdiklərini dərin izlərlə aşılamalı, xəyal dünyasını zənginləşdirməli, uşağa xəyal qurmağı öyrətməlidir. Müəllif və kitab sayı hamısını oxuya bilməyəcəyimiz qədər çoxdur. Ona görə də uşağın seçilmiş kitablar və müəlliflərlə böyüməsinə çalışın. Populyar kitabların heç də həmişə səviyyəli kitablar olmadığını uşağa izah edin.

Müasir dövrdə cəmiyyətdə və məişətdə baş verən dəyişikliklər ailə mühitində uşaq tərbiyəsinə də təsir etmişdir. Bu günkü tərbiyə üsulları uşaqların maraqlarının nəzərə alınmasını tələb edir. Uşaqların kitab oxuması üçün maraq və həvəsin, digər bir sıra stimullaşdırıcı amillərin olması şərtdir. Dünyanın inkişaf etmiş ölkələrində bununla bağlı müxtəlif təcrübələr mövcuddur.

Dünyanın inkişaf etmiş ölkələri olan ABŞ-da, Rusiyada, Fransada, Yaponiyada, Almaniyada və başqa ölkələrdə uşaqların yüksək səviyyədə təhsil almaları, milli mədəniyyət və ənənələrə sadiq vətəndaş kimi yetişmələri, eləcə də dünya sivilizasiyasının gələcək istiqamətini müəyyən edə bilən şəxsiyyət kimi formalaşmaları üçün xüsusi dövlət sənədləri – doktrinalar hazırlanmışdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında “Amerika 2000-ci il”, “Ailəvi savadlanma və kitabxanalar” proqramı hazırlanmışdır. Proqramda “hər bir ailə öz uşaqları ilə birlikdə nə oxumalı və necə oxumalı” məsələsi qoyulmuşdur. Amerika Birləşmiş Ştatlarında uşaqların və gənclərin mütaliəsinə rəhbərlik işi ilə əlaqədar ailə, məktəb və kitabxanaların əlbir fəaliyyəti üzrə model fəaliyyət göstərir ki, həmin model bir sıra Avropa ölkələrində və Yaponiyada da tətbiq edilməyə başlamışdır. Bu modelə əsasən Amerikada uşaqlar 4 yaşından valideynlərinin şəxsiyyət vəsiqəsilə kitabxanalara oxucu kimi qəbul edilir. Onlara oxucu vəsiqəsi verilirdi. Həmin vəsiqələr ölkədə “uşaqlar üçün mühüm hədiyyə” kimi qiymətləndirilirdi.

XXI-əsrin əvvəllərində Qərbdə mütaliə təcrübəsi insan kapitalına nail olmaq vasitəsi kimi üstünlük təşkil etməyə başlamışdır. İnsan kapitalı anlayışı biliklər, intellekt, ünsiyyət təcrübəsi və şəxsi yaradıcılığın reallaşdırılması deməkdir. Bu praqmatik termin – “insan kapitalı” – son zamanlar bizim də leksikamıza daxil olub. O, müasir Azərbaycanın işgüzar həyatının ruhuna uyğun səslənir. Maliyyə kapitalı kimi mütaliə və oxuya əsaslanan insan kapitalı da inkişaf və istifadə imkanlarına malikdir, onları səxavətlə başqaları ilə paylaşmaq olar və bundan o heç də azalmaz.

Səyyarə Məmmədova

AMEA Mərkəzi Elmi Kitabxanasının

İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR