Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
2019-cu il martın 18-də Azərbaycan Respublikasının Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) ölümünün 40 ili tamam olur.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, martın 18də saat 12.00-da İkinci Fəxri Xiyabanda Xan Şuşinskinin ölüm günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq.
Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutmuşdur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlamış, tanınmış sənətkar İslam Abdullayevdən dərs almışdır. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir.
Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqa xidmət etmişdir.
Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmış, Azərbaycan muğamlarını zənginləşdirmiş, bir neçə muğama yeni xallar, güşə və şöbələr əlavə etmişdir. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətçi oxuduğu muğamlarda gəzişmə və zəngülələrdən məharətlə istifadə etmişdir.
O, 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir. Vaxtilə onun böyük məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına əbədi həkk olunmuşdur.
Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirmişdir. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olmuşdur. O, öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.
1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə sənətkarın çıxışı yüksək qiymətləndirilmişdir.
Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olmuşdur. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə, bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf etmişdir.
1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur.
Xan Şuşinski 1979-cu il martın 18-də vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət