Uşaqlarda kitaba maraq necə yaradılmalıdır? - Psixoloq rəyi
Uşaqlarda məktəbə, təhsilə və kitaba maraq yaratmaq üçün nələr edilməlidir? Niyə uşaqlar məktəbə nifrət edir, kitaba maraq göstərmirlər?
Metbuat.az bu suallarla psixoloqlara müraciət edib.
Psixoloq Gülnar Orucova bildirib ki, bu məsələdə əsas yük valideynlərin üzərinə düşür:
“Bugün valideynlər istəyirlər ki, özləri bütün gün gəzsinlər, öz işlərində olsun və uşaqları kitab oxusun, kitab düşməsin əlindən. Ancaq belə deyil. Əgər bir uşaq gözünü açandan ana-atanın əlində telefon görürsə, o daha çox telefona maraq göstərəcək, kitaba yox. Amma o görsə ki, ana-ata kitab oxuyur, uşaq da kitab oxuyacaq. Əgər biz uşağa kitabı sevdirmək istəyiriksə, ilk öncə özümüz kitab oxumalıyıq. Bəzən elə ailələrdən elə uşaqlar çıxır ki, deyirlər “çobanın oğludur amma haralara gedib çıxdı”. Bəzən isə əksinə olaraq bir ziyalının uşağı elə şey edir ki, deyirlər “heyif bu ziyalıdan belə uşağı oldu”. Bunun səbəbi odur ki, valideynlər ailədə uşağa hər şeyi vermək istəyir".
Psixoloq düşünür ki, uşağı hər şeylə təmin etdikdə onun motivasiya mənbəyi qalmır:
"Məsələn, məktəbə aparanda çantasını da valideyn özü daşıyır, səbəbini soruşanda deyir ki, övladıma əziyyət olar. Anlamırlar ki, bugün o uşaq o çantanı daşımırsa, sabah o başqa məsuliyyətindən də boyun qaçıracaq. Sabah biz onun ailəsini və 2 uşağını da daşımalı olacağıq.Ona görə də uşağın hər istədiyini vermək lazım deyil, ona motivasiya mənbəyi saxlamaq lazımdır. Məsələn, mənim övladım xaricə, Avropaya getmək istəyir, lakin mən pnu ancaq Türkiyəyə, Gürcüstana apara bilirəmsə o artıq başa düşür ki, Avropaya getmək üçün özü oxumalı, çalışmalıdır, özü onu əldə etməlidir. Fikir verin, əsasən kasıb ailələrin uşaqları yüksən bal toplayırlar. Çünki oxuyub o məqsədə çatmaq istəyirlər”.
Psixoloq İlhamə Musaqızı bildirib ki, bunun üçün ilk öncə özümüz kitabı sevməli, mütaliə etməliyik:
“Uşaqda kitaba, təhsilə marağın yaradılmasında ilk öncə pedaqoqun və valideynin məsuliyyəti çox böyükdür. Mən uşaqlara kurikulum sistemi ilə dərs keçilməsinin tərəfdarı deyiləm. Bu sistemdə uşaqlara çox böyük yük düşür, məktəb dərslərindən o qədər beyinləri yorulur ki, uşaqlar artıq aqressivləşməyə başlayıblar. Uşağın təhsilə marağının artırılması üçün gərək 4 yaşından valideynlər özləri uşaqla məşğul olsunlar. Disleksiya, disqrafiya problemləri uşaqlar olur, bu problemi bilməyən pedaqoq deyir ki, uşaq dərs oxumur. Əslində bu problemin də həll edilməsi lazımdır. Çünki bu cür uşaqların dərsə maraqları qəti olmur. Valideyn düşünür ki, bu uşaq özünü pis aparır, dəcəllik edir və özü oxumaq istəmir. Əslində isə belə deyil. Əksinə bu halda uşağı danlamaqla onun daha da dərsdən soyumasına səbəb olurlar.”
Psisoloq həmçinin deyib ki, uşaqları kiçik yaşlarından ailədə necə formalaşdırsaq, cəmiyyətdə də o cür olacaqlar:
“Uşağın psixi və nitqi inkişafı 6 yaşına qədər formalaşır. 3 yaşından sonra uşaq öz seçimlərini edir, öz tələbləri yaranır. Hər şey təbii ki, ilk olaraq ailədən başlayır. Ailədə ata ananınbir-birinə qarşı hörməti varsa, sevgi varsa, uşağın xarakteri ona uyğun formalaşacaq. Əksinə ailədə aqressiya varsa xarakter də ona uyğun formalaşacaq. Həmçinin uşağın düşdüyü mühit, oxuduğu sinif, oradakı uşaqların davranışları, tərbiyəsi necədirsə uşağın xarakteri də ona uyğun formalaşır. Uşağın kiçik yaşlarından, ailədə şüuraltında nə formalaşıbsa, onu da düşdüyü mühitdən özünə götürəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət