Slimfit
  1. AZƏRBAYCANLI

Tiflis azərbaycanlılardan niyə qorxur? – Müsahibə

Tiflis azərbaycanlılardan niyə qorxur? – Müsahibə
Sakura

Tiflis azərbaycanlılardan niyə qorxur? – Müsahibə

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Marneulidəki mer seçkisiylə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:

- Zəlimxan müəllim, Marneulidə mer seçkisində seçki aktivliyi həddən artıq aşağı oldu. Seçicilərin fəallığının az olması nə ilə bağlıdır?

- Əksinə, bu artıq dördüncü seçkidir ki, soydaşlarımızda siyasətə, seçki prosesinə inam formalaşır. Onlar aktivlik, iradə nümayiş etdirir, hətta bu prosesdə həbs olunanlar, şərlənənlər də olur. Ancaq böyük bir mexanizm soydaşlarımızın aktivliyini, seçkiyə olan inamını söndürməklə məşğuldur və bunun başında da indiki hakimiyyət durur. İvanişvili hakimiyyəti bizim soydaşlarımızın siyasi-ictimai fəallığında maraqlı olmadığını nümayiş etdirir. Bütün saxtakarlıqlarla xalqa daha yaxın olan, xalqın etimadını qazanmış insanların hakimiyyət pilləsində irəliləməsinə əngəllər yaradır. Hakimiyyətin zərərli şilləsini yeyənlərdən biri də Əhməd İmamquliyevdir (Avropa Gürcüstanı Partiyasının Marneulidə mer vəzifəsinə namizədi – red.). Bu o deməkdir ki, hakimiyyət vətəndaş fəallığını öldürmək üçün bütün vasitələrdən istifadə etdiyi kimi, seçkinin də hakimiyyətə gəlmənin yeganə variant olmadığını sübut eləməyə çalışır. Yəni başqa variant nədir? Zorakılıq, hiyləgərlik, saxtakarlıq?!

- Budəfəki mer seçkilərində namizədlərdən 4-ü azərbaycanlı idi. Bu, soydaşlarımızın aktivləşməsidir, yoxsa azərbaycanlıların səsini bölmək üçün plan?

- Bu, fəallıq göstəricisidir. Ancaq fikir verdinizsə, hakimiyyət elə seçim etdi ki, daha yüksək vəzifədə olan bir şəxsi - qubernator müavinini mer vəzifəsinə gətirdi. Faktiki olaraq qubernatorun müavini daha böyük vəzifə idi. Onu ora gətirməkdə məqsəd o idi ki, onların nəzarətindən kənar bir şey baş verməsin və bizim soydaşlarımızın iradəsi hakimiyyətə daşınmasın. Ancaq bu 4 nəfərin hamısı perspektiv vəd edən, siyasi təfəkkürü yetkin və siyasi proseslərin içində olan gəncdir. Ola bilər ki, bu proseslər bölgədə gələcəkdə saxtakarlıqla qarşısının alınması mümkün olmayan liderlərin yetişməsinə gətirib çıxarsın. Soydaşlarımız uzun zaman hakimiyyəti tərifləmək, hakimiyyəti alqışlamaq, hakimiyyətdən kənar bir iş görməyin yasaq olması kimi zərərli tendensiyanın içində idilər. İndi isə artıq müstəqil iradə, mübarizə gəlir. Bunun özü də gələcək üçün müsbət haldır.

- Marnuelidən Zaur Darğallı qalib gəldi. Ancaq qubernatorun sabiq müavini Zaur Darğallı İvanişvilinin rəhbər olduğu Gürcü Arzusunun üzvüdür. Sizcə, İvanişvilinin namizədinin seçkidə qalib gəlməsi Marneuli üçün yaxşı nə vəd edir?

- Ümumilikdə İvanişvili hakimiyyəti indiyə qədər nəzərə çarpacaq dərəcədə böyük işlər həyata keçirməyib. Əksinə, bizim soydaşlarımızın mədəni və sosial inkişafını əngəlləmək üçün bir sıra neqativlərə yol verib. Məsələn, Marnuelidə Mədəniyyət Mərkəzinin fəaliyyəti dayandırılıb. Gürcüstandakı indiki hakimiyyət bizə lazım olduğu kimi yox, yanlış baxır. Bu baxımdan güman eləmirəm ki, hansısa pozitiv, ciddi dəyişiklik olsun.

 

-Soros Fondunun dəstəyi ilə Gürcüstanda araşdırma aparıldı və nəticədə məlum oldu ki, Gürcüstanda yaşayan etniklər arasında bələdiyyə şuralarında ən az aktivlik azərbaycanlılara məxsusdur. Son mer seçkiləri, eləcə də prezident seçkisindəki azərbaycanlıların aktivliyi bələdiyyə şuralarında da gələcəkdə azərbaycanlıların aktiv mövqedə yer almasına, özlərinin çoxluq təşkil etdiyi bölgələrin idarəçiliyini öz əllərinə keçirməsinə səbəb ola bilərmi?

- Əgər demokratiya inkişaf edəcəksə, geridönməz bir proses olacaqsa, hakimiyyətin mərkəzdənqaçma tendensiyası inkişaf edəcək. Bələdiyyələrin böyük səlahiyyəti olacaq, bələdiyyələrə insanların güvəni artacaq. Belə olduğu halda rəqabət mühiti yaranacaq. Ancaq indiki halda siz dediyiniz sorğunun nəticələri realdır, reallığı əks etdirir. Bizim bölgələrdə də bələdiyyəyə seçilənlərin əksəriyyəti hakimiyyətin nəzarəti altında olan və onların diktəsindən kənara addım atmaq ixtiyarında olmayan insanlardır. Marneuli bələdiyyəsində bir neçə şəxs var ki, onlar fərqli platforma irəli sürürlər, araşdırma aparırlar, hakimiyyətə təzyiq edirlər. Ancaq görünür soydaşlarımız seçki hüququndan daha çox bəhrələnmək istiqamətində iş görməlidir. Biz də, bizim media da orada yaşayan soydaşlarımızı siyasətə cəlb etməkdə həvəsləndirməliyik. Soydaşlarımız başa düşməlidir ki, onlar siyasətdən uzaqlaşdıqca hakimiyyət başqalarının əlinə keçəcək.

- Maraqlıdır, indiki hakimiyyət nədən qorxur?

- Bilirsiniz, soydaşlarımızın qurduğu partiyaların sayı artsa, siyasətlə aktiv məşğul olsalar, siyasi, sosial proqramlar həyata keçirsələr, bu, rəqabət mühitinin yaranmasına gətirib çıxaracaq. Bu da soydaşlarımızın bələdiyyələrdə fəallığını artıra bilər. Ancaq indiki halda soydaşlarımızın bələdiyyələrdə aktivliyi ölü vəziyyətindədir. Məsələn, bizim seçkidə iştirak edən namizədlərimizin seçicilərlə işləmək, görüşmək imkanları məhduddur. Bu, ümumi tendensiyadır. Soydaşlarımızın gerçək potensialının görünməməsi üçün hazırki gürcü hökuməti çox çalışır. Soydaşlarımızı motivasiya etməyə, həvəsləndirməyə imkan vermirlər. Orada yaşayan azərbaycanlılara qarşı bu həmişə olub. Saakaşvili dövründə durum nisbətən dəyişmişdi.

Ancaq gürcü hökuməti başa düşməlidir ki, bizim heç də məkrli planlarımız və iddialarımız yoxdur. Biz sadəcə səsimizin tanınmasını, bütün gürcü vətəndaşları kimi haqlarımızın qorunmasını istəyirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR