Slimfit
  1. CƏMİYYƏT

“Sovet dövründə olan xəritələr bizim maraqlarımıza cavab vermir” - Fikrət Sadıxov

“Sovet dövründə olan xəritələr bizim maraqlarımıza cavab vermir” - Fikrət Sadıxov
Sakura

“Sovet dövründə olan xəritələr bizim maraqlarımıza cavab vermir” - Fikrət Sadıxov

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib. Lakin daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq Paşinyanı təkzib edib.

"İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur.

Beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır”, - deyə Rəsmi Bakının bəyanatında bildirilib.

Bəs, Ermənistan niyə 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid edir? Sərhədlrin delimitasiyası üçün Azərbaycana hansı dövrün xəritələri məqbuldur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Fikrət Sadıxovun fikrincə, sovet dövründə olan xəritələr ölkəmizin maraqlarına cavab vermir.

“Söhbət ancaq 1991-ci ildə Alma-Atada imzalanan deklarasiyasından gedə bilər və o vaxt elə həmin o deklarasiya əsasında dövlətlərin sərhədləri şərti şəkildə müəyyən edildi. Sovet İttifaqının fəaliyyəti sona yetdi. Dövlətlər müstəqil bir istiqamətdə fəaliyyətlərini davam etdilər. Yəni hansısa illərə istinad etmək, düzgün bir addım deyil. Çünki axırıncı elə sənəd bu idi. Bu sənədə əsasən bütün məsələlər bizlə Ermənistan arasında həll olunmalıdır. Başqa bunun variantları ola bilməz".

Onun sözlərinə görə, Ermənistan sadəcə çabalayır, çalışır ki, hansısa xəritələri üzə çıxarsın.

“1975-ci ilin xəritələri Rusiyanın Baş qərargahının xəritələridir. Orda nələr var? Nələri nəzərdə tuturlar? Hansı məqamlara üstünlük verirlər? Hələ bilmək olmur. Düşünürəm ki, bizim bu istiqamətdə atdığımız addımlar və yürütdüyümüz siyasət daha düzgündür və Alma-Ata deklarasiyası bu məsələdə bizi sığortalayan bir sənəddir”.

“Azərbaycan 1918-20-ci il xəritələrini əsas götürə bilərmi” sualına gəlincə, politoloq qeyd etdi ki, əgər orada Qarabağın Azərbaycanda saxlanılması və olması məsələsi varsa, bu halda o xəritələri qəbul edə bilərik.

“Çünki Ermənistan bəzi hallarda hesab edir ki, həmin dövrdə Qarabağ ətrafında mübahisələr, münaqişələr var idi. Görünür ordan nəsə fayda çıxarmaq istəyir. Amma o dövrdə də Qarabağın Azərbaycanın tərkib hissəsi olması şərti ilə həmin xəritələri əsas kimi götürə bilə və istinad edə bilərik. Bu bizim maraqlarımıza cavab verə bilər, ancaq Ermənistan hansısa bir əngəl törətməsə”,-deyə Fikrət Sadıxov fikrini tamamladı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR