Slimfit
  1. AZƏRBAYCAN

Qarabağı azad etmək üçün Rusiya ilə necə anlaşmalı...

Qarabağı azad etmək üçün Rusiya ilə necə anlaşmalı...
Sakura

Qarabağı azad etmək üçün Rusiya ilə necə anlaşmalı...

Ekspert: “Britaniya, İsrail və Amerikanın birlikdə regionda götürülmüş gücü Kremlə adekvat tarazlıq yarada bilmir”

Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın razılığı olmadan həllinin mümkünsüzlüyü fikri illərdir səslənir. Hətta bir sıra siyasətçilər tez-tez bəyan edirlər ki, Ermənistanın qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmasını, torpaqlarımızın azad olunmasını istəyiriksə, Rusiya ilə anlaşmalıyıq, Rusiyaya nələrsə verməliyik. Bu cür yanaşma doğrudurmu? Rusiya ilə necə anlaşmaq olar? Azərbaycan Rusiyaya nə versə Qarabağı qaytara bilərik?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Rusiya bizim əzəli və əbədi qonşumuz, böyük dövlətdir:“Onun maraqlarını nəinki qonşuluqdakı bizim kimi nisbətən kiçik dövlətlər, heç ABŞ kimi supergüc inkar edib görməzdən gələ bilmir. Azərbaycana gəlincə, bizim hər şeyi Rusiyadan gözləməyimiz, bütün fəlakətlərdə Moskvanı günahlandırmamız, yaxud əksinə, hər şeyi onun edə biləcəyi təsəvvürü də yanlışdır. Biz Rusiyadan nə çox gözləntilərə qapılıb o baş vermədikdə məyusluğa qapılmalı, nə də onu inkar etməliyik. Rusiya ilə münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa və milli maraqlara söykənməlidir. Rusiyanın öz marağı var, bizim öz marağımız. Əsas odur ki, bu maraqlar qarşılıqlı təmin olunsun. Bizim Rusiya ilə münasibətimizdə əsas prioritet müstəqilliyimizə xələl gəlməməsi olmalıdır. Çünki Moskva təbii olaraq, fövqəldövlət statusunu bərpa etmək üçün periferiyalarda öz mövqeyini qoruyub-saxlamalı, onu gücləndirməli və digər güclərə öz nüfuz dairəsinə müdaxilə etməyə imkan verməməlidir. Azərbaycan bu vəziyyətdə münasibəti praqmatik şəkildə saxlamaqla Rusiyanın mənfi təsirini belə müsbətə yönəldə bilər. Azərbaycan üçün bu, çox çətindir. ABŞ, Avropa Birliyi, İran və Türkiyə qarşıdurmasında bu mümkünsüz kimi görünsə də, vəziyyət çıxılmaz deyil. Təbii ki, Rusiyanın Azərbaycanda geosiyasi, daxili siyasi, enerji, kommunikasiya marşrutları uğrunda rəqabət, iqtisadi, ən əsası isə bunları həyata keçirmək üçün hərbi maraqları və vasitələri vardır”.

Politoloq dedi ki, Rusiya üçün imkanlar və vasitələr heç zaman tükənmir, o, bir qrossmeysterdir və demək olar ki, həmişə səhvsiz oynayır, çox nadir hallarda səhv etsə belə, dərhal onu düzəldir: “Rusiya keçmiş sovet məkanını yalnız Yeltsin dövründə nisbətən sərbəst, nəzarətsiz buraxmışdı. Azərbaycanda həmin dövr İngiltərə, ABŞ və Türkiyənin təsirinin artdığı dövr idi. Hətta Çillər dövründə Türkiyə Azərbaycanda hakimiyyətin formalaşdırılması cəhdləri etmişdi. Lakin Rusiya və Britaniya bunun qarşısını ala bildi. Bu gün Britaniya, İsrail, Amerika Azərbaycanda təsir imkanları əldə etmək uğrunda mübarizə aparsalar da, yenə də onların birlikdə götürülmüş gücü Rusiyaya adekvat tarazlıq yarada bilmir. Təbii ki, Qarabağ məsələsində Rusiyanın təsir imkanları çox böyükdür. Hər halda, heç bir xarici güc bu təsiri zəiflətməyə, yaxud ona alternativ həll variantı təklif edib real olaraq problemi həll etməyə qadir deyil. Hər bir problemin öz həlli şərtləri var. Məsələn, ABŞ bir zamanlar İsrail və Misir arasında Kemp-Devid sazişini bağlatmağa müyəssər oldu, baxmayaraq ki, onda Misirin müttəfiqi SSRİ idi və onun qüdrəti indiki Rusiyadan daha artıq idi. Lakin o vaxtkı SSRİ-nin Misir üzərində təsiri indiki Rusiyanın Ermənistana təsirindən daha artıq deyildi. Üstəlik, bu cür sülhə imza atmaq güclü siyasi iradə tələb edir ki, Paşinyan da Ənvər Sədat ola bilməz.

Rusiya Qarabağ məsələsini təbii ki, Qafqazdakı geosiyasi mövcudluğunu saxlamağın vasitəsi kimi görür. Azərbaycanın Qərbə inteqrasiyada məsafəni qoruyub-saxlaması, NATO ilə əməkdaşlığın genişlənməməsi, Azərbaycanın Rusiyanın yaratdığı hərbi-siyasi, iqtisadi ittifaqlara qoşulması, daxili siyasi sistemimizin Rusiyanın istədiyi formada olması, Qarabağda sülhməramlı qüvvələr statusu altında Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi Dağlıq Qarabağı tam bizə qaytarmasa da, onun ətrafındakı işğal olunmuş rayonların geri verilməsinə təsir edə bilərdi. Lakin bütün bunlar Azərbaycanın indiyədək qazandığı müstəqillik nailiyyətlərinin üzərindən xətt çəkilməsi, suverenliyimizin, faktiki, məhdudlaşdırılması demək olardı. Odur ki, Azərbaycan çox çətin seçim qarşısında qala bilər - Qarabağsız müstəqillik, yoxsa qismən Qarabağla yarımmüstəqil Azərbaycan seçimi".

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Qarabağ konflikti Rusiyanın regionda geosiyasi maraqlarının qorunması və təsirinin qorunması üçün əsas vasitəsidir. Təbii ki, burada erməni millətçiliyi və Ermənistanın işğal faktoru da mühüm rol oynayır. Moskva məhz bu münaqişə  üzərindən Ermənistanı forpost  olaraq idarə edir, həmçinin  ölkəmizə qarşı  müəyyən təzyiq rıçaqlarını əlində saxlayır. Azərbaycan  öz müstəqilliyini və suverenliyini heç bir ölkəyə güzəşt etməz: “Biz danışıqları Ermənistanla aparırıq və demək olar ki, heç bir irəliləyiş əldə  etmək mümkün olmayıb. Bütün ədalətli həll formalarının Rusiya qarşısını alır. Rusiya faktoru olmasa Ermənistan  ərazilərdən ilkin şərt  olmadan çıxmağa məhkum olar. Azərbaycan  Moskva ilə konfedensial danışıqlar aparıb. Rusiyanın şərtləri o qədər ağırdır ki,  müstəqilliyimizi sual altına alır. Neft və qaz kəmərləri Rusiya ərazisindən keçməli, rus ordusu ölkəmizdə baza qurmalıdır. Bu, siyasi və iqtisadi müstəqilliyimizin itirilməsi deməkdir. Bu şərtlər çərçivəsində Dağlıq Qarabağı bizə qaytarmırlar, 5+2 formatında həll variantı çərçivəsində rus sülhməramlılar Qarabağa yerləşdirilir və Dağlıq Qarabağa aralıq status verilir. Yəni Dağlıq Qarabağ yenə də idarəçiliyimizə verilmir. Ölkəmiz Avrasiya İttifaqı və KTMT-yə daxil olarsa, Kreml Ermənistanı dəstəkləyərsə, yalnız bizə 5 rayon qaytarıla bilər. Hesab edirəm ki,  Moskva ədalətli mövqe ortaya qoyub, qonşuluq və tərəfdaşlıq anlayışı göstərərsə, bəli, danışıqlar Kremllə aparılmalıdır. Amma Moskvanın siyasəti bəlli olduğu üçün  proseslərdə real irəliləyiş yoxdur. Rəsmi Bakı yalnız Qərblə tərəfdaşlığı inkişaf etdirməlidir. Rusiya qarşısında manevr imkanlarına sahib olmalıdır. Ordumuzu gücləndirməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR