“Qarabağ” oyuna gec gəldiyi üçün cərimələndi
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Oxu.Az xəbər verir ki, iclasda bir neçə kluba cəzalar tətbiq olunması barədə qərarlar qəbul edilib.
Premyer Liqanın XVIII turunun “Sabah” – “Qarabağ” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub. “Sabah”ın paraqvaylı futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb, klub 200 manat cərimələnib.
“Neftçi” – “Səbail” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün qonaq klub 800 manat cərimə olunub.
I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən dörd dəqiqə gec başladığı üçün “Qarabağ” klubu 80 manat cərimələnib.
“Turan Tovuz” – “Neftç-2” matçında lazımi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.
“Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu səksən manat cərimə ödəməlidir.
“Sabah-2” – “Qaradağ Lökbatan” matçında qonaq komanda matçın ilkin protokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu eyni məbləğdə cərimələnib.
Futzal üzrə I Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə qonaq komanda təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət