“Qarabağ” ordenli XTQ zabiti: "Qazandığımız Zəfər xalqımızın tarixində ən uca zirvədə dayanır"
"Fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, öz adını bəşəriyyət tarixinə mütərəqqi, sivil dəyərlərə sadiq, humanist, sülhsevər, eyni zamanda, haqq və ədalət uğrunda savaşmağı bacaran bir xalq kimi həkk etdirmiş Azərbaycan xalqı da Sizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər salnaməsini yazaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi".
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu fikirləri Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, “Qarabağ” ordenli Polad Feyzullayev Zəfər Günü münasibətilə Şuşada Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Cənab Müzəffər Ali Baş Komandan.
Cənab generallar, zabitlər, gizirlər və əsgərlər.
Hörmətli tədbir iştirakçıları.
Mən fəxr edirəm ki, bu gün burada qarşınızda qalib bir Ordunun zabiti olaraq çıxış edirəm.
Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında və qətiyyətiniz, iradəniz sayəsində bu məsuliyyətli və taleyüklü vəzifəni yerinə yetirdiyimiz üçün, ərazilərimizi düşmən işğalından azad etdiyimiz üçün mən də bütün xalqımız kimi, qürur duyuram. Bəşəriyyət öz tarixi boyunca adı qələbə ilə simvollaşan müxtəlif xalqların, ölkələrin zəfər salnamələri yaratmasına şahidlik edir. Milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq, adını tarixə qələbə ilə, qəhrəmanlıqla yazdırmaq şərəfinə nail olublar.
Fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, öz adını bəşəriyyət tarixinə mütərəqqi, sivil dəyərlərə sadiq, humanist, sülhsevər, eyni zamanda, haqq və ədalət uğrunda savaşmağı bacaran bir xalq kimi həkk etdirmiş Azərbaycan xalqı da Sizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər salnaməsini yazaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Ordumuz Sizin əmrinizlə “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Sizin sərkərdəliyiniz sayəsində qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan tarixində indiyədək bundan böyük Qələbəmiz olmayıb. Qazandığımız Zəfər xalqımızın tarixində qələbələrin, zəfərlərin ən uca zirvəsində dayanır.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi və tarixi Zəfərimizin ilkin təməlləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu Zəfər Sizin, Ali Baş Komandanımızın qətiyyəti və mükəmməl sərkərdəlik bacarığı, xalqımızın dəstəyi, Ordumuzun yüksək döyüş hazırlığı sayəsində və şəhidlərimizin qanı bahasına qazanılmışdır. Bu Qələbə həm də ona görə qürurvericidir ki, Zəfərimiz naminə canından keçənlərin qısası döyüş meydanında alındı. Vətən müharibəsi bütün dünyaya xalqımızın nə qədər vətənpərvər, nə qədər qəhrəman olduğunu bir daha göstərdi. Milli birliyimizin, həmrəyliyimizin gücünü nümayiş etdirdi.
Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandanımızın tapşırığını istənilən yerdə, istənilən vaxt yerinə yetirməyə qadir olan rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!" - baş leytenant bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət