Postpandemiya dövründə həkimlərin sığortalanmasına və xüsusi geyimlərdən istifadəsinə ehtiyac varmı?…
Hazırkı pandemiya şəraitində tibb işçiləri koronavirusa yoluxa bilmə baxımından ən təhlükəli risk qrupuna daxil edilirlər. İnsan həyatı üçün kifayət qədər təhlükəli sayılan bu ölümcül virusa dünyada minlərlə tibb işçisi yoluxub. Onların arasında hətta dünyasını dəyişənlər də olub.
Bütün bunlar isə həkimlər üçün həyat sığortasının tətbiqi məsələsini aktual edir. Hazırkı vəziyyət bir daha bunu göstərdi ki, bu virus “ölsə” belə, dünya yeni viruslardan sığortalanmayıb və hər zaman yeni viruslarla qarşılaşma imkanı var. Bu halda yenə də əsas risk qrupu həkimlər olacaq. Gün ərzində müxtəlif növ xəstəliklərdən əziyyət çəkən insanları qəbul edən və onlarla təmasda olan həkimlərin geyindikləri ənənəvi “ağ xalat” onları, xüsusilə infeksionist həkimləri viruslardan qorumaya da bilər. Bu halda postpandemiya dövründə onlar üçün xüsusi uniformaların hazırlanaraq istifadəyə verilməsinə ehtiyac varmı?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, həyat sığortasının olması yalnız həkimlər üçün deyil, bütün peşə sahibləri üçün olduqca vacibdir:
“Həyat sığortasını bütün peşə sahibləri etsə, yaxşı olar. Bu sığortanın tətbiqi xüsusilə fövqəladə vəziyyətlərdə çalışan işçilər üçün vacibdir. Bu sıraya Fövqəladə Hallar Nazirliyinin işçiləri, həkimlər və digər kateqoriyaya aid olan işçilər daxildir”.
M.Quliyev hesab edir ki, həyat sığortası həm icbari, həm də könüllü formada tətbiq edilə bilər.
Postpandemiya dövründə həkimlər üçün yeni xüsusi geyim formalarının istifadəsi zərurətinin olub-olmasına gəldikdə, M.Quliyev buna ehtiyac olmadığı fikrindədir.
O qeyd edib ki, əsas məsələ həkimin xəstəyə infeksiya ötürməməsi və xəstədən infeksiya qəbul etməməsidir:
“Bunun üçün tələb olunan sanitar-gigiyenik normalara əməl edilməli, şəraitə uyğun olaraq, qoruyucu vasitələrdən istifadə edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatının da hansı şəraitdə hansı normalardan istifadə edilməsi ilə bağlı tövsiyələri olur. Hazırda koronavirusun yoluxma sürəti çox yüksək olduğundan və o, selikli qişalar vasitəsilə də insana keçə bildiyindən həkimlər xüsusi geyimlərdən istifadə edirlər. Amma elə epidemiya yaradan xəstəlik var ki, o, insanlara hava-damcı yolu ilə deyil, həşəratlar və s. ilə keçir. Bu halda həkimlərin xüsusi geyim formasından istifadə etməsinə ehtiyac qalmır. Buna görə də infeksiyanın xarakterinə uyğun geyim formalarının və qorucuyu vasitələrin seçilməsi düzgündür”.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev də Trend-ə açıqlamasında bildirib ki, həkimlər üçün həyat sığortasının tətbiqinin reallaşması olduqca yaxşı olar.
Həkimlərin xəstələrlə birbaşa təmasda olduğunu vurğulayan baş infeksionist bildirib ki, onlar xüsusi geyimlərdən istifadə etsələr də, təhlükəlilik məsələsi onlar üçün yenə də aktual olaraq qalır:
“Epidemiya dövründə xüsusi geyim formalarının istifadəsi olduqca vacibdir. Amma bu geyimlərin elə epidemiya dövründə istifadəsi, məncə, yetərlidir. Bu, həmin dövrdə onları infeksiyalardan qoruyur, epidemiya bitdikdən sonra isə həkimlərin xüsusi geyim formasından istifadə etməsinə ehtiyac qalmır. Epidemiya bitdikdən sonra həkimlərin, eləcə də infeksionist həkimlərin ənənəvi adi tibbi xalat geyinməsi kifayətdir. Həkim sadəcə, qarşısındakı xəstədə hansı xəstəliyin olduğunu müəyyən edərək ona uyğun qoruyucu tədbirlər görməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət