Polis qadağa qoysa da, “20 Yanvar” eyni vəziyyətdədir
Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması ilə bağlı “20 Yanvar” dairəsi, “Şamaxinka” və “3-ün kruqu” deyilən ərazidə yolun sağ zolağına taksilərin park etməsinə və dayanaraq sərnişin düşürtmələrinə qarşı reyd keçirildiyi açıqlayıb.
“Qafqazinfo”nun əməkdaşları bu gün həmin ərazilərdə olsa da, belə bir halla rastlaşmayıblar. Hazırda ərazidə yaşam və nəqliyyatın hərəkəti əvvəlki günlərdə olduğu kimi davam edir. Moskva prospektinin “Azərsu” ASC-nin sol tərəfindən keçən hissəsində 10-a yaxın taksi park vəziyyətdə müştəri gözləyir. Onlarla söhbət etdiyimiz zaman yanımızdan keçən BNA avtomobilindəki əməkdaş da uzaqdan taksi sürücüsü ilə salamlaşıb yoluna davam etdi.
Sürücülər isə ümumiyyətlə, son günlər heç bir reydin aparılmadığını bildiriblər: “Qabaqda kamera var, amma maşınları yaxın-yaxın saxlayırıq ki, ara məsafəsi az olsun, kamera nömrəni görə bilməsin”.
Sumqayıt, Xırdalan və Masazır tərəfdən gələn avtomobillər isə taksilərin arxasında maşınlarını saxlayıb, sərnişini düşürüb yollarına davam edirlər. “20 Yanvar” Şəhidlər Abidəsinin qarşısında isə bir Çevik Polis Xidməti avtomobili dayanmışdı. Onlar isə sadəcə əraziyə nəzarət edirdilər.
Körpünün altında park edən YPX avtomobilinə yaxınlaşıb polis əməkdaşından reyd aparıb-aparmadıqlarını soruşduq. Onlar heç bir xüsusi tədbir olmadığını, hər gün olduğu kimi ərazidə xidmət apardıqlarını qeyd ediblər: “Dayanma-durma Bakı Nəqliyyat Agentliyinə aiddir, ona görə biz sürücülərə bir şey deyə bilmirik. Sadəcə yolda hərəkəti tənzimləyirik. Yolun hərəkət hissəsində maşın saxlayanlara sadəcə “saxlama, sür” ya da “get” deyirik. Başqa heç nə edə bilmərik”.
“Velotrek”in qarşısında isə yenə də köhnə “Ford”lar metrodan çıxan adamları yığaraq Sumqayıta aparırlar. 6 tələbənin ölümündən sonra bu “Qazel”lər gözdən itsə də, yenidən ortaya çıxıblar. Sumqayıt və Xırdalan taksiləri də metronun Məmmədcəfər Cəfərov küçəsinə olan çıxışında yenə də öz fəaliyyətlərini davam etdirirlər. Sözdə reyd və gücləndirilmiş rejim olsada, əməldə bir yenilik yoxdur. Gücləndirilmiş rejimdə işləyənlər isə taksilər və “Qazel”lərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət