Onun namizədliyini Heydər Əliyev təklif etmişdi - Deputat
Hörmətli sədr, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Əvvəla, mən hörmətli Elmira Süleymanova haqqında bir neçə söz demək istərdim. Əslində onu bu gün burada görmək istərdim ki, bu xoş sözləri o özü eşitsin. E.Süleymanovanın namizədliyi dahi Heydər Əliyevin vaxtında, onun bilavasitə tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu. Və bu 16-17 ildə Elmira xanımın çoxşaxəli fəaliyyəti göz önündə idi.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova Yeni Ombudsman seçilməsi ilə bağlı Milli Məclisdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, E.Süleymanova Ombudsman institutunu sıfırdan yaradaraq, onu ölkəmizdə və ölkə hüdudlarından kənarda çox hörmətli bir quruma çevirib:
“Elmira xanım həmişə ədalətin tərəfində olub, sadə insanlar ona çox inanırdılar. Minlərlə məktub və şikayətlər məhz ona ünvanlanırdı. Və mən bilirəm ki, Elmira xanım bir dənə də şikayəti nəzərdən kənarda qoymayıb, çox vaxt onun həllinə nail olub.
Yüksək beynəlxalq tribunalardan Elmira xanım Süleymanova həmişə öz haqq səsini qaldıraraq, bizim ən ağrılı problemimizi, məcburi köçkün problemini, 100 minlərlə insanın öz yerlərindən didərgin salınmasını, onların hüquqlarının kobud şəkildə pozulmasını beynəlxalq ictimaiyyətə çatdırıb. Sözün qısası, Elmira Süleymanovanın fəaliyyətini çox yüksək qiymətləndirir, ona bizim Parlamentin adından minnətdarlıq bildirmək istərdim. Bu dəyərli xanıma möhkəm can sağlığı, uzun ömür arzulayıram. Yeni seçiləcək Ombudsmana isə bu ağır və dəyərli işdə uğurlar arzu edirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət