Ömrü uzadan tərəvəzlərin adları açıqlandı
Böyük Britaniyada Frensis Krik İnstitutunun alimləri müəyyən ediblər ki, kələm və brokkolidə olan kimyəvi maddələr mədə-bağırsaq traktatının işini dəstəkləyir və kolorektal xərçəngin qarşısını alır.
Oxu.Az xəbər verir ki, bu barədə “Medical Xpress” yazıb.
Kolorektal xərçəng ən geniş yayılmış bədxassəli şiş tipidir. Hər il 600 minə yaxın insanda bu xəstəlik aşkarlanır. Digər xərçəng xəstəlikləri kimi zaman ötdükcə bu xəstəliyin də başvermə riski yüksəlir.
Tədqiqatçılar nümayiş etdiriblər ki, tərkibində indol-3-karbinol maddəsi olan yemlə qidalanan gəmiricilərdə bağırsaqda daha az bədxassəli şiş yaranıb. Orqanizmdə indol-3-karbinol Brassica (kələm) növündən olan bitkilərin qəbulu zamanı istehsal olunur. Bu maddə aril karbohidrogen reseptoru (AhR) adlanan zülalı aktivləşdirir.
Məlum olub ki, AhR çatışmazlığı olan gəmiricilər bağırsaq xəstəliyindən daha çox əziyyət çəkirlər və bu, nəticədə bağırsaq xərçənginə gətirir. Lakin kələm pəhrizinə keçirilən heyvanlarda daha az bədxassəli şiş yaranıb.
AhR zülalının bağırsaqa təsiri zədələnmiş epitel toxumalarının bərpası ilə izah olunur. Bu birləşmə olmadan toxumalar qida maddələrini mənimsəyən və ya qoruyucu maddə ifraz edən hüceyrələrə çevrilə bilmirlər.
Alimlərin sözlərinə görə, tədqiqat nəticələri göstərir ki, bağırsaq xərçəngi sağlam pəhrizə əməl etməmək və qərbdə geniş yayılmış qidalanma tipinin nəticəsində inkişaf edir. Gələcəkdə tədqiqatçılar indol-3-karbinol tərkibli tərəvəzlərin şişlərlə mübarizədə faydasını sübut etməyi planlaşdırırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət