Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: teleavtomatlar

Nikola Teslanın gündəliyi: teleavtomatlar
Sakura

Nikola Teslanın gündəliyi: teleavtomatlar

Yanğın zamanı mənim üç yeni teleavtomatım məhv oldu.

Məsafədən idarə olunan maşın ideyası mənim ağlıma 1892-ci ildə, Avropadan Nyu-Yorka qayıdanda gəlmişdi. Hətta başlanğıcda bu ideyanın həyata keçirilməsi mənə çətin görünmüşdü. Lakin, onu bir neçə hissəyə ayırıb ayrı-ayrılıqda diqqətlə nəzərdən keçirdikdə bunun mümkünsüz olmayacağı qənaətinə gəlmişdim. Belə halla həyatımda bir neçə dəfə qarşılaşmışam, xəyallardan ixtiraya addım atmışam. Dərindən düşünəndə dünyada imkansız heç nə yoxdur.

Mən kifayət qədər sürətlə, bir-birinin ardınca üç təcrübi nümunə yaradıb tətbiqi sınaqlardan razı qalmışdım. Şübhəsiz, onlar hələ bəsit şəkildəydilər, lakin məsələ mürəkkəb quruluşda deyil, mənim ideyamın həyata keçməsindəydi. Mürəkkəb  quruluşlu modeli 1898-ci ildə Nyu-Yorkda baş tutmuş Elektrik Sərgisində nümayiş etdirmişdim. Bu məsələ üzərində xeyli-düşünüb daşındıqdan, ictimaiyyət qarşısına məhz hansı modeli çıxartmaq məsələsi üzərində baş sındırdıqdan sonra qayıq fikrində dayanmışdım. Suda yerdəyişmə daha səmərəli görünürdü, qurğunun özü isə özüyeriyən teleavtomatdan daha sadə quruluşa malik olmaqla asanlıqla hərəkət edə, pilləkənləri qalxa və başqa hərəkətləri yerinə yetirə bilirdi.

Mənim simsiz rabitə sahəsində uğurlarım hamıya məlumdur (Nikola Tesla simsiz  siqnalların ötürülməsiylə bağlı sınaqlara 1892-ci ildə başlamışdı. 1897-ci ildə 40 km məsafədə radio siqnalların ötürülməsinə nail olaraq radio rabitə sahəsində müəlliflik hüququ  üçün müraciət etmişdi ( 645576 və 649621 nömrəli müəlliflik hüququ). Tesla hər iki müəlliflik hüququnun qeydiyyatında bu gün tətbiq olunan ötürmə və qəbuledici sxemlərin əsas prinsiplərini təsvir etmişdi. 9 iyul 1897-ci ildə "Elektrik Review" jurnalına Tesla müsahibə vermişdi. Müsahibənin başlanğıcında deyilir: "Nikola Tesla tamamilə real simsiz rabitə nəzəriyyəsini yaratmış və real həyatda təcrübədən keçirmişdir. O, uzaq məsafədən əlaqə yarada bilən ötürücü və qəbuledici cihazlar hazırlamışdır. Bu iş zamanı isə inanılmaz dərəcədə az enerji istifadə edilir.” Tesla müsahibənin böyük əks- səda doğuracağına və radionun inkişafıyla maraqlanan sərmayəçilərin diqqətini cəlb edəcəyinə ümid bəsləyirdi.  Lakin, təəssüf doğursa da. bu baş vermədi. 1897-ci ildə siqnalların uzaq məsafələrə simsiz ötürülməsi ideyası kifayət qədər həssas mövzu olduğundan inamsızlıq doğururdu. Sonradan Tesla 1898-ci ildə Nyu-Yorkda keçirilmiş Elektrik Sərgisində radio nəzarət modelinin nümayiş etdirməyə  qərar verdi, lakin bu nümayiş də gözlənilən diqqətin cəlb edə bilmədi). Bu haqda artıq yazdığımdan məsələyə bir daha qayıtmaq istəmirəm, üstəlik indi ixtiralarım barədə deyil, onlar ətrafında baş verən hadisələr, həyatım, insanlarla münasibətlərim, ümidlərim və məyusluqlarım barədə danışmaq istəyirəm.

Bundan sonrakı xəyallarım cəmiyyətin mənim teleavtomatımı necə qavrayacağıyla bağlıydı. Böyük adamlar bəzən kiçik uşaqlar kimi hərəkət edirlər. Yeməyi çeynəyib ağızlarına qoyursan, onlarsa kiçicik bir işi edə, onu uda bilmirlər. Mən hələ gəncliyimdə öz var-dövlətini miras almadan öz zəhməti sayəsində əldə etmiş insanlara xüsusi ehtiramla yanaşırdım. Mənə elə gəlirdi,  bu adamlar inanılmaz dərəcədə ağıllıdırlar, yoxsa bu qədər varlana bilməzdilər. Lakin sonralarda ağlın bu məsələlərdə əsas rola malik olmadığını başa düşdüm. Ağıl özünə inam, bəxt və amansızlıqdan sonra dördüncü yerdə gəlir. Amerikanın pul nəhəngləri mənim ideyalarımın böyük hissəsini ciddi şəkildə dəyərləndirə bilmədilər. Onların çoxunu qoyulan hər dollardan nə qədər qazanacaqları düşündürürdü. Bu barədə soruşulanda: “Çox, lap çox” – deyə cavab verirdim, lakin dəqiq rəqəmlər deyə bilmirdim, - bu da etibarsız görünməyimə səbəb olurdu. Yanlış anlaşılma həmişə inamsızlıq yaradır.

Mən öz teleavtomatımı Vestenqauzdan başlayaraq kimlərə təqdim etmədim! Lakin onunla yalnız hərbiçilər maraqlandılar. Həmin vaxt Kuba müharibəsi (1895- 1898-ci illərdə Kubanın müstəqilliyi uğrunda İspaniyayla apardığı müharibə nəzərdə tutulur. ABŞ Kubanın maraqlarını müdafiə edirdi. Müharibə İspaniyanın məğlubiyyətiylə başa çatıb) gedirdi. Mənim teleavtomat qayığım düşmən (ispanların) gəmilərini bombalamaq məqsədilə diqqət cəlb etmişdi. Təxmini hesablamalar altı minalı qayığın hazırlanmasının 50 000 dollara başa gəldiyini göstərirdi. Mənim ideyama göstərilən maraq dərhal söndü, üstəlik aparılan danışıqlar müddətində İspaniya təslim olmağa macal tapdı (Bu hadisə 25 avqust 1898-ci ildə baş verib). Sözün düzü, bu məni sevindirmişdi. Öz teleavtomatlarımın hərbi məqsədlərdə istifadə edilməsini istəmirdim. Onların gələcəyini tam fərqli şəkildə təsəvvür edirdim.

Hərbçilərin ixtiramı səmərəsiz hesab etməsiylə bağlı şayələr tezliklə mənim heç nə ixtira etmədiyimlə, sadəcə sözümə inanan sadəlövhləri ələ salaraq hiylə işlətməyimlə bağlı söz-sözhbətə çevrildi. Bu söz-sözhbətin yayılmasında gənc italyan ixtiraçı Qulielmo Markoninin xüsusi xidməti vardı. O, 1898- ci ildə baş tutan Elektrik Sərgisində radiodalğalarla işə salına bilən minalarını nümayiş etdirirdi. Markoni uzaq məsafədən ancaq bir hərəkətin yerinə yetirilməsinə nail ola bilmişdi, mən isə bütünlüklə istənilən manevr qabiliyyətinə malik qayıq modeli nümayiş etdirirdim. Şübhəsiz, o bu sahədə mənə uduzacağını başa düşüb ixtiram barədə mənfi rəy yaratmağa başlamışdı.

Ləyaqətsiz  adamlar həmişə başqalarını alçaltmaqla yüksəlməyə nail olmağa çalışırlar. Bu hücum hadisəsi olsa-olsa mənim Markoniyə diqqətimin cavabıydı. Sərgidəki tanışlığımız zamanı mən ona əməkdaşlıq təklif etmişdim. Simsiz rabitə məsələsiylə maraqlanan gənclə qarşılaşmaq məni hədsiz dərəcədə xoşbəxt etmişdi. Mən həmişə ixtiraçı və ümumiyyətlə elm adamlarıyla ümumi tərəfdaşlığa sadiq qalan adamam və bunu elə indi də davam etdirirəm. Müasir elmin qarşısında duran kifayət qədər mürəkkəb məsələlər bütün elm adamlarımdan birgə iş tələb etməkdədir. Lakin Markoni mənimlə dostluq qurmaqdansa  düşmənçilik yaratmağı  doğru hesab etdi. Nə etməli, bu onun yoludur.

Markoninin böhtandan başlayan düşmənçiliyi bəsit oğurluq hadisəsiylə başa çatdı. O,  1900-cü ildə Amerikada öz aparatının müəlliflik hüququnu qeydiyyatdan keçirmək qərarına gəldi. Lakin Müəllif Hüquqları Bürosu ixtiranın mənim 1897-ci ildə qeydiyyatdan keçirdiyim ixtiranın eynisi olduğunu irəli sürərək müəlliflik hüququnu təsdiqləməkdən imtina etdi. Bu Markoninin yolunu kəsmədi. Nyu- Yorkda öz şirkətinin filialını yaradaraq ondan bu yolda nəinki məsləhətini, həmçinin pulunu də əsirgəməmiş Edisonla əməkdaşlıq etməyə başladı.  Markoninin ən vacib maliyyəçisi Endru Karnegiydi (Andre Karnegi (1835-1919) - amerikalı multimilyoner, polad istehsalçısı, böyük xeyriyyəçi). Karneginin əlaqələri və pulu, Edisonun başqa müəlliflik hüquqlarının oğurlanmasında göstərdiyi çeviklik və Markoninin bu məsələdə əzmli həyasızlığı 1905-ci ildə mənim müəlliflik hüququmun ləğv edilib Markoninin “ixtirasının” tanınmasıyla nəticələndi. O zaman mən onları məhkəməyə verə bilmədim, bunun üçün pulum yoxdu. Bu  məsələdə Markoniylə deyil, onun arxasında dayanan Karnegiylə mübarizə aparmalı olacağımı başa düşürdüm. Karneginin əməkdaşlıq etdiyi vəkillər səviyyəsində vəkil tutmağa maddi imkanım çatmayacaqdı, çünki fırıldaqçıların müdafiəsi kifayət qədər baha başa gəldiyindən ona qarşı çıxmaq da asan olmayacaqdı. Qazandığı qələbə Markoninin yolunu açmışdı, artıq 1915-ci ilə kimi o mənim 17 (17!) ixtiramı ələ keçirmişdi. Artıq buna dözə bilməyəcəkdim və nəhayət ona qarşı iddiayla çıxış etdim. Lakin həmin vaxt ictimaiyyətin rəyi tamamilə Markoninin tərəfindəydi. Onun adı hər yerdə səslənir və “radio” sözüylə bir yerdə çəkilirdi. “Ola bilsin, radionu ilkon olaraq Tesla fikirləşib,- adamlar deyirdilər. – Lakin onu Markoni həyata keçirib inkişaf etdirib. Teslanın bu işdə heç bir iştirakı yoxdur” (.Ədalət 1943-cü ildə,  Nikola Teslanın ölümündən bir neçə ay sonra zəfər çaldı. Markoninin Simsiz Teleqraf Şirkəti, Amerika Birləşmiş Ştatları hökumətinə qarşı məhkəmə iddiası qaldıraraq, Amerikalı istehsalçılarını radio avadanlığı istehsalında şirkətə aid müəlliflik haqlarından qeyri-qanuni istifadə etməkdə ittiham etdi. Zərərin ödənməsi üçün o zamana görə kifayət qədər yüksək sayılacaq məbləğdə - 6 000 000 dollarlıq məbləğ tələb olunurdu.  1905-ci ildə Markoni tərəfindən əldə edilən ABŞ müəlliflik haqqını ləğv edən ABŞ Ali Məhkəməsi nəzərdən keçirilmiş və elektrik əlaqəsinin simsiz həyata keçirilməsi ideyasının ilk dəfə Nikola Tesla tərəfindən həyata keçirildiyinin təsdiqləndiyini aşkar edən qərara imza atmışdı).  Heç bir iştirakı olmayıb? Mənim “Dünyəvi Sistem” ideyam, maliyyələşdirilməsinin dayanmasından dərhal sonra unudulmuşdu.

Markoninin kim olduğunu yaxşı bildiyimdən, onun sonralarda faşistlərə qoşulduğuna (İtaliya Kral Akademiyasının (1930-1937) rəhbəri olan Qulelmo Markoni faşist İtaliyanın əsas idarəetmə orqanı olan Böyük Faşist Şurasının üzvüydü) zərrəcə təəccüblənməmişdim. Serblər demiş: “Gavalı ağacı alma gətirməz”.

Mənim elmi iddialarla hiyləgərlik etmək səviyyəsində alçalmayacağımı yaxşı anlayan başqa adamlarsa teleavtomatların “baha başa gəlir, idarəsində insan əməyinnə ehtiyac var” və digər bəhanələrlə “səmərəsiz” olduğunu əsas gətirərək,  tənqid edirdilər. Cəmi bir neçə adamın belə avtomatların köməyiylə bütün zavodu idarə edə biləcəyinin mümkünlüyünə isə heç kim inanmaq istəmirdi. Buna inanan insanlar isə bu ideyadan istifadə edib cəmiyyəti mənim əlehimə qaldırmağa çalışırdılar. “Tesla bizi əvəz edəcək, işimizi əlimizdən alacaq avtomat qurğular hazırlayır!- deyə qışdırırdılar. –Teslanın sayəsində acından öləcəyik!”

Həmçinin, Yer məkanında məlum olmayan mənbələrdən elektromaqnit siqnalların alınmasıyla bağlı  irəli sürdüyüm fikirlər də qəzəb və şübhəylə qarşılandı. Bu siqnalların, böyük ehtimalla Marsdan gəldiyini düşünürdüm. Lakin şübhəsiz, yanıla da bilərəm. Onları kainatın başqa nöqtələrindən də göndərə bilərdilər. Mənim imkanlarım siqnalların məhz hansı nöqtədən göndərildiyini müəyyən etməyə, həmçinin onların nə mənaya gəldiyini müəyyənləşdirməyə imkan vermirdi. Bu siqnallarla bağlı məlumat verərkən ilk növbədə onların şifrəsinin açılmasına kömək ediləcəyinə ümid edirdim. Birgə səylər nəticəsində buna nail olunacağına əminəm. Lakin onlar məni tələsik yalançı elan etdilər. Başa düşülməyən şeyləri inkar etmək, onları başa düşməyə çalışmaqdan daha asan görünür (Nikola Tesla 1901-ci ilin fevralında “Collier's Weekly”  jurnalında nəşr olunan "Planetlərlə dialoq" adlı məqaləsində yazırdı: "Təklif olunan ən yeni vasitələrdən istifadə etməklə 2000 at gücündən artıq enerji sərf etmədən, Marsa və ya başqa bir planetə, Nyu-Yorkdan Filadelfiya telegrafına teleqram  göndərdiyimiz kimi dəqiq və etibarlı şəkildə siqnal göndərməyin mümkünlüyünü əyani şəkildə sübut etməyə hazıram. İnkişafın hazırkı səviyyəsində siqnalların Marsa çatdırılmasını təmin edəcək aparatların hazırlanmasında heç bir maneə görünmür”).

Tele-avtomatların altı aylıq uğursuz tanıdılması səylərindən sonra nəhayət işimə,  insanların mənim ixtiramı dərk edəcək qədər “böyüməsini” gözləmək məqsədiylə fasilə verib, elektrik dalğalarının simsiz ötürülməsinin dünyəvi sistemi üzərində ardıcıl təkmilləşdirmə işlərinə başladım.

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın Gündəliyi: Amerika Vətəndaşlığı

Növbəti hissə: Nikola Teslanın gündəliyi: elektrik enerjisinin naqilsiz ötürülməsi – dünyəvi sistem

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR