Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
Sakura

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və s… bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür…

Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalı idi. Elə akademiyanın rektoru Siyavuş Qarayev də həmin gün öz ad gününü qeyd etməyə hazırlaşırdı. Amma 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi. Adi qatıq satandan tutmuş elmin yüksək dərəcəsinə çatmış professora qədər... Ağıllarına belə gətirməzdilər ki, onların alın yazıları məhz bu yerdə qanla yazılıb, məhz bu gün onların adı ilə anılacaq.

Səhər tezdən Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusunun qarşısında nələrinsə baş verməsi barədə bizə ilk xəbər gəldi. Qaynar xəttimizə edilən zəngdən bildik ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz neft mədən" və "Neft mexanikası" fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusunun qarşısında iki nəfər qan içində yerdə uzanıb. Dərhal operatorla birlikdə hadisə yerinə tələsdim. Yol boyu fikirləşirdim ki, yəqin tələbələr arasında yaranmış mübahisənin nəticəsi olaraq kimlərsə bıçaqlanıb. Amma binanın giriş pilləkənlərinə çatanda, gördüklərim məni şoka saldı.

Özümün, eləcə də bir çoxlarınızın ağlına gətirə bilmədiyi bir hadisə baş vermişdi. Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olmuşdu. Gözlənilməz hadisə Akademiyada olanları təşvişə salmışdı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi. Əli silahlının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Böyük bir insan dalğasının arasından bir təhər keçib Akademiyaya girə bildim. Təhsil ocağının çöl pilləkənindən tutmuş yuxarı mərtəbələrinədək hər yer qan içində idi. Dəhlizdə yaralılar və cansız bədənlər var idi.

Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib...

Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin əsasən baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi.

Hadisədən xəbər tutmuş polis və prokurorluq orqanlarının əməkdaşları, təcili tibbi yardım maşınları Akademiyaya səfərbər olmuşdular. Az keçmiş Akademiya xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındı. Snayperçi də hazır vəziyyətə gətirildi. Terrorçunun zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyata başlandı. Binanın 6-ci mərtəbəsində yerləşən auditoriyalardan birində gizlənən naməlum silahlı şəxs axtarılırdı. Bu vaxt ərzində isə güllə yarası almış şəxslər binadan çıxarılırdı.

Elə aşağı mərtəbələrdə olan yaralılar binadan çıxarılan zaman məlum oldu ki, ələ keçəcəyini görən terrorçu 6-ci mərtəbədə baş nahiyəsindən bir dəfə atəş açmaqla özü-özünü öldürüb.

Dekan Qasım Məmmədov: "6-cı mərtəbənin foyesində idi. Əli ayağı düz vəziyyətdə uzanmışdı və can verirdi. Səsi çıxmadı, sadəcə ağzını balıq kimi açıb yumurdu. Nə səs çıxarırdı, nə də ki, inildiyirdi..."

Gicgah nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinən şəxsin 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu olduğu müəyyənləşdi. Fərda Qədirovun üzərindən isə "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürüldü. Təhlükə tam olaraq sovuşandan sonra isə Akademiyanın auditoriyalarında gizlənmiş tələbə və müəllim heyəti binadan evakuasiya olundu. Onlar hələ də nələrin baş verdiyni bilmirdilər. Yer göy qan içində, döşəmə və pilləkənlərdə uzanmış meyidlər...

Hadisədən xəbər tutan zərərçəkənlərin yaxınları paytaxtın xəstəxanalarına, meyidxanalara axışırdı. Bu arada Akademiyanın tələbələri isə xeyli qan itirmiş yaralıları həyata qaytarmaq üçün qan verirdilər…

Günortadan sonra isə terrorçu Fərda Qədirovun atdığı gülləyə cəmi 25 nəfərin tuş gəldiyi tam olaraq dəqiqləşdi. Onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12-si dünyasını dəyişdi.

Məlum oldu ki, qanlı hadisə nəticəsində

  1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
  2. Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
  3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
  4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

  1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
  2. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
  3. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
  4. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
  5. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
  6. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
  7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Və Akademiyaya süd məhsulları gətirən

  1. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

Öldürülüb...

Akademiyanın girişində Fərdanın ilk hədəfi Akademiyanin tələbəsi Sudan vətəndaşı Seyid Əhməd Əmru olub. Əmru canını yüngül xəsarətlə qurtarsa da, xalası oğlu Mustafa Məhəmməd Qasım ağır yaralanıb. Fərdaya ilk müqavimət göstərən də elə Mustafa olub. Onun dediyinə görə, Fərda qarşısına çıxanları ingilis dilində söyüb, sonra güllələyirmiş.

Mustafa Məhəmməd: "Mən aşağı düşən zaman xalam oğlu Əmrunun alnına silah dayanmış bir nəfəri gördüm. Mən onu vurdum. Əmru qaçdı, o da ona tərəf atəş açdı, əlindən dəydi".

O mənə tərəf baxdı və məni sinəmdən itələdi. Yıxıldım, sonra atəş açdı mənə, güllə boynumdan girdi sol qulağımdan çıxdı. Sonra mənim əlimdən vurdu. Sonra mən özümü ölülüyə vurdum. Təcili tibbi yardım maşınlarının sirenasını eşidəndən sonra gözlərimi açdım, vəssəlam…

Mustafa özünü ölülüyə vura bilsə də, tələbə yoldaşı Rəhman Axundov bunu edə bilməyib. Hadisə zamanı iki güllə yarası alan Rəhman yaddaşını itirib.

Rəhman Axundov: "Birinci güllə başımdan dəydi, durdum gəzdim. Sonra ikinci gülləni vurdu yıxıldım".

Hadisənin şahidi olan digər yaralı Zemfira Hüseynli: "Kimsə gətirib Ramiz müəllimin üstünə sellofan atdı. Fikirləşdim ki, indi mənim də üstümə sellofan atacaqlar. Yəqin ölmüşəm. Yəqin ölüm belə olur…"

İki güllə yarası alıb sağ qalanlardan biri də Zemfira xanımdır. O, baş verənləri anbaan xatırlayır. Səsə otaqdan çıxan Zemfira Hüseynli dəhlizdə laboratoriya müdiri Tamella xanımla professor Ramiz Abdullayevin yerə yıxıldığını görüb və onlara tərəf qaçıb. Elə bu zaman Zemfira xanıma qəfildən bir nəfər yaxınlaşıb.

Zemfira Hüseynli: "Mənə tərəf gəldi, əlini uzatdı vurdu. Elə bil başımı ülgüc ilə kəsdilər. Yıxıldım. Ölmədim. Qanım axdı Ramiz müəllimə tərəf. Sonra gördüm mənə tərəf baxır, gücüm olmadı ona baxmağa. Mən öz qanıma baxdım ki, necə axıb gedir. O mənim gözümün hərəkətindən hiss edib ki, mən sağam. Sonra ikinci dəfə məni vurdu. Yaman ağrıtdı…".

Fərda Qədirovla göz-gözə gələn İlkin Şirəliyev də sağ qalıb. O, ikinci mərtəbədə dərsdə olan zaman auditoriyaya soxulmaq istəyən Fərdanın qarşısını tələbə yoldaşları ilə birlikdə partaları qapının ağzına atmaqla kəsib. Amma dəhlizdən içəri atılan güllələrin qabağını almaq mümkün olmayıb. Qapının pəncərəsindən boylanan Fərda auditoriyada olan 3 tələbəni hədəfə ala bilib.

Yaralanan şahid İlkin Şirəliyev: "Birdən şüşə sındı. Gördüm, kimsə mənə baxır. Fikirləşdim məni atacaq, yerə uzandım. 5-6 saniyədən sonra mənə zərbə dəydi. Qrup yoldaşımın köməkliyi ilə balkona çıxdım. Ordan pəncərədən dekanatlığa keçdim. Uşaqlar gördü ki, vəziyyət pisləşir kurtkalari bir-birinə bağladılar ki, bizi aşağı salsınlar, alınmadı…

Akademiyanın elmi işçisi Faiq Rüstəmbəyov qəfildən güllə yarası alıb. Faiq müəllim dəhlizi bürümüş səs-küyü eşidib elə otaqdan çölə çıxmaq istəyirmiş ki, Fərda onun başının üstünü kəsdirib.

Faiq Rüstəmbəyov: "Eşitdim, vururlar, atırlar nəsə. Fikirləşdim ki, uşaqlardı, zarafat eləyirlər. Atılan güllə mənə dəydi. Yıxıldım yerə".

Hadisə zamanl bəxti gətirən isə Neft və qaz quyularının qazılması kafedrasında müəllimə işləyən Vəfa Mahmudova olub. Hədəfini nişan alan Fərdanı tapançası məyus edib.

Vəfa Mahmudova: "İki dəfə atəş səsi gəldi, sonra gördük ki, səs yaxınlaşır, çıxdım həmin qrupun sinifkomu Sultanla bərabər çölə. İki oğlan qaçdı, onların arxasınca bir cavan oğlan tez-tez gəldi, dayandı bizim dekanatlığın qabağında. Mən də dedim ki, görmürsən dərs gedir. O, mənim düz alnıma tuşladı, məsafəmiz də yaxın idi. Beysbolkada idi. Mən ona deyirdim nəsə, o isə mənim üzümə baxırdı. Robot idi elə bil. Tuşladı, iki dəfə atəş açdı, boşa getdi. Gülləni çıxarmaq istəyəndə uşaq dedi ki, bu zarafat etmir. Biz girdik içəri…"

Məsələnin nə qədər ciddi olmasını isə Vəfa xanım pəncərədən çölə baxıb tələbələrini Akademiyanin girişində al qan içində görəndə anlayıb. O, bu hadisənin təsirindən günü bu gün də çıxa bilmir. Vəfa Mahmudova deyir ki, hamı ondan 30 aprel gününü yenidən anadan olduğu gün kimi qeyd etməsini tələb edir. Amma həmin gün Akademiyada güllələnən 25 nəfərin günü kimi yadda qalıb. Məhz 30 aprel 2009-cu il cümə axşamı günü, onların adna günüdür.

Qanlı hadisə zamanı ölənlərin içərisində isə ali təhsilini bitirməyə hazırlaşan, o cümlədən Akademiyanın partalarında oturmağa yenicə alışmış tələbələr, müəllim və elmi işçilər, laboratoriya müdiri, professor, dosent və hətta qatıq satan bir xanım da olub.

O, qatili görəndə arxaya heç addım da ata bilməyib. Güllə onun sağ kürəyindən dəyib, sol tərəfə keçərək aorta damarını kəsib. Üzü üstə yerə yıxılan laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı kəskin qan itirmədən bir neçə dəqiqədən sonra elə yerindəcə keçinib.

Ölkədə fəaliyyət göstərən informasiya agentliklərindən birinin jurnalisti olan Tamella xanımın oğlu Anar Əzizov 30 aprel günü Neft Akademiyasına qanlı hadisə haqqında material hazırlamaq üçün gəlmişdi. Həmin an Tamella xanım işdə olmamalıydı. Lakin hadisə vaxtı anasının işdə olduğunu bilməsinə və ona etdiyi aramsız zənglərin cavabsız qalmasına baxmayaraq, Anar yenə də hadisə yerinə bir jurnalist kimi gəlmişdi. Son bir ümid… Bəlkə əli silahlı olan şəxs heç beşinci mərtəbəyə qədər qalxa bilməyib?

Anar Əzizov: "O an tələbələri içəridən çıxarırdılar. 4-cü mərtəbədə jurnalistlər var idi. Qan izləri gördüm. Onların kafedrası ilə üzbəüz Ramizin meyidi var idi. Onu hələ götürməmişdilər. Onların kafedrası bir az içəri tərəfdədir. Qapının ağzında, 2-3 metr qalmış yerdə vurulmuş vəziyyətdə idi".

Ölümündən bir neçə gün əvvəl isə Tamella xanım Anarın avqust ayında olacaq ad gününü təbrik edərək hədiyyə veribmiş. O, ömür-gün yoldaşını da Neft Akademiyasında tapmışdı. Tamella xanım Çingiz Əzizovla bir neçə il eyni yerdə çalışıblar. Çingiz müəllim xanımının 17 yaşından Neft Akademiyasında, ayrı-ayrı kafedralarda işlədiyini deyir. Hadisə baş verən gün isə Çingiz Əzizov bölgələrdə ezamiyyətdə olubmuş.

Çingiz Əzizov: "Zəng elədim ki, gəlirəm. Soruşdu ki, sənin üçün nə bişirim, dedim nə istəyirsən bişir. Bufet yeməklərindən canım qurtarsın".

Ezamiyyətdən evinə tələsən Çingiz Əzizovu yolda oğlunun qəfil zəngi sarsıdır. Mamanı güllə ilə vurublar…

Çingiz Əzizov: "Elə bir arxa itirmişəm ki, onun yerini doldurmaq mümkün deyil. Rusların bir məsəli var, «vremya leçit», amma yox, daha da pisləşir…" (Ağlayır)

Dekan Qasım Məmmədov: "Biz çox dəyərli bir alimi itirdik…"

Atılan güllələrdən biri də Akademiyanın professoru, Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri Abdullayev Ramiz Xəlil oğluna dəyib. Ramiz Abdullayev ali təhsilini elə can verdiyi Azərbaycan Dövlət Neft Akademiyasında alıb. Həyatının ən gözəl illərini də elə bu ali təhsil müəssisəsində keçirmişdi. Amma ölümün onu məhz burada yaxalayacağını bəlkə də heç vaxt ağlına belə gətirməyib. Yaxınlarının dediklərinə görə, ali təhsilini başa vurandan sonra 1980-ci ilə qədər Akademiyada ixtisası üzrə iş fəaliyyətini davam etdirib. Daha sonra isə mərhum prpofessor Sumqayıt Sənaye İnstitutunda işləyib. Burda da kafedra müdiri, prorektor vəzifələrində çalışan Ramiz Abdullayev 2003- cü ildə yenidən Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliynin təkidi ilə köhnə iş yerinə qayıdıb. Və ömrünün son anlarına qədər Akademiyda çalışıb. Onu sonuncu dəfə görən isə dekan Qasım Məmmədov olub. Həmin gün Ramiz müəllim imtahanda iştirak etməliymiş. Lakin diş ağrıları onu fakultə dekanə Qasım müəllimdən icazə almağa məcbur edib və onlar birlikdə dəhlizə çıxıblar…

Qasım Məmmədov: "Şaqqıltı səsləri gəlirdi, çox çətinliklə eşidilirdi. Ramiz müəllim bir anlıq duruxdu və dedi ki, hardasa elə bil dəmir vərəqələri yerə atırlar. Nə səs olduğunu heç cür başa düşə bilmədik".

Ramiz Abdullayev Qasım müəllimlə vidalaşıb bir neçə addım atandan sonra isə Fərda ilə üz-üzə gəlib və terrorçunun onun baş nahiyəsindən atdığı bir güllə nəticəsində dünyasını dəyişib.

Qasım Məmmədov: "Güllə Ramiz müəllimin başını o dərəcədə dağıtmışdı ki, o, tanınmaz haldaydı. Biz onu çətinliklə tanıdıq".

Ramiz müəllimdən sonra elə həmin mərtəbədə qətlə yetirilən Akademiyanın dosenti Vahidov Məcnun Abdulvahid oğlu olub. O, liftdən çıxıb iş otağına gedən zaman güllələnib. Terrorçu onu da başından vurub. Məcnun Vahidov ali təhsilini dünyasını dəyişdiyi Azərbaycan Dövlət Neft Akademiyasında alıb. Onun şahmat üzrə etüdləri dünyanın 36 ölkəsində çap olunub. Məcnun Vahidovun elm sahəsi ilə yanaşı incəsənətdə də öz rolu olub. Ekran üzü görən isə ssenari müəllifi olduğu "Yarımştat" teletamaşasıdır.

Məcnun Vahidovun ömrü kimi bir çox əsərləri də yarımçıq qaldı. Çoxlu sayda kitab və məqalələrin müəllifi olan Məcnun Vahidovun həyat yoldaşı Maisə Vahidova ömür-gün yoldaşının ölüm xəbərini ilk olaraq ANS-dən eşidib.

Maisə Vahidova: "Birdən ANS kanalı dedi ki, ADNA-da atışma olub. Dedilər ki, müəllim, professor, heyəti güllələnib. Ondan sonra yadımda deyil. Həyəcanlandım. (Ağlayır…) Başa düşdüm ki, Məcnun müəllim yoxdur artıq. Məcnun müəllim, nə isə belə…"

Fərdanın qıydığı şəxslərdən biri də 18 günün gəlini olmuş Məmmədova Şəfa Afət qızıdır.

Anası Xuraman Məmmədova: "Mənim üçün çox çətindir". (Ağlayr…)

Şəfa iş otağından dəhlizə çıxıb aşağı düşəndə, 3-cü mərtəbədə elə pilləkəndə, sol gözündən aldığı güllə yarasından dünyasını dəyişib. Qanlı hadisədən düz 18 gün əvvəl isə Məmmədovların yaşadığı evdə toy xonçaları bəzənmişdi.

Aprelin 12-də Şəfanı ata evindən ağ gəlinliklə aparan Rahim Tağıyev, onu düz 18 gündən sonra ağ kəfənlə son mənzilə yola salınması üçün elə ata evinə qaytardı.

Həyat yoldaşı Rahim Tağıyev: "Birinci dəfəydi ki, öz arzuma çatmışdım. O da ki, belə, qismət olmadı…"

Anası Xuraman Məmmədova: "Mən toya görə məzuniyyət götürmüşdüm. Elə oldu ki, məzuniyyətdə həm toyunu elədim, həm də əbədi vida etdim".

Şəfanin anası Xuraman xanım deyir ki, qızı öz şəxsi həyatını demək olar ki, unudub yalnız elmlə məşğul olurmuş. Akademiyada əsas dərsliklərin rus dilində olması Şəfa üçün başlıca problemlərdən biriymiş. Bu səbəbdən Şəfa həmin dərslikləri tərcümə edib icmal xarakterli bir kitab hazırlayıbmış. 2009-cu ilin sentyabr ayında isə hazırladığı kitabı tələbələrə təqdim edəcəkdi. Qismət olmadı….

Hadisə zamanı ən çox güllə Cabbarov Savalan Allahverdi oğluna dəyib. Savalan 129 saylı orta məktəbdə və fizika riyaziyyat liseyində təhsil aldıqdan sonra 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Qanlı hadisə günü Savalan terrorçuyla son anına qədər mübarizə aparıb.

Bacısı Nərminə Cabbarova: "Qrup yoldaşları deyir ki, biz Savalana yaxınlaşanda, o dəhşət ağlayırdı. Xəstəxanaya aparılanda, yolda keçinib. Güllələrdən 2-si sinəsinə, biri dizinə, 3-ü isə başına dəyib".

Aprelin 30-u 4-cü kurs tələbəsi olan Savalanın ikinci buraxılış imtahanı imiş. Hər şey də elə imtahan vaxtı baş verib. Savalanın mobil telefonuna elə həmin korpusda birinci mərtəbədə dərsdə olan bacısı Nərminədən zəng gəlib.

Nərminə Cabbarova: "Dedim, Savalan həqiqətən də burda uşaqları vururlar. Gördüm qorxdu. Dedi hardasan? Dedim çöldəyəm, gözlə gəlirəm deyib səsi kəsildi".

Xəbəri eşidən Savalan dərhal dəhlizə çıxaraq bacısına tərəf qaçıb. Bir mərtəbə aşağıda Fərda ilə rastlaşan Savalan onunla əlbəyaxa olub. Əvəzində isə 7 güllə alaraq əbədiyyətə qovuşub".

Nərminə Cabbarova: "Mən əvvəl özümü günahkar hesab edirdim. Sonradan fikirləşdim ki, bilsəydi, nə olursa olsun, mənim yanıma gələcəkdi. Dedim demədim, o eşidən kimi yanıma qaçacaqdı. Mənim zəngimin məqsədi yalnız onu saxlamaq idi. Çünki vuran artıq yuxarı qalxırdı".

Həmin zəngdən sonra Savalanın arxasınca çıxan iki qrup yoldaşı, həm də ən yaxın dostları Ayaz Bağırovla Taleh Məmmədov da Fərdanın atdığı güllələrə tuş gələrək can veriblər.

Anası Pərvanə Bağırova: "Ölüm haqdı, amma bu, Ayaza yaraşan ölüm deyildi. O namərd gülləsinə tuş gəlməməliydi".

Sonuncu kursda olan Bağırov Ayaz Cavanşir oğlu da gülləbaranın qurbanı olub. Ayazın anası Pərvanə xanım 30 aprel günü buraxılış imtahanına gecikən oğlunu tələsdirdiyi üçün heç cür özünü bağışlaya bilmir.

Anası Pərvanə Bağırova: "Ayazı mən oyatdım yuxudan. O yatıb qalmışdı. Həmin gün imtahan idi, çox işləmişdi. Gördüm işıq yanır. Səhər də şirin yatmışdı. Durğuzdum 3 dəfə ki, gecikər birdən. Sığalladım, tumarladım. Yemək yedi. Onu geyindi, bunu soyundu. Təzə paltarlarını geyinmişdi. Dedim gəzməyə gedirsən, yoxsa imtahana? Dedi ki, imtahandan sonra gəzməyə gedəcəyik mama…"

Musiqini sevən Ayaz pianinoda saatlarla Üzeyir Hacıbəyovun "Koroğlu" üvertürasını, Bethovenin əsərlərini ifa edərmiş. Uşaqlıqdan musiqiyə həvəs göstərən Ayaz ingilis, rus dillərində də sərbəst danışırmış. Ayazın şəxsi arxivində olan ingilis dili öyrəndiyi kursda çəkilən tamaşada rol aldığı kiçik bir süjeti tapdım. Bu səhnəcik onun ömrünün sonu ilə çox oxşar idi. Ayaz kiçik tamaşada sanki öz həyatının sonunu canlandırmışdı. İngilis dilində hazırlanmış səhnəcikdə Ayazı cırtdan öldürür, özü də düz alnına vurduğu daş parçası ilə…

Çox qəribədir… Aprelin 30-da Ayazın başını hədəfə alan cırtdandan da qat-qat cılız olan Fərda Qədirovun atdığı güllə düz onun alnından dəymişdi. Hadisədən bir neçə saat qabaq isə gecə yarı dostuna yazdığı sonuncu mesaj da çox qəribədir. "Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir…". 30 aprel gününün həqiqətən də bərbad olacağını elə bil kimsə onun qulağına pıçıldamışdı.

Anası Südabə Nağıyeva: "Getdim" deyəndə, dedim get yaxşı yol, uğur olsun. Amma daxilimdə bir səs gəldi ki, olmasın. Bu bir möcüzə idi…"

Talehi qara gələn tələbə Məmmədov Taleh Tariyel oğlu da hadisə zamanı dünyasını dəyişənlər sırasındadır. O, arzulayıb daxil olduğu ali təhsil ocağında qətlə yetirildi. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələndiyindən qanaxmanın qarşısını almaq mümkün olmayıb. Və bir neçə dəqiqədən sonra o keçinib. Kompüteri əla bilən Taleh kreditə aldığı noutbuku həmişə özüylə gəzdirirmiş. Elə həmin gün Talehin noutbuku da müəmmalı şəkildə Akademiyanin auditoriyasindan yoxa çıxıb.

Neft Akademiyasının Neft mexanikası fakültəsinə daxil olan Abdullayev Emin İmaməli oğlu isə sol qulağından vurulan bir güllə nəticəsində qətlə yetirilib. Abdullayevlər ailəsi Gəncədə yaşadığından Emini bayramdan bayrama görürmüşlər. Sonuncu dəfə isə Emin ailəsi ilə birlikdə 2009-cu ilin yanvar ayında Yeni ili qeyd edibmiş.

Atası İmaməli Abdullayev: "Hər həftə payını göndərirdik. Nə bilərdik ki, uşağımız belə olacaq? Özünü gözlədiymiz halda meyidi gəldi. Ailədə heç kim onun ölümü ilə barışa bilmir. Emin çox qabağa getmişdi, biz ona çata bilmirdik. Birdə ayıldım ki, artiq Emin mənim boydadır. Birdən küçədə yadıma düşəndə, ağlamaq tutur məni. Özümü birtəhər saxlayıram. Amma elə bir oğulu itirib, sonra yaşamaq mümkün deyil. Amma dost var, düşmən var, hər şeyi içimizdə yaşayırıq".

Anası Səlminaz Bəndəliyeva: "Qadın aptekdə gəlib dedi ki, ADNA-nı gülləyiblər. 2 telefonu var idi. Heç biri cavab vermədi. İndiyə kimi mənim ürəyimdə elə bir hiss yoxdur ki, Yusif yoxdu həyatda…"

30 aprel 2009-cu il tarixi Bəndəliyev Yusif Telman oğlunun da adna günüdür. Yusif Neft Akademiyasının gömrük işinin təşkili fakültəsinin tələbəsi idi. Onun həftədə cəmi bir dəfə 2-ci korpusda dərsi olurmuş. Elə faciə də həmin dərs vaxtı baş verib. Yusif bir mobil telefonun badına gedib…

Dekan Qasım Məmmədov: "Bir tələbə bizdən ayrılıb yuxarı qalxdı ki, bəs mobil telefonum otaqda qalıb. O, telefonunu götürüb çıxanda, Fərda Qədirov onu vurub".

Yusif də Fərda Qədirova güc gəlmək istəyib. Qaranlıq dəhlizdə Fərda ilə təkbətək qalan Bəndəliyev əllərini yumruqlayıb qatilin üstünə cumsa da, odlu silah ondan güclü olub. Deyilənlərə görə, ölümündən sonra Yusifin qatilə tərəf düyünlədiyi yumruğunu açmaq mümkün olmayıb.

Atası Cəfər Babaşov: "Təsərrüfatda idim, naməlum nömrədən qadın zəng elədi. Oğlunuz ADNA-da oxuyur? Dedim hə… tez özünüzü çatdırın, oğlunuz ağır yaralanıb, xəstəxanadadır…"

Cəfər Babaşova zəng gələndə, oğlu Ruslan Babaşov artıq keçinmişdi. Hadisə zamanı Neft Akademiyasının Xarici iqtisadi əlaqələr fakültəsinin 2-ci kursunun tələbəsi olan Babaşov Ruslan Cəfər oğlu da başından güllələnib. Hadisədən bir gün əvvəl isə Cəfər kişi Ruslanın gözünün zəifləməsinə görə Bakıya, ona eynək almağa gəlibmiş.

Cəfər Babaşov: "Çıxdıq şəhərə, bəlkə də 15 kilometr şəhəri piyada gəzdik. Fikirləşin ki, 28-dən tutmuş, Gənclik, Nərimanov ərazisini piyada gəzdik. Elə bil, balam məndən tarsığını götürürdü. Belə bir deyim var, ara sözü kimi…"

Sanki Ruslan atası ilə sonuncu dəfə gəzdiyini bilirmiş. Səhəri gün atasını Sabirabada yola salandan sonra, Ruslan dərsə ilk dəfə eynəklə gəlib və elə yaddaşlarda da belə qalıb. Akademiyanın 3-cü korpusunda olan birinci dərsə gecikdiyindən o, bir baş növbəti dərsin olacağı 2-ci tədris binasına yollanıb. Dərsin başlamasını gözləmək üçün yuxarı qalxan Ruslan pusqu qurub gözləyən terrorçunun hədəfi olub.

Növbəti hədəf tələbə Aslanov Ceyhun Sakit oğlu idi. 2006-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasinda ali təhsilə başlayıb. Onunla bir evdə kirayədə qalan dostları deyir ki, 30 aprel günü Ceyhunun hamıdan tez oyanıb dərsə getməsi onlara qəribə gəlib. Çünki təhsillə yanaşı xərclərini qarşılamaq üçün müxtəlif yerlərdə işlədiyindən düz bir həftəymiş ki, dərsə getmirmiş. Həmin gün isə axşam gec yatmışdı və onunla bərabər bir yerdə qalan dostları Ceyhunun səhər tezdən oyana biləcəyini, hətta dərsə gedəcəyini təsəvvür etmirdilər. Amma onu dərsə əcəl aparırmış.

Atası Sakit Aslanov: "Zəng vurdum, telefonu işləmədi. Maşınla gəldim şəhərə uşağın dalınca. Gələndə o qədər dua etmişdim ki, heç olmasa yaralı olsun, onu görüm. Bir yoldaş zəng elədi ki, Sakit narahat olma uşaq yaralıdı Respublika xəstəxanadadır. Getdim girdim içəri, artıq keçinmişdi…"

Qohumu Sənubər Haqverdiyeva: "Dedim ki, Neft Akademiyasında hadisə olub. Çoxlu tələbələr ölüb. Bu anda bir qadın içəri girdi baş sağlığına və dedi ki, deyirlər bir qatıq satan da dünyasını dəyişib. Rəşad inanın ki, o anda gözümün qabağında Ayna gəlib dayandı…"

Bəli, bu o, Ayna idi. Qatıq satmaqla ailəsini dolandıran Qurbanova Ayna Abbasqulu qızı. Təsadüf nəticəsində terrorçunun hədəfi olan Ayna xanım. O, 2 gündən bir Salyandan Bakıya satmaq üçün süd məhsulları gətirirmiş. Həftədə bir dəfə isə Neft Akademiyasının birinci mərtəbəsində yerləşən yeməkxanaya cəmi cümlətanı 4 şüşə qatıq verirmiş. 30 aprel günü də Ayna Qurbanova yeməkxanaya qatıq gətiribmiş. Qapının ağzında ağır yükünü yerə qoyub nəfəsini dərmək istəyirmiş ki, terrorçu ilə üz-üzə gəlib. Lakin heç nə olmayıbmış kimi yoluna davam edən Fərda nədənsə pilləkanlənlərdə ayaq saxlayıb və geri dönərək Ayna xanıma tərəf bircə dəfə atəş açıb. Güllə onun sağ qulağının dibindən girərək, sol gicgahından çıxıb. 15 ilə yaxın Salyandan-Bakıya, Bakıdan da Salyana gedən qatarlarda yuxulayan Ayna Qurbanova bu dəfə Akademiyanın foyesində əbədi olaraq gözlərini yumub.

Hadisə zamanı ölən 13-cü şəxs isə 25 nəfərə qıyandan sonra özünə qəsd edən Fərda Qədirovdur. O, Gürcüstan Respublikası Marneuli rayonu Daştəpə kəndində dünyaya gəlib. Deyilənə görə, Fərda sakit, özünə qapalı, adamayovuşmaz, insanlarla təmasdan qaçan birisi olub. Kəndin nə xeyrində, nə də ki, şərində gözə görünüb. Təbii ki, bu sözlər 15 il Rusiyada yaşayıb gələn Fərdaya aid idi. Uşaq vaxtə isə yaxınları Fərdanı problemsiz birisi kimi tanıdıqlarını dedilər.

Qədirov Fərda Əsəd oğlu orta təhsilinin əsas hissəsini demək olar ki, Daştəpə kənd orta məktəbində alıb. Deyilənlərə görə, 5 il yarım bu məktəbdə əyləşərək orta təhsil alıb.

Fərdanın atası Əsəd Qədirov isə Daştəpə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. Amma buna baxmayaraq Fərda təhsilinin bir hissəsini qonşu Şulaveri kəndində alıbmış.

Daştəpə kənd orta məktəbinin direktoru Məhəmmədəli Qurbanov: "Şulaveri məktəbində 4 il oxuyub. Sonra atası bu məktəbdə işlədiyindən təhsilini burada davam etdirib. 9-cu sinifə kimi oxuyub, onu da tam yox. Attestatını da almayıb…"

Təhsilini yarımçıq qoymuş Fərda hərbi xidmətdə də olmayıb. Sən demə, Fərdanın babası və qohumları Daştəpə kəndinin əsasını qoyanlardandır. İndi isə həmin qohumların demək olar ki, hamısı Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayırlar. Fərdanın ailəsi də bu kəndi ötən əsrin 90-ci illərində tərk edib. Evlərini və bağ-baxçalarını isə qonşuları Telman kişiyə tapşırıb gedibmişlər. Fərdanı hələ uşaq yaşlarından tanıyan da elə Telman Nəzərov olub.

Telman Nəzərov: "Mən onu oğlan kimi yox, qız kimi tanımışam. Heç bir cavanla onun əlaqəsi olmayıb. Qız kimi, işi gücü ev eşik olub. Onun yeri bax bura olub. Ordan çıxmayıb…"

Marneuli rayonunun 9 kəndini özündə birləşdirən Qullar ərazisi üzrə kənd icra nümayəndəsi Vidadi Həsənov da Qədirovlar ailəsini yaxşı xatırlayr. Gənclik dövrünü Rusiyanın Podolsk şəhərində keçirən Fərda Qədirov 2008-ci ilin oktyabr ayının ortalarında doğulduğu kəndə qayıdıb. Fərda Podolskda olduğu bir müddət ərzində isə işçilərinin əksəriyyəti milliyətcə erməni olan bir neçə şirkətdə işləyib. Deyilənlərə görə, Fərda 15 ildən sonra Daştəpəyə geri dönəndə, çox dəyişkən bir insana çevrilibmiş.

Qullar ərazisi üzrə kənd icra nümayəndəsi Vidadi Həsənov: "Özünə qapalı, qonşularla münasibəti olmayan bir adam kimi. Evdən çıxıb nəsə alıb evə gələn bir gənc olub".

Gələndən sonra qonşular deyir ki, psixi pozuntular hiss olunurdu. Danışırmış öz-özünə…

Qonşu Rəsmiyyə Süleymanova: "Görürdüm ki, evdə tək-tək fırlanır. Bir dəfə çörəyə çıxırdı. Bir dəfə də yeməyi aşağıda bişirib qalxırdı. Evdə tək olurdu. Heç kim onun qapısına getməyib. Qaça-qaça aşağı düşüb qazanı götürüb qaçırdı yuxarı. Sanki bir quş kimi. Heç salam da vermirdi. Qaranlıqda otururdu, işığı da yandırmırdı. Deyirdim, bizim həyətə düş, işıq yandır, deyirdi ki, ekonomiya eləyirəm".

Fərdanın qəribəliklərini azyaşlı qonşusu Kənan da hiss edibmiş. Onun müşahidələrinə görə, Fərda hər gün qeyri-adi üsulla müxtəlif quşları ovlayub yeyirmiş.

Qonşu Kənan Süleymanov: "Orada yeşik var idi, görürdü ki, quş var çəkirdi, taxta düşürdü quşun başına. Nə gəlirdi tuturdu. Hər gün 5-6 dənə. Başını üzüb tullayırdu, aparıb qızardıb yeyirdi. Yuxarıdan baxırdı, naqili dartırdı ".

Fərdanın qəfil Rusiyadan Gürcüstana qayıtması isə qohumlarında, eləcə də kənd camaatında təəccüb doğurub. Yaxınlarının sözlərinə görə, Fərda nədənsə və ya kimdənsə incik görünürmüş.

Qohumu Fərman Əmirov: "Elə kişini, elə nüfuzu olan müəllimi niyə qoyub gəlmisən, işləmək istəyirsən, evlənmək istiyirsən? Necə dolanacaqsan burda? Deyirmiş ki, Bakıya gedib maşın, torpaq, villa alacam. 5 min manatlıq iş də tapacaq".

Qonşu Telman Nəzərov: "Deyəsən, acıq eləyib gəlmişdi. Bu, fasonundan da hiss olunurdu. Dilindən eşitmədim. Amma sifətindən acıq eləməsi, küsməsi hiss olunurdu".

Kənd camaatının gördüklərinə əsaslansaq, Fərdanın evdən çıxıb getdiyi yer qonşu Şulaveri kəndində yerləşən çörək mağazası və yaxınlıqdakı ərzaq dükanı olub.

Mağazanın satıcısı Rasim Əliyev: "Arabir gəlirdi, çox yox. "Borjomi" alırdı, çörək alırdı. Əsas da sok, kolbasa, sosiska. Nə alırdı onun pulunu verib gedərdi. Sakit gəlib, sakit gedərdi. Cəld yeriyərdi. Saçını da uzun saxlayırdı. Axırıncı dəfə isə 2 dənə "Borjomi" aldı getdi…"

Fərda adətən evdə yüksək səslə musiqilərə qulaq asırmış. Telman kişi deyir ki, dəfələrlə müxtəlif bəhanələr gətirib evə girməyə cəhd etsə də, Fərda etirazını bildirib, onu içəri keçməkdən yayındırırmış. Telman Nəzərov Fərdanın məhz musiqiyə yüksək səs verərək odlu silahla məşq etdiyini ehtimal edir.

Hüquq- mühafizə orqanları tərəfindən Qədirovların Daştəpə kəndində olan evində aparılan axtarışlar nəticəsində tapılan sənədlər əsasında Fərdanın tapançasının 2008- ci ilin noyabr ayında alındığı məlum olub. Qanlı hadisədə istifadə olunan odlu silahın Tiflis şəhəri Qaqarin küçəsində yerləşən silah mağazasından alındığı bildirilir.

17 oktyabr 2008-ci il tarixdə Fərda Gürcüstanın paytaxtı Tiflis şəhərinə gedərək milliyətcə erməni olan taksi sürücüsü Qriqoryan Serqo Yeqoroviçlə tanış olaraq ona silah almaq istədiyni bildirib. Gürcüstan qanunlarına görə isə fiziki və psixi cəhətdən sağlam olan hər bir vətəndaş özünü qorumaq üçün istənilən odlu silahı əldə edə bilər. Fərdaya kömək edəcəyinə söz verən Serqo Qriqoryan onunla müxtəlif vaxtlarda silah mağazasına, tibbi müayinədən keçmək üçün poliklinikaya, Gürcüstan DİN-in müvafiq departamentlərinə gedərək lazımi sənədləri toplayıb. Hətta Serqo Qriqoryan silahın alınması zamanı Fərdanın əvəzindən ərizə də yazıbmış.

Fərda Gürcüstana qayıdandan 5 ay sonra, 13 mart 2009-cu il tarixində Azərbaycana gəlib. Əvvəlcə isə müvəqqəti yaşamaq üçün özünə bir ev axtarıb.

Ona paytaxt Bakıda qalmaq üçün kirayə evi isə həmyerlisi, Marneuli-Bakı sərnişin avtobusu sürücüsünün köməkçisi Ariz Qabulov tapıb.

Bu, Arizin qardaşı Arif Qabulovun Nizami rayonu Çobanzadə küçəsi 65, mənzil 35-də yerləşən evi olub. Həmin vaxt qeydiyyatla bağlı sənədləri qaydasına salmaq üçün elə Arif də Bakıdaymış.

Arif Qabulov: "Təxminən 7-8 radələrində qapı döyüldü. Fərda ilə qardaşım gəldi. Dedi kirayədə qalmaq istəyir. Fərda Qədirov evə baxdı. Sonra yıxılıb yatdı. Yorğun idi. Razılaşdı, 300 dollar verdi".

O vaxt evin kirayə dəyəri bir ay üçün 150 dollar olduğu təqdirdə, Fərdanın iki qat artıq pul ödəməsi Arifi təəccübləndirib.

Arif Qabulov: "Dedim qardaş niyə gəlmisən? Dedi ki, mənim burda adamım var. Məni Neft Şirkətinə düzəldəcək".

Fərda ilə razılaşandan sonra Gürcüstanın Marneuli rayonuna qayıdan Arif növbəti ayın pullarını almağı qardaşı Arizə tapşırıb. Aprel ayında da Fərda Arifə 300 dollar kirayə haqqı göndərib. Fərda Bakıda qaldığı vaxtlarda isə həmyerlilərinə zəng edib, yaxın günlərdə məşhurlaşacağının anonsunu da veribmiş…

Qohumu Fərman Əmirov: "Deyib ki, daha mənim üzümü görməyəcəksiniz. Qəhrəman olacağam, adım tarixə düşəcək…"

30 aprel Azərbaycan Dövlət Neft Akademiyasında baş verənlərlə bağlı istintaq qanlı hadisənin ildönümünə bir ay qalmış yekunlaşdı. Aparılmış istintaq zamanı isə faktla bağlı 4 nəfər həbs edildi. İttiham aktına görə, Gürcüstan vətəndaşı olan və Marneuli rayonunun Şulaveri kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd sakini Qədirov Fərda Əsəd oğlu, onun bibisi oğlu Şulaveri kənd sakini Amirov Cavidan Fərman oğlu, Daştəpə kənd sakinləri Süleymanov Nəcəf Novruz oğlu, Əliyev Nadir Şirxan oğlu və kimliyi hələ ki, istintaqa məlum olmayan digər şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət əlaqəsinə girərək, azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində Bakı şəhərində terror aktının törədilməsi barədə onlarla sövdələşib. Bu hadisənin təşkili və həyata keçirilməsi üçün isə onlara ümumilikdə 50 min ABŞ dollari verəcəyini vəd edib. Hətta cib xərcliyi olaraq əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verib. Vəd edilən pulun qalan hissəsi isə cinayət törədildikdən sonra dəstə üzvlərinə ödəniləcəkmiş. Razılaşmadan sonra atəş vərdişləri əldə etmək üçün Fərda Qədirov Cavidan Amirov, Nadir Əliyev və Nəcəf Süleymanovla Daştəpə kəndində olan evinin alt mərtəbəsində həmin tapançadan müxtəlif nişangahlara atəş açaraq məşq edib.

Bundan sonra isə Gürcüstan paytaxtındakı odlu silah satışı mağazasından alınmış "Makarov" tipli tapança və 200-dən artıq patronun qanunsuz olaraq Azərbaycana keçirilməsi təşkil olunub. Planlaşdırdıqları cinayəti həyata keçirmək üçün Cavidan Amirov 2009-cu ilin 12 mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə gəliblər.

Fərda Qədirov Azərbaycana gələrkən tapançanı və külli miqdarda olan patronları qaçaqmalçılıq yolu ilə, yəni Marneuli-Bakı marşrutu üzrə işləyən "Mercedes" markalı avtobusun qeyri-rəsmi sürücü köməkçisi Qabulov Ariz Zahid oğlu ilə razılığa gələrək, avtobusun yük hissəsində Azərbaycana keçirməyə nail olub. Bundan sonra isə terror hadisəsini Cavidan Amirovun təklifi ilə Bakı şəhərinin mərkəzində, xüsusi mühafizəsi olmayan, eyni zamanda çoxlu sayda tələbələrin təhsil aldığı və əhali arasında vahimə yaradılması üçün əlverişli yer olan Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasında törədəcəkləri barədə Fərda Qədirov, Nəcəf Süleymanov və Nadir Əliyev razılaşıblar. 2009-cu ilin aprel ayında, yəni qətliamdan bir neçə gün qabaq Fərda Qədirov Cavidan Amirov və Nadir Əliyev birlikdə həmin binaya gəlib orada giriş-çixiş və cinayəti törətdikdən sonra qaçmaq yollarını müəyyən etmiş, həmçinin hadisə günü öhdələrinə düşən vəzifələri müəyyənləşdiriblər. Bölgüyə görə, 30 aprel 2009-cu il tarixində Fərda Qədirov və Cavidan Amirov Akademiyanın binasına daxil olmalı, hadisə yerindən qaçan zaman Cavidan Fərdaya kömək etməli, həmin vaxt Nadir Əliyev isə pusquda dayanaraq polisin gəlməsi barədə mobil telefon vasitəsilə onlara məlumat verməli idi.

Fərda, Cavidan, Nadir planlaşdırdıqları terror hadisəsini həyata keçirmək məqsədilə ilk olaraq 30 aprel 2009-cu il tarixində saat 9 radələrində Bakı Metropoliteninin "28 may" stansiyasının çıxışı qarşısında görüşməyi qərara alıblar. Lakin gözü qanla dolmuş Fərda Qədirov Nadirlə Cavidanı gözləmədən cinayəti başa çatdırmaq üçün "Makarov" tipli tapancasını hazır vəziyyətə gətirərək Neft Akademiyasına tərəf hərəkət etməyə başlayıb. Nəticədə Fərda Qədirov 12 nəfərin ölümü,13 nəfərin isə yaralanmasına səbəb olan terror hadisəsinə imza atıb.

İstintaq zamanı o da müəyyən edilib ki, bu terror hadisəsinə qədər Fərda Qədirov Bakıda kirayədə yaşayan həmkəndlisi Əsgərov Qasım Qənbər oğlunu əvvəllər aralarında baş vermiş münaqişəyə görə öldürməyi planlaşdırıbmış. Məlum olub ki, bu işin həyata keçirilməsində də Cavidan Amirov ona köməklik edib. Qasım Əsgərovun oğlu Rasimlə münasibəti olan Cavidan Fərdaya onların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayə qaldıqları evi nişan verib. Lakin Qasımı öldürməyə gedən Fərda Qədirov qəfildən onun oğlu ilə rastlaşdığından niyyətinə nail ola bilməyib. Sonradan isə Əsgərovlar başqa ünvana köçdüyündən Fərda istəyinə nail ola bilməyib.

30 aprel qətliamindan sonra isə özünü öldürən Fərda Qədirovun meyidi ortalıqda qaldı…

Ölümündən sonra Fərda Qədirovun cansız bədəni nə ailə üzvləri, nə də qohumları tərəfindən qəbul olundu. Doğulduğu Daştəpə kəndinin sakinləri də onun meyidinin kəndə gətirilməsinə imkan vermədilər. Elə bu səbəbdən terrorçu Fərdanın meyidi paytaxtda yerləşən yiyəsizlər qəbiristanlıqlarından birində elə yiyəsiz kimi də basdırıldı…

İstintaq zamanı isə Qədirov Fərda Əsəd oğlunun ölümü ilə əlaqədar barəsində cinayət işinin materiallarına xitam verilib. Amirov Cavidan Fərman oğlu, Əliyev Nadir Şirxan oğlu, Süleymanov Nəcəf Novruz oğlu bu terror hadisəsində iştirakçı olduqlarına görə, Qabulov Ariz Zahid oğlu isə qaçaqmalçılıq yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə əlaqəyə girərək odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsində təqsirli bilinirək, onlar barəsində toplanmış istintaq materiallarınə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı. Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı, eləcə də mən. Mən bu dəhşətli faciəni demək olar ki, anbaan yaşadım. Allah bu anları bir də bizə yaşatmasın… Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb.

Ölənlərin sayı 13, yaralıların sayı 10-dur.[1] Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.

İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur.

Hadisə yerinə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər.

İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.

Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.[2]

Beynəlxalq reaksiyalar

Rusiya prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mixail Saakaşvili prezident İlham Əliyevə akademiyada baş vermiş faciə ilə bağlı başsağlığı veriblər.[3] Türkiyə prezidenti Abdullah Gül, qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus və York hersoqu Şahzadə Endryu Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar xalqları və öz adlarından başsağlığı veriblər.[4] "Biz hadisədə ölənlərin ailə və dostlarının kədərini bölüşür və yaralananların tezliklə ayağa qalxmasını diləyirik. Birləşmiş Ştatlar belə sarsıntılı və kədərli bir vəziyyətdə öz dostu və strateji müttəfiqi olan Azərbaycanla həmrəy olduğunu bildirir".

"UNİCEF-Azərbaycan" təşkilatı silahlı şəxsin hücumu nəticəsində kütləvi insan tələfatı xəbərindən hədsiz dərəcədə kədərləndiyini, sarsıldığını bildirib və ölənlərin ailələrinə və Azərbaycan xalqına faciə ilə əlaqədar baş sağlığı verib. Başsağlığında deyilir: "Uşaq Hüquqlarının Qorunması Konvensiyası və digər beynəlxalq müqavilələrin prinsiplərinə əsasən, "UNİCEF" zorakılıq, terror və günahsız mülki şəxslərin öldürülməsini pisləyərək, Azərbaycan xalqının kədərini anlayır və dərdinə şərik olduğunu bildirir".

Bundan başqa, "UNİCEF-Azərbaycan" hadisə qurbanlarının ailələrinə və hadisənin sarsıntı keçirən şahidlərinə kömək məqsədi ilə Azərbaycan hökumətinə psixoloji və travma məsləhət yardımı təklif edib və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.

Öldürülənlərin siyahısı

  1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
  2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
  3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
  4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
  5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
  6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
  7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
  8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
  9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
  10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
  11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
  12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu, Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zemfira Seyidi qızı,

Tələbələr

İsayev Kənan Tələt oğlu, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru, Şirəliyev İlkin Azər oğlu, Mustafayev Elşən Elbəyi oğlu, Axundov Rəhman Sahib oğlu, Cəmiyev Elvin Azər oğlu, 1989 Qurbanova Səbinə Əşrəf qızı, Məmmədov Elşən Xanlar oğlu, Cəfərov Bəxtiyar Aydın oğlu

Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.

Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_D%C3%B6vl%C9%99t_Neft_Akademiyas%C4%B1nda_terror_hadis%C9%99si

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR