Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Budapeşt

Nikola Teslanın gündəliyi: Budapeşt
Sakura

Nikola Teslanın gündəliyi: Budapeşt

Amerika telefon şirkəti əslində Edisonun şirkətinin (söhbət Edisonun Kontinental şirkətindən gedir) bir hissəsi idi, Budapeşt Praqa şöbəsi tərəfindən idarə olunan əraziyə aid idi. Bu şöbəyə isə Ferents Puşkarın doğma qardaşı Tivador rəhbərlik edirdi. Biz Praqada olarkən dayım məni onunla tanış etmişdi. Buna görə də əslində Budapeştdəki iş mənim Edisonun şirkətində işləməyimin başlanğıcı idi.

 

Mən çox həyəcanlı idim. Karyeranın başlanğıcı! Özümü pis göstərə bilmərəm. Mənə cavabdeh olan Payanı pis vəziyyətdə qoymaq olmaq. Bu iş üçün biliyim çatacaqmı? Təcrübəni qısa zamanda almaq mümkündürmü?

 

Paya öz evlərində qalmağı mənə təklif etdi, lakin mən imtina etdim, çünki heç kimi narahat etmək istəmirdim. Bundan başqa Paya ilə yaşasam boşuna çoxlu vaxt itirməli olacağam. Müştərək nahar və şam yeməkləri mənim üçün əzaba çevrilə bilərdi, çünki mən tək və tez yeməyə üstünlük verirəm, Payanın evində isə bütün etiket qaydalarına əməl olunurdu. Bundan başqa Paya söhbət həvəskarı idi. Qonaqlar ev sahibinin sözünü yarımçıq kəsərək gedə bilməzdi. Üstəlik bacıoğlu dayıya münasibətdə belə hərəkətə yol verə bilməzdi. Buna görə də mən ünsiyyətimizi ayda bir dəfə bazar günlərində olan ziyarətlə məhdudlaşdırdım. Zənnimcə bu qohumluq hisslərini bildirmək və nəzakət qaydalarına riayət etmək üçün kifayət edirdi. Öz etirazımı ev işləri üçün sakitliyin lazım olması ilə əsaslandırdım. Paya təkid etmədi, çünki məni sadəcə nəzakət xətrinə dəvət etdi.

 

İki otaqdan ibarət mənzili tapmaq üçün mənə Qratsda birlikdə təhsil aldığım Antal Siqeti kömək etdi. Antal mənim təqibimdə iştirak etməyən bir neçə “ağ qoyun”lardan biri idi. Antalın atası Budapeştdə məşhur arxitekt idi, lakin Antal onun yolu ilə getmədi, mənim kimi elektrotexnik oldu. Mən Antalla görüşməyimə çox sevindim, o Budapeştə öyrəşmək üçün mənə kömək etdi və onunla məni maraqlandıran məsələləri müzakirə etmək mümkün idi. Texniki məsələləri Antal mənim kimi bilirdi. O layiqli həmsöhbət, yaxşı və qayğıkeş dost idi. Antalın fahişəxanalara gedərkən yoldaş olmağımı istəməsi bizim münasibətlərimizi bir az pozurdu. O inanılmaz dərəcədə qadın sevən idi və mənim qadınlarla qətiyyən maraqlanmamağıma inana bilmirdi. Antal hesab edirdi ki, mən sadəcə olaraq utanıram. Nə edək – nöqsansız insan olmur. Amma növbəti dəfə mən xəstələnəndə Antal mənə qayğı göstərdi, sanki mən onun çoxsaylı dostlarından biri deyil, doğma qardaşı idim.

 

Şirkətdə xidmət çox da çətin olmadı. İşin sürəti təsəvvür etdiyim kimi deyildi. “Feri (Ferençin qısaldılmış adı) yaxşı ödəyir, lakin o öz puluna səni necə lazımdır işləməyə məcbur edəcək”, - mənə Paya dedi və nə düşünəcəyimi bilmədim. Əslində mənim evdə işlərim və Antalla birlikdə Budapeştdə gəzmək üçün vaxtım qalırdı. Bu gəzintilər təkcə istirahət deyildi, həm də işlərin davamı idi, çünki biz əsasən elektrotexnika haqqında söhbət edirdik. O vaxt mənim ideyalarımı tənqid edə biləcək rəqibə ehtiyacım var idi. Vaxt keçdikcə mən özüm özümə rəqiblik etmək bacarığımı inkişaf etdirdim. Bunun üçün vəziyyət və ya problemə bir neçə nəzər nöqteyindən baxmağı bacarmaq lazımdır.

 

Budapeştdə mən özümün ilk əsl və bütöv ixtiramı etdim, yəni başqasının ixtirasını yaxşılaşdırmadım, hər şeyi özüm düşündüm. Mən telefon gücləndiricisini, dünyada ilk reproduktor yaratdım. Qürurumun həddi-hüdudu yox idi. Gücləndirici üzərində işləyərkən yenidən gücümü səhv dəyərləndirdim, “mükafat”ım xəstəlik oldu. İki həftə yarım çarpayıda vaxtını keçirdim. Mən qorxurdum ki, Puşkaş məni qovacaq, lakin məni ziyarət edən Antal dedi ki, bütün şirkət mənim ixtirama heyrandır və mən qovulmaqdan qorxmadan nə qədər istəsəm xəstələnə bilərəm. “Belə dahi mühəndisi Puşkaş təkcə əlləri ilə deyil, dişləri ilə də saxlayacaq”, - Antal dedi.

 

Bir az irəliyə gedərək deyim ki, telefon stansiyası inşa ediləndən və açılandan sonra Amerikan telefon şirkətində mənim üçün yer tapılmadı və mən Parisə köçməli oldum. Lakin buna görə çox üzülmürdüm, çünki xəstələndikdən sonra mənim Budapeştə olan münasibətim dəyişdi. Daha əvvəl mənim üçün maraqlı olan şəhər məni qıcıqlandırmağa başladı – mən hər gün daha çox qıcıqlanırdım. Ola bilsin buna həmin ilin qışı səbəbkar idi, o vaxt havalar gah soyuyurdu, gah isti olurdu. Temperaturun daim dəyişməsi mənə depressiv təsir göstərirdi. Düşüncələrimə köklənərək mən pəncərəyə baxaraq havanın necə olmasını öyrənməyi unudurdum və buna görə də evdən lazımi formada geyinərək çıxmırdı – ya çox isti, ya da lazım olduğundan yüngül. Bunun nəticəsində bütün qış boyu məni soyuqdəymə izləyirdi, lakin o işimə mane olmurdu. Xəstəliyimlə müqayisədə soyuqdəymə boş məsələ idi, zəhlətökən olsa da əhəmiyyətli deyildi.

 

ABŞ-da deyildiyi kimi telefon gücləndiricisi mənim nüfuzumu yaratdı. Onun haqqında xəbər bütün Avropaya yayıldı. Mənimlə tanış olmaq üçün professor Kvinke (Söhbət məşhur həkim Henrix İreneus Kvinkenin böyük qardaşı, alman fiziki Georq German Kvinkedən (1834-1924) gedir Georq Kvinke 1875-ci ildən başlayaraq Almaniyanın ən qədim ali təhsil müəssisələrindən olan Heydelberq Universitetində fikiza professoru vəzifəsində işləyirdi) Heydelberqdən Budapeştə gəldi. O fizikanın müxtəlif istiqamətləri, həmçinin akustika ilə məşğul olurdu. Kvinke mənə öz laboratoriyasında işləməyi təklif etdi, lakin mən onun təklifini rədd etdim. Akustika məni cəlb etmirdi. Mən elektrotexnika ilə maraqlanırdım və elmi praktika ilə birləşdirirdim, mən əllə toxunula bilən bir şey ixtira etmək istəyirdim. Kvinke isə praktiklikdən çox nəzəriyyəçi idi. Mən onun məqalələrini “Annalen”-də (Söhbət 1799-cu ildən dərc olunan alman elmi jurnalı olan “Annalen der Physik” (“Annalen der Chemie und Physik) jurnalından gedir) oxuyurdum.

 

İxtira etmək! İxtira etmək! İxtira etmək! Bax bunu mən istəyirdim! Yenə də mən nəzəriyyəçidən çox praktikəm. “Sırf” nəzəriyyə məni cəlb etmir. Mən mütləq onu praktikada reallaşdırmalıyam. Mən ancaq nəzəriyyə ilə məşğul olsaydım, onda bu işi tez atardım. Nəzəriyyə - alətdir, praktika – yəni ixtira isə mənim həyatımın mənası idi. Mənim üçün insanların xeyrinə yeni bir şey yaratmaqdan başqa heç nə bu qədər zövq verə bilməzdi. Bəziləri üçün patenti birinci əldə etmək vacib olsa da, mənim üçün ixtiramın geniş istifadəsi və bəşəriyyətə lazım olması vacib idi. Pul heç vaxt mənim stimulum deyildi. Onlar məni ancaq ehtiyaclarımı qarşılamaq və araşdırmalarımı davam etdirmək üçün vasitə kimi maraqlandırırdı. Mən pul haqqında fikirləşməyi xoşlamıram. Elm, ixtira – bax bu məni düşündürür. Birisi mənim araşdırmalarımı maliyyələşdirirsə, mən özümü həqiqətən xoşbəxt hiss edirəm, çünki mən bir işə bütün vaxtımı ayıra bilirəm, xırdalıqlara varmadan vacib işlə məşğul ola bilirəm. Mən çox vaxt təəssüflənirəm ki, vaxtında Rusiyanı deyil, Birləşmiş Ştatlara üstünlük verdim. O vaxt bu ölkələr arasında prinsipial fərq yox idi, lakin indi Sovet İttifaqı bütün dünyadan əsaslı olaraq fərqlənir. Qəzetdə onu çirkabla ləkələsələr də, orada olanlar onun haqqında heyrətamiz şeylər danışır. Məni hər şeydən əvvəl sovet elmi sistemi cəlb edir. Alimlərə şərait yaradılır. Onları lazımi hər şeylə təmin edirlər. Onlara yaxşı məvacib verirlər. Onların beyinləri məişət qayğılarından azaddır. Onlar yanlız öz işləri ilə məşğuldur. Onların pulu bir vaxt qurtaracağından narahat deyillər. Səni dövlət, istəniləan an fikrini dəyişə biləcək varlı bir şəxs deyil, sosialist hökuməti maliyyələşdirirsə, onda bu etibarlıdır. Çox vaxt 15-20 yaş cavan olsaydım Sovet İttifaqına köçərdim deyə fikirləşirəm. Mənim belə imkanım olub, indi də var, lakin həyatımda köklü dəyişikliklər etmək üçün qocalmışam. Bundan başqa mənim əsas naliyyətim ola biləcək elmi işimi yarımçıq qoya bilmərəm. İndi həyatım qismən Sovet İttifaqının alimlərinin həyatına bənzəyir. Mənim cari araşdırmalarımı dövlət maliyyələşdirir, lakin mən rahat deyiləm, çünki mənə lazım olan müstəqillik, istəyiyim müstəqillik yoxdur. Ven mənə hansı istiqamətdə işləməyimi diktə edir. O başa düşmür və ya başa düşmək istəmir ki, bizim işlərdə sıçrayış etmək olmaz, müəyyən olunmuş addımlarla hərəkət etmək lazımdır. O tezliklə sınaqları başlamaq istəyir. O Bostondan San-Fransiskoya hansısa hərbi gəmini daşımaq istəyir. Onu anlamaq olar, bu miqyasda olan sınaqlar hər zaman effektivdir. Lakin hələ biz 1 kibriti belə bir metr məsafəyə daşıya bilməmişiksə, necə insanlarla dolu bir gəmini daşımağı arzu edə bilərik? Biz kibriti belə daşımazdan əvvəl yüksək həcmdə işlər görməliyik. Lakin Ven Hərbi Nazirliyi heyran etmək üçün tələsir. O böyük miqsaylı iş istəyir – gəl kiçik quraşdırma əvəzinə böyüyünü edək, axı pulumuz var və s. Mən ona deyirdim ki, bəzən o mənə Edisonu xatırladır. O da düşünməyi deyil, sınaqları sevirdi. Mən ona öz səsucaldanımı nümunə gətirdim. Mənə qədər səsin ötürülməsini güclü maqnitlər vasitəsilə gücləndirməyə cəhd etmişdilər, lakin onları düzgün yerləşdirmirdilər. Səhv bunda idi. Mən əvvəlcə problem barədə hərtərəfli düşündüm, sonra isə maqnitləri düzgün yerləşdirdim və əmin oldum ki, səsucaldan işləyir. Mən maqnitlərin yerini dəyişərək sınaqlar aparmadım. Mən düşündüm və düzgün qərar verdim. Bizim cari sınaqlarımızda əsas problem əşyaların elektromaqnit sahələrinin vasitəsilə yerinin dəyişdirilməsi deyil, onun dəqiqliyi və təhlükəsizliyidir. Aparılmış zehni işlərin nəticəsində mən tamamilə əminəm ki, belə yerdəyişmə mümkündür. Bu prinsipə əməl etsək: “Gəlin onlara sübut edək ki, bu mümkündür”, sınağın nümayişini 5-6 ay hazırlamaq lazımdır. Lakin “xam” sınağı nümayiş etdirməyin nə mənası var? Effekt göstərmək üçün? Axı biz illüziyaçı deyil, alimik. Əşyanı geriyə qaytarmaq imkanı olmadan naməlum yerə göndərməyin nə mənası var? Bu mənlik deyil. Teslanın üslubu – düşünülmüş və qüsursuz hazırlanmış sınaqdır. Mən Veni başa düşürəm. O qorxur ki, istənilən an mən ölə bilərəm və nailiyyətlərimi natamam olsa belə nümayiş etdirmək istəyir. Ven etiraf etmir, lakin mən əminəm ki, oxşar araşdırmalar başqası tərəfindən də aparılır. Venin informasiyanı bölüşdürdüyü Consonun (Duqald Kaleb Cekson (1865-1951) – amerikalı fizik. 1907-1935-ci illər ərzində Massaçusets Texnoloji İnstitutunun elektrotexnika fakültəsinə rəhbərlik edib ) rəhbərliyi altında oxşar işlərin aparılmasından şübhələnirəm. Eyni zamanda iki skripkada ifa etmək – Venin xarakteridir. Qoy lap üçündə ifa etsin, öz işidir, amma məni rahat buraxsın. Mənə xoşdur ki, mənim adım hansısa çəkiyə malikdir. Lakin bu məni həmçinin ehtiyatsız hərəkətlərdən qoruyur. Mən bu qoca vaxtında öz nüfuzuma xələl gətirə bilmərəm.

 

Xatirələri yazmaq iş görməkdən daha çətindir. İstənilən halda mənim üçün. İşləyəndə mən gördüyüm işi və hansı istiqamətdə irəlilədiyimi dəqqi təsəvvür edə bilirəm, burada isə birdən fikrin yayınır və özündən asılı olmayaraq Venə və bizim cari işlərə keçirsən. Vərəqləri cırmayacam, artıq yazmışam, amma irəlidə davamlı olmağa və nizamı pozmamağa çalışacam.

 

Beləliklə - Budapeşt. Telefon stansiyasının inşası bitdəndə mən ümid edirdim ki, məni işdə saxlayacaqlar. Mən avadanlığın xidmətini elmi işlə birləşdirmək istəyirdim. O vaxtlar telefon avadanlığı sadə idi və daim nəzarətə ehtiyacı var idi, buna görə də əlavə işçi mütləq lazım idi. Həmçinin mən Antalın (Puşkaşın məni təkcə əlləri ilə deyil, dişləri ilə də saxlayacağı barədə) sözlərini unutmurdum. Lakin Puşkaş gördüyüm işlərə görə təşəkkür etdi, mənə premiya verdi və dedi ki, şirkətin artıq mənim xidmətlərimə ehtiyacı yoxdur. Mənə yaxşı rəy verilməsini ondan xahiş etdim. Puşkaş hər hansı bir yerin fikrimdə olub-olmamasını soruşdu, mən yox cavabı verdim və onda o mənə Edisonun Kontinental şirkətinin Paris şöbəsinə getməyimi təklif etdi, orada mühəndis-elektriklər tələb olunurdu.

 

Paris! O zaman bu söz mənim üçün musiqi, sehrli tilsim kimi səsləndi! Mən tarix və mədəniyyət beşiyi Parisdə olmaq arzusunda idim və mənə orda işləməyi təklif edirlər. Bəs harada? Edisonun şirkətində, o mənim o zaman kumirim idi. Fransizlar biz serblər üçün azadlığın təcəssümü idi. Fransızlar avstriyalılardan fərqli olaraq başqa xalqlara zülm vermidi (Burada Nikola Tesla yanılırdı – XVI əsrdən XX əsrə qədər kolonial ölkə olub, buna görə də fransızlar başqa xalqlara zülm verirdi).

 

Məsələ elə Budapeştdə həll olundu. Puşkaş Parisə teleqram vurdu və növbəti gün müsbət cavab aldı. Vidalaşarkən ailə dostu hüquqları olduğu üçün himayəkarcasına əli ilə çiynimə vurdu (bunun üçün barmaqları üzərində dayanmalı oldu) və dedi: Siz bütün ömür boyu məni minnətdarlıqla yada salacaqsınız”. Mən Puşkaşı tez-tez yada salıram, amma başqa hisslərlə. Kaş o mənim taleyimdə iştirak etməzdi və mənə rəy yazmaqla məhdudlaşardı. Lakin o vaxt mən xoşbəxtlikdən özümdə deyildim.

 

Şəhərlərin də insanlar kimi xarakteri var. Mən buna əminəm və məni dəli hesab etmək lazım deyil. Şəhərin xarakteri ondan məskunlaşan insanların xarakterindən formalaşır. Nyu-York quru və işgüzardır. Paris bir az mühakiməsizdir. Budapşet – kinsizdir. Budapeştdə olan sevgimə baxmayaraq mən buradan tezliklə köçməyə can atıram, bu şəhər vida zamanı əvvəl yazdığım özünəməxsus hədiyyə verdi. Antalla gəzinti zamanı beynimdə dəyişən cərəyanın mühərrikinin sxemi yarandı. O zaman keçirdiyim hissləri izah etmək mümkün deyil. Bu mənim beynimin işinin nəticəsi deyil, yuxarıdan göndərilmiş əsl hədiyyə, vəhy idi. Bu dünyanı tərk etməzdən əvvəl eyni hissləri yenidən yaşamaq istərdim. Hazırda üzərində işlədiyim quraşdırmanın ətraflı sxemini görmək əla olardı. Lakin mən bilirəm ki, onu görməyəcəm. Vəhy hər zaman düşündüyüm, amma üzərində işləmədiyim şeylər haqqında olurdu. Onlar hədiyyə kimi hər zaman gözlənilməz olurdu.

 

Antal mənə qəfil vəhy gəldiyinə inanmadı. O düşündü ki, mən onunla zarafat etmək üçün  qəsdən “tamaşa” qurdum. Oyunlar və zarafatlar mənlik deyildi, belə oyunu isə ümumiyyətlə düşünə bilməzdim. Özümü göstərməyi də bacarmıram. Anam atamla mənə açıqürəkli və dürüst olmağı öyrədiblər. Əslində uşaqlığı bir dünyada – sözün qızıldan dəyərli olan dürüst, yetkin həyatı isə fərqli – hər addımda müqavilələr və vədlərin pozulduğu, ətrafda hər kəsin aldatdığı  şərəfsiz dünyada keçirmişəm.

 

Budapeşt barədə hekayəmi mən artıq bitirdim, Paris barədə başqa vaxt yazacağam, buna görə də indi vədlərin pozulması və aldatma barədə söhbət açaraq mətləbdən bir az kənara çıxacağam.

 

1888-ci ildə mən Ventinqauzla ( Corc Ventinqauz (1846-1914) – amerikalı sahibkar, mühəndis və ixtiraçı. Zavodları Pitsburq şəhərində yerləşən “Ventinqauz Elektrik” şirkətinin təsisçisi) müqavilə bağladım. O dəyişən cərəyanla bağlı bütün patentləri aldı və mənə Pitsburqda onun üçün işləməyimi təklif etdi. Vestinqauz təkcə biznesmen deyil, həm də mühəndis, ixtiraçı idi, bu da məni ona yaxınlaşdırdı. Mənim şəxsi motivim də var idi – “Vestinqauz Elektrik” şirkəti “Edison elektrik kompani” şirkətinin əsas rəqibi idi və mən də Edisonla bu yolla hesablaşmaq istəyirdim. Mən razılaşdım, amma bir şərt qoydum – patentlər üçün vəd verilmiş ödənişlərdən başqa mən şirkət tərəfindən istehsal olunmuş iki fazalı dəyişən cərəyanla işləyən mühərrik və generatorların hər at gücünə görə 2.5 dollar əldə etmək istəyirdim. Pul mənə sınaqlar, o vaxtlar düşünməyə başladığım “Dünya sistemi”nin yaradılması üçün lazım idi.

Belə bir əfsanə yayılıb ki, Vestinqauz Teslaya patentlər üçün dərhal milyon dollar ödəyib. Bu əfsanəyə ikinci qoşulub – guya Vestinqauzdan aldığı milyonun 500min dollarını Obadii Brauna verib. O da 1887-ci ildə “Tesla ark layt kompani” şirkətini yaratmağa kömək edib (daha sonra bu barədə söhbət gedəcək). Əslində isə belə bir hadisə baş verməyib. Milyon dollar o vaxt üçün çox böyük məbləğ olub, bu qədər heç ən dahi panetlərə görə də heç kim ödəməzdi. Müqayisə üçün: ixtisaslaşmış və təcrübəli mühəndis o vaxt həftədə 20 dollar, ildə 1000 dollar qazanırdı. Əslində isə Vestinqauzun təklifi daha az idi. O Teslaya patentləri ilə tanışlıq üçün 5000 dollar, 10000 dərhal və altı aydan bir üç dəfə 20000 dollar və “Vestinqauz Elektrik” şirkətinin 200 aksiyasını təklif etdi. Tesla əlavə olaraq onun patenti ilə istehsal olunmuş hər maşından hər at gücünə görə 2.5 dollar tələb etdi. Patentlər üçün Vestinqauzun guya ödədiyi milyon haqqında əfsanə ilk dəfə 1896-cı ildə New York Post-un jurnalisti Alfred Tomson dərc etdi. Bundan sonra bu əfsanəyə müxtəlif əlavələr olundu. Obadii Brauna verilmiş 500 min dollar versiyasından başqa belə bir versiya möcvuddur ki, guya Tesla bu məbləği Nikola Paşiçə (1845-1926) təsis etdiyi Xalq radikal partiyasının ehtiyacları üçün verib və məhz buna görə də Paşiç Serbiyanın baş naziri kimi 1892-ci ildə Teslanı III dərəcəli Müqəddəs Save ordeni ilə təltif edib. Əslində isə Tesla ordeni elmi xidmətlərinin etirafı əlaməti olaraq əldə etmişdi.

Vestinqauz razılaşdı, lakin onun şirkətinin başqaları ilə birləşməsindən sonra mənim yanıma gələrək dedi ki, səhmdarlar müqaviləmizə xitam verilməsini istəyirlər, çünki şirkət belə böyük məbləğin ödənilməsini etmək iqtidarında deyil. Mənim mövqeyim möhkəm idi, çünki məhkəmə mənim tərəfimdə olacaqdı, buna görə də hiyləgər Vestinqauz məndə insanlığımdan istifadə etmək istədi, dedi ki, mən razı olmasam şirkəti müflis olacaq. Mən Vestinqauz kimi biznes partnyorundan məhrum olmaq istəmirdim və daha çox şirkətin müflisləşməsinin səbəbkarı olmaq istəməzdim, bunun nəticəsində minlərlə insan işsiz qalardı, Vestinqauzun özü ilə kasıba çevrilərdi. O belə deyirdi: “Mən kasıb olacağam. Sahib olduğum hər şeyi itirəcəyəm və heç vaxt yeni işə başlaya bilməyəcəm”. Vestinqauz mənimlə özünü necə aparacağını bilirdi və öz istədiyinə nail oldu. Mənə çatacaq ödənişlərdən imtina etdim. Lakin mən sonra bildim ki, Vestinqauz maliyyə işlərindən anlamadığım üçün məni aldatdı. Müflisləşmədən söhbət belə gedə bilməzdi. Şirkətin işləri o qədər yaxşı deyildi, lakin müflisləşmə təhlükəsi yox idi. Vestinqauz mərhəmət və şəfqət hissimi oyadaraq həyasızcasına məni aldatdı. O və digər səhmdarlar sadəcə olaraq belə böyük məbləğlə vidalaşmaq istəmirdilər. Vestinqauz özünü zorla alicənab kimi göstərən çox şərəfsiz insandır. Müharibə dövründə o rusları çox pis vəziyyətdə qoyub (söhbət Birinci Dünya Müharibəsindən gedir). Rus hökumətindən orduya tüfəngin istehsalı üçün böyük sifariş qəbul etdi, lakin onda bir hissəsini çatdırdı, özü də onun tüfənglərinin keyfiyyəti çox pis idi. Rus tədarük komitəsində tərcüməçi işləyən yerlim Yordan Jarkoviç mənə rusların Vestinqauzdan müqavilənin icra olunmasını tələb etsələr də istədiklərinə nail olmamaqları barədə danışırdı (Birinci Dünya Müharibəsi dövründə Amerika Birləşmiş Ştatlarında rus hərbi sifarişlərinə nəzarət edən şirkət idi).

 

Tərcümə: Famil Ələkbərov

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Praqa

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Paris və Strasburq

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR