Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Amerika vətəndaşlığı

Nikola Teslanın gündəliyi: Amerika vətəndaşlığı
Sakura

Nikola Teslanın gündəliyi: Amerika vətəndaşlığı

1891-ci il iyulun birində, 35 yaşım ərəfəsində Amerika Birləşmiş Ştatlarına vətəndaşlığa qəbul edildikdən sonra özümdə artıq vətənimin bura olmasıyla bağlı fikir aşılamağa başladım. Öyrəşmək lazım gəlirdi. Əslində hələ də buna alışa bilməməyimin əziyyətini çəkirəm. Mənim kimi insanlar özlərini ancaq tanış mühitdə sakit və yaxşı hiss edə bilirlər. Artıq yeddi ildi Amerikadaydım, lakin hələ də buradakı həyatı Avropadakı həyatla müqaisə edir, fərqləri üzə çıxarır və tez- tez: “Avropada daha yaxşıydı”- deyə düşünürdüm. Bununla vidalaşmağın vaxtı gəlib çatmışdı. Üstəlik, artıq mənə kifayət qədər qəribə görünən amerikansayağı davranış və vərdişlərə yiyələnmək vaxtıydı. Vestinqauz dəfələrlə mənimlə bu barədə danışmışdı. Əgər sən hamı kimi deyilsənsə ərtafındakı insanlarla dil tapmağın çətinləşir. Vestinqauz məni tez-tez danışıqlara dəvət edir, sonda isə həmişə özümü “heyrətamiz” apardığımı, hörmətlə davrandığım üçün adamların gözündə dəli kimi görünəcəyimi söyləyib utandırırdı. Əksər hallarda haqlıydı. Biz iş ortağıydıq və mən mütləq onun tərəfində olmalıydım.

Amerikalıya çevrilməyə başladım. Yüzdə-yüz, başqan ayağa kimi əsl amerikalı. Mən hər şeyi - qarderobumdan davranışlarıma, sözlərin amerikansayağı deyilməsindən əl hərəkətlərinə kimi dəyişməyə başladım.  Amerikalılar əl hərəkətlərinə serblərdən daha çox yol verirlər.  Lakin tezliklə amerikalı olmağımın daha çox qanqaraçılıq gətirdiyinin fərqinə vardım. Üzərimdə hiss etdiyim nəzarət məni qıcıqlandırırdı. İşləməyimə mane olur və hətta həyatımı zəhərə döndərirdi. Əvvəlki həyat tərzimə geri dönməli oldum, hər şey dərhal sakitləşdi. Xoruzu nə qədər yüksəyə atırsan at, buludlara gedib çatmayacaq,  bir serb isə heç zaman həqiqi amerikalıya çevrilə bilməz. Onlar kimi olmaq üçün onların doğulduğu yerdə doğulmaq lazımdır.

Doxsanıncı illərin birinci yarısı mənim həyatımın ən məhsuldar dövrlərindən biridir. Tanındıqdan sonra  pula ehtiyac hiss etmədən, sakit işləmək imkanına malik olaraq, eyni vaxtda bir neçə istiqamətdə irəliləyərək xeyli nəticə əldə etmişdim. Əhəmiyyətli nəticələr! Xatirələrimdə onlara çox yer ayırmağı düşünmürəm, artıq bu barədə hamı bilir. Bircə, əsasən yüksək tezlikli cərəyanlar və işığın axınının qızan xətlər deyil (Söhbət közərmə lampalarındakı metal tellərdən gedir), yüksək tezlikli dalğalar vasitəsilə ötürülməsi ehtimalıyla məşğul olduğumu qeyd etmək istərdim. Xətlərlə bağlı tamamilə gözlənilməz nəticələrə gəlib çıxdım – metal xətlər toz kimi dağılırdı. Daha sonralarda, radiodalğalı vibrator sınaqları zamanı hər iki təcrübənin nəticələrini birləşdirərək bundan əvvəl  haqqında danışdığım silahı əldə etdim. Bunları xatırlamışkən, təkliflərimə heç bir cavab almadığımı da qeyd etməliyəm. Almaniyanın Sovet İttifaqına hücumundan sonra bu kəşflə bağlı sənədləri yenidən Moskvaya göndərdim.  Dərhal cavab yazaraq minnətdarlıqlarını bildirdilər, sənədlərlə tanış olacaqlarına söz verdilər.  Əslində mənim kəşfim bir qədər qeyri-adi xüsusiyyətlərə malikdi, başqa alimlərin ondan asanlıqla baş açması bir qədər çətindi. Təvazökarlıqdan boyun qaçıraraq deməli olsam, müasir elmi məlumatları bəlkə də yüz il qabaqlamışdım. Sınaqların nümayişi mənim bütünlüklə haqlı olduğumu sübut edə  bilərdi, lakin hətta ən sadə sınaq radiatoru  inanılmaz yüksək məbləğə başa gəlirdi, mənim heç indi də o qədər pulum yoxdur. Üstəlik, sınaqların aparılması üçün böyük sahəyə və yaxşı qorunan yerə - hərbi hazırlıq ərazisinə və özümün düzəldəcəyim bir neçə avadanlığa ehtiyacım vardı. Bu sınaqların baş tutması üçün onların hökümətdən kimlərinsə diqqətini cəlb etməsi lazımdı. Mən indi Kopernikin heliosentrik sistemini öz müasirlərinə izah etməyə çalışarkən nələr hiss etdiyini yaxşı başa düşürəm. Ola bilsin, almanlar məni başa düşərdilər, lakin onlarla heç zaman heç nədə razılaşmaq istəmirdim.  Berlindən mənə dəfələrlə birbaşa və dolayı yollarla təkliflər gəlməkdəydi, lakin onları bir qayda olaraq rədd edirdim. Faşistlərlə və ümumiyyətlə almanlarla heç bir işdə əməkdaşlıq etməyi arzulamıram. Nə Almaniya, nə də Avstriya almanlarıyla işləmək həvəsində deyiləm. Onlar hamısı eynidirlər, hamısı başqa xalqları əzməkdən zövq alırlar. Ağlıllı, yüksək savada, parlaq zəkaya sahib almanların ağlını itirmiş Hitlerə etimadı onlar barədə hər şeyi deyir. Mən hər şeyi yaxşı başa düşürəm, dünyanın almanların hakimiyyəti altında olması ideyası onların xoşuna gəlmişdi, bu səbəbdən bu çirkli və qara işlərdə ona kömək edirdilər. Etibara gəlincə, onlara hələ erkən yaşlarımdan inanmırdım. Avstriya imperiyasının almanları özlərini təkəbbürlü aparır, sanki yalnız bunlar insanmış kimi düşünür,  qalan millətlərin nümayəndələrini ayaqlarının tozu hesab edirdilər. Orda yaşadığım müddətcə hər gün bu və ya başqa yollarla serb olduğumu xatırladırdılar. Nə Parisdə, nə də Nyu-Yorkda oxşar halla rastlaşmamışdım. Bundan əlavə, 1895-ci ildə almanlar mənə, haqqında irəlidə yazacağım böyük zərbə vurmuşdular.

Həmçinin, Vestinqauzla işlərimiz də çox yaxşı gedirdi. 1893- cü ildə bütün rəqiblərimiz (ilk növbədə Edison) üzərində qələbə qazanaraq Çikaqo sərgisinə sifariş qazandıq (1893- cü ildə baş tutan Beynəlxalq Sərgi ( Beynəlxalq Kolumb sərgisi) Çikaqo şəhərində təşkil edilməklə Amerika qitəsinin Xristofor Kolumb tərəfindən kəşf edilməsinin 400 illik yubileyi şərəfinə təşkil  olunmuşdu). Sifariş inanılmaz miqyasdaydı – düz 200 000 lampa hazırlanmalıydı! Bundan əlavə, belə bir əhəmiyyətli tədbirin əhatə dairəsi Vestinqauz şirkətinin nüfuzunu inanılmaz dərəcədə artırırdı. Sifarişlər sel kimi axırdı. Üç il sonra Vestinqauz Niaqara elektrik stansiyasının inşasının haqqını əldə etməklə “Amerikanın Elektrik Kralı”na çevrilmişdi.  Düzdür, Edison elektrik stansiyasından Buffaloya  qədər xətlərin çəkilməsini Vestinqauzdan qopara bilmişdi (Niaqara elektrik stansiyasında hasil edilən enerji stansiyadan 30 km uzaqlıqda yerləşən Buffalo şəhərinin inkişafına böyük təsir göstərmişdi. Tesla Niaqara şəlaləsində tikiləcək elektrik stansiyasının bütün Amerikanı enerjiylə təmin edə biləcəyinə inanırdı. Lakin stansiyanın tikintisinə maliyyə vəsaiti ayıran iqtisadiyyat maqnatları Buffalonun inkişafına sərf olunandan artıq pul ayırmaqdan imtina etdilər. Müasir dövrümüzdə Niaqarada bir neçə elektrik stansiyası fəaliyyət göstərir), lakin bu Pirr qələbəsiydi, çünki xətlərin çəkilməsi Vestinqauzun (həmçinin mənim) nəzarəti altında həyata keçirilir və Edison lazım olan avadanlıqları Vestinqauzun şirkətindən almalı olurdu.  Edisonun bu vəziyyəti  onun alçalmasına və üzüqara vəziyyətə düşməsinə  səbəb olmuşdu. Ölümümü təşkil etmək cəhdindən sonra onunla qarşılaşmaq mənim üçün xoş deyildi. Sanki insan deyil, zəhərli ilan görürdüm. Əslində, Edoson onsuz da zəhərli ilandı, onunla eyni mahiyyətə sahibdi. İnsaniyyət deyilən şeydən Edisonda ancaq görünüş qalmışdı. Mən onunla birbaşa ünsiyyətdən boyun qaçıraraq sözlərimi əsasən köməkçiləri  vasitəsilə çatdırmağa çalışırdım. Bu hər ikimizi qane edirdi. Lakin Vestinqauz onunla şəxsən görüşmək və kimin başçı olduğunu xarıtlatmaq fürsətindən istifadə etməkdən çəkinmirdi

İşlərim zirvəyə doğru irəliləsə də bunun üçün ürəkdən sevinə bilmirdim, çünki 1892- ci ildə anam vəfat etdi. Mən həmin müddətdə Avropadayadım (1892- ci ildə Tesla Londonda, Parisdə və Belqradda mühazirələrlə çıxış edirdi. Həmçinin Berlində, Frankfurt-Maynda, Budapeştdə və Peterburqda mühazirələrin oxunması nəzərdə tutulmuşdu, lakin anasının ölümündən sonra yaranan xəstəlik səbəbiylə Nyu-Yorka nəzərdə tutulandan daha tez qayıtmalı olmuşdu), onu sağ ikən görmək fürsətim olmuşdu. Biz bütün günü söhbət edirdik. Anam mənə xeyir-dua verdi və gecə, yuxudaykən vəfat etdi. Mən bu itkinin ağrısını günü bu gün də unuda bilməmişəm. Bütün bu müddət boyunca onun artıq olmadığını hiss edirəm. Yarım əsr keçib, indi mən anamdan yaşlıyam, amma yenə də ona ehtiyacım var. İndi də onun yoxluğunu hiss edirəm. Bu, ömrünün böyük hissəsini anasından ayrı yaşayan bir oğul üçün qəribə görünə bilər, lakin həqiqət bundan ibarətdir. Anam sağ olduğu müddətcə, harda oluramsa olum, onun yaxınlığını  hiss edirdim. Bu, heç bir məntiqi yolla izahı mümkün olmayan çox qəribə ana-oğul münasibətidir.

Anamın ölümündən bir qədər sonra isə əziz dostum Antal Siqetini itirdim. Yaşadığı həyat tərzi  onu ömrünün çiçəklənən çağında məhv etdi. Biz təkcə dost deyildik, həmçinin ömrümüzü də bir yerdə keçirmişdik. Antalın mənim həyatımın bir parçası olduğunu söyləyə bilərəm, bizi çox şey birləşdirirdi. Mən hələ də onun qarşısında özümü günahkar hiss edirəm. Pitsburqdan qayıtdıqdan sonra tamamilə işlərimə aludə olaraq Antalı demək olar unutmuşdum. Onun marağını cəlb edən bir işlə təmin edə bilsəydim həyatını qorumuş olacaqdım. İşə başı qarışan adamın sərxoşluğa və mənasız işlərə ayırmağa vaxtı qalmır. Antalın əsas bədbəxtliyi zəif xarakter və varlı valideynlə bağlıydı, atası hara sərf etdiyini soruşmadan ona ardıcıl şəkildə pul göndərirdi. Antal gənckən atası qətiyyən qayğısına qalmır, artıq böyüdüyünü, özü-özünü təmin etməli olduğunu deyirdi. Lakin sonradan sakitləşib oğluna istədiyi qədər pul göndərirdi. Həyatımın ən ağır məqamlarından biri Antalın ölümündən sonra valideynləriylə qarşılaşdığım andı. Onlar mümkün qədər çox şey öyrənmək istəyir, mən isə kədər içində boğulduğumdan ağzımı açıb heç nə deyə bilmirdim. Qardaşımın ölümü məni Antalın ölümü qədər sarsıtmamışdı. Qardaşım öləndə mən balaca uşaqdım, uşaqlar isə hər şeyə fərqli nəzərlərlə baxırlar. Uşaq sevincinin həddi-hüdudu olmasa da kədəri tez keçib gedir. Lakin böyük yaşlarda hər bir itki insanın ürəyində bir dərin yara qoyur. Xüsusən də qəribçilikdə, insan öz dostunu gənc yaşında itirir və bu ölümdə özünü günahkar hesab edirsə.

Almanlar barədə danışmağın vaxtı gəlib çatdı. 1892-ci ildə Parisdə Emile Rathenaunun (Emil Morits Rentenau  (1838–1915) – AEG şirkətinin qurucularından biri)  Almaniya Ümumi  Elektrik (Bu şirkət daha çox AEG  (“Allgemeine Elektrizitäts-Gesellschaft” adının qısaldılmış şəkli) kimi tanınır. Emil Retenau tərəfindən qurulmuş şirkət, 1883- ildən 1887- ci ilə kimi Alman Edison Tətbiqi Elektrik Cəmiyyəti adlandırılırdı, çünki Elektrik İşıqlandırma Şirkəti səhmlərinin bir hissəsi Edisona aiddi) şirkətiylə tanış olmuşdum. Rathenaun məndə yaxşı təəssürat yaratmışdı. O, ixtiralarla məşğul olmurdu. Sadəcə mühəndisdi, lakin yeniliyə həvəsli bir zehnə sahibdi. Onu bütün yeniliklər, həmçinin mənim haqqında Avropada mühazirə oxuduğum alternativ enerjiylə bağlı məsələlər yaxından maraqlandırırdı. Hər ikimizin Edisona nifrət etməyimiz bizi daha da yaxınlaşdırırdı. Əvvəllərdə Edison Rethenaunla ortaqlıq yaratmış, lakin tezliklə bütün şirkəti əlinə keçirmək məqsədilə onu öz beynəlxalq şirkətinin Almaniya şöbəsinə çevirmişdi. O zamana kimi Almaniyadakı işlərlə Paris şöbəsi məşğul olurdu. Şirkətin nizamnaməsinə görə ortaqlar  bərabər sərmayə payına sahib olmalıydılar. Əks halda kiçik paylə səhmdar şirkətdən uzaqlaşdırıla bilərdi. Mən hər şeyi Rethenaurun söylədiyi kimi yazıram. Edison şirkətin kapitalını üçqat artırmaq təklifiylə onu özünə düşən payı satmağa məcbur edə biləcəyinə inanmışdı. Rethenaunun imtina edəcəyini və işdən çəkiləcəyini düşünürdü, lakin ortağı çətənə qoz çıxmışdı. O, nəinki lazım olan məbləği tapmış, həmçinin Edisona öz payını ona satmasını da təklif etmişdi. Edison növbəti çirkin işinə qol qoymazdan əvvəl Rethenaurun yəhudi və ən varlı Frankfurt bankirlərindən birinin qızıyla evli olduğunu, zəruri hallarda qaynatasından  və ya  soydaşlarından  istədiyi məbləği ala bildiyini nəzərdən qaçırmışdı. İmperiyanın (Söhbət Almaniya və Avstriya-Macarıstan imperiyalarından gedir) demək olar bütün bankları yəhudiulərin nəzarətindəydi.

Rethenaur məni Verner fon Simenslə (Ernest Verner fon Simens (1816-1892) – tanınmış alman  ixtiraçı və istehsalçı, ilk başlarda «Telegraphenbauanstalt Siemens & Halske» adlanan S & şirkətinin qurucusu. 1849-cu ildə S & Almaniyada ilk Berlin-Frankfurt am Main teleqraf xətlərini çəkib. Şirkət əvvəlcə teleqraf xətlərinin çəkilməsi və teleqraf aparatlarının çəkilməsi ilə məşğul olurdu, lakin tezliklə dünyanın ən böyük elektrotexnika şirkətlərindən birinə çevrilmiş elektrik mühəndisliyinin digər sahələrini də özündə birləşdirmişdi) tanış etdi. Biz bir-birimizi qiyabi olaraq tanıyırdıq. Mən onun dinamo–maşını (XIX əsrin ikinci yarısında Verner von Siemens tərəfindən icad edilən bir DC generatoru "Dinamo – mühərrik" adlandırılırdı) və Trans-Atlantik teleqraf kabellərinin çəkilməsində uğur qazandığını bilirdim, o isə mənim ixtiralarımdan xəbərdardı. Simens Vestinqauzla Edison arasında orta yerə malikdi. Edison kimi sınaqlar sahəsində bacarıqlı olsa da onun kimi savadsızdı, səhvlərdən vaxtında imtina etmək məsələsində isə Vestenqauz kimi buğdanı samandan ayıracaq qədər gözaçıqdı. Əgər Edison alternativ cərəyanın üstünlüklərini etiraf etmiş olsaydı dünyanın elektrik hakiminə çevriləcəkdi. Bu nə Simens, nə Vestinqauz, nə də bir başqası olmayacaqdı. Yalnız Edisonun Dünya Elekrtrik Şirkəti olacaqdı.

Simens Avropaya qayıtmaq istəyib- istəmədiyimi xəbər aldı.  Hazırda Amerikada işlərimin çox olduğunu əsas gətirərək bunu edə bilməyəcəyimi dedim. Simens onunla işləməyimi təklif etdi. Görünür, o, bunu çoxdan düşünüb götür-qoy etmişdi, çünki bütün şərtlər barədə ətraflı məlumat verdi. Mən Vestinqauzla müqavilə bağladığımı deyərək imtina etdim.  Bununla da söhbət bitdi, mən tezliklə Simensin təklifini unutdum. Lovğalanmaq istəməzdim, 1892- ci ildə mənə Avropadan daha bir neçə iş təklifi gəlmişdi. Hələ beş il əvvəl bir qarın yemək üçün yer qazan adam üçün möhtəşəm uğur sayıla bilərdi!

1893- cü il martın birində Sent- Luisdə işıqlandırma və digər yüksəktezlikli hallar barədə mühazirə oxuyurdum (Nikola Teslanın 1893-cü ildə Filadelfiya Franklin İnistutunda və Sent-Luis Milli Elektronik Filadelfiya Franklin İnstitutu və Sent- Luis Milli İşıqlandırma Assossasiyasında oxuduğu "Yüksək tezliklə bağlı  işıqlandırma və digər hadisələr barədə” mühazirəsi elektrotexnikanın  inkişafında böyük əhəmiyyət kəsb edirdi). Mühazirədən sonra yanıma xeyli adam yaxınlaşdı. Kimi sual ünvanlamaq, kimi heyranlığını ifadə etmək istəyirdi, lakin əksəriyyəti  yüksəktezlikli alternativ enerjinin təhlükəsizlik məsələsini özü üçün aydınlaşdırmağa çalışırdı (Nikola Tesla mühazirə zamanı yüksək tezlikli  alternativ enerjinin təhlükəsizliyini sübut etmək üçün, bədənindən 200 min voltluk gərginlik və saniyədə 1 milyon dövrlik elektrik cərəyanı keçməsini təmin etmişdi). Onların arasında özünü Simensin baş mühəndisi kimi tanıdan Friedrik fon Hefner-Altenek (Fridrix fon Hefner Altenek  (1845–1904) – alman mühəndis və ixtiraçı, Verner fon Simensin ən məhçur köməkçilərindən biri, S & firmasının baş mühəndisi; Hefnerin bir çox ixtiraları arasında Elektrik maşınlarının daimi axını üçün lövbər barabanı, diferensial nizamlayıcılı qövs lampası və “Hefner şamı adlanan, intensivlik vahidi üçün etalona çevrilmiş "Hefner lampası” xüsusi yer tutur) və öz köməkçilərindən biri kimi təqdim etdiyi Verner Ridel də vardı. Hefner bəzi məsələlərin müzakirəsini aparmaq üçün axşam yeməyi masasında görüşməyimizi təklif edirdi. Mən söhbətin dönüb-dolaşıb Simenslə birlikdə iş təklifinə gələcəyini bilirdim, lakin istedadlı ixtiraçılarla bir yerdə olmaqdan zövq aldığım üçün təklifi qəbul etdim. Həmkarlarımla görüşmək fürsətini əldən qaçırmamağa çalışıram. Əsasən də axşam yeməyinin restiranda deyil, onun oteldəki nömrəsində təşkil ediləcəyini biləndə daha çox sevindim. Adamların çox toplaşdığı yerlərdə olmağı sevmədiyim məlumdur, sakit  mühit daha çox xoşuma gəlir.

Təəccübümə rəğmən, Hefner yemək müddətində iki kəlmə sözlə kifayətləndi. Əsasən, özünü şəraitə nəzarəti əlinə aldığını düşünən Ridel danışırdı. O, məncə yaşca Hefnerdən cavandı (baxanda otuz yaş vermək olardı). Lakin çox özünə inamlı olduğu və hakimiyyəti ələ aldığı görünürdü. Onun itaət etməyə deyil, əmr verməyə adət etdiyi aşkar hiss olunurdu. Ridelin əslində köməkçiyə, ümumiyyətlə mühəndisə bənzəmədiyini düşünməyə başladım. Daha çox hərbçini xatırladırdı – kostyum əynində mündiq kimi dururdu, bircə qırışı yoxdu.  Mənə tərif yağdırmağa başlayıb, sonra Amerikayla bağlı təəssüratlarını, Nyu- Yorkda olmağından danışdı, Sent-Luisi  təriflədi və başqa bu kimi şeylərdən söz açdı. Adi kiçik söhbətlərdi, lakin arxasında hansısa məqsəd dayandığı  hiss olunurdu. Ridel boş- boş şeylərdən danışır, lakin üzümə çox ciddi nəzərlərlə baxırdı. Qəfildən cümləsini yarımçıq kəsib “alman maliyyə dairələrində çox nüfuzlu şəxslərin” mənə çox yaxşı bir təklifi olduğunu diqqətimə çatdırdı. Hefnerin bu sözlərdən sonra dili açıldı, təcili surətdə təmiz havaya ehtiyacı olduğunu irəli sürərək nömrədən çıxdı. Bu məni çox təəccübləndirdi, lakin Ridelin təklifi bu təəccübü kölgədə qoydu. Mənə Almaniyada iş təklif etdiyini irəli sürərək,  bu işin Simens şirkətiylə deyil, daha yüksək səviyyəli təkliflə bağlı olduğunu və daha yüksək məbləğ ödənəcəyini xüsusi qeyd etdi. Mən birbaşa: “Siz hökümətimi təmsil edirsiniz?”- deyə soruşdum. O: “Bəli” deyə cavab verdikdən sonra Heynə yaraşan şairanə sözlərlə Berlindəki işin üstünlükləri barədə danışmağa başladı. Onu axıra kimi dinlədikdən sonra Vestinqauzla işlədiyimi, işlərimi davam etdirməyə borclu olduğumu və yaxın vaxtlarda işlərimin Nyu-Yorkdan Almaniyaya köçürülə bilməyəcəyini əsas gətirərək təklifindən imtina etdiyimi bildirdim. Ridel, mənim düşündüyümün əksinə olaraq bir kəlmə “Yaxşı” söyləməklə razılaşdığını göstərdi. Onun məni dilə tutmağa başlayacağını zənn edirdim, amma yanılırammış. Ridel, belə olan halda başqa bir təklif irəli sürdü. Alman alimlərinin mənim apardığım tədqiqatla çox maraqlandıqlarını və  bütün yeniliklər barədə vaxtaşırı xəbərdar olmaq üçün istənilən məbləği ödəməyə hazır olduqlarını bildirdi. Mən, cavabında görüşlərim zamanı bu barədə mütamadi məlumat verdiyimi, məsələn bu gün bunun üçün bir qəpik də istəmədiyimi dedim. “Siz məni başa düşmədiniz,- Ridel sözümü kəsdi.- Biz sizin iş materiallarınızla, sınaqlarınınz barədə tərtib olunan protokollarla, ideyalarınızla maraqlanırıq. Bizə sizin “mətbəxiniz” lazımdır, bütünlüklə.  Bunun üçün ayda 10 000 dollar alacaqsınız. Müəlliflik hüquqları barədə də narahat olmayın. Biz sizin ixtiralarınızın müəlliflik hüququnu ələ keçirmək fikrimiz yoxdur. Sadəcə hər şeydən xəbərdar olmaq istəyirik”. Mən imtina etdim. Ridel bir az düşünməyimi təklif etdi.  Mən, heç zaman fikrimi dəyişməyəcəyimi qəti şəkildə bildirərək bir daha belə təkliflərlə yaxınlaşmamaqlarını xahiş etdim. Biz çox soyuq sağollaşdıq (mən Hefnerin qayıtmağını gözləmədən getdim). Lakin üstündən iki həftə keçəndən sonra Ridel Beşinci küçədə (Nikola Teslanın laborotoriyası nəzərdə tutulur) peyda olub mənə bir ay üçün 20 000 dollar və hansısa kartelin və ya sindikanın səhmlər paketini təklif etdi. Hədsiz dərəcədə özümdən çıxdığımdan onu dinləmək iqtidarılnda belə deyildim. O yenidən yanıma gəlməyə və üstəlik məni işimdən ayırmağa necə cəsarət edə bilərdi? Yenidən imtina etdim və yenidən bir daha narahat edilmək istəmədiyimi bilditdim. Ridel getdi, lakin bir həftə sonra ondan heç oxumadan cırıb atdığım bir məktub aldım. 1894- cü ilin fevral ayına kimi məni heç kim narahat etmədi. Qısa müddət sonra Tomas Mardinin haqqımda yazdığı kitab (Tomas Komerford Martin. “Nikola Teslanın ixtiraları, tədqiqatları və məqalələri” - Thomas Commerford Martin, «The Inventions, Researches, and Writings of Nikola Tesla») işıq üçü gördü. Kitabın nəşrindən sonra jurnalistlər, həmçinin avropalı jurnalistələr şəxsimlə yaxından maraqlanmağa başladılar. Bu səbəbdən Berlindən gəlmiş cənab Klyayberin mənimlə görüşmək istədiyini deyiləndə, onun müsahibə üçün gəlmiş alman  jurnalistələrdən biri hesab edərək razılaşdım. Lakin Klayber söhbətə mənə Rideldən xəbər gətirdiyini deyərək başladı. Ayağa qalxıb qapıya tərəf getdim, açaraq Klayberdən dərhal buranı tərk etməsini xahiş etdim. “Mən nə cənab Ridellə, nə də onun dostlarıyla heç nə etmək istəmirəm” – dedikdən sonra Klayber çıxıb getdi.

1894-cü ilin iyununda mənə Kolumbiya universitetinin fəxri doktoru adı təqdim edildi. Çoxlu təbriklər aldım. Onların arasında məni şəxsən təbrik etmək istəyənlərdən biri kimi Simens Ferdinant Karlbaum ( Ferdinand Karlbaum (1857–1927) – alman fiziki, termik radiasiya optikası və fizikası üzrə elmi məqalələrin müəllifidir. Arvadı Verner fon Siemens Elizabetin qızıydı) da vardı. Söhbət arası o, cənab Ridelin onun Amerikaya getdiyini biləndə məndən “bizim ümumi işimizlə” bağlı xəbər almağı xahiş etdiyini nəzərimə çatdırdı. Cənab Simensə Ridellə hansı “ümumi işimiz” olduğunu izah edərək bunun heç zaman “bizim ümumi işimiz” olmayacağını xüsusi qeyd etdim. Gedərkən cənab Ridellə nə kimi əlaqələri olduğunu soruşdum. Əslində bu adam hansı işlə məşğuldur? Simens birbaşa cavab verməkdən yayınaraq Rideli elə də yaxşı tanımadığını dedi. Lakin gözünün içinə kimi yalan söylədiyi hiss olunurdu.

1894- cü ilin sentyabr və noyabr aylarında Rideldən yenidən məktub gəldi, onları da oxumadan cırıb atdım. Cavab verməyi mənasız hesab edirdim. Onunla birmənalı şəkildə əməkdaşlıq etmək istəmədiyimi bildirmişdim, aydın olan məsələni bir də aydınlaşdırmağa ehtiyac görmürdüm. Vestinqauzu almanlar tərəfindən narahat olunduğumla bağlı xəbərdar etdiyimdə bu barədə jurnalistlərə məlumat verməyimi məsləhət bildi. Onun fikrincə söz- söhbətin yayılması Ridelin və onun adamlarının məni rahat buraxmasına səbəb ola bilərdi. Lakin bu barədə artıq heç kimə heç nə söyləməmək qərarına gəldim. Ətrafımda yaranan istənilən səs-küy ancaq işləməyimə mane ola bilərdi.

1895-ci ilin mart ayının birində Ridel laboratoriyamda göründü. O, özünü “köhnə dost” kimi qələmə verərək inam yaratmış, kabinetimə kimi gəlib çıxa bilmişdi. Burada özünün bütün iyrənc simasını üzə çıxara bildi. Mən ona dərhal qapını göstərdim. Amma özünü eşitməzliyə vuraraq stul çəkib oturdu. Onu dinləmədən çıxıb getməyəcəyini bildirdi. Mən dərhal küncdə dayanan  polisi çağırmaq istədim, lakin dava- dalaş düşməsini istəmirdim. Ridelə sona kimi qulaq asmağımın daha yaxşı fikir olacağını düşündüm. Sonda bir kəlmə “yox” deyəcəkdim və bununla da hər şey qurtarıb gedəcəkdi. Nəhayət o, məni mütamadi olaraq təqib edə bilməzdi.

“Mənim sizin kimi adamlara korlayacaq artıq vaxtım yoxdur! - Ridel kobudluqla dilləndi, elə bil narahat olan mən deyil, özüydü. – Bəsdir, nəhayət razılığa gəlməliyik. Bizim irəli sürdüyümüz şərtlərlə razı deyilsinizsə özünüzünkiləri deyin!” Mən sakitcə ancaq “yox” deyə biləcəyimi və heç zaman “hə” deməyəcəyimi bildirdim. Heç bir şərt irəli sürməyə ehtiyac yoxdur. Çünki məsələ şərtlərlə deyil. Prinsiplərlə bağlıydı. “Nə üçün?”- Ridel təəccübləndi. “Məgər pul artıqlıq edir?  Yoxsa sizin imtina üçün hansısa məxsusi səbəbiniz var?”. Mənim ona almanlarla münasibətim  və digər məsələlər barədə moizə oxumağa vaxtım yoxdu. Bir daha “yox” səsləndirərək məni rahat buraxmasını tələb etdim. Artıq nə qədər: “Siz mənim işləməyimə mane olursunuz” deyə təkrarlamaq olardı?  Ridel: “ Hələ bizim sizi necə narahat edə biləcəyimizdən xəbərdar deyilsiniz”- deyərək vidalaşmadan çıxıb getdi. “Yaxşı oldu, – deyə düşündüm,- bir də gəlməz”. 

1895- ci ilin mart ayının 13-də laboratoriyamda yanğın başladı. Alov az vaxt ərzində bütün binaya yayılaraq bir neçə saat ərzində hər şeyi külə döndərdi. Hər şey - qeydlər, avadanlıqlar, şəxsi arxivim, hamısı məhv oldu. Yanğın təxminən səhər altının yarısında başlamışdı. Mən otelə səhər saat beşdə getmişdim. Bütün binadan ancaq neçə illərdən bəri mənə qulluq edən səliqəli və məsuliyyətli Brayn sağ-salamat çıxa bilmişdi. Mən laboratoriyamı qurmağa başlayanda Braun artıq neçə illərdi burda işləyirdi. Onun sözlərinə görə yanğın eyni vaxtda laborotoriyanın bir neçə yerində başlamışdı. Heç nə eşitmədiyinə və heç nə görmədiyinə and içirdi. Hər şey qaydasında görünürmüş və qəfildən laborotoriyada başlayan yanğın bütün evi bürümüşdü. Alov bir neçə yerdən hücuma keçibmiş. Braun alovu söndürməyə çalışırmış, lakin alovun sürətlə yayıldığını görəndə küçəyə qaçıb canının zorla qutarmışdı.

Əgər boş binada bir neçə yerdə qəfildən alov qalxırsa bu, yanğının qəsdən törədildiyini göstərirdi. Əməkdaşlarımdan kiminsə yanılı qəlyanını və ya şamı masanın üstündə və ya başqa bir yerdə qoyub getməsi mümkün deyildi. Yanımda ancaq diqqətli və məsuliyyətli insanları saxlayırdım. Üstəlik, bütün əməkdaşlar evlərinə axşam gedirdilər. Gecə laborotoriyada ancaq mən qalırdım. Əgər məsələ yanılı qalan şamla bağlıydısa yanğın daha tez başlamalıydı. Yox. Bu yanğının hansısa kimyəvi maddənin köməyiylə qəsdən törədildiyi göz qabağındaydı. Mənim kimyadan elə də yaxşı başım çıxmırdı, lakin əməkdaşlarımdan ikisi kifayət qədər kimya savadına sahibdi. Onlar, hər yerin bır anda alova bürünməsinə səbəb olan kimyəvi yandırıcı maddənin hazırlanmasının kimyaçılar üçün asan iş olduğunu izah etdilər. Ridelin sözlərini yaxşı xatırlayırdım, yanğını almanların törətdiyinə bir damcı da şübhə etmirdim. Günorta binaya girib yandırıcı maddələri əvvəlcədən yerləşdirmək elə də çətin deyildi. Binaya gündə ən azı iyirmi xəbərçi girib çıxırdı. Yanğının ayın 13- də (ABŞ əvvəlcə 13 ştatı əhatə edirdi, bu da ölkənin  gerbində və bayrağında əks olunur. Böyük ulduzun içərisindəki qartalın başı üzərində 13 kiçik ulduz var, qartal sol caynağında  on üç ox, sağ  caynağında isə 13 yapraqlı və 13 zeytunlu budaq tutub. Birləşmiş Ştatların bayrağında 13 qırmızı və ağ zolaq var) törədilməsini Amerikaya istehza etmək kimi başa düşürəm. Həmçinin, Simensin mənim ixtiralarıma yiyələnmək cəhdlərinin də Ridelin və onun ağalarının başının altından çıxdığına əminəm (AEG-də rus mühəndisi Mixail Dolivo-Dobrovolskinin (1862-1919) təkmilləşdirdiyi üç fazalı alternativ cərəyan sistemi, Tesla tərəfindən 1888-ci il mayın 1-də əldə edilmiş, 38868 və 382280 saylı patentlərlə təmin edilmiş, 47885 saylı patentlə təsdiq edilmiş xüsusi haldır. Almaniya və İngiltərədə əldə edilən patent nömrəsi 6481. AEG, Tesla qarşısında öhdəliklərindən boyun qaçırmaq üçün bu əlaqəyə etiraz etmək istəsə də buna nail ola bilmədi). Onlar mənə müharibə elan etmişdilər – laborotoriyamı yandırmaqla ixtiralarımın müəlliflik hüququnu da əldə etmək istəyirdilər.

Laboratoriyanın məhv edilməsi çox güclü zərbəydi. Lakin bu məni bir elə sarsıtmadı, çünki bütün  məlumatları beynimdə qoruyub saxlayırdım. Hadisənin miqyası böyük olsa da hər şey texniki məsələlərlə bağlıydı. Huyston-Stritdə (46 nömrəli ev) yeni tutduğum binada Yeni laborotoriyanın qurulması və sənədləşdirilmələr vaxt itkisinə səbəb olacaqdı. Qəzetlər mənim laborotoriyamın yandırılmasını beynəlxalq səviyyəli məsələ adlandırmışdı, əslində isə vəziyyət pis olsa da dəhşətli deyildi. Hər şeyi yoluna qoymaq olacaqdı. Yanğın mənim beş ay yarım vaxtımı aldı. 1895-ci ilin sentyabrında yeni laborotoriya bütün gücüylə işə başladı. Niaqara elektrik stansiyasıyla bağlı vaxt itirməsəydim bunu daha irəli çəkib iyulun birindən işə başlaya da bilərdim.

Mən bütün sənədləşmələri və avadanlıqları bərpa edə bilmişdim, lakin əvəzedilməz bir şeyi – indi artıq üç ildir həyatdan köçmüş əziz bacım Maritsanın məktublarnı geri qaytarmaq mümkün deyildi (Maritsa Kosanoviç (Tesla) 1938 – cil ildə vəfat etmişdi). Onlardan bəzilərində savadsız anamın əl izləri vardı. Adının baş hərfini göstərən “Q” hərfi yazılmışdı.  Bu məktubların dəyəri hər şeydən yüksəkdi. Həmin məktubları bank seyfində deyil, laborotoriyada saxladığım üçün hələ də özümü bağışlaya bilməmişəm.  Lakin belə bir hadisənin baş verəcəyi kimin ağlına gələ bilərdi?  Mənim? Özü də bütün ehtiyat tədbirlərinin həyata keçirildiyi yüksək səviyyəli qayda-qanunun hökm sürdüyü bir laborotoriyada.

Hamı yanğında Edisonu günahlandırırdı, lakin mən bu işdə onun əlinin olmadığını bilirdim. Heç bir sübut-dəlilə malik deyildim, lakin laborotoriyanın almanlar tərəfindən yandırıldığına tamamilə əmindim. Onları birbaşa ittiham edə bilməzdim, lakin bunu Edisonun etmədiyini elan etməklə borcumu yerinə yetirməliydim. Ona qarşı bəslədiyim bütün nifrətə baxmayaraq belə hadisə törətməyə qabil olmadığını söylədim. Həqiqətən belə düşünürdüm, indi də eyni  fikirdəyəm. Mənə qarşı ilk sui-qəsd təşəbbüsündən sonra Vestenqauz tərəfindən xəbərdarlıq edilmiş Edisonun bir daha buna cəhd etməsi mümkün deyildi, Vestinqauz sözünü küləyə verən deyildi, bunu hamı bilirdi. Xeyr. Yanğını onlarla işləməkdən imtina etdiyim almanlar törətmişdilər. İndiyə kimi də mənim almanlarla düşmənçilik etməyimə səbəb olan kinim öz dəyişməz xarakterini qoruyub saxlamaqdadır.Almanların içində də təmiz və yaxşı insanlara rast gəlmək mümkündür. Lakin xalq olaraq almanların indi törətdiklərinə baxanda onların dəhşətli xalq olduqlarının sübutunu görmək mümkündür. İlk dəfə bunda serbləri, ikinci dəfə isə polyakları günahlandırmalarına baxmayaraq iyirminci əsrin bütün müharibələri almanların günahı ucbatından baş verib.

Edison mənə gözlənilməz jest edərək yeni laborotoriyam hazır olana kimi onun  laborotoriyalarından birində işləməyimi təklif etdi. Çox çətin vəziyyətdə qaldım, təsəvvür edin, məni öldürmək istəyən adamın köməyini qəbul etməyə məcburdum, çünki ictimaiyyətin gözü üstümüzdəydi. İmtina etməli olsaydım özünü idarə edə bilməyən adamların mənə dəli gözündə baxmasına səbəb olacaqdım. Şübhəsiz, Edisonun mənə ünvanladığı bu təklifin altında yatan qeyri- səmimi motivləri yaxşı anlayırdım. O hamıya hər şeyin nə qədər gözəl olduğunu göstərməklə yanaşı həm də burnunu mənim sirrlərimə soxmaq istəyirdi. Onun təklifini qəbul edəcəyim təqdirdə əməkdaşlarım və laborotoriyam üzərində güclü nəzarət olacağını bilirdim. Mən bir qərara gəlib hamının gözü qabağında Edisona təşəkkür etdim. Onun laborotoriyasında işləmək görüntüsü yaradaraq Hyuston küçəsində bir bina tapıb laborotoriyamı avadanlıqlarla təhciz etməyə başladım. Müxbirlər Edisonla aramızda gedən müharibənin başa çatdığını yazırdılar. Müharibə bitməmişdi. Sadəcə mən laborotoriyanın təhcizatı zamanı məsələni bir tərəfə çıxartmaq üçün böyük pula ehtiyac yaranacağını bilirdim, kömək əlini kobudluqla geri qaytaran kobud və ağılsız insan kimi ad çıxartmaq istəmirdim. Şübhəsiz, Edisonun razılığımdan çox imtina etməyimə sevinəcəyini yaxşı bilirdim, çünki bu halda o, hər yerdə ünvanıma təhqir səsləndirmək üçün bəhanə əldə etmiş olacaqdı.

Bu yerdə mütləq məni özünün “ən yaxşı dostu” adlandıran Vestinqauzun məni nə Pitsburqa dəvət etdiyini, nə də 1888- cildə bağlanmış müqaviləyə görə alacağım məbləğdən bircə sent verdiyini qeyd etməliyəm (Hər at gücü üçün ödənəcək əlavə gəlirdən isə mən imtina etmişdim. Yəni, satılan alternativ enerji mühərriklərinin hər bir at gücü üçün ödənəcək 2,5 dollardan söhbət gedir). 90-cı illərdə tüğyan edən iqtisadi böhrana baxmayaraq şirkətin işi yüksək səviyyədə davam edirdi. Vestinqauz özü bunu dəfələrlə diqqətimə çatdırmışdı. Çox-çox sonralarda onun mənim qarşımda bir çöx öhdəlikləri yerinə yetirməmək üçün özünə düşən paydan da imtina etdiyini dediyini başa düşdüm. Lakin ilk dəfə işlər yaxşı getsə də iqtisadi böhrana görə büdcədə boşuqlar yarandığını və bunu həll etməli olduğumuzu söyləyəndə ona inanmışdım. Vestinqauzun kölgə mühasibatlığına əl ataraq səhmdarlarını aldatdığına şübhə etmirəm. Güclənən böhranın və şirkətin işlərinin yavaşıması fonunda onun şəxsi həyatı gündən – günə daha dəbdəbəli şəkil alırdı. Ona baxanda işlərin pisləşdiyini söyləmək mümkün deyildi. Mən o zaman bunu şirkətin işlərinin pisləşməsi zamanı belə ictimaiyyət arasında əminlik nümayiş etdirməli olmasıyla izah ediridm. O zaman: “Yəqin, işlər pisləşməyə doğru getdikcə onun yaxşı olduğunu daha çox göstərmək lazım gəlir”- deyə düşünürdüm.

Hər at gücünə görə haqdan imtina etməyimdən sonra Vestinqauzla münasibətlərimizdə soyuqluq əmələ gəlmişdi.  O, məndən get-gedə uzaqlaşmağa başlamışdı. Işgüzar məsələlərdə artıq onuna deyil, daima hörmətli davranmağa xüsusi diqqət yetirən əməkdaşlarıyla əlaqə yaradırdım. Laboratoriya üçün yeni avadanlıqların alınması zamanı yaxşı güzəştlər ediləcəyinə ümid bəsləmişdim. Vestinqauzun mənim maddi vəziyyətimdən xəbərdardı. Kömək göstərilməzsə, laborotoriyanın qurulmasının başa çatdıra bilməyəcəyimi bilirdi. Lakin heç kiçik də olsa güzəştə getmədi. Görüntüyə baxanda bunu onun əməkdaşlarının etmək istəmədiyi görünürdü. Lakin bütün bunların onun nəzarətində olduğunu yaxşı bilirdim. Bu barədə Vestinqauzun başqa ortaqlarından biri, Ernest Xaynriks (Haynriks Westinghouse şirkətində ictimai əlaqələr üzrə menecer vəzifəsini icra edirdi. Daha sonra bu vəzifəyə "təbliğat-katib" adı verildi) ağzından nəsə qaçırmışdı. Vestinqauza şəxsən nəsə deməyi özümə sığışdırmadım. O, yanğından xəbərdardı və bununla bağlı təəssüf etdiyini bildirmişdi. Əgər istəsəydi özü - özlüyündə qiymətlərin aşağı salınmasını və ya heç olmasa hissə-hissə  ödəməyimi təklif edə bilərdi. 

Mənim kənarda pul vəsaitim yoxdu, çünki əldə etdiyim bütün gəlirləri yeni təcrübələrin aparılmasına xərcləyirdim. Niaqara Elektrik Şirkətindən qazandığım 100 000 dollar (Niaqara Elektrik Şirkəti  (Niagara Falls Hydraulic Power & Manufacturing Company) Vestinqauza mənsub deyildi.O, Niaqara şəlaləsində bir hidroelektrik stansiyasının qurulmasında sifarişçi şirkət kimi iştirak edirdi. Sözügedən vaxtda (1895), Niaqara Enerji Şirkətinin sahibi Almaniyadan olan Yakob Fridrix Şellkopf  (1819-1899) adlı immiqrant idi. Beləliklə, Teslanın bir alman tərəfindən yandırılan laboratoriyasının qurulması tələb olunan vəsaiti başqa bir almanın ödədiyi aşkara çıxır. Uzun müddət Teslanın laborotoriyasının yandırılmasında Edisonun əli olduğu hesab edilirdi. Qəribə də olsa ünvanına səslənən ən kiçik tənqidə və hücuma hədsiz kəskinliklə reaksiya verən Edison laborotoriyanın yandırılmasında günahlandırılmasına qarşı laqeydlik nümayiş etdirirdi. Bu hadisədə günahkar olmasıyla bağlı şübhələrin sübutu kimi qəbul edildi- etiraz etməyə cəsarəti çatmırsa deməli günahkardır)  mənim laboratoriyamın qurulmasında əhəmiyyətli təsiri oldu.

Mənim laborotoriyamı hərdəmxəyallığım ucbatından sığortalatmadığımı düşünürdülər. “Tesla – bu dünyanın adamı deyil, - qəzetlər belə yazırdı.- O, ancaq ixtiralarına diqqət ayırır, qalan şeylər onu maraqlandırmır. Bəlkə də o, ümumiyyətlə sığorta şirkətləri  barədə heç nə bilmir”. Şübhəsiz, bunlar uydurmaydı. Düzdür, mən tamamilə ixtiralarımla məşğuldum, lakin digər məsələlər barədə də məlumatım vardı. Laborotoriyam həqiqətən öz günahım ucbatından sığortalanmamışdı ( bunu inkar etmirəm). Lakin bunun nəyə görə baş verdiyini də demək istəyirəm.

Əvvəlcə laborotoriyanın sığortalanması üçün sığorta şirkətlərinə müraciət etmişdim. Onların adlarını qeyd etmək fikrim yoxdur, lakin həmin və digər üç şirkətin sözügedən məsələdə eyni fikirdə olduğunu qeyd etməliyəm.

Birinci şirkətin agenti  binanı və mebelləri sığortalamağa hazırdı, lakin ən qiymətli şeyləri  - arxivin və sınaq nümunələrini  sığortalamaqdan imtina edirdi. O, bunu ancaq hansısa dəyərə malik şeylərin sığortalana bilməsiylə əsaslandırırdı. Mən ona sınaq nümunələrinin daha dəyərli olduğunu, hətta bəzi nümunələrin binanın və mebellərin dəyərindən dəfələrlə baha olduğunu izah etməyə çalışırdım. İxtiralarım üçün alınmış  məbləği misal çəkirdim. “Diqqət edin, bu nümunədən alınan müəlliflik haqqı yüz minə bərabərdir və hətta ikiqatına da yüksələ bilir”- deyirdim. Agenti inandıra bilmədim. Belə olan halda şirkət rəhbərlərindən biriylə görüşməli oldum. Lakin o da agentin dediklərini təkrarlayırdı: Bina və mebel! Bu adamların gözündə başqa heç nəyin dəyəri yoxdu. Bina məni ümumiyyətlə maraqlandırmırdı. Birincisi mən oranı icarəyə götürmüşdüm, həm də bir hissəsini. Mən əsasən öz arxivimi və nümunələrimi sığortalatmaq istəyirdim.  Birinci şirkətlə dil tapa bilmədikdə başa düşüləcəyim ümidiylə ikinci şirkətə üz tutdum. İstənilən məbləği ödəməyə razıydım, məsələ bunda deyildi. Həqiqi  vəziyyəti ədalətlə qiymətləndirən sığortaya ehtiyacım vardı. Lakin nə ikinci, nə üçüncü, nə  də dördüncü şirkətdə məni başa düşən tapılmadı. Hətta dördüncü şirkətin agenti söhbətə xəbərdarlıq edərək başladı. “Bizim işimizdə müştəri barədə məlumatları bir-birimizə ötürməyimiz adi haldır, - iyrənc- iyrənc irişdi.–  Bu bir çox problemin  qarşısını alır. Mən sizin indiyə kimi filan, filan yerlərdə olduğunuzdan və təklifinizdən imtina edildiyindən xəbərdaram, çünki siz həddindən artıq yüksək sığortaya yiyələnmək fikrindəsiniz. Mənə fırıldaq gələ bilməzsiniz. Sizin laborotoriyanızı Metropoliten kimi sığortalamaq fikrim yoxdur!” (söhbət Beşinci avenyuda (prospektdə), 1000- nömrəli binada yerləşən Metropoliten Muzeyindən gedir) Onun axmaq səs tonu, axmaq sifəti, axmaq baxışları, axmaq istehzası və vəziyyəti başa düşməməyi məni qəzəbləndirib özümdən çıxartdı. Mənimlə fırıldaqçı kimi danışırdı. Onu cəhənnəm edib laborotoriyanı ümumiyyətlə sığortalamaq fikrindən daşındım.  “Əgər bu axmaqlar ən qiymətli şeyləri sığortalamaqdan imtina edirlərsə, nə etmək olar?” - deyə düşündüm. Yanğından sonra haqlı olmadığımı anladım. Heç olmasa binanı və mübelləri sığortalatmaq lazımdı. Sığortadan alınan pul əlimdən tuta bilərdi. Lakin, bu qədər ideal nizam-intizamın hökm sürdüyü şəraitdə  hansısa hadisənin baş verəcəyinə inanmamışdım. İndi mən ağla gələn-gəlməyən hər şeyin baş verə biləcəyinə əminəm. Elm qayda-qanunun, həyat isə xaosun hakimiyyəti altındadır.

Edisonun camaatın gözü qarşısında mənim başıma gələn bədbəxt hadisəyə sevindiyini göstərməməsi ağıllı hərəkətiydi. Həmkarına bu cür çirkin münasibət onun özü-özülüyündə təmiz hesab etdiyi nüfuzunu zədələyə bilərdi. Lakin onun əlaltıları tezliklə orda-burda laborotoriyanın qısaqapanmadan yandığı barədə çərənləməyə başladılar. Onların fikrincə başqa səbəb tapmaq mümkün deyildi. Bu elan olunduqdan sonra haqlı sual yaranırdı: Əgər Tesla hətta öz laborotoriyasında alternativ cərəyanla bağlı təhlükəsizlik tədbirləri həyata keçirməyə qadir deyilsə, ona və onun alternativ enerjisinə etibar etməyə dəyərmi? Mənim başıma gələn bədbəxtlik Edisonun xeyrinə işləməyə başladı. O, hər şeydən necə faydalanacağını yaxşı bilən adamdır, bunu onun əlindən ala bilməzsən. Edison Fayda Tanrısının qarşısında baş əyir. Məhz buna görə də o, alim kimi heç kimdir. Yalnız öz xeyrini düşünərək kəşflər etmək mümkün deyil. Çünki istənilən kəşf özünə deyil, bəşəriyyətə fayda gətirməlidir. Ola bilsin, sözlərim sizə şişirdilmiş təsir bağışlayacaq , lakin nəyi düşünürəmsə onu da yazıram.

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Mərkəzi Parkda açılan atəş

Növbəti hissə: Nikola Teslanın gündəliyi: teleavtomatlar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR